Qazaxda müəllimlərin ənənəvi sentyabr konfransı keçirilmişdir » Göyəzən internet portalı


Qazaxda müəllimlərin ənənəvi sentyabr konfransı keçirilmişdir

Qazaxda müəllimlərin ənənəvi sentyabr konfransı keçirilmişdir
Cəmiyyətimizin əsas aparıcı sahələrindən biri də məhz təhsil sahəsidir. Bu sahədə də rayonumuz böyük uğurlar qazanmışdır. Qazax təhsil sisteminin durmadan inkişaf etməsini, ön sıralarda dayanmasını ildən-ilə artan uğurlardan daha aydın görmək olur. Bütün bunlar barədə müəllimlərin ənənəvi sentyabr konfransında daha ətraflı söz açılmış, müzakirələr aparılmış, əldə edilən göstəricilər qeyd edilmişdir.

Gənclər Mərkəzinin akt zalında keçirilən konfransda təhsil sahəsində çalışan qabaqcıl müəllimlər, məktəb direktorları, hüquq-mühafizə orqanlarının rəhbərləri iştirak etmişdir.

Tədbir iştirakçıları ilk öncə ulu öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyaraq əziz xatirəsini böyük ehtiramla yad etmişlər.

Qazax rayon İcra Hakimiyyətinin Başçısı Rəcəb Babaşov tədbiri giriş sözü ilə açaraq konfransın gündəliyi barədə tədbir iştirakçılarına məlumat vermiş, reqlament təsdiq edildikdən sonra konfrans öz işinə başlamışdır.
Qazaxda müəllimlərin ənənəvi sentyabr konfransı keçirilmişdir
Sonra İcra Başçısı R.Babaşov konfransda çıxış edərək ölkəmizdə təhsilə göstərilən dövlət qayğısından danışmışdır. Bildirmişdir ki, bu gün Heydər Əliyev siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın təhsil sistemi özünün mütərəqqi yeniliklərlə müşayiət olunan mərhələsinə qədəm qoymuşdur. Dövlət başçısının uzaqgörən siyasəti və birbaşa rəhbərliyi ilə respublikamızda təhsil müəssisələri şəbəkəsinin daha da genişləndirilməsi, yeni məktəb binalarının tikilməsi, onların maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində görülmüş işlər, təhsil işçilərinə göstərilən diqqət və qayğı bunun bariz nümunəsidir. Bu gün təhsil sahəsində əldə edilən nailiyyətlər, qazanılan uğurlar eyni zamanda ölkəmizin birinci xanımı, millət vəkili, Heydər Əliyev Fondunun Prezidenti Mehriban Əliyevanın böyük dəstəyi nəticəsində əldə edilən irəliləyişdir.

Sonra rayon təhsil şöbəsinin müdiri Nizaməddin Babanlı geniş hesabat məruzəsi ilə çıxış edərək 2015-2016-cı tədris ilində qazanılan uğurlardan, həyata keçirilən tədbirlərdən danışmışdır. Qeyd etmişdir ki, bu il digər sahələrlə yanaşı, ali məktəblərə qəbul sahəsində də yüksək nəticələr əldə etmişik. Belə ki, 58 nəfər məzunumuz 500-700 arası bal toplayaraq tələbə adını qazanmışdır. 1 nəfər məzunumuz – Səbinə İsmayılova isə 700 bal toplayaraq rayonumuz üçün ən yüksək nəticə göstərmişdir. Sevindirici haldır ki, bu il rayonumuz ali məktəblərə qəbulun nəticələrinə görə respublikada 3-cü olmuşdur.
Qazaxda müəllimlərin ənənəvi sentyabr konfransı keçirilmişdir
Daha sonra məruzə ətrafında çıxışlar olmuşdur. Şəhər 1 saylı tam orta məktəbin direktoru, “Əməkdar müəllim” Bəsti Ələkbərova, Daş Salahlı kənd 1 saylı tam orta məktəbin direktoru, “Tərəqqi” medallı, “Ən yaxşı müəllim” müsabiqəsinin qalibi Söylü Xəlilova, şəhər 5 saylı tam orta məktəbin direktoru Nəsibə Tağıyeva, şəhər 3 saylı tam orta məktəbin müəllimi, “İlin ən yaxşı müəllimi” müsabiqəsinin qalibi Tahirə Xasməmmədova çıxış edərək ötən tədris ilində təhsil sahəsində istər şagirdlərin, istərsə də müəllimlərin qazandıqları uğurları qeyd edərək bu sahədə ciddi irəliləyişlərin olduğunu bildirmişlər.

Təhsil Nazirliyinin baş məsləhətçisi Əhliyyət Adıgözəlov çıxışı zamanı təhsilin indiki vəziyyətini təhlil edib təhsildəki yeniliklərdən, aparılan islahatlardan ətraflı söz açmaqla yanaşı, çatışmazlıqların da olduğunu qeyd etmiş, onların aradan qaldırılmasının vacibliyindən danışmışdır.

Daha sonra konfransın qərar layihəsi oxunmuş və səsə qoyularaq yekdilliklə qəbul edilmişdir. Rayon təhsil şöbəsi şurasının və metodşuranın tərkibi haqqında qərar qəbul edilərək təsdiq olunmuşdur.

Tədbirdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə konfrans iştirakçıları adından müraciət qəbul olunmuşdur.
Konfransda Ə.Adıgözəlov S.Xəlilovanı “Ən yaxşı müəllim” müsabiqəsinin qalibi olması münasibətilə təbrik edərək vəsiqəni ona təqdim etmişdir.
Qazaxda müəllimlərin ənənəvi sentyabr konfransı keçirilmişdir
Qazax rayon İcra Hakimiyyətinin Başçısı Rəcəb Babaşov konfransa yekun vuraraq müəllim-şagird kollektivini yeni dərs ilinin başlanması münasibətilə bir daha səmimi qəlbdən təbrik etmiş, gələcək işlərində uğurlar arzulamışdır.

Elçin İSMAYIL




Facebook-da paylaş