• Təqvim

  • Unutma

  • Maraq



Gözəllikdən doymur ürək...

Gözəllikdən doymur ürək...
Bu ilin avqust ayında Qazaxa getmişdim. Dünyaya gəldiyim, dünyam bildiyim Qazaxa. Cənnətməkan, canımda can Qazaxa. Elə bil çoxillik qəribliyin zəncirini qırmağa getmişdim. Həsrət yanğısı ilə öpmək, qucmaq, bağrıma basmaq məqamındaydım...
Məqsədim, məramım, arzum, diləyim aydındı. Həmyerlilərimin qəlblərinə körpü salmaq, tariximiz, mədəniyyətimiz, sazlı-sözlü dünyamızla bağlı material toplamaq, öyrəndiklərimi vərəqlərdə muncuqlamaq, misralara düzmək, kitab yazmaqdı...
Bir qayda olaraq, hər Qazağa yolum düşəndə Göyəzəni ziyarət edir, qürurlanıram. Bu dəfə də elə. Milyon illiklərə qovuşan Göyəzən, Qafqazda, Yaxın Şərqdə, Avropada, hətta Amerikada da təkdi, tənhadı. Nə əvəzi var, nə də bənzəri.
Yerin dərin təkindən püskürüb -qopan Göyəzən təbiət abidəsidi. Sirli-sehirli, möcüzəli, əfsanəli, nağıllı abidəsi. Qazaxın rəmzi, ucalığı, alınmaz qalasıdı Göyəzən. Ömrümün qürub çağını yaşadığıma görə başına çıxa bilmədim. Qurşağında əks olunan işarələrin, yazıların əksini qələmə aldım.
Qazağın bir əlçatmaz, ünyetməzi də xalqımızın dahi şairi Səməd Vurğundur.
İlham pərisi olan Göyəzəni dillər əzbəri edən Səməd Vurğun onu belə tərənnüm etmişdi:
Göylərə baş çəkir Göyəzən dağı,
Axşam açıq olur ayın qabağı.
Bizim qadınların bayram qabağı
Fəsəli yaymağı yadıma düşdü.
Əziz oxucular, Göyəzənlə bağlı bir unudulmaz maraqlı əhvalatı sizə çatdırmağı özümə borc bilirəm. Çatdırmasam bağışlanmaz qəbahət işlətmiş olardım. Bir gün Səməd Vurğunla böyük yazıçımız Mirzə İbrahimov Qazaxın Daşsalahlı kəndində qonaq olurlar. Səməd Vurğun səhərin gözü açılmamış "Kazbek” papirosunun tüstüsündə Göyəzənə tamaşa edirmiş. Mirzə müəllim yuxudan oyanır. Səmədlə onun arasında belə bir mükalimə olur. Səməd deyir:
– Ay Mirzə, bir Göyəzənə bax, gör necə də şairanə mənzərəsi var.
– Səməd, mən elə bilirdim ki, Göyəzən Elbrusdu, Kazbekdi, bu ki təpəymiş.
–Mirzə, mən təpəni dağ elədim, vay dağı təpə eləyənlərin halına...
Havalar isti keçsə də, axşamlar sərin meh qəlbi oxşayır, sanki layla çalırdı. Ələlxüsus da bunu nakam eşqin göz yaşları olan Damcılı bulağının başında daha çox hiss edirəm. Göylərə baş alan çinarların yarpaqları elə bil nəğmə deyirdi...
Bir axşam da çayxanaya getdim. Dost-tanışlarla görüşdüm, əhvallaşdım. Çayxana tarixi etnoqrafik mənbədi, sazlı-sözlü bir aləmdi. Hikmətli sözlər, müdrik kəlamlar məkanıdı, əfsanələr, nağıllar eşidilən yerdi, tərbiyələndirən, məşvərət, məsləhət, nəsihət verən yığnaqdı. Xeyli material topladım.
Köhnə dostum Tahir: – "Teymur qağa, Şıxlıya getmisinizmi? – deyə soruşdu.
–Gedəcəm, anamın məzarını, doğulduğum ocağı ziyarət edəcəyəm– dedim.
–Gedəndə Sınıq Körpünün yanındakı bir ayrı gözəlliyə də tamaşa edib, xoşhal olun.
Ətrafdakılarda hərə bir tərəfdən yeni yaradılan gözəlliyi elə təsvir elədilər ki, elə bildim dünya gözəli Göygöldü, başı çalmalı Qoşqardı, təkrarsız mənzərəsi ilə göz oxşayan Əsrik dərəsidi, Dilcan dərəsidi... Ürəyim atlandı, gecədən keçsə də yola düzəldik.
Babakər sıra dağlarının ətəklərində bənzərsiz bir aləm yaranmış, qənirsiz bir gözəl dünyaya gəlmişdi. Səma aydındı. Elə bil, Ay göydən enib bu mənzərəyə qonaq gəlmiş, sayrışan ulduzlar axıb gözəllikdə köz-köz yanmış, aləmi nura qərq etmişdi. Sanki həqiqət möcüzəyə, əfsanəyə, nağıla bürünmüşdü, ağılasığmaz, xəyalagəlməzdəydik.
Səngər qalaları qəsrlər tamamlayır, baxımlı dünya yaradırdı. Abidələr səslənməmiş melodiyanı, oxunmamış mahnını, şərqini xatırladırdı. İnsanlar üçün yaradılmış ideal şərait, səliqə-səhman minnətdarlıqla qarşılanır, qurub-yaradanlara ürək dolusu "Sağ olun!” ünvanlandırırdı. Bu xoş sözləri eşidəndə ürəyim dağa dönür, sevincdən qəhərlənir, nə yaxşı, nə gözəl deyirdim.
Gözəllikdən doymur ürək...
Bu gözəlliyin yaradılmasında iştirak edən fəhlələr, onu qoruyanlar bizi dövrəyə alır, ürək sözlərini deyirdilər. Gördüklərimizin hər qarışında, hər daşında Qazağın icra başçısı Rəcəb müəllimin əməyi var. Tez bir zamanda başa çatdırılan bu işdə onun nə gecəsi, nə gündüzü olub. Həmişə yanımızda olub, bizə arxa durub. Biz də böyük eşqlə, həvəslə işləmişik, onun arzusuna şam-çıraq tutmuşuq. İnanın, bu gözəlliyin memarı, fəhləsi, qurub-yaradanı, başa çatdıranıdı Rəcəb müəllim. Qısa bir zaman kəsiyində belə bir gözəlliyin yaranması möcüzədi, həqiqətdən yaranan əfsanədi, nağıldı. İllər ötər, bu əməl nə unudular, nə yaddan çıxar. Onun bizə qoyduğu əmanəti, yadigarı göz bəbəyi kimi qorumağa söz veririk. Hamıyla sağollaşdıq, ayrıldıq...
Kim tərifi sevmir ki? Lakin tərifə layiq olasan gərək, işinlə, əməlinlə, qurub yaratmağınla. Bu sarıdan da Rəcəb müəllimin işləri, arzu və əməlləri dərin hörmətə, ehtirama və minnətdarlığa layiqdi.
Cəfa çəkməsən, səfa sürməzsən. Can yandırmasan, ha yandım de. Ürək qızdırmasan, ürəksiz olarsan.
Gecə səhərə qədər bu mənzərəni gözlərim önündə canlandırır, fərəh hissi keçirir: Dünya nə gözəldi, İlahi, deyirdim. Ürəyim yenidən atlandı, arzularım qanadlandı. Dan yeri sökülər-sökülməz gözəlliklər aləminə yenidən baş çəkdim. Günəş dağın arxasından tənbəl-tənbəl boylanır, qızılı haləsini göstərir, zərrin şəfəqlərini ətrafa ələyirdi. Gündüz görməyin də bir özgə ləzzəti var. Hər yan yaşıllıqlara qərq olmuş, çiçəklər ləçək tökmüşdü. Bülbül gül həsrətilə fəğan qoparır, gül bülbülə naz edirdi. Mən də bu təkrarsızlığı gözümə təpdim, ürəyimdə yer ayırdım. Həmişəlik, birdəfəlik.
Gözəlliyə uymaq, valeh olmaq ürək açandı. Lakin bu məkanda Sınıq körpünü yada salmamaq mənim üçün bağışlanmaz olurdu. Hətta, mənim üçün qəbahət sayılardı. Axı o mənim uşaqlığımın möcüzəsi, gəncliyimin heyrətidi. Həm də fəxrim, vüqarım. Qələmə aldığım çoxsaylı əsərlərimin baş ucalığıdı...
Təpədöy çayının üstündə çatılan canlı tarix, əzəmət, vüqar çələngidi Sınıq körpü. Nizaminin həmyaşıdı, Xudafərin körpüsüylə eyni dövrdə inşa edilən təkrarsızlıq, Yaxın Şərq memarlığının incisidi Sınıq körpü. 1819-cu ilin qışında rus yazıçısı və diplomatı A.S.Qriboyedov Sınıq körpüdən keçəndə möcüzələr aləminə düşdüyünü xatırlayır. Körpünün ortasındakı pilləkənlərlə enərək ucadan deyir: Qoy mənim səsim əbədi olaraq bu möhtəşəm tikilinin divarlarına hopsun, məni də yad eləsinlər.
Bu, bütövlük, keçmişlə müasirliyin harmoniyasının təsdiqi, vəhdətidi. Qoy dünyanın hər bir yerindən gəlib-gedənlər qoca tarix yaşayan Sınıq körpünün əzəmət, vüqarına valeh olsunlar. Gözəllik seyrangahında sehrə düşsünlər və görsünlər ki, bura Odlar yurdu Azərbaycandı, behişt məkandı.

Teymur BÜNYADOV,
akademik
Xalq qəzeti
15 oktyabr 2017-ci il



Facebook-da paylaş