Qazaxda açılan müəssisələr bölgə iqtisadiyyatına müsbət təsir göstərəcək
GOYEZEN.AZ AZƏRTAC-a istinadən xəbər verir ki, bunu Qazax rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasının dördüncü ilinin yekunlarına həsr olunmuş konfransdakı çıxışında deyib.
Qazaxda elektrod zavodu inşa olunur
2017-ci ildə Qazaxda iqtisadiyyatın müxtəlif sahələrinə ümumilikdə 43,8 milyon manat, o cümlədən sənayeyə 26,5 milyon manat özəl sərmayə qoyulduğunu bildirən R.Babaşov qeyd edib ki, əsasən yerli xammaldan səmərəli istifadə etməklə, sənaye müəssisələrinin yaradılmasına xüsusi diqqət yetirilib. Rayonda, eyni zamanda, konserv zavodu, tikinti materialları müəssisəsi də istifadəyə verilib. Hazırda isə elektrod zavodunun inşası davam edir və 2018-ci ildə başa çatdırılacaq. Ümumilikdə ötən il istifadəyə verilmiş müəssisələrdə 1177 yeni iş yeri yaradılıb.
Əkin sahələri 20 min hektara çatdırılacaq
Aqrar sahədə görülən işlərdən də danışan R.Babaşov deyib: “2017-ci ildə kənd təsərrüfatı sahəsinə 16,4 milyon manat investisiya cəlb edilib, sahibkarlar tərəfindən müasir suvarma sistemlərinin və innovativ texnologiyaların tətbiqinə əsaslanan fermer təsərrüfatları və Qazax Aqroparkı yaradılıb. Ölkəmizin kənd təsərrüfatı məhsullarının idxalından asılılığını azaltmaq üçün yaradılmış əlverişli şəraitdən bəhrələnən fermerlər əkin sahələrini genişləndirib və rayon üzrə 18,7 min hektar sahədə kənd təsərrüfatı məhsulları əkiblər. 2018-ci ildə əkin sahələrinin 20 min hektara çatdırılması qarşıya məqsəd qoyulub”.
Facebook-da paylaş