Qazaxda kənd təsərrüfatının inkişafı üçün münbit şərait var » Göyəzən internet portalı


Qazaxda kənd təsərrüfatının inkişafı üçün münbit şərait var

Qazaxda kənd təsərrüfatının inkişafı üçün münbit şərait var
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə barama, tütün və fındıq istehsalının inkişafı məsələlərinə dair Qax şəhərində keçirilmiş respublika müşavirəsi ilə bağlı Qazax rayonunda toplantı keçirilib.

Qazax rayon İcra Hakimiyyəti Başçısı Rəcəb Babaşov toplantını giriş sözü ilə açaraq ölkə başçısının Qax şəhərində keçirdiyi müşavirədə qarşıya qoyduğu məqsəd və vəzifələrdən danışıb. Qeyd edib ki, ölkəmizdə qeyri-neft sektorunun inkişaf etdirilməsi, xaricdən ərzaq aslılığının ləğv edilməsi, aqrar sahənin inkişaf etdirilərək ixracatın artırılması üçün möhtərəm Prezidentimiz İlham Əliyev cənablarının qarşıya qoyduğu tapşırıqları, qəbul olunmuş dövlət proqramlarını yerinə yetirmək üçün respublikamızın hər bir yerində olduğu kimi Qazax rayonunda da məqsədyönlü işlər aparılır. Yeni istehsal sahələri yaradılır, aqrar sahədə daha çox məhsul əldə etmək üçün müasir texnologiyalardan istifadə olunur, aqrotexniki qaydalara əməl edilir. İstehsalçıların öz məhsullarını satmaları üçün əvvəlcədən emal müəssisələri ilə müqavilələr bağlanılır. Kənd təsərrüfatının inkişafı ilə əlaqədar kənd sakinləri ilə mütəmadi olaraq görüşlər keçirilib, mövcud problemlər öyrənilib, əkinçiliyin inkişaf etdirilməsi, torpaqdan səmərəli istifadə edilməsi üçün lazımi tövsiyələr verilib və köməkliklər göstərilib.
Qazaxda kənd təsərrüfatının inkişafı üçün münbit şərait var
R.Babaşov bildirib ki, 2016-ci ilin payızında 2017-ci ilin məhsulu üçün lazımi aqrotexniki tədbirlər görülüb, yüksək məhsuldarlıq üçün möhkəm əsas yaradılıb. Məhz bunun nəticəsidir ki, rayon üzrə 2750,6 hektar arpa səhələrindən 6629 ton, yəni hər hektardan 24,1 sentner, 8289,2 hektar buğda sahələrindən isə 29840 ton, yəni hər hektardan 36 sentner olmaqla cəmi 36469 ton məhsul götürülüb. Bununla da Qazax rayonunun tarixində ilk dəfə belə yüksək məhsuldarlıq, hektardan 33,03 sentner taxıl əldə edilib. Bu da ötən ilə nisbətən taxılın 12776 ton çox, məhsuldarlığın isə 2,9 sentner çox olması deməkdir. Biçinə 55 ədəd kombayn cəlb edilib. Taxılın vaxtında və itkisiz yığılması üçün bütün imkanlardan istifadə edilərək heç bir itkiyə yol verilmədən biçin başa çatıb.

Bu il rayonumuzda ilk dəfə şəkər çuğunduru əkilmişdir. Hazırda 123 nəfər çuğundur istehsalçısı 522,97 hektar sahədə çuğundur becərir. Sahələrdə yüksək becərmə işləri aparılır.

İcra Başçısı son illərdə rayonumuzda unudulmuş sahələrdən də danışıb. Bildirib ki, vaxtilə baramaçılıqla məşğul olunmuş, lakin bu sahə sonradan yaddan çıxmışdır. Baramaçılığın inkişaf etdirilməsi ilə əlaqədar ölkə başçısının müvafiq tapşırığından sonra respublikamızın bir çox rayonlarında olduğu kimi Qazax rayonunda da uzun müddətli fasilədən sonra yenidən barama istehsalına başlanılmışdır. Ötən il rayon üzrə 1502 kq barama istehsal edilib. Bu il isə 20 nəfər kümçü 4623 kq barama istehsal etmiş və 40233 manat gəlir əldə etmişlər. Bu da ötən ildən 3121 kq çox istehsal və 28641 manat çox gəlir deməkdir. 2018-ci ildə 5 min kq barama istehsalı proqnozlaşdırılır. Bildiyiniz kimi baramaçılığın inkişafı üçün ən vacib məsələ onun yem bazasının olmasıdır. 2016-cı ilə kimi rayonda 2500 ədəd tut ağacı var idi. Yem bazasını artırmaq üçün 2016-cı ilin payızında 22000 ədəd yeni tut tingləri əkilmişdir ki, bunun da 20000 ədədi Çin Xalq Respublikasından gətirilmişdir. 2018-ci ildə 1000 ədəd yeni ting əkilməsi nəzərdə tutulur. Yem bazasının artırılması üçün ayrı-ayrı kəndlərdə uzun illər budama aparılmamış tut ağaclarının avqust ayı ərzində budanması və suvarılması həyata keçirilməlidir.

Möhtərəm Prezidentimiz müşavirədə qeyd etdi ki, ipəkçiliyin inkişaf etdirilməsi öz növbəsində xalçaçılığa da güclü təkan verəcək. Cənab Prezident bildirib ki, “Azərxalça” 13 rayonda öz fabrikini yaradır. Məhz həmin fabriklərdən biri də bizim rayonumuzda tikilir. Bu həm də yeni müəssisənin yaradılması və insanların yeni iş yeri ilə təmin edilməsi deməkdir.

Toplantıda tütünçülükdən də söz açılıb. Bildirilib ki, sovet dövründə Qazaxda 18 kəndin birləşdiyi 7 sovxozda tütün becərilmiş və sonrakı illərdə bu sahə ilə məşğul olunmamışdır. Ölkə Prezidenti tərəfindən ötən il tütünçülüyün inkişafı üçün dövlət proqramının təsdiqlənməsindən sonra Qazax rayonunda da tütün becərilməsinə başlanılmışdır. Bu məqsədlə rayonda 10 hektar sahədə 15635 kq quru tütün istehsal olunmuş, 22397 manat gəlir əldə edilmişdir. Bu il isə 50 hektar sahədə tütün becərilir. Rayon üzrə 100 tondan çox quru tütün yarpağı istehsalı proqnozlaşdırılır. Bu günə kimi artıq 25 tona qədər quru tütün yarpağı istehsal edilmişdir. Tütünçülüyün daha da inkişaf etdirilməsi üçün möhtərəm Prezident gələcəkdə bu sahə ilə məşğul olan hər bir rayonda qurutma sexlərinin tikilməsilə, tütün istehsalçılarına güzəştli şərtlərlə kreditlərin verilməsilə bağlı aidiyyatı təşkilatlara müvafiq tapşırıqlar vermişdir.
Qazaxda kənd təsərrüfatının inkişafı üçün münbit şərait var
Son illər rayonumuzda fındıqçılığın inkişafı ilə əlaqədar rayonumuzda bu sahəyə maraq artmışdır. 2010-cu ildə 105 hektar sahədə fındıq bağı olmuşdur. 2016-cı ilin payızında 39 hektar, 2017-cı ilin yazında isə 13 hektar yeni fındıq bağları salınmışdır. Hal-hazırda rayonumuzda 188 hektar fındıq bağı vardır ki, ondan 136 hektarı bar verən bağlardır. Gələcəkdə fındığın artırılması üçün rayonumuzda maraq çoxdur.

R.Babaşov görülən işlərə yekun vuraraq bildirib ki, rayonumuzda kənd təsərrüfatının inkişafı üçün hər cür imkan və şərait vardır. Taxıl biçini, eləcə də hal-hazırda aparılan kartof yığımı üçün kifayət qədər texnika ayrılmışdır. Sudan qənaətlə və səmərəli istifadə edilmişdir. Lakin buna baxmayaraq respublikamızın hər yerində olduğu kimi rayonumuzda da su problemi yaşanmaqdadır. Qeyd edək ki, su qıtlığının yaranmasına səbəb su hövzələrində kifayət qədər suyun olmaması, yağıntının az olması, havaların olduqca isti keçməsi və bu il əkin sahələrinin genişləndirilməsidir. Baxmayaraq ki, bu il rayon ərazisində olan 274 km uzunluğunda arxlar təmizlənərək yararlı hala salınmışdır. Bunun nəticəsidir ki, kənd təsərrüfatı sahəsində su itkisinə demək olar ki, yol verilməmişdir.

R.Babaşov qeyd edib ki, Qazaxda bütün sahələrin, xüsusilə də kənd təsərrüfatının inkişafı üçün sağlam mühit yaradılıb. Bu sahənin tərəqqisinə maneçilik törədən bütün neqativ hallar kökündən ləğv edilərək şəffaflıq təmin olunub. Bir sözlə, kənd təsərrüfatı sahəsinin inkişaf etdirilməsi üçün rayonumuzda hər cür imkan və şərait vardır. Maşın-mexanizmlərlə, gübrə ilə, toxumla bağlı heç bir problem yoxdur. Bildirib ki, iş adamları, sahibkarlar üçün Qazax rayonunun qapıları açıqdır.

Qazax rayon Kənd Təsərrüfatı İdarəsinin rəisi Həmid Pənahov məruzə ilə çıxış edərək kənd təsərrüfatı sahəsində görülən işlərdən və əldə olunan nailiyyətlərdən söz açıb.
Qazaxda kənd təsərrüfatının inkişafı üçün münbit şərait var
R.Babaşov toplantıya yekun vuraraq bildirib ki, kənd təsərrüfatında işlərimiz davam edir. Bununla yanaşı biz gələn ilin məhsuldarlığı üçün lazım gələn işlərin görülməsinə indidən başlamalıyıq. Bütün kəndlər üzrə kənd təsərrüfatı ilə bağlı planlaşma aparılmalıdır ki, hansı kənddə hansı bitkinin əkilməsi müəyyən edilsin. Eyni zamanda torpaqların şumlanmasına da başlanılmalıdır. Sonda kənd təsərrüfatının inkişaf etdirilməsi istiqamətində toplantı iştirakçılarına uğurlar arzulayıb.

Qazaxda kənd təsərrüfatının inkişafı üçün münbit şərait var
Elçin İSMAYIL



Facebook-da paylaş