Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2017-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclası keçirilib » Göyəzən internet portalı


Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2017-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclası keçirilib YENİLƏNİB

Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2017-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclası keçirilib
Oktyabrın 9-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2017-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclası keçirilib.

GOYEZEN.AZ AZƏRTAC- a istinadən xəbər verir ki, dövlətimizin başçısı iclası giriş nitqi ilə açdı.

Prezident İlham Əliyevin giriş nitqi

-İlin doqquz ayı arxada qalır. Bu doqquz ayda ölkəmiz uğurla və hərtərəfli inkişaf etmişdir. Bütün sahələrdə dinamik inkişaf təmin olunmuşdur.
Doqquz ayda iqtisadi göstəricilərimiz də çox müsbətdir. Qeyri-neft iqtisadiyyatımız 2,5 faiz artıb. Hesab edirəm ki, bu, çox gözəl göstəricidir. Bu, son illərdə apardığımız siyasətin nəticəsidir. Çünki qeyri-neft sektorunun inkişafı bizim əsas prioritetimizdir və 2,5 faiz artan qeyri-neft iqtisadiyyatımız həm uğurlu islahatlarımızın göstəricisidir, həm də onu göstərir ki, ölkə iqtisadiyyatının şaxələndirilməsi məsələləri öz həllini uğurla tapıbdır. Qeyri-neft sektorunun sənaye hissəsi də uğurla inkişaf edir. Qeyri-neft sənayesi 9 ayda 3,1 faiz artmışdır. Bu da sənayeləşmə siyasətimizin gözəl nəticəsidir. Bildiyiniz kimi, son illər kənd təsərrüfatında çox böyük inkişaf var, böyük investisiyalar qoyulur. Kənd təsərrüfatının hərtərəfli inkişafı dövlət prioritetidir və bu sahədə də nəticələr özünü göstərir. Kənd təsərrüfatı 2,8 faiz artmışdır.

Xarici ticarət dövriyyəmiz 7 faiz artmışdır. Burada da ixrac idxalı böyük fərqlə üstələyir. Hər bir inkişafın göstəricisi, o cümlədən xarici ticarətin tarazlığından asılıdır. Bizdə isə ilin 9 ayında xarici ticarətin müsbət saldosu 4,4 milyard dollara bərabərdir. Əminəm ki, ilin sonuna qədər bu rəqəm daha da artacaq. Əlbəttə, bu, bizim həm iqtisadi uğurlarımızı əks etdirir, eyni zamanda, milli valyutamız manatın məzənnəsinə çox müsbət təsir göstərir. Valyuta bazarının tənzimlənməsi istiqamətində əlbəttə ki, bu, çox böyük imkanlar açır. Eyni zamanda, bu, bizim uğurlu inkişafımızın təzahürüdür. İxracımız idxaldan 4,4 milyard dollardan çoxdur.

Baxmayaraq, dünya bazarlarında neftin qiyməti hələ də aşağı səviyyədədir, bu il biz qarşıya məqsəd qoymuşduq ki, valyuta ehtiyatlarımızı artıraq. Çünki bu, bizim iqtisadi və siyasi müstəqilliyimizin əsas şərtlərindən biridir. Xərclərimizin də artmasına və ölkə qarşısında duran vəzifələrin də çoxalmasına baxmayaraq, biz çalışırıq ki, bütün vəzifələri icra edək. Bunu etmək üçün əlbəttə ki, maliyyə resursları lazımdır. Valyuta ehtiyatlarımızdan qənaətlə istifadə etməyimiz, eyni zamanda, düzgün investisiya proqramımızın uğuru, əlbəttə, imkan verib ki, biz valyuta ehtiyatlarımızı artıraq. İlin 9 ayında Azərbaycanın valyuta ehtiyatları artıb, hazırda bu rəqəm 42 milyard dollar səviyyəsindədir. İlin əvvəlindən valyuta ehtiyatlarımız 4,5 milyard dollar artıb. Bizim siyasətimiz uzunmüddətli siyasətdir. Biz ölkəmizin gələcəyi, uzunmüddətli, dayanıqlı inkişaf haqqında düşünürük. Ona görə bir daha qeyd etmək istəyirəm ki, valyuta ehtiyatlarımız, ümumiyyətlə, iqtisadi imkanlarımız müstəqilliyimizin əsas şərtlərindən biridir.

Bu gün biz özümüzü dünya miqyasında müstəqil ölkə kimi təqdim edə bilmişik, müstəqil siyasət aparan ölkə kimi tanınırıq. Əlbəttə ki, bunun təməlində güclü siyasi iradə, xalq-iqtidar birliyi, bir çox başqa amillər dayanır. Onların arasında iqtisadi müstəqillik xüsusi yer tutur. Ona görə 4,5 milyard dollar həcmində artan valyuta ehtiyatlarımız hesab edirəm ki, 9 ayın ən uğurlu nəticələrindən biridir.

Doqquz ayda həm Bakıda, həm bölgələrdə yeni iş yerlərinin yaradılması prosesi uğurla gedib. Həmin dövrdə 226 min yeni iş yeri yaradılıbdır ki, onlardan 171 mini daimi iş yeridir. Bu da işsizliyin aşağı səviyyədə saxlanmasına imkan verir. Bu, daimi proses olmalıdır. Çünki bizim əhalimiz artır və belə olan halda biz daim yeni iş yerlərinin yaradılması haqqında düşünməliyik.

Əsas infrastruktur layihələri 9 ayda uğurla icra edilibdir. Yeddi yüz kilometrdən çox içməli su xətti çəkilib, qazlaşdırma ölkəmizdə 93 faiz səviyyəsindədir və bu proses davam edir. Bunlar özlüyündə çox gözəl göstəricidir. Elektrik enerjisi ilə təminat yaxşılaşır, yeni yarımstansiyalar tikilir, elektrik xətləri çəkilir. Meliorasiya məsələləri öz həllini tapır. İlin əvvəlində qarşıya məqsəd qoyulmuşdur ki, bu günə qədər suvarılmayan, yaxud da ki, suvarılması zəif olan 150 min hektar torpaqlarımızda bu il müasir suvarma sistemləri quraşdırılsın. Əminəm ki, biz bu rəqəmə ilin sonuna qədər çatacağıq. Mənə verilən məlumata görə, bu ilin əvvəlindən bəri 50 min hektardan çox torpaqda meliorativ tədbirlər görülmüşdür, suvarma suyu təmin edilmişdir. Qalan iki ay yarım ərzində bütün işlər başa çatmalıdır. İnfrastruktur layihələrimizin uğurlu icrası ümumi iqtisadi inkişafa, regionların inkişafına təkan verir. Əlbəttə ki, bu günə qədər həyata keçirə bilmədiyimiz infrastruktur layihələrini növbəti illərdə də biz tam icra etməliyik.

Sosial infrastrukturla bağlı siyasətimiz uğurla aparılır. Bu ilin əvvəlindən 100-ə yaxın məktəb tikilib, təmir edilib. Bu proses davam etdirilir. İyirmi yeddi tibb ocağı tikilib və təmir edilib. Digər sosial infrastruktur layihələri uğurla icra edilir.

Məcburi köçkünlərin problemləri daim diqqət mərkəzindədir. Bu il tarixi hadisə baş vermişdir. Cocuq Mərcanlı kəndi bərpa edilmişdir, indi orada yeni qəsəbə salınır, 50 evdən ibarət qəsəbənin açılışı olmuşdur, əlavə 100 evin tikintisi prosesi gedir. Məktəb, məscid tikilib, tibb mərkəzi tikilməkdədir. Orada iş yerləri ilə bağlı bir çox məsələlər öz həllini tapır. Cocuq Mərcanlı kəndinin yenidən qurulması, bərpası tarixi hadisədir.

Eyni zamanda, digər məsələlər, köçkünlərlə bağlı məsələlər də öz həllini tapır. Bakıda, Sumqayıtda, digər bölgələrdə tikinti işləri geniş vüsət almışdır. Bu il minlərlə ailə yeni evlərlə, mənzillərlə təmin olunacaq, bu proses gələn il də davam etdiriləcək. Hələ ki, ağır vəziyyətdə yaşayan köçkünlərimiz çoxdur. Dövlət əlindən gələni edir ki, bu məsələ tezliklə öz həllini tapsın. Bilirsiniz ki, 250 mindən çox məcburi köçkün dövlət tərəfindən evlərlə, mənzillərlə təmin edilmişdir.

Bu il idman sahəsində uğurlarımız kifayət qədər çoxdur. Onların arasında, əlbəttə ki, İslam Həmrəyliyi Oyunlarında qazandığımız uğurları qeyd etməliyəm. İslam Həmrəyliyi Oyunlarının Bakıda keçirilməsi əslində böyük uğurumuzdur və bu Oyunlar ən yüksək səviyyədə keçirilmişdir. Azərbaycan komandası bu Oyunların qalibi olmuşdur, birinci yerə layiq görülmüşdür. Bu, idmanın inkişafını bir daha göstərən çox ciddi amildir.

Bu il beynəlxalq arenada mövqelərimiz daha da möhkəmlənib. Bizim xarici əlaqələrimiz çoxşaxəlidir. Biz bütün ölkələrlə qarşılıqlı faydalı və bərabərhüquqlu münasibətlər qurmuşuq, buna nail olmuşuq. Bu gün Azərbaycan dünya miqyasında çox etibarlı tərəfdaş, ləyaqətli ölkə kimi tanınır. Xarici siyasətimiz də açıqdır, müstəqildir və bu da dünya birliyi tərəfindən böyük rəğbətlə qarşılanır.

Bu ilin doqquz ayında mənim xarici ölkələrə 14 səfərim olmuşdur. Hələ ilin qalan hissəsində də səfərlər nəzərdə tutulur. Bu səfərlərin hər biri ölkəmiz üçün faydalı olmuşdur. Azərbaycan öz mövqeyini birbaşa xarici tərəfdaşlara çatdırır. Rəsmi səfərlərdə və beynəlxalq tədbirlərdə etdiyim çıxışlar Azərbaycanın siyasətini əks etdirir, əldə etdiyimiz uğurları, eyni zamanda, Dağlıq Qarabağ problemini də bir daha dünya ictimaiyyətinə çatdırır. Ölkəmizə isə bu il ondan çox dövlət və hökumət başçısı gəlmişdir. İlin sonuna qədər yenə də səfərlər gözlənilir. Yəni, bizim beynəlxalq əlaqələrimiz çoxşaxəlidir. Xarici siyasətimiz milli maraqlarımızı təmin edir və beynəlxalq arenada Azərbaycan, bir daha demək istəyirəm ki, böyük hörmətə və çox müsbət reputasiyaya malik olan bir ölkədir.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövqeyimiz dəyişməz olaraq qalır. Bu mövqe dünyanın ən ali tribunalarından açıq bəyan edilmişdir. Dağlıq Qarabağ bizim tarixi, əzəli torpağımızdır, biz bu torpaqlara qayıtmalıyıq və qayıdacağıq. Ölkəmizin ərazi bütövlüyü danışıqların predmeti deyil və heç vaxt olmayacaq. Biz torpaqlarımızda ikinci erməni dövlətinin yaradılmasına heç vaxt imkan verməyəcəyik və ərazi bütövlüyümüzün bərpası bizim əsas vəzifəmizdir.
Bilirsiniz ki, son vaxtlar danışıqlarda heç bir irəliləyiş yoxdur. Ermənistan çalışırdı və hesab edirdi buna nail olacaq ki, danışıqlar pozulsun. Yəni, müxtəlif bəhanələrlə bizi ittiham etməklə çalışırdı ki, danışıqlar bərpa edilməsin və buna nail olmaq üçün bir neçə şərt qoymuşdu. Əlbəttə, mən bəribaşdan bəyan etmişdim ki, heç bir şərt qəbul edilməyəcək. Onlar bu şərtləri irəli sürərkən özlərini çox axmaq vəziyyətdə qoyurlar və məcbur olub bu siyasətdən əl çəkməli olacaqlar. Həyat və reallıq bir daha onu göstərir ki, həmişə olduğu kimi, bizim təhlilimiz və siyasətimiz tam reallığı əks etdirir.

Bu gün danışıqlar prosesi heç bir şərt qəbul olunmadan bərpa edilir. Ermənistan növbəti dəfə özünü dünya ictimaiyyəti qarşısında biabır etdi və danışıqların bərpası bizə edilən hər hansı bir minnət deyil. Onların isterik bəyanatları, başqa ölkələrə qorxu ilə dolu müraciətləri əslində açıq etirafdır ki, döyüşdə onların bizim qarşımızda duruş gətirməsi qeyri-mümkündür. Aprel hadisələri bunu göstərdi. Təmas xəttindəki vəziyyət onu göstərir ki, bu gün biz təmas xəttində hakim mövqelərə tam sahibik. Əlbəttə, Ermənistan daha çox maraqlı olmalıdır ki, danışıqlar bərpa edilsin. Çünki əks təqdirdə onları çox acı nəticələr gözləyir. Məsələ ilə məşğul olan vasitəçilər çalışırlar ki, danışıqlar prosesi bərpa edilsin. Biz də əlbəttə ki, bunu dəstəkləyirik. Ona görə bir daha demək istəyirəm ki, bu il də bu istiqamətdə real nəticə əldə olunmasa da Ermənistan növbəti dəfə özünü dünya ictimaiyyəti qarşısında aciz, gücsüz, asılı ölkə kimi təqdim etmişdir.

Bu il neft-qaz sektorunda çox əlamətdar hadisələr baş verib. Xüsusilə, neft sektorunda “Azəri-Çıraq-Günəşli” yatağının gələcəkdə işlənilməsi ilə bağlı yeni kontrakt imzalanmışdır. Kontraktın müddəti 2050-ci ilə qədər uzadıldı. Bu kontrakt bizim üçün daha da yaxşı şərtlərlə təmin edilmişdir. Baxmayaraq ki, “Əsrin kontraktı” da Azərbaycana çox böyük faydalar gətirdi. O vaxt üçün mümkün qədər ən gözəl şərtlər təmin edilmişdir. Ancaq indiki şərtlər bizim üçün daha əlverişlidir, daha da yaxşıdır. Bu şərtlərin əsas mahiyyəti ondan ibarətdir ki, Azərbaycanın iştirak payı 11 faizdən 25 faizə qaldırılır. Mənfəət neftinin 75 faizi Azərbaycan tərəfinə veriləcəkdir. Dövlət Neft Şirkəti yeni kontraktın podratçısı kimi iştirak edəcək və ölkəmizə xarici neft şirkətləri tərəfindən 3,6 milyard dollar bonus ödəniləcək. Bu, çox gözəl şərtlərdir və “Əsrin kontraktı”nın uzadılması, yeni kontraktın imzalanması tarixi hadisədir.

Digər nəhəng layihə “Cənub Qaz Dəhlizi” layihəsidir. Bu istiqamətdə də işlər yaxşı gedir. “Şahdəniz-2” layihəsinin icrası 96 faiz səviyyəsindədir. Cənubi Qafqaz kəməri, hansı ki, qazımızı Gürcüstana qədər çatdırır, 98 faiz səviyyəsində icra edilibdir. TANAP layihəsi 82 faiz, TAP layihəsi isə 53 faiz səviyyəsində icra edilibdir. Bu rəqəmlər əslində göstərir ki, kontraktın uğurlu icrası təmin edilir.

Digər vacib olan sahələrdə də yaxşı nəticələr var. Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisi demək olar ki, başa çatıb. Yaxın vaxtlarda bu yolun rəsmi açılışı nəzərdə tutulur. Bu da tarixi layihədir. Yəni, Azərbaycanın iştirak etdiyi və bir çox hallarda təşəbbüskarı olduğu layihələr qlobal xarakter daşıyır. Onların əsas məqsədi və mahiyyəti ondan ibarətdir ki, bu layihələr, bu kontraktlar ölkəmizi gücləndirir. Azərbaycanın qüdrəti, iqtisadi potensialı, siyasi çəkisi, regional müstəvidə rolu artır və bu kontraktlar bizə böyük iqtisadi mənfəət, səmərə verir. Təsəvvür etmək mümkün deyil ki, əgər “Əsrin kontraktı” imzalanmasa idi, biz indi hansı vəsaitlə bütün bu abadlıq-quruculuq işlərini görə bilərdik. Düzdür, bu gün əsas məqsədimiz qeyri-neft sektorunun inkişafıdır və biz əsas gücü bu istiqamətə yönəldirik. Ancaq onu da hamımız bilməliyik ki, əgər neft gəlirlərindən səmərəli şəkildə istifadə etməsəydik, Neft Fondunda böyük vəsaiti yığmasaydıq, infrastruktur layihələrinə və digər layihələrə yönəltməsəydik, əlbəttə, bizim indiki vəziyyətimiz kəskin şəkildə fərqlənə bilərdi.

Biz bütün bu işləri düşünülmüş şəkildə görmüşük, neftdən və qazdan gələn gəlirlər insan kapitalına yönəldilib, infrastruktur layihələrinin icrasına, özəl sektorun inkişafına istiqamətləndirilib. Eyni zamanda, bu layihələr ölkəmizin beynəlxalq arenadakı rolunu, çəkisini artırır. Bu gün bizim iştirakımız olmadan bu regionda heç bir layihə, hətta heç bir siyasi təşəbbüs reallaşa bilməz. Azərbaycan bu gün dünya miqyasında özünü güclü dövlət kimi təsdiqləyib, Əlbəttə ki, bu, bizim hamımızı çox sevindirir. Növbəti illərdə ölkəmizin qüdrəti daha da artacaq.

Bu il iqtisadi islahatlarla bağlı çox ciddi addımlar atılmışdır. Strateji yol xəritələrinin icrası təmin edilir. Düzdür, bəzi hallarda yubanmalara da yol verilir, ancaq bütövlükdə çox ciddi islahat olmuşdur. Sahibkarlığın inkişafı təmin edilir. İnvestisiya təşviqi mexanizmi tam işə düşmüşdür. Onu qeyd etməliyəm ki, 200-dən çox investisiya təşviqi sənədi verilmişdir. Bu layihə, bu istiqamət çərçivəsində ölkəmizə özəl sektor tərəfindən 1,7 milyard manat həcmində investisiya qoyuluşu təmin ediləcək. Yəni, görün, bir ciddi islahatın aparılması ilə biz 1,7 milyard manat özəl sektor sərmayəsini Azərbaycana cəlb etdik. Deməli, biz buna çoxdan keçməli idik. Biz əvvəlki dövrlərdə də investisiya təşviqi mexanizmi haqqında danışmışdıq. Burada müəyyən əngəllər, müxtəlif fikirlər olmuşdur. Ancaq həyat bunu göstərir ki, bu, nə qədər düzgün addım olmuşdur.

İxracın təşviqi mexanizmi işə düşüb. Mən ixracla bağlı bəzi rəqəmləri sonra səsləndirəcəyəm. Bu mexanizm də çox ciddi təsir göstərmişdir. Ona görə bu il Azərbaycan tarixində ciddi iqtisadi islahatlar ili kimi qalacaq. Bu gün bölgələrdə, böyük şəhərlərdə, Bakıda quruculuq, abadlıq işləri geniş vüsət almışdır. Sənaye istehsalı, kənd təsərrüfatının inkişafı, sənaye zonalarının yaradılması - bütün bunlar reallıqdır. Bizim siyasətimiz ictimaiyyət tərəfindən, sahibkarlar tərəfindən bəyənilir və dəstəklənir.

Əlbəttə ki, bizim iqtisadi sahədə uğurlarımızı göstərən, əks etdirən Davos Dünya İqtisadi Forumunun hesablamalarıdır. Azərbaycan bu il iki pillə irəliləyərək 37-ci yerdən 35-ci yerə qalxıb və öz reytinqini daha da yaxşılaşdırır. Beləliklə, 140 ölkə arasında keçirilmiş bu təhlil, ölkələrin rəqabətqabiliyyətliliyini əks etdirən bu hesabat göstərir ki, Azərbaycan dünya miqyasında iqtisadi cəhətdən 35 ən rəqabətqabiliyyətli ölkə sırasındadır. Bu, böyük uğurumuzdur, tarixi nailiyyətdir. Onu da qeyd etməliyəm ki, biz MDB məkanında liderliyi saxlayırıq, qoruyuruq. Bu, əslində bizim iqtisadi siyasətimizin uğurlarını dünyanın ən mötəbər iqtisadi forumu olan Davos Forumu tərəfindən qiymətləndirilməsi deməkdir.

Biz onsuz da bilirdik ki, düzgün yoldayıq. Bizim iqtisadi siyasətimiz real həyatda öz əksini tapır. Azərbaycanda mövcud olan ictimai-siyasi sabitlik, xalq-iqtidar birliyi iqtisadi sahədə də həm investisiyaların cəlb edilməsini, həm yerli investorların investisiyaları ölkəmizə həvəslə yatırmalarını təmin etmişdir. Həm xarici investorlar, həm də yerli sahibkarlar tərəfindən ölkəmizin gələcəyinə çox böyük inam var və bu inam əsaslıdır. Təsadüfi deyil ki, bu ilin doqquz ayında ölkə iqtisadiyyatına 8,3 milyard dollar sərmayə qoyulmuşdur. Onun böyük hissəsi xarici sərmayədir.

İlin sonuna qədər qalan işlər də görüləcək. Əminəm ki, gələn il daha da yaxşı iqtisadi göstəricilərimiz olacaqdır. Bu ilin göstəriciləri də çox müsbətdir. İlin doqquz ayının yekunları göstərir ki, istər beynəlxalq sahədə, istər daxili siyasətlə, iqtisadi siyasətlə bağlı bütün istiqamətlər üzrə çox gözəl nəticələr var. Bu, bir daha bizim düzgün yolda olmağımızı göstərir.

X X X

Sonra təhsil naziri Mikayıl Cabbarov, “Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətinin sədri Saleh Məmmədov, Bakı Nəqliyyat Agentliyinin baş direktoru Vüsal Kərimli məruzələrlə çıxış etdilər.

Azərbaycan Prezidenti iclasda yekun nitqi söylədi.

Prezident İlham Əliyevin yekun nitqi

- İlin sonuna üç aydan az vaxt qalır. Bu müddət ərzində Dövlət İnvestisiya Proqramında nəzərdə tutulmuş bütün məsələlər öz həllini tapmalıdır. Bu il Dövlət İnvestisiya Proqramı lazımi səviyyədə təmin edilir, kifayət qədər vəsait nəzərdə tutulmuşdur. Nəzərdə tutulmuş bütün məsələlər ilin sonuna qədər öz həllini tapmalıdır.

Maliyyə məsələləri ilə bağlı heç bir problem yoxdur. Büdcə göstəriciləri yaxşıdır, tam icra edilir. Ona görə, investisiya proqramının icrası əlbəttə ki, təmin ediləcəkdir. Mən buna şübhə etmirəm.

Gələn ilin Dövlət İnvestisiya Proqramı ilə bağlı ilkin təkliflər gəlməkdədir. Gələn il kifayət qədər vəsait nəzərdə tutulmalıdır ki, həm infrastruktur layihələri, eyni zamanda, ölkə qarşısında duran əsas vəzifələr icra edilsin. Ona görə, hesab edirəm ki, gələn ilin investisiya proqramı ilin sonuna qədər təsdiq edilə bilər. Gələn ilin büdcəsi bu ilin büdcəsindən daha da böyük olmalıdır. Buna bütün imkanlar var. Yaxın zamanlarda bu məsələyə də baxılacaqdır.

Bildiyiniz kimi, sahibkarlığın inkişafı üçün bir çox işlər görülür. Onların arasında güzəştli kreditlərin verilməsi də var. Artıq uzun illərdir ki, bu proses davam edir. Hazırda sahibkarlara verilən güzəştli kreditlərin demək olar ki, tam həcmi əvvəllər verilmiş və qaytarılmış kreditlər hesabına təşkil edilir. Bu il kifayət qədər böyük proqram nəzərdə tutulmuşdur. Mənə məruzə edilib. Bu proqramın böyük hissəsi icra edilmişdir. Amma hələ də Sahibkarlığa Kömək Milli Fondunun sərəncamında kifayət qədər vəsait - bölüşdürülməmiş, yaxud da ki, bölüşdürülmüş, ancaq verilməmiş kreditlər var. Çalışmaq lazımdır ki, ilin sonuna qədər nəzərdə tutulmuş kreditləşmə tam həcmdə təmin edilsin.

Yol infrastrukturu ilə bağlı görülmüş işlər haqqında burada məruzədə göstərildi. Qeyd etməliyəm ki, ilin əvvəlində nəzərdə tutulmuş layihələrin hamısı təbii ki, icra ediləcək. Bundan əlavə, il ərzində mənim bölgələrə səfərlərim çərçivəsində və yerlərdən gələn təkliflər nəticəsində yeni yol layihələri də icra edilməyə başlanılmışdır. Bunlar daha çox kənd yollarıdır və eyni zamanda, şəhərlərarası yollardır. Onların arasında əvvəlcədən nəzərdə tutulmamış, ancaq builki proqrama salınmış və indi icrası gedən layihələr arasında Qax-Zaqatala-Balakən yolunu qeyd etməliyəm. Bu yolun əsaslı təmiri bu il nəzərdə tutulmamışdır. Ancaq bölgəyə səfərim zamanı bu məsələ qaldırıldı və göstəriş verildi. İndi bu layihə icra edilir. Cəlilabad-Yardımlı yolunun bir hissəsi əvvəlki dövrdə əsaslı təmir edilmişdir. Ancaq bu layihə yarımçıq qalmışdır. Cənub bölgəsinə səfərim zamanı bu məsələ də qaldırıldı və göstəriş verildi. Cəlilabad-Yardımlı yolunun tam istifadəyə verilməsi ilə bağlı bütün lazımi tədbirlər görülüb. Bu, Yardımlıya Bakıdan və digər bölgələrdən ən qısa yol olacaq və bir çox kəndləri birləşdirəcək.

Bizim gözəl turizm məkanımız olan Göygölə gedən yol artıq uzun illərdir ki, təmirsiz qalmışdı. Biz indi Göygölü turizm mərkəzinə çevirərək oraya böyük turist axınına nail olmuşuq. Əlbəttə ki, oraya gedən yol tam yüksək səviyyədə təmir edilməlidir. Bu göstəriş də verilmişdir. Eyni zamanda, o bölgədə olarkən bu məsələ də qaldırıldı. Bu yaxınlarda Şamaxı rayonunda olarkən orada da Şamaxını Lahıcla birləşdirən yol haqqında məsələ də öz həllini tapmışdır. Bu yolun bir hissəsi istifadəyə verilib, qalan hissə də bu il və gələn il istifadəyə veriləcək. Lahıc nadir bir yaşayış mərkəzidir. Oraya hər il on minlərlə turist gəlir. İndi Lahıca həm alternativ, həm də ən qısa yol Şamaxı-Dəmirçi-Lahıc yolu olacaqdır. Bu da bir neçə kəndi birləşdirən yoldur.

Ona görə, bunu deyirəm ki, biz proqramı tərtib edirik, vəsait ayırırıq. Ancaq il ərzində yeni təkliflər gəlir və bu təkliflər də həmişə təmin edilir. Ona görə, bizim əsas fəaliyyət istiqamətimiz də bundan ibarətdir ki, Azərbaycan xalqının maraqlarını təmin edək, xalqı narahat edən məsələlər öz həllini tezliklə tapmalıdır. Çalışmalıyıq ki, gələn ilin kənd yolları proqramının tərtibində və təşkilində bütün yerlərdən gələn təkliflər nəzərə alınsın. Mənə artıq ilkin məruzə edilib. Biz gələn il bu ilə nisbətən daha çox kəndi yeni yollarla təmin edəcəyik. Baxmayaraq ki, bu il də yüzlərlə kəndə yol salınıb. Bu proses hələ neçə il bundan sonra da davam etməlidir, o vaxta qədər ki, bizim bir dənə də təmirsiz və yaxşı vəziyyətdə olmayan kənd yolu qalmasın.

Mən giriş sözümdə qeyd etdim ki, infrastruktur layihələri arasında meliorasiya məsələləri indi ön plandadır. Bu layihələrin icrası artıq öz səmərəsini verib. Bu il nəzərdə tutulub ki, 150 min hektar yeni sahəyə suyun verilməsi təmin edilsin və biz bu hədəfə çatmalıyıq. Gələn il isə ən azı bu günə qədər suvarılmayan, yaxud da suvarılması lazımi səviyyədə olmayan 100 min hektar sahəyə yeni kanallar çəkilməlidir ki, bu proses daha da sürətlə getsin. Beləliklə, suvarılan torpaqların həcmi hər il artacaq. Bu da təbii ki, özlüyündə kənd təsərrüfatının sürətli inkişafını təmin edəcək. Çünki bu gündən sonra, - əslində bu məqsəd, bu vəzifə əvvəlki dövrlərdə də qarşıya qoyulmuşdur, - kənd təsərrüfatının intensiv inkişafı təmin edilməlidir.

Bizim torpaq fondumuz məhduddur. Kənd təsərrüfatının sürətli inkişafı ancaq intensiv metodlardan asılı olacaqdır. Onların arasında əlbəttə ki, aqrotexniki tədbirlər, laboratoriyaların qurulması, torpağın düzgün təhlili, - bütün bu məsələlər Kənd Təsərrüfatı Nazirliyi tərəfindən təmin edilir, - və suvarma məsələləridir. Ona görə, meliorativ tədbirlər həm növbəti ilin Dövlət İnvestisiya Proqramında, ondan sonrakı illərdə də daim prioritet olmalıdır.

Onu da qeyd etməliyəm ki, bu il yerlərdən gələn təkliflər nəticəsində bir neçə önəmli layihənin icrasına başlanılıb. Şəmkirçay su anbarından kanalın Goranboy rayonuna qədər uzadılması, Neftçala su kanalının tikintisinin davam etdirilməsi və digər layihələr on minlərlə hektar yeni torpaq sahəsinə suyun verilməsini təmin edəcək. Əlbəttə ki, Taxtakörpü su anbarının mövcudluğu və yeni kanalların çəkilməsi Xızı, Siyəzən, Şabran rayonlarındakı böyük torpaq sahələrinə suyun verilməsini təmin edəcək.

Bu il kənd təsərrüfatı ilə bağlı bir çox önəmli tədbirlər həyata keçirilmişdir. Mənim sədrliyimlə müxtəlif sahələr üzrə müşavirələr keçirilmiş, pambıqçılıq, baramaçılıq, tütünçülük, fındıqçılıq, çəltikçilik, sitrusçuluq, çayçılıq - bütün bu məsələlər çox geniş müzakirə edilmişdir. Dövlət proqramları hazırlanmış, təsdiq olunmuş və bütün hədəflər müəyyən edilmişdir. Bu proqramlar çox konkret xarakter daşıyır. Orada həm icra mexanizmləri, maliyyə vəsaiti nəzərdə tutulur. Əlbəttə ki, gələn ilin dövlət büdcəsində bu proqramların reallaşması nəzərdə tutulmalıdır.

Bir daha demək istəyirəm ki, müşavirələrdə bütün rəqəmlər qeyd edildi, qarşıya hədəflər qoyuldu. Həmin rəqəmləri və hədəfləri təkrar etmək istəmirəm. Əsas odur ki, bu proqramların çox operativ icra mexanizmləri və maliyyə resursları təmin edilməlidir.

Hesab edirəm ki, bu il kənd təsərrüfatı texnikasının alınması ilə bağlı rekord il olmuşdur. Bu il artıq 8 min texnika gətirilib. Biz bu il 10 min texnika gətirməli idik. Yəqin ki, qalan texnika da ilin sonuna qədər gətiriləcək. Deməliyəm ki, mən indi bölgələrdə olarkən texnika ilə bağlı heç bir şikayət, yaxud da əlavə təklif yoxdur. Biz demək olar ki, bu məsələni də həll etmişik. Əlbəttə ki, bəzi kənd təsərrüfatı sahələrinin inkişafı üçün xüsusi texnikanın alınması davam etdirilməlidir və biz bunu edəcəyik. Amma prinsipcə hesab edirəm ki, biz bu problemi də köklü şəkildə həll etmişik.

Heyvandarlığın sürətli inkişafı da prioritetlərdən biridir. Bu il bu istiqamətdə çox işlər görülüb və gələn il də görüləcək. Əlbəttə ki, Göygöl rayonunda Süni Mayalanma Mərkəzinin yaradılması bu sahədə dünyanın ən mütərəqqi təcrübəsini Azərbaycana gətirməyi təmin edir. Yerli cinslərin sağlamlaşdırılması, yaxşılaşdırılması, cins mal-qaranın alınması məsələnin həllini kompleks şəkildə təmin edəcək və əminəm ki, biz bir neçə ildən sonra südçülük və ətçilik sahəsində daha da böyük uğurlara nail ola biləcəyik. Azərbaycanda yeni süd zavodları yaradılmalıdır. Çünki bizdə bu sahədə bu qədər ki, inkişaf gözlənilir, mövcud istehsal gücü bizi qane etməyəcək.

Bölgələrdə logistik mərkəzlərin tikintisinə başlanılmışdır. Biz əslində artıq neçə ildir ki, soyuducu anbarlar, taxıl anbarları, logistika ilə bağlı digər məsələləri uğurla həll edirik. Demək olar ki, bütün bölgələrdə bu məsələlər öz həllini tapıbdır. İndi vaxt gəlib ki, böyük ixraca hesablanmış logistik mərkəzlərin yaradılması təmin edilsin. Çünki biz əvvəlki dövrlərdə bu işləri daha çox məhsulun xarab olmaması, saxlanması və daxili tələbatın təmin edilməsi üçün görürdük. Ancaq bizim ixrac imkanlarımız artacaq, - indi mən bu barədə də danışacağam, - və belə olan halda, mütləq böyük logistik mərkəzlər tikilməlidir. Onlardan birini mən Şəmkir rayonunda olarkən görmüşəm. Əslində o logistik mərkəzin təməlini də mən qoymuşam. İndi deyə bilərəm ki, bu bölgədə ən böyük logistik mərkəz yaradılıbdır. Hesab edirəm ki, bundan sonra bizə ən azı üç böyük logistik mərkəz lazımdır - Mərkəzi Aran, şimal və cənub zonalarında. Mən sahibkarları da bu işlərə dəvət edirəm. Dövlət öz dəstəyini verəcək, kreditlər ayıracaq, bütün lazımi infrastruktur təşkil ediləcək. Çünki bu, bizim böyük ixrac potensialımızın inkişafı üçün mütləq lazım olacaq.

İstixanaların salınması Azərbaycanda çox geniş vüsət alıb. Çox şadam ki, mənim çağırışım və tövsiyələrim reallaşır. Mənə bu yaxınlarda verilən məlumata görə, biz bu təşəbbüsü irəli sürəndən sonra hazırda 400 hektardan çox sahədə yeni, müasir istixana kompleksləri yaradılır. Onların bir hissəsi istifadəyə verilib, böyük hissəsi isə hələ yaradılmaqdadır. İndi təsəvvür edin, məhsuldarlıq yüksək olan 400 hektarda yeni istixanalar yaradılır. Bu istixanaların böyük hissəsi ixraca hesablanıb və beləliklə, bizim ixracımız daha da artacaq. Əlbəttə ki, böyük logistik mərkəzlərin yaradılması da bu potensiala uyğun şəkildə nəzərdə tutulmalıdır.

Ölkəmizdə 38 aqroparkın yaradılması prosesi gedir. Onlardan ikisi artıq fəaliyyət göstərir. Qalan aqroparklarda işlər gedir. Bu işlər tam nəzarət altındadır, mənə müntəzəm olaraq məlumat verilir. Hesab edirəm ki, bu aqroparkların uğurlu fəaliyyəti bizim bütün sahibkarların diqqətini cəlb edəcək. Bu, həm sahibkarlar, həm dövlət, həm də bizim valyuta ehtiyatlarımızın artırılması üçün çox gəlirli sahədir.

Sənaye zonalarının yaradılması artıq reallaşır. Mən bu barədə bir neçə il bundan əvvəlki müşavirələrdə də demişdim ki, hər rayonda müasir sənaye zonaları yaradılmalıdır. Biz artıq buna da nail oluruq. Bu yaxınlarda Neftçala Sənaye Məhəlləsinin açılışı oldu. Balaxanıda, Masallıda sənaye zonaları yaradılır. Mingəçevirdə böyük tekstilyönümlü yüngül sənaye zonası yaradılır. Hacıqabul rayonunda sənaye məhəlləsi yaradılır.

İqtisadiyyat Nazirliyinə göstəriş verilmişdir ki, gələn il də bir neçə rayonda sənaye zonalarının yaradılması ilə bağlı praktiki işlər başlasın. Neftçala rayonunda və digər rayonlarda olduğu kimi, burada da dövlət yenə də əsas yükü öz üzərinə götürəcək. Bütün infrastruktur, bütün tikililər - anbarların, istehsalat sahələrinin binaları dövlət tərəfindən inşa ediləcək. Qoy, sahibkarlar təkliflər versinlər, bazarın düzgün monitorinqini aparsınlar. Xüsusilə o sahələrə üstünlük verilməlidir ki, biz o sahələrdə hələ idxaldan asılıyıq. Yəni, birinci növbədə idxal təhlil edilməli və idxalı əvəzləyən məhsulların istehsalı ilə bağlı təkliflər verilməlidir. Bununla bərabər, əlbəttə ki, ixrac potensialı olan istehsalın yaradılması da diqqət mərkəzində olmalıdır. Yəni, daxili tələbat və ixrac sənaye zonalarının əsas meyarları olmalıdır. Ona görə, ixrac bazarları da düzgün təhlil edilməlidir ki, biz hansı məhsulla hansı bazara çıxa bilərik. Elə olmasın ki, belə zonalar yaradılsın, orada məhsul istehsal olunsun, sonra da onu sata bilməsinlər. Əlbəttə ki, sahibkarlar da bu işlərdə çox fəal iştirak etməlidirlər - həm bölgələrdə, həm də Bakıda yaşayan sahibkarlar. Bu zonaların çox böyük potensialı var. Çünki bizim, - mən bu barədə dəfələrlə demişəm, - bir neçə ənənəvi sənaye mərkəzimiz var - Bakı, Sumqayıt, Gəncə, indi Mingəçevir şəhərləri və digər bölgələr. Hesab edirəm ki, əksər rayonlarda sənaye zonalarının yaradılması yaxşı nəticə verəcək.

Təqribən bir il, bəlkə də bundan bir qədər də əvvəl xalçaçılığın inkişafı istiqamətdə çox ciddi addımlar atılmağa başlanmışdır. Bu il 10 xalça fabrikinin istifadəyə verilməsi nəzərdə tutulur. Onlardan ikisi mənim iştirakımla açılıb, səkkizi ilin sonuna qədər açılmalıdır. İndi verilən təkliflərə baxılır, gələn il də bölgələrdə təqribən 10-a yaxın fabrik açılacaq. Bu, çox müsbət irəliləyişdir. Xalçaçılıq bizim milli sənətimizdir, eyni zamanda, xarici bazarlara çıxışı olan məhsuldur, ölkəmizə valyuta gətirən sahədir, işsizliyi, xüsusilə qadınlar arasında işsizliyi aradan qaldıran sahədir. Xalçaçılığın çox böyük potensialı var. Dövlət vəsait ayırıb, bütün bu fabriklər dövlət hesabına tikilir, həm dəzgahlar, həm də bütün digər avadanlıq dövlət vəsaiti hesabına alınır. Biz bütün istehsal zəncirini ardıcıllıqla yaratmalıyıq. Ona görə, göstəriş verilib, bu il və gələn il müxtəlif bölgələrdə yun qəbulu məntəqələri açılacaq. Bu məsələ təhlil edildi və gördük ki, burada da xaotik bir vəziyyət yaranıbdır. Bizim cəmi bir və ya iki yerdə yun qəbulu məntəqəmiz var. Onlar da elə vəziyyətdədir ki, heç olmasa idi, bəlkə bundan yaxşı idi. Ona görə, yeni, müasir məntəqələr yaradılacaq. Rayonlar müəyyən edilib, vəsait nəzərdə tutulub, bu, birinci məsələ. İkincisi, Sumqayıt şəhərində əyirici-boya fabrikinin tikintisi nəzərdə tutulur. Bu məqsəd üçün də vəsait ayrılıb. Ümid edirəm, gələn il fabrikin açılışı olacaq ki, biz həm boyadan, həm də iplikdən xarici asılılığa son qoyaq. Əlbəttə ki, biz bundan sonra xarici bazarlara çıxışı təmin etməliyik. Bunun üçün yəqin ki, sərgilərdə, beynəlxalq tədbirlərdə daha fəal iştirak etməliyik. Həmçinin reklam xarakterli tədbirlər də görülməlidir ki, Azərbaycan öz milli sənətini dünyaya təqdim etsin.

Tikinti sektorunda canlanma gedir. Bu, tikinti materialları sektoruna da müsbət təsir göstərir. Gələn il bu sahədə işlər daha da sürətlə gedəcək. Hazırda Bakı şəhərində 95 yaşayış binası tikilir. Bu binaların özəlliyi ondan ibarətdir ki, onlar yararsız, qəzalı vəziyyətdə olan binaların, bəzi hallarda daxmaların yerində tikiləcək. Orada yaşayan vətəndaşlara kompensasiya ödənilir, yaxud da ki, kirayə pulu verilir. Sonra onlar daha da böyük mənzillərlə təmin ediləcəklər. Artıq bir layihə icra edilib. Orada əvvəllər yaşamış və bu gün yaşayan sakinlər çox razıdırlar. Onlara təmirli, müasir və daha böyük həcmli mənzillər verilmişdir.

Bu, həm sosial, həm də iqtisadi layihədir. Bunun tikinti sektoruna çox böyük təsiri var. Eyni zamanda, MİDA-nın - Mənzil İnşaatı Dövlət Agentliyinin xətti ilə Yasamal rayonunda böyük şəhərcik tikilir. Gələn ilin dövlət büdcəsində vəsait nəzərdə tutulmalıdır ki, həm bu layihə davam etdirilsin, həm də Hövsan qəsəbəsində MİDA-nın yeni layihəsi icra olunsun.

“ASAN xidmət” mərkəzlərinin tikintisi davam etdirilir. Yaxın aylarda Mingəçevir və Quba şəhərlərində yeni mərkəzlər açılacaq. Şəki və İmişli şəhərlərində isə gələn il yeni mərkəzlərin açılması nəzərdə tutulur. Mən hesab edirəm ki, gələn il əlavə bir neçə şəhərdə “ASAN xidmət” mərkəzlərinin tikintisi başlanmalıdır. Çünki bu layihənin çox böyük səmərəsi var, xalq tərəfindən yüksək qiymətləndirilir, bəyənmə əmsalı 100 faizə yaxındır. Ona görə biz çalışmalıyıq ki, bütün bölgələrdə, - indi biz buna yaxınlaşırıq, - bundan sonra hər bir yerdə “ASAN xidmət” fəaliyyət göstərsin.

“ASAN” öz funksiyalarını genişləndirir. İndi kommunal xidmətlər göstərilir. “ABAD mərkəz”lər yaradılır. Mən Masallıda, Balakəndə olarkən artıq orada kəndli-fermerlərin məhsulları ilə də tanış oldum. Bunun çox böyük faydası var. Eyni zamanda, “ABAD mərkəz”lərin yaradılması özünüməşğulluq proqramının icrasına da böyük dəstək olacaq. Özünüməşğulluq proqramına gəldikdə, mən əvvəlki müşavirələrdə bu barədə göstərişlər vermişəm. İndi qanunvericilikdə də lazımi düzəlişlər edilib. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin kifayət qədər böyük vəsaiti yaranacaq və bu vəsait də özünüməşğulluq proqramının icrasına yönəldilir. İlkin məlumat müsbətdir. Bu məsələ yerlərdə çox böyük həvəslə qarşılanır. Əlbəttə ki, dövlət ağır vəziyyətdə yaşayanlar üçün öz hesabına pulsuz imkan yaradır, vəsait verir ki, onlar bundan sonra öz dolanışığını lazımi səviyyədə təmin etsinlər.

Turizmin inkişafı növbəti reallıqdır. Son bir-iki il ərzində bu sahədə sürətli inkişafı görürük. Yerlərdəki turizm mərkəzlərində mənə deyirlər ki, xüsusilə yay aylarında və əsas turizm mövsümündə otellərdə yer olmur. Ona görə, yeni otellərin tikintisi mütləq təmin edilməlidir. Yerli icra orqanları şərait yaratmalıdırlar, yerlər ayırmalıdırlar və özəl sektor bu sahəyə fəal investisiya qoymalıdır.

Strateji Yol Xəritələrinin icrası ilə bağlı monitorinq aparılır. Monitorinqin nəticələri mənə məruzə edildi. Monitorinq göstərir ki, bəzi hallarda nəzərdə tutulan tədbirlərin icrası gecikir. Buna yol vermək olmaz. Bütün dövlət qurumları qarşısında vəzifə qoyulmuşdur. Hər bir dövlət qurumu bilir nə etməlidir. Ona görə, bəzi qurumlarda Strateji Yol Xəritələrinin icrası 50 faizdir, 70 faizdir, bəzi qurumlarda isə 10 faizdir, 15 faizdir. Bunun izahatı tələb olunmalıdır. Mən göstəriş verirəm ki, gecikməyə yol verən qurumlar tezliklə işlərində dönüş yaratsınlar. Bütövlükdə Strateji Yol Xəritələrinin qəbulu və elan edilməsi çox ciddi islahatdır - 164 prioritet və 683 tədbir nəzərdə tutulmuşdur. Onların hamısı 2020-ci ilə qədər öz həllini tapmalıdır. Ona görə, bu məsələ ilə bağlı monitorinqin nəticələri təhlil olunmalı və burada qüsurlara yol verən qurumlar tezliklə düzəlişlər etməlidirlər. Mənə mütəmadi olaraq məlumat veriləcək. Yubanma aradan qaldırılmalıdır. Aidiyyəti dövlət qurumları nəticə çıxarsınlar.

İndi isə mən bu il qeyri-neft ixracımızla bağlı bəzi rəqəmləri səsləndirmək istəyirəm ki, Azərbaycan ictimaiyyəti görsün, bizim işimiz necə gözəl nəticə verir. Bu rəqəmlər səkkiz ayı əks etdirir. Doqquz ayın rəqəmləri, yəqin ki, bir qədər sonra məlum olacaq. Yəni, indi səkkiz ayın göstəriciləri Azərbaycan ictimaiyyətinin diqqətinə çatdırılacaq.

Deməli, ixracımız hansı səviyyədə artıb? Tərəvəz ixracı 68 faiz, o cümlədən pomidor 60 faiz. Bu gün qeyri-neft sektorunun ən çox gəlir gətirən sahəsi pomidor ixracıdır. Səkkiz ayda bu, ölkəyə 128 milyon dollar gətirib və 59 faiz artım var. Kartof 63 faiz, salat tərəvəzi 20 faiz, soğan ixracı 15 dəfə artıb. Pambıq 2,4 dəfə, o cümlədən pambıq lifi 8,4 dəfə, meyvə ixracı bütövlükdə 12 faiz artıbdır. Ancaq alma və şaftalı üzrə artım iki dəfədən çox olub. Süd məhsullarının ixracı dörd dəfə artıb. Spirtli və spirtsiz içkilər 28 faiz, onun içərisində şərab 56 faiz artıb. Meyvə-tərəvəz emalı məhsulları 50 faiz, tütün məmulatları 45 faiz, çay 63 faiz, bitki və heyvan mənşəli yağlar 19 faiz, şokolad 65 faiz.

Sənaye məhsulları - qızıl 56 faiz, elektrik enerjisi 4,1 dəfə, alüminium 28 faiz, kimya sənayesi məhsulları 25 faiz, plastiklər 14 faiz, mis-filiz konsentratları 94 faiz, avadanlıqlar, mexaniki qurğular 48 faiz, mis və ondan hazırlanan məmulatlar 54 faiz, toxuculuq məmulatları 92 faiz. Elektrik avadanlıqları və hissələri 75 faiz, daş, gips, sement 34 dəfə.

Bu rəqəmlər ən yaxşı göstəricidir. Onlar göstərir ki, qeyri-neft sektorunun inkişafı ilə bağlı bizim bütün vəzifələrimiz uğurla icra edilir. Mən əvvəlki dövrlərdə də qeyd etmişdim ki, bizim əsas prioritetimiz qeyri-neft sektorunun inkişafıdır. Ondan sonrakı dövrlərdə qarşıya daha çox məsələ qoyulur ki, biz qeyri-neft ixracının artımına nail olaq və buna da nail oluruq. Çünki budur bizim inkişaf perspektivlərimiz. Qeyri-neft sektorunun ixracı bizə böyük həcmdə valyuta gətirir. Bu, hələ işimizin birinci mərhələsidir. İndi aqroparklar, istixanalar, heyvandarlığın inkişafı, sənayeləşmə siyasətimiz bundan sonra daha da böyük nəticələr verəcək. Mən həmişə deyəndə ki, ölkəmizin gələcək inkişafı ilə bağlı çox nikbin fikrim var, bax, buna əsaslanıram.

Ölkəmizin ictimai-siyasi vəziyyəti də bir çox ölkələr üçün nümunə ola bilər. Xalq-iqtidar birliyi həmişə olduğu kimi möhkəmdir. İqtisadi göstəricilər, - bu gün müşavirədə bu göstəricilər səsləndi, - hər bir ölkə üçün nümunə ola bilər. Perspektivlərimiz bunlardır - sənayenin, kənd təsərrüfatının inkişafı, infrastruktur, Bakı-Tbilisi-Qars dəmir yolu, “Cənub Qaz Dəhlizi” layihələrinin icrası, “Azəri”, “Çıraq”, “Günəşli” yataqlarının işlənilməsi. Bunlar yalnız sadaladığım əsas istiqamətlərdir.

Ona görə əminəm ki, nəinki bu ilin sonuna qədər, bundan sonrakı illərdə də ölkəmiz uğurla inkişaf edəcək, Azərbaycan həmişə zirvələrdə olacaq. Sağ olun.

Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2017-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclası keçirilib
Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2017-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclası keçirilib


Facebook-da paylaş