Qazaxda yüksək bal toplayan tələbələrlə görüş keçirilib » Göyəzən internet portalı


Qazaxda yüksək bal toplayan tələbələrlə görüş keçirilib

Qazaxda yüksək bal toplayan tələbələrlə görüş keçirilib
Qazaxda rayon İcra Hakimiyyəti Başçısının 500-dən və 600-dən yuxarı bal toplayaraq ali təhsil müəssisələrinə daxil olmuş tələbələrlə görüşü keçirilmişdir.

Ədəbiyyat Muzeyində baş tutan görüşdə Qazax RİHB aparatının məsul işçiləri, rayon təhsil şöbəsinin əməkdaşları, məktəb direktorları, işçi qrupunun üzvləri, "Əməkdar müəllim"lər və qabaqcıl təhsil işçiləri, yüksək bal toplayan tələbələr, onların ibtidai sinif müəllimləri və KİV nümayəndələri iştirak edirdilər.

Tədbiri giriş sözü ilə RİH Başçısı Rəcəb Babaşov açaraq yüksək bal toplayaraq ali təhsil müəssisələrinə qəbul olmuş tələbələri, onların müəllim və valideynlərini səmimi qəlbdən təbrik etdi, tələbələrə yenicə qədəm qoyduqları müstəqil həyatda daha böyük uğurlar, möhkəm cansağlığı, ailə səadəti və xoşbəxtlik arzuladı.

"2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”nın qəbul olunması və proqram çərçivəsində gənclərin inkişaf etmiş ölkələrin nüfuzlu universitetlərində təhsil almaları üçün vəsaitin ayrılması məhz Azərbaycanın gələcək inkişafına qoyulan investisiyadır.

Respublikanın hər yerində olduğu kimi “Yeniləşən Azərbaycana yeni məktəb” layihəsi çərçivəsində rayonumuzda da təhsil müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi ötən dövr ərzində diqqət mərkəzində olmuş, rayonun ümumtəhsil məktəblərinin böyük əksəriyyəti yeni daha müasir binalarda fəaliyyət göstərməkdədir.

Azərbaycan Respublikası Prezidentinin 29 aprel 2016-cı il tarixli sərəncamı ilə Azərbaycan Dövlət Pedaqoji Universitetinin Qazax filialı Bakı Dövlət Universitetinin Qazax filialı kimi fəaliyyətə başlamışdır. Bakı Dövlət Universitetinin Qazax filialına 2017-2018-ci tədris ilində 390 tələbə qəbul olmuşdur ki, onlardan 146-sı ixtisas seçimində birinci, 70-i ikinci və ya üçüncü yerdə BDU-nun Qazax filialını göstərmişdir. BDU-nun Qazax filialına qəbul olmuş tələbələrdən 76-sı Qazax rayonundan, 46-sı Bakı şəhərindən, 28-i Ağstafa, 26-sı Tovuz, 19-u Gəncə şəhər və digər rayonlardan olmuşdur.

Təhsilə göstərilən qayğının nəticəsidir ki, rayonumuzda məzunların ali məktəblərə qəbul faizi də ilbəil artmaqdadır. 2016-2017-cı tədris ilində 777 nəfər məzun olmuşdur ki, onlardan 432 nəfər ali məktəblərə sənəd vermiş və sevindirici haldır ki, 264 məzun ali məktəblərə qəbul olmuşlar. Bunlardan 500-dən çox bal toplayan məzunların sayı 57 olmuşdur ki, ondan da 14-ü 600-dən çox bal toplayanlardır.

Tədbirə rayon üzrə 57 nəfər 500-700 bal intervalında nəticə göstərən məzun toplaşmışdı.

Rəcəb Babaşov tələbələrə üzünü tutaraq dedi ki, biz bu gün sizinlə fəxr edirik. İnanıram ki, siz təhsil alacağınız ali məktəbdə də rayonumuzun adını həmişə yüksəklərə qaldıracaqsınız.

Sonra çıxışlar olmuşdur. BDU-nun Qazax filialının direktoru Vüsət Əfəndiyev, Azərbaycan Yazıçılar Birliyinin üzvü, əmədar incəsənət xadimi, şair Barat Vüsal, şair Zaməddin Ziyadoğlu, şairə Tamella Poladlı, rayon Təhsil şöbəsinin aparıcı məsləhətçisi Rasim Carçıyev, məktəb liseyin direktoru Tahirə Comərdova, yüksək bal toplayan tələbələrdən Kamil Budaqov və Gülər Hacıyeva çıxış etdilər.

Sonda rayon üzrə 500-dən və 600-dən yuxarı bal toplayan tələbələrə, onların ibtidai sinif müəllimlərinə, oxuduqları məktəblərin direktorlarına və işçi qrupunun üzvlərinə (100 nəfərdən çox) gül dəstələri və qiymətli hədiyyələr verildi.

Vəli VƏLİYEV,
"Respublika" qəzeti
8 sentyabr 2017-ci il



Facebook-da paylaş