• Təqvim

  • Unutma

  • Maraq



Qazax: dinamik inkişafın göstəriciləri

Qazax: dinamik inkişafın göstəriciləri
Qazax rayonunda 2017-ci ilin 9 ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş toplantı keçirilmişdir. Toplantıda rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov geniş məruzə ilə çıxış etmişdir. Bildirilmişdir ki, 2017-ci ilin 9 ayı rayon üçün də uğurlu olmuşdur.
2017-ci ilin məhsulu üçün 2750,6 hektar arpa, 8277,7 hektar buğda olmaqla, cəmi 11028,6 hektar taxıl becərilmişdir. 2017-ci ildə cəmi 36469 ton məhsul əldə olunmuşdur ki, bunun da 29840 tonu buğda, 6629 tonu isə arpadır. Bir hektar sahədən 36,00 sentner buğda, 24,10 sentner arpa götürülmüşdür. Ümumi məhsuldarlıq 33,03 sentner olmuşdur. Keçən illə müqayisədə cəmi taxıl əkini 3219,8 hektar, götürülmüş məhsul isə 12660,8 ton, orta məhsuldarlıq isə 2,63 sentner çox olmuşdur. 2018-ci ildə 12266 hektar sahədə əkilməsi proqnozlaşdırılan payızlıq taxıl sahəsindən 6.109 hektarında şum aparılmışdır. 2017-ci ildə 809 hektar kartof, 523 hektar şəkər çuğunduru, 504 hektar qarğıdalı, 34 hektar vələmir, 62,5 hektar günəbaxan, 483,3 hektar tərəvəz, 85,92 hektar süpürgə, 3336 hektar yonca, 5,6 hektar darı, 52 hektar paxlalılar, 50 hektar tütün, 31,4 hektar bostan bitkiləri əkilmişdir. 2017-ci ilin yazında 50,5 hektar yeni fındıq bağı salınmış və cəmi fındıq bağları 222,83 hektar olmuşdur ki, bunun da 136 hektarı məhsuldar bağlardır. Bu il 460 ton fındıq məhsulu istehsal olunmuşdur. Ümumi meyvə bağları 1264 hektar, üzüm bağı 325 hektardır. Bu günə kimi 321 hektar üzüm bağından 1250 ton məhsul yığılmışdır. Əkin sahələrindən 20570 ton kartof, 7598 ton pomidor və xiyar, 502 ton qarpız və yemiş, 612 ton baş soğan, 2726 ton qarğıdalı, 1.300 ton kələm, 1.040 ton badımcan, 900 ton bibər, 162 ton yerkökü, 10.011 ton yonca, 88,4 ton vələmir, 25 ton sarımsaq, 585 ton tərəvəz lobyası, noxud və dənlik lobya, 5,6 ton darı, 185 ton göyərti, sarqo, mətbəx çuğunduru istehsal olunmuşdur. Bu günədək 46 ton quru tütün məhsulu istehsal edilərək Şəki şəhərindəki "İlham M” MMC-yə təhvil verilmişdir. Tütün istehsalı davam edir. Əkilmiş 523 hektar şəkər çuğunduru sahəsinin 46 hektarından 683 ton şəkər çuğunduru çıxarılaraq İmişli Şəkər Zavoduna təhvil verilmişdir. Bu il rayonumuzda 4623 kq barama istehsal edilmişdir ki, bu isə keçən ildən 3123 kq və ya 3,1 dəfə çoxdur.
Hesabat dövründə bitkiçilik sahəsində olduğu kimi, heyvandarlıq sahəsində də uğurlar əldə olunmuşdur. Süni yolla mayalandırılmış heyvanlardan 139 baş bala alınmış və həmin balalara görə 13900 manat subsidiya verilmişdir. 283 baş iribuynuzlu heyvanlarda süni mayalanma aparılmışdır. Heyvandarlıq sahəsində zoobaytar tədbirlərinin planlı surətdə həyata keçirilməsinin nəticəsidir ki, məhsul istehsalı dinamik surətdə artmaqdadır. Belə ki, ət istehsalı ötən ilin müvafiq dövrü ilə müqayisədə 218,8 ton artaraq 4365,5 ton, süd istehsalı 1376,3 ton artaraq 24245,5 ton, yumurta istehsalı 409 min ədəd artaraq 9423000 ədəd olmuşdur. Son zamanlar rayonda arıçılığın inkişafı da diqqəti cəlb edir. Ötən ilin müvafiq dövründə rayon üzrə 325 təsərrüfatda 2216 arı ailəsi olduğu halda, bu gün 342 təsərrüfatda 2867 arı ailəsi vardır.
2017-ci ilin may ayının 15-də Qazax rayonu ilə Litva Respublikasının Trakay rayonu arasında əmakdaşlıq sazişi imzalanmışdır. Qazax rayonu ilə Litva Respublikasının Trakay rayonu arasında təhsil, mədəniyyət və tarix, idman, turizm, biznes, kənd təsərrüfatı və digər sahələrdə əlaqələrin genişləndirilməsi məqsədilə Qazax rayon İcra Hakimiyyəti başçısı 09 iyun 2017-ci il tarixli Sərəncam imzalamışdır. 21 iyun tarixində Trakay rayon bələdiyyəsinin meri Edita Rudeline və nümayəndə Rudelis Henrikas Qazax rayonuna səfər etmişlər. Səfər zamanı qonaqlar Qazaxın mədəniyyəti, tarixi abidələri və görməli yerləri ilə tanış olublar.
Hesabat dövründə Qazax Elektrik şəbəkəsi tərəfindən 110/35/6 və 35/10/6 kv-luq Daş Salahlı və Şıxlı yarımstansiyalarında, eləcə də 12 ədəd 35/10 kv-luq yarımstansiyalarda olan avadanlıqlarda cari təmir işləri aparılmışdır. 10/0,4 kv-luq yarımstansiyalarda 442 ədəd transformatorda cari təmir işləri aparılmış, 0,4 kv-luq şitlərdə 22 ədəd ayrıcı yenisi ilə əvəz edilmiş, 18 ədəd zədəli transformator təmir edilərək sxemaya qoşulmuşdur. Hava xətlərində 95,89 km uzunluğunda cari təmir işləri aparılmış, 1609 ədəd izalyator dəyişdirilmişdir. 34,3 km məsafədə ağaclar budanmış, 39,65 km uzunluğunda tarımlama işləri aparılmış, 266 ədəd ağac dayaq beton dayaqla əvəz edilmişdir. Kosalar kəndində yeni salınmış məhəllənin işıqlandırılması üçün 1 ədəd 160 kv gücündə transformator quraşdırılmışdır. 2017-ci ilin 9 ayı ərzində Şəbəkə üzrə cəmi pul yığımı 4991800 manat olmuşdur. Qazax rayonunun bütün yaşayış məntəqələri təbii qazla təmin olunmuşdur. Şəmkir RQİİ-nin Qazax Xidmət Sahəsi tərəfindən 9 ayda 106 nəfər yeni abonent təbii qazla təmin olunmuşdur. 587 ədəd məişət qaz sayğacları yeni qaz sayğacları ilə, 126 ədəd mexaniki qaz sayğacı Smart tipli sayğaclarla əvəz olunmuşdur. Rayon ərazisində 1527 p/m qaz xətləri korroziyaya uğradığına görə yenisi ilə əvəz olunmuş, müxtəlif diametrli 2.595 p/m qaz xətti torpaq altından çıxarılaraq dayaq üzərinə qaldırılmış, 6360 p/m qaz xətləri rənglənmişdir. Əhali abonentlərə satılmış qazın dəyəri 2451858 manat, yığım isə 2759724 manat olmaqla 112,6 faiz yerinə yetirilmişdir. 2016-cı ilin müvafiq dövrü ilə müqayisədə yığım 18,1 faiz çox olmuşdur. Qazax "Su-kanal” idarəsi tərəfindən 2 ədəd artezian nasosu yenisi ilə əvəz olunmuş, 3 ədəd artezian nasosu və 4 ədəd su mühərriki əsaslı, 7 ədəd su mühərriki cari təmir olunmuş, 6 ədəd su mühərrikinin nasos hissəsi əsaslı təmir olunmuşdur.
Rayon Təhsil şöbəsinin tabeliyində olan 34 tam orta, o cümlədən 1 məktəb-lisey, 6 ümumi orta, 7 ibtidai məktəb və 5 məktəbdənkənar müəssisə fəaliyyət göstərir. 2017-ci ilin yanvar ayında keçirilən fənn olimpiadalarının rayon turunda 309 nəfər şagird iştirak etmişdir. Məzunların qəbulolma göstəriciləri 61% olmuşdur. Bunlardan da 14 nəfər 600-dən yuxarı, 58 nəfər 500-dən yuxarı bal toplamışlar. Bakı Dövlət Universitetinin Qazax filialında 13 ixtisas üzrə 689 tələbə təhsil alır.
Qazax: dinamik inkişafın göstəriciləri
Qazax rayon Mərkəzi Xəstəxanasının 30 çarpayılıq Uşaq Xəstəxanası, 30 çarpayılıq Doğum evi, 1 Təcili Yardım stansiyası, 3 Poliklinika, 100 çarpayılıq Ruhi xəstəxana, 16 kənd həkim məntəqəsi və 17 kənd tibb məntəqəsi fəaliyyət göstərir.
Qazax şəhərinin girişində, Ağstafa rayonu ilə sərhəddə yenidənqurma və abadlıq işləri başa çatdırılmış, yeni, daha əzəmətli "At heykəli” qoyulmuşdur. Qazax şəhəri ərazisində hərbi şəhərcikdə Şəhidlərin xatirəsinə 1 bulaq, Milli Qəhrəman Firuddin Şamoyevin xatirəsinə 1 bulaq tikilib istifadəyə verilmişdir. 6 bulaq yenidən qurularaq müasir görkəmə salınmışdır. Bu işlərin davamı olaraq rayonun Qazaxbəyli kəndində Milli Qəhrəman Alı Mustafayevin adına yeni bulaq kompleksi tikilərək istifadəyə verilmişdir. İkinci Şıxlı kəndində "Sınıq Körpü” Buraxılış Məntəqəsində yenidənqurma və abadlıq işləri aparılmışdır. Rayonun kənd yaşayış məntəqələrindən 104 km uzunluğunda kənddaxili yollara qum-çınqıl döşənmiş, bu istiqamətdə işlər davam edir.
Məzəm və Quşçu Ayrım kənd sakinlərinin rayon mərkəzinə təhlükəsiz gediş və gəlişini təmin etmək məqsədilə Qazax-Quşçu Ayrım avtomobil yolunun Alpout kəndi ilə Quşçu Ayrım kəndini birləşdirən hissəsində alternativ olaraq ikinci yolun çəkilişi işləri davam edir.
Hesabat yığıncağında Qazax RİHB aparatında şöbə müdiri Adil Vəliyev, "Qazax Avtovağzal” ASC-nin icraçı direktoru Eyvaz Quliyev, rayon Təhsil şöbəsinin müdiri Nizaməddin Babanlı, Elektrik şəbəkəsinin rəisi Elşad Məmmədov, Şəmkir RQİİ-nin rəis müavini İlkin Nəsibov çıxış etmişlər. Hesabat dövründə görülmüş işlər və qarşıda duran vəzifələr haqqında ətraflı məlumat vermişlər.
Yekunda icra başçısı bundan sonra da Dövlət Proqramının icra olunmasında daha məsuliyyətlə çalışmağın, verilən tapşırıqların layiqincə yerinə yetirilməsində fəal iştirak etməyin vacibliyini vurğulamış və bu yolda hamıya uğurlar arzulamışdır.
Vəli VƏLİYEV,
"Respublika” qəzeti
22 oktyabr 2017-ci il


Facebook-da paylaş