• Təqvim

  • Unutma

  • Maraq



2017-ci il Xanlıqlar kəndi üçün uğurlu olub

2017-ci il Xanlıqlar kəndi üçün uğurlu olub
Qazax rayon İcra Hakimiyəti Başçısının Xanlıqlar kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyində keçirilən hesabat yığıncağında 2017-ci ildə görülmüş işlər müzakirə olunub və 2018-ci ildə qarşıda duran vəzifələrdən danışılıb.

Xanlıqlar kənd İƏD-si üzrə nümayəndəsi Xasay Balayev hesabat məruzəsi ilə çıxış edərək ötən ilin Xanlıqlar kəndi üçün uğurlu olduğunu bildirib. Qeyd edib ki, hesabat ilində rayonumuzla yanaşı, Xanlıqlar kəndində də təqdirəlayiq işlər görülmüşdür. Kənd əhalisi ilə mütəmadi olaraq görüşlər keçirilmiş, onların problemləri ətraflı araşdırılmış və lazımi tədbirlər planı hazırlanaraq icrasına başlanmışdır. Hesabat ili ərzində əhalinin qaldırdığı problemlərin bir çoxu artıq öz həllini tapmışdır. Belə ki, ötən hesabat yığıncağında Xanlıqlar kənd körpəpələr evi-uşaq bağçası, Xanlıqlar kənd İƏD-si üzrə nümayəndəliyin binasının təmir olunması ilə bağlı əhali tərəfindən qaldırılmış məsələlər öz müsbət həllini tapmışdır. Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşovun diqqət və qayğısı sayəsində bağçanın binası əsaslı təmir olunaraq yenidən qurulmuş, ən müasir avadanlıqlarla təmin edilmiş, istilik sistemi ilə təchiz edilmişdir. Xanlıqlar kənd İƏD-si üzrə nümayəndəliyin binası da tam yenilənmiş, müasir avadanlıqlarla təmin edilərək istifadəyə verilmişdir.
2017-ci il Xanlıqlar kəndi üçün uğurlu olub
İcra nümayəndəsi qeyd edib ki, Xanlıqlar kəndində yaşayan 3647 nəfər əhali 930 təsərrüfatda cəmləşir. 2017-ci ildə kənddə 37 doğum, 28 ölüm qeydə alınmışdır. Kəndin ümumi ərazisi 3805 hektardır. Əhali əsasən əkinçilik və heyvandarlıq məhsullarının istehsalı ilə məşğul olur. Ötən təsərrüfat ilində 470 hektarda payızlıq taxıl, 23 hektarda qarğıdalı, 118 hektarda kartof, 353 hektarda yonca, 60 hektarda tərəvəz əkilib becərilmişdir.
2017-ci il Xanlıqlar kəndi üçün uğurlu olub
Ölkə Prezidentinin kənd təsərrüfatının inkişafına göstərdiyi diqqət və qayğının nəticəsində yerlərdə kənd təsərrüfatı məhsulları istehsalçıları güzəştli şərtlərlə yanacaq və motor yağları, mineral gübrələr və kənd təsərrüfatı texnikaları ilə təmin olunmuşlar. Kənd ərazisində kənd təsərrüfatı texnikalarının kifayət qədər olması və əvvəlki illərə nisbətən suvarma suyunun səmərəli verilməsi nəticəsində ötən il daha çox kənd təsərrüfatı məhsulları istehsal olunmuşdur. 2017-ci təsərrüfat ilində 16930 sentner taxıl, 1100 sentner qarğıdalı, 11800 sentner kartof, 13200 sentner tərəvəz, 2340 ton yonca, 300 kq barama istehsal edilmişdir. 2017-ci ildə kənd təsərrüfatı məhsullarının istehsalçılarına əkin sahələrinin becərilməsində istifadə etdikləri yanacaq və motor yağlarına görə dövlət büdcəsinin vəsaiti hesabına əkin aparılmış 613.32 hektar sahə üçün 390 vətəndaşa kart vasitəsilə 43700 manat yardım verilmiş, ehtiyacı olanlara 50 faiz güzəştlə 21 ton mineral gübrə satılmışdır.
Əhalidə olan mal-qaranın sayı ildən-ilə artır. Bu ilin 1 yanvarına kimi kənd əhalisinin 1750 baş iribuynuzlu mal-qarası, 5550 baş qoyun-keçisi, 17420 ev quşları qeydə alınmışdır.

Xanlıqlar kəndi Qazax rayonunun abad kəndlərindən biridir. Kəndin daim elektrik enerjisi, mavi qaz yanacagı və içməli su ilə təmin edilməsi bunun sübutudur.

Xanlıqlar kəndində həkim məntəqəsi, 512 nömrəlik EATS, poçtamt, peşə liseyi, “Damla” su sexi, “İmperial” MMC, 35-10 kv-luq yarımstansiya, məişət xidməti obyektləri, mağazalar, təhsil və mədəniyyət müəssisələri fəaliyyət göstərir.

Xanlıqlar kənd əhalisinin maddi-rifah halının yaxşılaşdırılmasında və kəndin abadlaşdırılmasında nümayəndəlik öz işini bələdiyyə ilə birgə qurmuş, elektrik transformatorlarının, subartezian quyularının daim işləməsini, içməli su xəttinin, təbii bulaqların dayanıqlıgını, kəndarası yolların 9 km-nə yaxın hissəsinin təmir olunmasını təmin etmişdir.
2017-ci il Xanlıqlar kəndi üçün uğurlu olub
Kənd tam orta məktəbində 349 şagird təhsil alır ki, bunların da təlim-tərbiyəsi ilə 49 müəllim məşğul olur. Dərsə davamiyyət, məktəb kollektivində nizam-intizam yaxşı səviyyədədir. Uşaqların dərsə dəvamiyyəti daim nəzarətdə saxlanılır. Ötən il ərzində məktəbi bitirmiş 20 şagirddən 9 nəfər ali, 2 nəfər isə orta ixtisas məktəblərinə daxil olmuşlar.

Xanlıqlar kəndində fəaliyyət göstərən həkim məntəqəsinin yeni binasının tikilib istifadəyə verilməsi də kənd sakinlərinin sağlamlığının mühafizəsində öz müsbət təsirini göstərmişdir. Ötən il kənddə 28 ölüm, 37 doğum qeydə alınmışdır.

Kənddə 2 ədəd artezian quyusu qazılmış, kəndin əsas içməli su mənbəyi olan “Bayramov” su xəttinin üzərində təmir işləri aparılmışdır. Bu təmir nəticəsində içməli su ilə kəndin 80 faizi təmin edilir. Bundan başqa, Xanlıqlar bələdiyyəsi tərəfindən “Karqaya“ bulağının borularında da təmir-bərpa işləri aparılmış, 2000 metr boru xətti yenisi ilə əvəz olunmuş və yaxın günlərdə həmin bulaq da sakinlərin istifadəsinə veriləcəkdir. 2018–ci ildə Xanlıqlar kəndinin mərkəzi küçələrinin asfaltlaşdırılması və iki ədəd yeni artezian quyusunun qazılması nəzərdə tutularaq “Dövlət Proqramı”na salınmışdır.

Sonda X.Balayev 2017-ci ildə görülən işlərə, əhalinin maddi-rifah halının yaxşılaşdırılmasına, əhaliyə göstərdiyi diqqət və qayğıya görə Xanlıqlar kənd camaatı adından Prezident İlham Əliyevə və Qazax rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşova öz dərin minnətdarlığını bildirib.

Kənd sakinlərindən Sabir Qurbanov, Səməd Məhərrəmov, Xatın Hüseynxanova, Həsən Həsənov və başqaları söz alaraq hesabat ilində kənddə görülmüş işləri yüksək qiymətləndiriiblər.

Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Məmməd Alıyev hesabat yığıncağına yekun vuraraq 2017-ci ilin Xanlıqlar kəndi üçün uğurlu olduğunu qeyd edib. Yeni ildə qarşıda duran vəzifələrdən danışıb.

Elçin İSMAYIL

2017-ci il Xanlıqlar kəndi üçün uğurlu olub
2017-ci il Xanlıqlar kəndi üçün uğurlu olub
2017-ci il Xanlıqlar kəndi üçün uğurlu olub
2017-ci il Xanlıqlar kəndi üçün uğurlu olub


Facebook-da paylaş