Əsas Səhifə > Manşet / Kənd təsərrüfatı > Qazaxlı tütünçülər bol məhsul əldə etmək üçün böyük səylə çalışırlar

Qazaxlı tütünçülər bol məhsul əldə etmək üçün böyük səylə çalışırlar


25-08-2018, 17:25


Ölkəmiz qeyri-neft sektorunun dinamik inkişafı, iqtisadiyyatın şaxələndirilməsi istiqamətində həyata keçirilmiş məqsədyönlü tədbirlər, əlverişli torpaq-iqlim şəraiti mövcud işçi qüvvəsi ənənəvi kənd təsərrüfatı sahələrinin inkişafında mühüm nəticələrin əldə olunmasına gətirib çıxarmışdır.

"Azərbaycan Respublikasında tütünçülüyün inkişafına dair 2017–2021-ci illər üçün Dövlət Prqoramı”nın təsdiq olunması üçün ölkə başçısı İlham Əliyev tərəfindən imzalanmış 2017-ci il 10 avqust tarixli, 3163 nömrəli Sərəncam tütünçülüyün inkişaf etdirilməsi baxımından böyük əhəmiyyət kəsb edir.

Qəbul edilmiş həmin dövlət proqramı nəinki ölkəmizdə, eləcə də respublikamızın bütün bölgələrində tütünçülüyün inkişafına dövlət dəstəyini gücləndirmiş, rəqabət qabiliyyətini yüksəltmiş və tütün istehsalı ilə məşğul olan əhalinin sosial rifahının daha da yaxşılaşdırılmasına səbəb olmuşdur.

Respublikamızın hər yerində olduğu kimi, Qazaxda da ölkənin ümumi iqtisadi inkişafında mühüm rol oynayan aqrar sahələrdən biri kimi tütünçülüyə böyük maraq göstərilir.

Son 2 ildə rayonda tütünçülüyün inkişafı istiqamətində görülən məqsədyönlü tədbirlər bunun bariz nümunəsidir. Məhz bu tədbirlərin nəticəsidir ki, 2016-cı ildə cəmi 10 hektar sahədə tütün əkilmişdisə, ötən il bu rəqəmi 50 hektara çatdırıldı. Bütün aqrotexniki tədbirləri vaxtında həyata keçirən tütünçülər göstərilən sahədən 80 tondan çox məhsul götürdülər. Əldə etdikləri qazancdan razı qalan tütünçülər bu il əkin sahələrini daha 10 hektar da artıraraq 60 hektara çatdırdılar.

Bu məqsədlə rayonun Kosalar kəndində 32 ha, Qazaxbəyli kəndində 8 ha, İkinci Şıxlı və Çaylı kəndlərində 1 ha, Birinci Şıxlı, Aşağı Salahlı, Hüseynbəyli, Daş Salahlı, Alpout kəndlərinin hər birində 2 ha, Dəmirçilər kəndində 1,5 ha, Cəfərli kəndində 2,5 ha və Fərəhli kəndində 4 ha sahədə tütün əkilməsi bu sahənin artan templə inkişaf etdirilməsi deməkdir.

Rayon rəhbərinin diqqət və qayğısını hər an hiss edən tütünçülər bu il keçən ildəkindən daha çox məhsul götürmək üçün bütün aqrotexniki tədbirlərə ciddi əməl edirlər. Qarşıya qoyulan məqsədə çatmaq üçün böyük səylə çalışırlar.


Bu gün Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov rayonda tütün yığımının mövcud vəziyyəti ilə tanış olmaq üçün Kosalar kəndində salınmış tütün sahəsində olub, yığımda çalışan insanlarla görüşüb. Tütünçülərlə səmimi söhbət aparan icra başçısı onları narahat edən qayğıları ilə maraqlanıb.

Rayon rəhbərinə məlumat verilib ki, rayonda tütün dərimi uğurla davam etdirilir. Tütünçülər bu günə kimi 131 ton yaş tütün tədarük ediblər. Eyni zamanda, 2 tondan çox məhsulu isə "İlham-M” MMC-yə təhvil veriblər. Bundan əlavə, dərimin vaxtında və itkisiz başa çatdırılması üçün məhsulu sahələrdə hazırlanan xüsusi yerlərdə ipə düzərək qurudurlar.

Hazırda tütün dərimində gündəlik çörək pulu qazanaraq aylıq məvaciblərini təmin edən 150-dən çox insan çalışır. Tütünçülər onlar üçün yaradılan şəraitə, mütəmadi olaraq göstərilən diqqət və qayğıya görə rayon rəhbərliyinə minnətdarlıqlarını bildiriblər. Qeyd ediblər ki, sizin hər dəfə bura gəlməyiniz və biz sadə kənd adamlarına, tütünçülərə baş çəkməyiniz bizə ruh yüksəkliyi verir. Biz də göstərilən bu diqqət və qayğının əvəzində böyük səylə çalışırıq ki, çəkdiyimiz əziyyət öz bəhrəsini versin. Rayonumuz hər sahədə olduğu kimi, tütün becərilməsi sahəsində də öncül yerlərdə olsun. Çünki rayonumuzda bunun üçün münbit şərait və sadə kəndlilərə göstərilən hər cür dəstək var.








 GOYEZEN.AZ


Geri qayıt