Əsas Səhifə > Manşet / Təhsil > İcra başçısı M.Hüseyn adına məktəb-liseydə müəllim və şagirdlər üçün yaradılan şəraitlə tanış olub

İcra başçısı M.Hüseyn adına məktəb-liseydə müəllim və şagirdlər üçün yaradılan şəraitlə tanış olub


5-09-2018, 14:00


Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşovun fəaliyyətə başladığı ilk gündən rayonda daim diqqət mərkəzində saxladığı sahələrdən biri də təhsil sahəsidir. İstər müəllimlər, istərsə də şagirdlər rayon rəhbərliyi tərəfindən göstərilən diqqət və qayğını elə ilk gündən hiss edirlər. İcra başçısının mütəmadi olaraq təhsil müəssisələrinə baş çəkməsi, müəllim və şagirdlərlə görüş keçirməsi, təhsilin vəziyyəti ilə daim maraqlanması bunun bariz nümunəsidir.

 

Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov bu gün yeni tədris ilinə hazırlıqla əlaqədar şəhər Mehdi Hüseyn adına məktəb-liseydə olub. Məktəbin sinif otaqları, fənn kabinetləri tanış olan rayon rəhbəri müəllim və şagirdlər üçün yaradılan şəraitlə, şagirdlərə paylanılacaq dərsliklərin keyfiyyəti ilə maraqlanıb.

 

Məktəbin direktoru Tahirə Comərdova rayon rəhbərinə qazanılan göstəricilər barədə məlumat verərək bildirib ki, məktəbdə 810 nəfər şagird təhsil alır. Bu il 58 nəfər XI sinfi bitirib ki, onlardan 41 nəfəri ali məktəblərə daxil olub. 1 nəfər 652, 5 nəfər 500-dən, 8 nəfər isə 400-dən yuxarı bal topladığını qeyd edib. Bu il məktəbə ilk addımlarını atan birincilərin isə 85 nəfər olduğunu bildirib.


Məktəblə ətraflı şəkildə tanış olan rayon rəhbəri daha sonra valideynlərlə görüşüb.

 

Səmimi söhbət əsasında keçən görüşdə rayon rəhbəri çıxış edərək məktəbin məzunu olub ali təhsil müəssisələrinə qəbul olmuş tələbələri, onların müəllim və valideynlərini yeni tədris ilinin başlanması münasibətilə səmimi qəlbdən təbrik edib.

 

İcra başçısı qeyd edib ki, "Təhsil millətin gələcəyidir” ifadəsini şüar səviyyəsinə yüksəldən ulu öndər respublikanın gələcək inkişafının məhz təhsillə bağlı olduğunu vurğulamış və rəhbərlik etdiyi bütün dövrlərdə Azərbaycanda təhsilin inkişafına xüsusi qayğı ilə yanaşmışdır. İstər Azərbaycan Respublikasına rəhbərlik etdiyi 70-80-ci illərdə, istərsə də müstəqil Azəbaycan Respublikasına rəhbərlik etdiyi illərdə təhsil prioritet sahə olaraq diqqət mərkəzində olmuşdur. Heydər Əliyev siyasətinin layiqli davamçısı möhtərəm Prezidentimiz İlham Əliyev də ölkədə təhsil siyasətini uğurla davam etdirərək "Neft kapitalını insan kapitalına çevirək" devizi altında təhsilin inkişafına böyük önəm verməkdədir.

 

"Yüksək nəticə əldə etmək istəyiriksə, ilk növbədə müəllim və şagirdlər üçün yaxşı şərait yaradılmalıdır” - deyən icra başçısı Azərbaycan Respublikasının birinci vitse-prezidenti Mehriban Əliyeva tərəfindən "Yeniləşən Azərbaycana yeni məktəb” layihəsi çərçivəsində bütün bölgələrimizdə çoxsaylı məktəblərin tikilərək istifadəyə verilməsini, təhsil müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsini bunun bariz nümunəsi kimi qiymətləndirib. Bildirib ki, rayonumuzda hazırda əsaslı şəkildə tikinti işləri aparılan şəhər Səməd Vurğun adına 2 nömrəli tam orta məktəbdə görülən işlər bu layihənin uğurla davam etdirilməsi deməkdir.

Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə rayon Təhsil şöbəsi tərəfindən yaradılan işçi qrupunun fəaliyyətindən söz açan rayon rəhbəri 2017-2018-ci tədris ilində şagirdlərin dərsə davamiyyətinin, müəllimlərin dərs demə bacarıqlarının yüksək səviyyədə olmasını bildirib. Qeyd edib ki, məhz işçi qrupu və müəllimlər tərəfindən çəkilən zəhmətin nəticəsidir ki, rayonumuzda məzunların ali məktəblərə qəbul faizi ilbəil artmaqdadır. Bunu sizin məktəbin timsalında da aydın şəkildə görmək olur.

"Qazanılan hər bir uğur ümumi rayonunun uğurudur” - deyən icra başçısı sonda bir daha müəllim və şagirdləri, valideynləri təbrik edib, yeni dərs ilində daha böyük müvəffəqiyyətlər qazanmalarını arzulayıb.

Valideynlərdən Tərlanə İbrahimova çıxış edərək rayonda aparılan genişmiqyaslı işlərə, xüsusilə də çoxmənzilli binaların əsaslı şəkildə təmir olunmasına görə rayon rəhbərliyinə minnətdarlığını bildirib. Valideynlər adından ürək sözlərini çatdıran T.İbrahimova nəvələrinin məktəb-liseydə yüksək səviyyədə təhsil aldığını çatdırıb. Qeyd edib ki, bu gün biz valideynlər çox razıyıq ki, rayon rəhbərliyi tərəfindən təhsil sahəsinə bu qədər diqqət və qayğı göstərilir. Sizin hər dəfə təhsil müəssisələrinə baş çəkməyiniz biz valideynlərdə rahatlıq hissi yaradır ki, uşaqlarımızın gələcəyi əmin əllərdədir. Gələcəyimiz olan balalarımızın təhsili yüksək səviyyədə təmin olunur.

Məktəb-liseyin direktoru Tahirə Comərdova istər müəllimlərə, istərsə də şagirdlərə göstərilən diqqət və qayğıya görə sonda bir daha minnətdarlığını bildirərək bugünkü görüşün yeni dərs ili ərəfəsində onlar üçün ən böyük töhfə olduğunu qeyd edib.






























GOYEZEN.AZ


Geri qayıt