Ədəbi-bədii, musiqili məclis » Göyəzən internet portalı
  • Təqvim

    «    Yanvar 2018    »
    BeÇaÇCaCŞB
    1234567
    891011121314
    15161718192021
    22232425262728
    293031 
  • Unutma

  • Maraq



Ədəbi-bədii, musiqili məclis

QAZAX RESPUBLİKA MƏTBUATINDA


Ədəbi-bədii, musiqili məclis
Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı, Qazax rayon İcra Hakimiyyətinin dəstəyi ilə Azərbaycan Milli Kitabxanasının, Azərbaycan Milli Konservatoriyasının və Beynəlxalq Muğam Mərkəzinin “Sirlər xəzinəsi” adlı birgə layihəsinə əsasən Böyük Azərbaycan şairi Molla Pənah Vaqifə həsr olunmuş ədəbi-bədii musiqili məclis keçirildi. Layihə çərçivəsində akademik Nizami Cəfərovun “Molla Pənah Vaqif” və Milli Kitabxananın nəşr etdiyi “Molla Pənah Vaqif. Biblioqrafiya” kitablarının və kitab sərgisinin təqdimatı oldu.

Ədəbiyyat Muzeyində keçirilən tədbirdə Qazax RİHB Aparatının məsul işçiləri, idarə, müəssisə və təşkilat rəhbərləri, təhsil, mədəniyyət, səhiyyə işçiləri, ziyalılar, ağsaqqallar, poeziya sevərlər, ictimaiyyət və KİV nümayəndələri iştirak etdi.

Tədbir iştirakçıları əvvəlcə ulu öndər Heydər Əliyevin adını daşıyan parka gələrək abidəsi önünə gül dəstələri qoyub, ümummilli liderin əziz xatirəsini böyük ehtiramla yad etdilər, mərkəzdə dahi şəxsiyyətin həyat və yaradıcılığı ilə tanış oldular.

Sonra qonaqlar Yuxarı Salahlı kəndində Molla Pənah Vaqifin və Səməd Vurğunun abidələrini ziyarət etdilər, əziz xatirələrini ehtiramla andılar. S.Vurğunun Poeziya Evində olan qonaqlara burada əsaslı şəkildə aparılan təmir işləri barədə ətraflı məlumat verildi. “Fəxri qazaxlılar” parkında isə Molla Pənah Vaqifin və M.V.Vidadinin qoşa abidəsini ziyarət etdilər. Şəhidlər Xiyabanında memorial önünə gül dəstələri qoyaraq ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçmiş Vətən övladlarının xatirəsini yad etdilər.

Qazax rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov ədəbi məclisdə giriş sözü ilə çıxış edərək M.P.Vaqif yurdunda tədbir iştirakçılarını görməkdən məmnunluq hissi keçirdiyini diqqətə çatdırdı. Sonra M.P.Vaqif yaradıcılığından, onun Azərbaycan ədəbiyyatındakı misilsiz xidmətlərindən söz açaraq qeyd etdi ki, böyük Azərbaycan şairi Molla Pənah Vaqifin 300 illik yubileyinin keçirilməsi haqqında Respublika Prezidenti İlham Əliyevin Sərəncamı Vaqif irsinin azərbaycançılıq məfkurəsi işığında daha dərindən araşdırılıb öyrənilməsi bu gün də aktuallığını qoruyan mühüm məsələlərdəndir.

İcra Başçısı bildirdi ki, Vaqif lirikası ilə poeziyada yeni bir səhifə açılır. Realist şeirin ilk nümunələri onun adı ilə bağlıdır. Vaqif poeziyası təkcə azərbaycanlılar arasında deyil, həm də gürcü və s. mühitdə məşhur olmuşdur. Ədəbi məclisin aparıcısı, M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasının direktoru, Əməkdar mədəniyyət işçisi, professor Kərim Tahirov çıxış edərək keçirilən tədbirin məqsəd və əhəmiyyətindən danışdı.

Sonra tədbirdə M.P.Vaqif haqqında Aztv-nin hazırladığı 7 dəqiqəlik film nümayiş olundu.

Azərbaycan Yazıçılar Birliyi (AYB) Qazax zona filialının sədri, Əməkdar incəsənət xadimi, şair Barat Vüsal, AYB Qarabağ bölməsinin sədri, professor Ənvər Əhməd, AZƏRTAC-ın müxbiri, şairə Zərəngiz Dəmirçi Qayalı, şair Zaməddin Ziyadoğlu və başqaları çıxışlarında vurğuladılar ki, Vaqifin əsərlərində Azərbaycan xalqının adət və ənənələri, yerli xüsusiyyətləri özünün parlaq əksini tapmışdır.

Tədbir boyu M.P.Vaqifin şeirlərindən, qəzəllərindən və qoşmalarından ibarət muğam və təsniflər, aşıq havaları ifa olundu.

İrəvan Dövlət Azərbaycan Teatrının aktrisası, filologiya üzrə fəlsəfə doktoru Zülfiyyə Eldarqızının ifasında səslənən şeirlər, Respublikanın Əməkdar artisti, Azərbaycan Milli Konservatoriyasının müəllimləri Firuz Səxavətin, xanəndə Vüqar Əliyev ifaları tədbirə toplaşanlar tərəfindən böyük alqışlarla qarşılandı.
Ədəbi məclis Firuz Səxavətin ifasında “Torpağa düşdüm” şeirinə bəstələnən mahnı ilə başa çatdı.

Azərbaycan Milli Kitabxanasının qızıl Fondunda qorunan Vaqifin zəngin həyat və yaradıcılığını özündə əks etdirən “Molla Pənah Vaqif-300” adlı geniş kitab sərgisi tədbir iştirakçıları tərəfindən maraqla qarşılandı.

Tədbir başa çatdıqdan sonra qonaqlar Qazax Tarix-Diyarşünaslıq Muzeyində nümayiş olunan eksponatlarla, tarixi şəxsiyyətlərin, şairlərin həyat və yaradıcılığını əks etdirən stendlərlə tanış olub, muzeyin xatirə kitabına öz ürək sözlərini yazdılar.

Vəli VƏLİYEV,
“Respublika” qəzeti
8 dekabr 2017-ci il



Facebook-da paylaş