Kosalar kəndi hesabat verdi » Göyəzən internet portalı


Kosalar kəndi hesabat verdi

Kosalar kəndi hesabat verdi
Qazax rayon İcra Hakimiyyəti Başçısının Kosalar kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyində 2017-ci ildə görülmüş işlər və qarşıda duran vəzifələrə dair hesabat yığıncağı keçirilib.

Kosalar kənd İƏD-si üzrə nümayəndəsi Ramiz Əsədov hesabat məruzəsi ilə çıxış edərək bildirib ki, rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşovun gərgin əməyi nəticəsində son bir il yeddi ay ərzində Qazax şəhərində və eləcə də kəndlərimizdə 10 illərə bərabər işlər görülmüşdür. Bu tikinti-quruculuq işləri Kosalardan da yan keçməmiş, kəndimizin siması əsaslı şəkildə dəyişmişdir. Ötən il ən yaddaqalan işlərdən biri də kənddəki 2 və 3 saylı körpələr evi-uşaq bağçalarının əsaslı şəkildə təmir edilərək istifadəyə verilməsidir. Rayon rəhbərliyinin diqqət və qayğısı sayəsində hər iki bağça köklü şəkildə yenidən qurulmuş və ən müasir standartlara cavab verən bağçalardan birinə çevrilmişdir.
Kosalar kəndi hesabat verdi
Qeyd olunub ki, Kosalar kəndinin 1140 təsərrüfatı, 4515 nəfər əhalisi vardır. Nümayəndəliyin ərazisində 1 bələdiyyə, 1 tam orta məktəb, 1 mədəniyyət evi, 1 kitabxana, 1 həkim məntəqəsi, 3 bağça, 1 poçt şöbəsi, 1 EATS fəaliyyət göstərir. Hesabat dövründə 71 doğum, 7 nigah, 32 ölüm qeydə alınmışdır.

Qazax rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşovun Qazax şəhərində və rayonun kəndlərində işçi qruplarının yaradılması ilə əlaqədar Sərəncamına uyğun olaraq Kosalar kəndində də işçi qrupu yaradılmışdır. Hesabat dövründə kənd İcra nümayəndəliyinin, işçi qrupunun təşəbbüsü və kənd fəallarının iştirakı ilə kənd qəbiristanlığında, kəndarası yolların, kəndi rayona birləşdirən mərkəzi yolun ətrafında təmizlik işləri aparılmış, kollar və qurumuş ağaclar kəsilərək götürülmüşdür. Kənd ərazisində yol kənarlarına, su arxlarına zibil tullantıları atan vətəndaşlara qarşı mübarizə tədbirləri aparılmışdır. Kəndimizin ərazisinin təmiz saxlanılması daima nümayəndəliyin diqqət mərkəzində olmuşdur.

2017-ci ildə rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov Kosalar kəndində 20 dəfə olmuş kənd sakinləri ilə görüşlər keçirmiş, əhalini narahat edən problemlərlə yerində tanış olaraq aidiyyəti üzrə tapşırıqlarını vermişdir.

Bundan əlavə, kənd sakinlərinin suvarma suyuna olan tələbatını yaxşılaşdırmaq məqsədilə kənd ərazisində 1 ədəd subartezian quyusu qazılmış, 1 ədəd 160-lıq transformator qoyulmuş, 60 ədəd istifadə müddətini bitirmiş qəzalı vəziyyətdə olan elektrik dirəkləri və 700 metr elektrik naqilləri yenisi ilə əvəz olunmuş, qəbiristanlıqda 1400 metr hasar çəkilişi, giriş darvazasının, çardağın qurulması və ayaq yolunun tikintisi işləri başa çatmışdır.
Kosalar kəndi hesabat verdi
İ.Şıxlı adına Kosalar kənd tam orta məktəbində 582 şagird təhsil alır, 69 nəfər müəllim təlim-tərbiyə işləri ilə məşğul olur. Məktəbin XI sinfini bitirən 37 məzun bitirib. Ali məktəbə sənəd verən 16 şagirddən 8 nəfəri müxtəlif ali təhsil müəssisələrinə, 4 nəfər tibb məktəbinə, 1 nəfər kollecə qəbul olmuşdur. Məktəbin 6 müəllimi müəllimlərin diaqnostik qiymətləndirilməsində 50-dən yuxarı bal toplayaraq yüksək nəticə göstərmişlər. XI sinif məzunu Mustafayev İsgəndər İlqar oğlu qol güləşi üzrə Dünya çempionu və gümüş medalçısı olub. Rayon rəhbərliyinin tapşırığına uyğun olaraq nümayəndəlik tərəfindən şagirdlərin dərsə davamiyyəti daim nəzarətdə saxlanılır.

Əhalinin sağlamlığına, onların səhiyyə xidmətinə məsuliyyəti Kosalar həkim məntəqəsinin kollektivi daşıyır. Məntəqədə 3 həkim, 7 tibb bacısı kənd əhalisinə xidmət göstərir. Kollektivdə xəstələrin qeydiyyatı, uşaqlarda müxtəlif peyvəndlərin aparılması, ilkin tibbi yardım günün tələblərinə cavab verir. Hesabat ili ərzində ambulator gəlişlərin sayı 4528 nəfər, evə gedişlərin sayı 2968 nəfər, proflaktik müayinə 1987 nəfər olmuşdur.

Kosalar kəndində 2017-ci ildə elektrik enerjisi və təbii qaz yanacağının verilməsi fasiləsiz olmuşdur. Dünyanın istənilən ölkəsi ilə rabitə xidməti və kompüter xidməti təmin olunmuşdur. 208 ailə internetdən istifadə edir.

Əhali və fermer təsərrüfatlarında 1484 baş iribuynuzlu mal-qara, 4652 baş xırdabuynuzlu qoyun-keçi qeydiyyata alınmışdır. Ötən ilin müvafiq dövrü ilə müqayisədə iribuynuzlu mal-qarada 12 baş, xırdabuynuzlularda isə 87 baş artım olmuşdur. 2017-ci ilin məhsulu üçün kənd əhalisi 258 hektarda payızlıq taxıl, 25 hektarda arpa, 30 hektarda tütün, 9,70 hektarda şəkər çuğunduru, 30 hektarda qarğıdalı, 305 hektarda yonca, 5 hektarda bostan, 51,5 hektarda tərəvəz, 28 hektarda kartof, 3 hektarda üzüm və s. əkib becərmişdir. Barama istehsalının artırılması məqsədilə kənd ərazisində 1300 ədəd tut ağacı tingləri əkilmişdir. Əkilən torpaqlardan yüksək nəticələr əldə edilmişdir. Belə ki, 1200 sentner qarğıdalı, 12500 sentner tərəvəz, 3100 sentner kartof, 600 sentner bostan məhsulları yığılmışdır. Kənd təsərrüfatı bitkiləri əkən 553 nəfər əməkçiyə 13805 manat yanacaq və sürtkü yağlarına görə subsidiya ödənilmişdir. Kosalar kənd İcra nümayəndəliyi istər əkinçilik, istərsə də heyvandarlıq sahələrində kənd əhalisinə yaxından köməklik göstərir. Torpağın əkilməsində, səpilməsində, biçilməsində, sahələrin qorunmasında çətinliklər olduqda Kosalar bələdiyyəsi ilə birlikdə həmin çətinliklər aradan qaldırılır.

Məruzə ətrafında çıxış edən kənd sakinlərindən Tarıyel Nəsibov, Samir Hüseynov, Çərkəz Nəsibov və başqaları bildiriblər ki, kəndimiz rayon rəhbərliyinin diqqət və qayğısı ilə tam əhatə olunub. Bunun nəticəsidir ki, Kosalar kəndi gündən-günə daha da inkişaf edir, abadlaşır.
Kosalar kəndi hesabat verdi
Qazax rayon İcra Hakimiyyəti başçısının müavini Tahir Musayev hesabat yığıncağına yekun vuraraq rayonumuzda, eləcə də Kosalar kəndində həyata keçirilən genişmiqyaslı tikinti-quruculuq işlərindən, kənd təsərrüfatında qazanılan uğurlardan söz açıb. Qeyd edib ki, son 1 il 7 ay ərzində kənddə olan bütün problemlər öz müsbət həllini tapıb. Həllini gözləyən məktəbin təmirinə isə yaxın aylarda başlanılacaqdır.

Elçin İSMAYIL

Kosalar kəndi hesabat verdi
Kosalar kəndi hesabat verdi
Kosalar kəndi hesabat verdi


Facebook-da paylaş