2017-ci ildə Qazax şəhərində genişmiqyaslı tikinti-quruculuq işləri görülüb » Göyəzən internet portalı


2017-ci ildə Qazax şəhərində genişmiqyaslı tikinti-quruculuq işləri görülüb

2017-ci ildə Qazax şəhərində genişmiqyaslı tikinti-quruculuq işləri görülüb
Qazax rayon İcra Hakimiyyəti Başçısının şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinin 2017-ci ildə gördüyü işlərə və 2018-ci ildə qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağı keçirilib.

İcra Hakimiyyətinin akt zalında keçirilən yığıncaqda Qazax rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, İcra Aparatının məsul işçiləri, idarə, müəssisə və təşkilat rəhbərləri, kənd sakinləri və KİV nümayəndələri iştirak edib.

Qazax rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov yığıncağı giriş sözü ilə açaraq bildirib ki, bu gün Azərbaycan xalqı ictimai-siyasi, sosial-iqtisadi həyatının yeni bir dövrünü - müstəqillik dövrünü yaşayır. Bu dövr ərzində ölkəmiz dünya miqyasında sürətlə inkişaf edən ölkələr sırasında öncül yerlərdən birini tutur. Sosial, iqtisadi, siyasi, mədəni, bir sözlə, bütün sahələrdə əldə edilən yüksək göstəricilər və nəticələr isə ölkəmizin qüdrətini daha da artırmaqdadır. Milli inkişaf modelinin uğurla tətbiqi və hədəflənən nəticələrin əldə olunması, sosial-siyasi islahatların ardıcıl qaydada həyata keçirilməsi, qanunvericilik bazasının zənginləşdirilməsi, vətəndaş cəmiyyətinin formalaşdırılması, həmçinin, hüquqi dövlət quruculuğu yolunda atılan addımlar, həyata keçirilən tədbirlər Azərbaycanın dinamik inkişafını təmin edən faktorlar hesab edilir. Bu il aparılan iqtisadi islahatlar gələcəkdə inkişafımız üçün gözəl üfiqlər, perspektivlər açmışdır.
2017-ci ildə Qazax şəhərində genişmiqyaslı tikinti-quruculuq işləri görülüb
Müstəqil dövlətimizin sürətli və ardıcıl inkişafına təkan verən bütün bu tədbirlər böyük uzaqgörənliklə hazırlanmış inkişaf strategiyasının uğurlu tətbiqinin praktik nəticələridir. Yeni istehsal sahələrinin açılması, regionların inkişafı, qeyri-neft sektorunun yüksəldilməsi, əhalinin faydalı məşğulluğunun artırılması, ölkədə azad sahibkarlıq və biznes mühitinə mane olan süni əngəllərin aradan qaldırılması kimi vacib məqamlar bu siyasətin başlıca prinsipləridir.

Müasir dövlətçiliyimizin banisi və memarı ulu öndər Heydər Əliyev siyasi kursunun layiqli davamçısı İlham Əliyev Azərbaycanın yeni dövr üçün iqtisadi siyasət priortetlərini açıqlamış, bütün əhəmiyyətli sahələrdə proqressif islahatları təmin etmişdir. Hər bir azərbaycanlının Prezidenti olduğunu real işi ilə sübuta yetirən cənab Prezidentin rəhbərliyi sayəsində “Azərbaycan Respublikası Regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nda qarşıya qoyulmuş vəzifələr uğurla yerinə yetirilmişdir. Biz buna Ölkə Başçısının yanvarın 29-da Heydər Əliyev Mərkəzində “Regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının dördüncü ilinin yekunlarına həsr olunan konfransındakı çıxışı zamanı bir daha əmin olduq.

Azərbaycan iqtisadiyyatı rəqabətqabiliyyətliliyinə görə 2017-ci ildə iki pillə irəliləyərək, dünya miqyasında 35-ci yerdə qərarlaşıb. Bu, çox böyük göstəricidir, ilk növbədə bu onu göstərir ki, hətta iqtisadi cəhətdən o qədər də asan olmayan ildə də biz inkişaf etmişik. Hesab edirəm ki, beynəlxalq iqtisadi birlik tərəfindən bizim iqtisadi islahatlarımıza verilən ən böyük qiymət məhz Davos Forumunun reytinqidir və bunun da əsası var. Çünki son illər ərzində ölkəmizdə aparılan quruculuq və inkişaf işləri, bax, bu nəticələrə gətirib çıxarmışdır.

Qazax RİHB-nın şəhər İƏD-si üzrə nümayəndəsi Akif Vəliyev hesabat məruzəsi ilə çıxış edərək 2017-ci ildə rayonumuzda görülən işlər barədə ətraflı məlumat verib.

Qeyd edib ki, 2017-ci il Qazax şəhəri üçün əlamətdar olmuşdur. Rayon rəhbərliyinin göstərişi ilə ötən müddət ərzində Qazax şəhərinin abadlığı, kənd təsərrüfatının, emal sənayesinin, turizmin, təhsil və səhiyyənin, həmçinin müxtəlif xidmət sahələrinin inkişafı istiqamətlərində mühüm işlər həyata keçirilmişdir.

Qeyd olunub ki, Aprel döyüşlərində şəhid olmuş 3 nəfər şəhidimizin hər birinin adına, 2 nəfər Milli Qəhrəmanın adına, Qarabağ döyüşlərində şəhid olmuş şəhidlərimizin adına 4 ədəd bulaq-abidə kompleksi tikilmiş, cəmi Qazax şəhərində 9 ədəd bulaq kompleksi tikilərək şəhidlərimizin adları əbədiləşdirilmişdir.

Qazax şəhərində yeni 100 yerlik uşaq bağçası, 160 yerlik xalça fabriki 2017-ci ildə tikilib istifadəyə verilmişdir ki, hal-hazırda həmin fabrikdə 60 nəfər işçi çalışır.
2017-ci ildə Qazax şəhərində genişmiqyaslı tikinti-quruculuq işləri görülüb
Qazax şəhərində görülmüş geniş quruculuq, abadlıq işləri şəhərin demək olar ki, hər yerində aparılmış, şəhərin Heydər Əliyev prospektində 2016-cı ildə yarımçıq qalmış bardür işləri görülmüş, yaşıl ağac və gül kolları əkilmiş, prospekt boyu hasarlar sökülərək yenidən tikilmiş, suvanaraq rənglənmiş, bir çox evlərin dam örtüyü dəyişdirilmişdir. Bundan başqa, şəhərin F.Əhmədov, Ş.Nəsibov, Azadlıq, Ə.Qədirov, A.Kəmərli, F.Şamoyev və Bakı küçələrində abadlıq, quruculuq işləri aparılmışdır.

Hesabat ilinə ümumilikdə nəzər salsaq görərik ki, şəhərdə il ərzində 13891 kv.m dam örtüyü dəyişdirilmiş, 4923 kv.m evlərin və hasarların fasad hissələri suvanaraq rənglənmiş, 200 kv.m hörük işləri aparılmış, 41 ədəd yeni darvazalar qoyulmuş, 36 ədəd dəmir darvazalar təmizlənərək yenidən rənglənmiş, küçə və prospekt boyunca 3200 p/m uzunluğunda mərmər bardürlər, 3500 p/m yeni sadə bardürlər düzəlmiş, 2500 kv.m səkilərə yeni tamet daşları vurulmuşdur. 20000 ədəd ağac və gül kolları əkilmiş, 1200 kv.m küçə və parklarda yaşıl ot örtüyü düzülmüşdür.

Şəhərin təzə yaşayış məhəlləsində, M.Ə.Rəsulzadə, O.Sərvəlli və onlara perpendikulyar 13 küçədə, çinar dibi yaşayış massivində, F.Qayıbov, N.Tusi, Babək, Xətai, N.Nərmanov yaşayış qəsəbəsində, M.Hüseyn, Vaqif, Vidadi, Carçıyev küçələrində ümumi uzunluğu 24 km daxili yollara çınqıl döşənmiş və hamarlama işləri aparılmışdır. M.Ə.Rəsulzadə küçəsində işıqlandırma işləri aparılmışdır.

Respublika Prezidenti İlham Əliyevin 19 oktyabr 2016-cı il tarixində Qazax rayonuna tarixi səfəri və Qazax rayonunda görülən işlərə yüksək qiymət verilməsi, bundan sonra Qazax şəhərində quruculuq, abadlıq işlərinin davamı olaraq şəhərdə olan çoxmənzilli binaların fasad və dam örtüklərinin təmiri məqsədilə 3 milyon manat vəsait ayırmışdır. Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşovun rəhbərliyi ilə 24 bina əvəzinə, şəhərin N.Nərimanov qəsəbəsində 17, H.Əliyev prospektində 12, Ə.Şıxlinskidə 1, Ə.Qədirovda 3, Vaqifdə 5, Şəhidlər Xiyabanında 1 olmaqla, cəmi 48 çoxmənzilli binalarda əsaslı təmir işləri aparılmışdır. Həmin binaların dam örtüklərinə yeni dəmir cerepitsalar vurulmuş, üzlük aqlay daşları sürtülmüş və ya yenisi ilə əvəz olunmuşdur. Bloklara yeni dəmir seyf qapıları qoyulmuş, köhnə pəncərələr plastik pəncərələrlə əvəzlənmişdir. Həyətlərdə abadlıq işləri aparılaraq asfalt beton örtüyü qoyulmuş, tikildiyi gündən heç vaxt təmir olunmamış binalara yeni görkəm verilmişdir.

Həmin işlərin yerinə yetirilməsi əsasən 2, 3, 4, 5 və 9 mərtəbəli binalarda aparılmışdır ki, həmin binaların təmiri zamanı 28276 kv.m dam örtüyü dəyişdirilmiş, fasad hissələrində 24841 kv.m suvaq işləri aparılaraq rənglənmiş, 9837 kv.m aqlay daşları ilə əvəz olunmuş, 3800 kv.m aqlay daşları sürtülərək yeni görkəmə gətirilmiş, 61 ədəd dəmir seyf qapılar və 170 ədəd plastik pəncərələr yenidən düzəldilmiş, sakinlərin bütün arzu və təklifləri nəzərə alınmış, onların istədiyi səviyyədə təmir olunaraq sakinlərin istifadəsinə verilmişdir. Eyni zamanda, şəhərin balansında olmayan H.Əliyev prospektində yerləşən hərbi şəhərcikdəki 2 ədəd 5 mərtəbəli binanın fasad və blokları suvanaraq rənglənmiş, dam örtüklərinə tol çəkilərək qırlanmış, həyətlərində abadlıq-quruculuq işləri aparılaraq sakinlərin istifadəsinə verilmişdir.

H.Əliyev 179-da yerləşən 9 mərtəbəli binanın tam təmirindən sonra sakinlərin xahişini nəzərə alan İcra Başçısı şəxsi təşəbbüsü ilə tikildiyi gündən bu günə kimi heç vaxt işləməmiş lift təmir olunaraq işlək vəziyyətə gətirilmişdir.

İcra Başçısının təşəbbüsü sayəsində tikildiyi 1969-cu ildən bu günə kimi heç vaxt təmir üzü görməmiş binalara da 2017-ci ildə sanki yeni nəfəs verilmışdir. Belə ki, N.Nərimanov qəsəbəsində 27 ədəd 2 mərtəbəli hər biri 8 mənzilli, Azadlıq küçəsində 8, Bakı küçəsində 4, Ş.Çobanov küçəsində 2, Ş Xiyabani 2, cəmi 41 ədəd çoxmənzilli binalar təmir olunmuşdur. Təmir zamanı həmin binaların fasad və dəhlizlərində 43,294 kv.m suvaq, 43330 kv.m rəngləmə işləri görülmüş, 1541 p/m pilləkanların perilaları təmir olunmuş, 52 ədəd dəmir seyf qapılar və 32 ədəd bloklara plastik pəncərələr qoyulmuşdur.

2017-ci il həm də rayon Mərkəzi Xəstəxanasının tikintisinə başlanılması ilə yadda qaldı. Hazırda tikinti işləri yüksək səviyyədə davam etdirilir. Bu günlərdə Nazirlər Kabinetinin hesabat yığıncağında çıxışı zamanı Respublika Prezidenti İlham Əliyev qazaxlılara daha bir şad xəbər bildirdi ki, 2018-ci ildə Mərkəzi Xəstəxananın tikintisi başa çatacaq və istifadəyə veriləcəkdir.

Bütün bu görülən işlərlə yanaşı, şəhər sakinlərinin rahatlığı və istirahəti üçün də lazımi işlər görülmüşdür. Şəhərin mərkəzində yerləşən “Fəxri qazaxlılar” və Səməd Vurğun adına parklarda, Şəhidlər Xiyabanında əsaslı təmir işləri aparılmış, orada şəhər sakinlərinin rahatlığı üçün bütün lazımi işlər görülmüşdür. Belə ki ki, 9329 kv.m köhnə tamet və bardür sökülərək yenisi ilə əvəz olunmuş, yeni 35 ədəd oturacaq stolları, 35 ədəd yeni kiçik urnalar qoyulmuş, 950 kv.m yaşıl örtük döşənmiş, 1852 ədəd gül və həmişəyaşıl ağac kolları əkilmişdir. “Fəxri qazaxlılar” parkı Azadlıq küçəsindən Bakı küçəsinə qədər uzadılaraq parkın ərazisi genişləndirilmiş, şəhidlər abidəsinin divarı boyu Qazax rayonunda şəhid olmuş 7 nəfər Milli Qəhrəmanımızın və 285 nəfər şəhidlərimizin qara mərmərdən şəkilləri vurularaq şəhidlərimizin adları əbədiləşdirilmişdir.

Bütün bunlarla yanaşı, gündəlik işlərimiz də diqqət mərkəzində saxlanılır, şəhər ərazisində fəaliyyət göstərən idarə, müəssisə və təşkilatlar öz işlərini günün tələbləri səviyyəsində qurmağa çalışırlar. Belə ki, Qazax şəhərinin yaşıllıq və təmizlik sahəsinə xidmət göstərən Qazax şəhər Kommunal Müəssisələri Kombinatı öz işlərini günün tələbləri səviyyəsində quraraq gündəlik şəhərin təmizlik işləri ilə məşğul olur. Ümumilikdə, Kommunal Müəssisələri Kombinatında təmizlik sahəsində 58, yaşıllıq sahəsində isə 12 nəfər işçi çalışır. Bundan başqa cənab Prezidentin göstərişi ilə KMK-na 2017-ci ildə 108 nəfər əlavə ictimai işçilər götürülmüşdür. Bütün bu işçilərin hər biri şəhərin yaşıllıq və təmizlik işləri ilə məşğul olur.

Şəhərdə gündəlik növbətçiliyin təşkil edilmişdir. Belə ki, növbətçilik əsasında şəhərin hər bir sahəsində səhər saatlarından başlayaraq gecə saat 24:00 radələrinə qədər təmizliyin qorunub saxlanması işləri diqqət mərkəzində olur. Zibil paliqonunda həftədə bir dəfə traktorla təmizlik işləri aparılır ki, bu da işlərin gedişinə öz təsirini göstərir.

Qazax şəhər ərzisində xidmət göstərən təşkilatlardan Mənzil İstismar sahəsi 156 binaya xidmət edir. Həmin binalarda 1892 mənzil vardır. 2017-ci ildə balansda olan binalarda H.Əliyev pr. 58, Azadlıq küç. 117, Ş.Xiyabanı küç. 131 saylı yaşayış binalarının dam örtükləri əsaslı təmir edilmiş, suötürücü navalçalar və borular quraşdırılmışdır. H.Əliyev pr. 61A, 63, 65, 173, 175, Azadlıq küç. 60, 64, 70, 76, 97, 208, Ə.Qədirov küç. 2, 3, 4, N.Nərimanov qəs. 9, 50, 51, Ş.Xiyabani küç. 12, 14, 25 saylı binalarının blok və fasadlarında əsaslı təmir işləri aparılmışdır. Eyni zamanda MİS–in balansında olan H.Əliyev pr, Azadlıq küç., Vaqif küç, Ş.Xiyabani küç, Ş.Çobanov, Ə.Dilbazi, Vidadi, Bakı küçələrində və N.Nərimanov qəsəbəsində yerləşən 14 ədəd binaların dam örtüyündə əsaslı təmir işləri aparılmışdır. Ümumilikdə, 2017-ci ildə Qazax şəhər Mənzil İstismar Sahəsinin balansında olan 156 binadan 89 binada əsaslı təmir işləri aparılmışdır.

Əhalinin qaz və elektrik enerjisi ilə təmin edilməsi sahəsində də hesabat ilində məqsədyönlü işlər görülmüşdür. Elektrik şəbəkəsində itkilərin azaldılması ilə əlaqədar 4 ədəd transformator sxemadan çıxarılmış, üzərində olan abonentlər başqa transformatorların üzərinə köçürülmüşdür. Qazax şəhəri, M.Hüseyn küçəsində yenidənqurma işləri aparılmış, köhnə xətlər yeni SİP kabellə əvəz edilmişdir. Vaxtı ilə məcburi köçkünlər yaşayan və Göy bina kimi tanınan sahədə yeni daha güclü transformator quraşdırılmışdır və köhnə xətlər tamamilə sökülüb əvəzinə SİP kabel çəkilmişdir.

Qazax rayon ərazisində xidmət göstərən təşkilatlardan Qazax şəhər “Su-kanal” İdarəsi hesabat ilində bir sıra işlər görmüşdür. Ötən il 4 ədəd artezian nasosu yenisi ilə əvəz edilmiş, 3 ədəd artezian nasosu və 5 ədəd su mühərriki əsaslı təmir olunmuşdur. 5 ədəd su nasosu mühərriki ilə birlikdə yenisi ilə əvəz olunmuşdur. Rayon İcra Hakimiyyəti Başçısının tapşırığı əsasında Babək küçəsində yerləşən 30 yaşayış evinin tullantı sularının axıdılması məqsədilə 200 mm-lik, uzunluğu 550 m olan kanalizasiya xəttinin çəkilmiş, Ş.Çobanov küçəsi 10 ünvanında yerləşən yaşayış evlərinin tullantı sularının axıdılması üçün yeni kanalizasiya xətti və şanbo tikilib istifadəyə verilmiş, H.Əliyev prospekti 179 saylı binanın zirzəmisindəki daxili magistral xətt yenisi ilə əvəz olunmuşdur.

Qazax Poçt filialı 2017-ci ilin 12 ayında plan və tapşırıqlarını 112 % yerinə yetirmişdir. Qazax Telekommunikasiya qovşağı 2017-ci ilin yekununa görə proqnoz tapşırığa 101% əməl etmişdir. O cümlədən, şəhər üzrə hava rabitə xəttinin təmiri və səliqəyə salınması məqsədilə 210 ədəd yeni dəmir dirəklərlə əvəz olunmuş və 30 ədəd ağac dirəklər basdırılmışdır.

Qazax şəhərinin əhalisi - 21768 nəfər, təsərrüfatı - 6156 ailə, fərdi yaşayış evinin sayı isə 6615-dir. Şəhərdə Bakı Dövlət Universitetinin Qazax filialı, Qazax Dövlət Sosial-iqtisadi Kolleci, 7 tam orta məktəbi, 6 uşaq bağçası fəaliyyət göstərir.

Kommunal Müəssisələri Kombinatının rəisi Arif Heydarov, Qazax bələdiyyəsinin sədri Tofiq Orucov, Şəmkir RQİS-nin rəisi İlkin Nəsibov və başqaları çıxış edərək rəhbərlik etdikləri müəssisələrdə il ərzində görülən işlərdən söz açıblar.

Şəhər sakinlərindən Qəndab Hüseynova, Cavanşir Əliyev və başqaları söz alaraq şəhərdə görülən genişmiqyaslı tikinti-quruculuq və abadlıq işlərinə görə Prezident İlham Əliyevə öz dərin minnətdarlıqlarını bildiriblər. Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşova şəhər sakinlərinin sonsuz təşəkkürlərini çatdırıblar.

Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov hesabat yığıncağına yekun vuraraq 2018-ci ildə qarşıda daha böyük vəzifələrin olduğunu bildirib. Bu işdə şəhər nümayəndəliyinin kollektivinə, aidiyyatı xidmət təşkilatlarına uğurlar azrulayıb.

Elçin İSMAYIL

2017-ci ildə Qazax şəhərində genişmiqyaslı tikinti-quruculuq işləri görülüb
2017-ci ildə Qazax şəhərində genişmiqyaslı tikinti-quruculuq işləri görülüb
2017-ci ildə Qazax şəhərində genişmiqyaslı tikinti-quruculuq işləri görülüb
2017-ci ildə Qazax şəhərində genişmiqyaslı tikinti-quruculuq işləri görülüb
2017-ci ildə Qazax şəhərində genişmiqyaslı tikinti-quruculuq işləri görülüb
2017-ci ildə Qazax şəhərində genişmiqyaslı tikinti-quruculuq işləri görülüb
2017-ci ildə Qazax şəhərində genişmiqyaslı tikinti-quruculuq işləri görülüb


Facebook-da paylaş