Qazax hesabat verdi » Göyəzən internet portalı


Qazax hesabat verdi

Qazax hesabat verdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə iyul ayının 12-də Nazirlər Kabinetinin 2017-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclası keçirilmişdir.

Bununla əlaqədar Qazax rayonunda hesabat yığıncağı olub.

Hesabat yığıncağında rayon ictimaiyyətinin nümayəndələri, idarə və müəssisə rəhbərləri iştirak edib.

Qazax rayon İcra Hakimiyyətinin Başçısı Rəcəb Babaşov 2017-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş məruzə ilə çıxış edib. Qeyd edib ki, hesabat dövründə respublikamızda Prezident İlham Əliyevin rəhbərliyi altında genişmiqyaslı işlər görülüb, bütün sahələr üzrə uğurlu nəticələr əldə edilib. Respublikamızda gedən dinamik inkişaf strategiyası Qazax rayonunda da davam etdirilib və 2017-ci ilin birinci yarısında yüksək göstəricilər qazanılıb.

Qeyd edib ki, 2017-ci ilin birinci yarısı rayonumuz üçün uğurlu olmuşdur. Müvafiq dövrdə yerli daxilolmalar 3.832.435 manat proqnoza qarşı 4.289.209 manat və ya 111,92 faiz yerinə yetirilərək büdcəyə 456.774 manat artıq vəsait mədaxil olmuşdur. Ötən ilin müvafiq dövrü ilə müqayisədə büdcəyə 1.236.817 manat və ya 40,52 faiz çox vəsait daxil olmuşdur. Yekun olaraq 2017-ci ilin birinci yarısında yerli gəlirlər cəmi 4.398.316 manat proqnoza qarşı 4.855.090 manat, yəni 110,39 faiz yerinə yetirilib.

Rayonda 7 özəl bank filialı, 1 özəl bank şöbəsi, 1 kredit ittifaqı və 4 bank olmayan kredit təşkilatı fəaliyyət göstərir. 2017-ci ilin birinci yarısı ərzində əhaliyə 5.876.026 manat kredit verilmişdir. Əhalidən 1.280.855 manat və 380.578 ABŞ dolları əmanət cəlb olunmuşdur. Sahibkarlığa Kömək Milli Fondu tərəfindən 37 yeni iş yeri açılması nəzərdə tutulan 30 layihə üzrə 474.400 manat kredit verilmişdir.

Dövlət Sosial Müdafiə Fondunun Qazax rayon şöbəsi tərəfindən əhalinin pensiya və sosial müavinətlərinin ödənilməsi üçün 2017-ci ilin 6 ayında 18.431.300 manat vəsait köçürülmüşdür. 1.383 ailənin 4.368 üzvünə 211.600 manat ünvanlı sosial yardım, 2.358 nəfər müharibə veteranına 707.400 manat müavinət, 3.560 nəfərə 1.791.800 manat sosial müavinət ödənilmişdir.

Hesabat dövrü ərzində əhalinin elektrik enerjisi və təbii qaz yanacağı ilə təmin olunması sahəsində də müəyyən işlər görülmüşdür. 2017-ci ilin birinci yarısında Qazax Elektrik şəbəkəsi tərəfindən 110/35/6 və 35/10/6 kv-luq Daş Salahlı və Şıxlı yarımstansiyalarında, eləcə də 12 ədəd 35/10 kv-luq yarımstansiyalarda olan avadanlıqlarda cari təmir işləri aparılmışdır. 10/0,4 kv-luq yarımstansiyalarda 303 ədəd transformatorda cari təmir işləri aparılmış, 0,4 kv-luq şitlərdə 18 ədəd ayrıcı yenisi ilə əvəz edilmiş, 12 ədəd zədəli transformator təmir edilərək sxemaya qoşulmuşdur. Hava xətlərində 66,71 km uzunluğunda cari təmir işləri aparılmış, 1.092 ədəd izalyator dəyişdirilmişdir. 23,5 km məsafədə ağaclar budanmış, 25,55 km uzunluğunda tarımlama işləri aparılmış, 193 ədəd ağac dayaq beton dayaqla əvəz edilmişdir. 7,27 km uzunluğunda zədəli naqillər yenisi ilə əvəz olunmuş, 1,8 km uzunluğunda zədəli naqil SİP kabellə əvəz edilmişdir. Çaylı kəndində SİP kabelin çəkilişi üçün 8 ədəd metal dayaq, 11 ədəd beton dayaq quraşdırılmış və 3,35 km uzunluğunda SİP kabel çəkilmişdir. Kosalar kəndində yeni salınmış məhəllənin işıqlandırılması üçün 1 ədəd 160 kv gücündə transformator quraşdırılmışdır. Şəbəkə üzrə cəmi pul yığımının faizi 94,9 faiz olmuşdur.

Bildiyiniz kimi Qazax rayonunun bütün yaşayış məntəqələri təbii qazla təmin olunmuşdur. Şəmkir RQİİ-nin Qazax Xidmət Sahəsi tərəfindən 6 ayda əhali abonentlərə satılmış qazın dəyərinin ödənilməsi 106,9 faiz yerinə yetirilmişdir. Ötən dövr ərzində 96 nəfər yeni abonent təbii qazla təmin olunmuşdur. 450 ədəd məişət qaz sayğacları yeni qaz sayğacları ilə, 126 ədəd mexaniki qaz sayğacı Smart tipli sayğaclarla əvəz olunmuşdur.

Qazax Telekommunikasiya Qovşağı tərəfindən 2017-ci ilin birinci yarısının yekununa görə proqnoz tapşırığa 100 faiz əməl olunmuşdur. 6 ay ərzində 50 ədəd yeni telefon çəkilmiş, 19 ədəd telefon şəbəkəyə bərpa olunmuş, “Aztelekom” internet provayder üzrə 257 ədəd artım olmuş, ümumi istifadəçi sayı 5.190-a çatmışdır.

Hesabat dövründə Qazax Poçt filialı tərəfindən əhalidən enerji, qaz, su, telefon pulları, həmçinin vergi, DSMF, DİN-nin ödənişləri qəbul edilərək aidiyyəti təşkilatların bank hesablarına köçürülmüş, plan tapşırıqları 110 faiz yerinə yetirilmişdir.

“Qazax-Avtovağzal” ASC-i 2017-ci ilin birinci yarısında plana 105 faiz əməl edərək 164.000 nəfər sərnişinə xidmət göstərmişdir.

Qazax “Su Kanal” idarəsi tərəfindən 2017-ci ilin 6 ayı ərzində 6.114 əhali və 246 qeyri-əhali abonentlərə xidmət göstərilmiş və 249.172 manat vəsait toplanmışdır. Rayon İcra Hakimiyyəti başçısının tapşırığına əsasən Babək küçəsində yerləşən 30 yaşayış evinin tullantı sularının axıdılması məqsədilə yeni diametri 200 mm-lik uzunluğu 550 m olan kanalizasiya xətti çəkilmiş, Ş.Çobanov 10 ünvanında yerləşən yaşayış evlərinin tullantı sularının axıdılması üçün yeni kanalizasiya xətti və şanbo tikilib istifadəyə verilmiş və H.Əliyev prospekti 179 saylı binanın zirzəmisindəki daxili magistral xətt yenisi ilə əvəz edilmişdir.

2017-ci ilin birinci yarısı ərzində Qazax Kommunal Müəssisələri Kombinatı üzrə 217.039 manat vəsait daxil olmuşdur. Bu isə ötən ilin müvafiq dövrü ilə müqayisədə 83.433 manat çoxdur. Ölkə Prezidentinin tapşırığı əsasında işsizliyin aradan qaldırılması məqsədilə 2017-ci ilin yanvar ayından Kommunal Müəssisələri Kombinatının yaşıllaşma və təmizlik sahələrində 108 nəfər işlə təmin olunmuşdur.

Qazax Mənzil İstismar Sahəsi tərəfindən ötən 6 ay ərzində 12 binanın dam örtüyündə sınmış və çatlamış şiferlər dəyişdirilmiş, çox mərtəbəli yaşayış binalarının tüstü bacaları təmizlənmiş, 12 binanın zirzəmisində olan kanalizasiya xətləri təmir edilmişdir. 1 şəhid ailəsinin yaşadığı mənzil təmir olunmuşdur. N.Nərimanov yaşayış massivində piyadalar üçün gediş-gəliş yolunda 2 ədəd böyük məsafəli pilləkan yığılmışdır. Ş.Xiyabanı 27 ünvanında məskunlaşmış məcburi köçkünlər üçün su xətti çəkilmiş, su hovuzu inşa edilmişdir.

Azərbaycan Respublikası Prezidentinin 20 oktyabr 2016-cı il tarixli sərəncamına əsasən Qazax şəhərində təmir işləri nəzərdə tutulmuş 24 ədəd çoxmənzilli binaların dam örtüyündə və fasad hissəsində təmir işləri başa çatmışdır. Vətəndaşların müraciətlərini nəzərə alaraq əlavə 15 ədəd çoxmənzilli binalarda təmir işləri aparılmışdır. Cəmi 24 binaya qarşı 39 binada işlər görülərək başa çatdırılmışdır. Bundan əlavə Qazax şəhərində 41 ədəd çoxmənzilli yaşayış binalarında təmir işlərinə başlanılmışdır ki, 6 ay ərzində 9 binada işlər yekunlaşmış, 15 binada son tamamlama işləri aparılır, hazırda işlər davam edir. Bugünkü günə 37 binada işlər tam başa çatdırılmışdır. Bu işlərlə əlaqədar 103 nəfər işlə təmin olunmuşdur.

2017-ci ilin may ayının 15-də Qazax rayonu ilə Litva Respublikasının Trakay rayonu arasında əmakdaşlıq sazişi imzalanmışdır. Hər iki rayon arasında təhsil, mədəniyyət və tarix, idman, turizm, biznes, kənd təsərrüfatı və digər sahələrdə əlaqələrin genişləndirilməsi məqsədilə Qazax rayon İcra Hakimiyyəti Başçısı 9 iyun 2017-ci il tarixli 9-21/57 nömrəli Sərəncam imzalamışdır. 21 iyun tarixində Trakay rayon bələdiyyəsinin meri Edita Rudeline və nümayəndə Rudelis Henrikas Qazax rayonuna səfər etmişlər. Səfər zamanı qonaqlar Qazaxın tarixi, mədəniyyəti, tarixi abidələri, görməli yerləri ilə tanış olublar.

Qazax şəhərinin mərkəzində yerləşən Ədəbiyyat Müzeyində əsaslı təmir işləri aparılmış, binanın daxilində yenidənqurma işləri görülərək ekspozisiya bölmələri yaradılmışdır. 2017-ci ilin birinci yarısı ərzində rayonda əlamətdar günlər və bayramlarla bağlı kütləvi tədbirlər, şair və yazıçıların yubileyləri keçirilmişdir.

Rayon Təhsil şöbəsinin tabeliyində olan 34 tam orta, o cümlədən 1 məktəb-lisey, 6 ümumi orta, 7 ibtidai məktəb və 5 məktəbdənkənar müəssisə fəaliyyət göstərir.

Cari dərs ilində ümumtəhsil məktəblərində təhsil alan 11.691 nəfər şagirdin təlim-tərbiyəsi ilə 1.713 nəfər müəllim məşğul olur.

2017-ci ilin yanvar ayında keçirilən fənn olimpiadalarının rayon turunda 309 nəfər şagird iştirak etmişdir. Zona mərhələsində yüksək yer tutmuş 1 nəfər şagird aprel ayında Bakı şəhərində keçirilmiş final mərhələsində iştirak edərək Nazirliyin Sertifikatını almışdır.

“Fövqəladə Hallar uşaqların gözü ilə” müsabiqəsinin Respublika mərhələsində Qazax şəhər 5 saylı tam orta məktəbin şagirdi Bayramov Nurlan “Model Nominasiyası”nda üçüncü yerə çıxmışdır. Təhsil Nazirliyi və Fövqəladə Hallar Nazirliyinin Diplomu və qiymətli hədiyyələrlə mükafatlandırılmışdır.

2017-ci ilin may ayında Qazax rayon müəllimləri Diaqnostik qiymətləndirmədə iştirak etmişlər. Qiymətləndirmədə 1392 nəfər müxtəlif fənn müəllimləri iştirak etmişdir. Onlardan yalnız 9 nəfəri 10-dan aşağı bal toplamışdır. 1029 müəllim 30 baldan, yəni 50 faizdən yuxarı bal toplamışdır. Bu iştirak edən müəllimlərin 73,9 faizini təşkil edir.

Rayonda tədrisin keyfiyyətinin artırılması məqsədilə rayon İcra Hakimiyyəti Başçısının təşəbbüsü ilə rayon Təhsil şöbəsi tərəfindən ayrı-ayrı fənlər üzrə 9 nəfər fənn müəllimləri və şöbənin məsul işçilərindən ibarət işçi qrupu yaradılmışdır. İşçi qrupu tərəfindən tədrisin vəziyyətini öyrənmək məqsədilə 38 məktəbdə 268 müəllimin dərsləri dinlənilmişdir. Dinləmələrin nəticəsinə görə 86 müəllim yüksək, 168 müəllim orta, 13 müəllim isə zəif qiymətləndirilmişdir.

Yekunda yüksək nəticə göstərən müəllimlərin diaqnostik qiymətləndirmə balı da nəzərə alınmaqla 2 nəfərə rayon İcra Hakimiyyəti Başçısının Fəxri Fərmanı, 7 nəfərə təşəkkür elan edilmişdir. 12 nəfər işçi qrupunun üzvü, 9 nəfər ən yüksək nəticə göstərən müəllimlərin məktəb direktorları, təhsil şöbəsinin müdiri və aparıcı məsləhətçisi İcra Hakimiyyəti Başçısı tərəfindən mükafatlandırılmışdır.

2017-ci ilin mart ayında rayon məktəblilərinin yaz tətilində “Ölkəmizi tanıyaq” tur aksiyasında rayonun IX-XI sinif şagirdlərindən 40 nəfəri Qəbələ-Şəki bölgəsində olmuşdur. Tur aksiya zamanı keçirilən bilik yarışmasında rayonumuzun komandası yüksək nəticə göstərərək birinci yerə layiq görülmüşdür. Həmin şagirdlər Fəxri Fərmanla mükafatlandırılmışlar.

2016-2017-ci tədris ilində rayon üzrə 770 nəfər məzundan 316 nəfər keçid balını keçmişdir ki, bunlardan da 13 nəfər 600-dən yuxarı, 43 nəfər 500-dən 600-dək, 58 nəfər 400-dən 500-dək, 78 nəfər 300-dən 400-dək, 82 nəfər 200-dən 300-dək, 42 nəfər isə 150-dən 200-ə qədər bal toplamışlar.

Abbasbəyli kəndində 20 şagird yerlik modul tipli yeni ibtidai məktəb binasının tikintisinə başlanılmış, hazırda işlər yekunlaşmaq üzrədir.

Rayonda 25 körpələr evi-uşaq bağçası fəaliyyət göstərir ki, bunlardan 6-sı şəhərdə, 19-u isə kəndlərdə yerləşir. Fəaliyyəti dayandırılmış Aşağı Əskipara kənd körpələr evi-uşaq bağçası 25 yanvar 2017-ci il tarixindən Qazaxbəyli kəndində məcburi köçkünlər üçün salınmış qəsəbədə yeni tikilmiş, müasir tələblərə cavab verən binada yenidən fəaliyyətə başlamışdır.

Dövlət Proqramına uyğun olaraq Qazax şəhərində tikintisi nəzərdə tutulmuş 100 yerlik körpələr evi-uşaq bağçasının tikintisi davam etdirilir. Bundan əlavə “HGC GROUP” MMC tərəfindən Daş Salahlı kəndində 2 və 3 saylı körpələr evi-uşaq bağçalarında əsaslı təmir və yenidənqurma işlərinə başlanılmış və hazırda işlər başa çatmaq üzrədir. Hal-hazırda Kosalar kəndində 2 və Xanlıqlar kəndində 1 ədəd körpələr evi-uşaq bağçasının dam örtüyünün dəyişdirilməsi istiqamətində hazırlıq işləri görülür, yaxın günlərdə təmir işlərinə başlanılacaqdır.

Qazax şəhərində 2, 3, 4 və 6 saylı körpələr evi-uşaq bağçaları istilik sistemi ilə təchiz olunmuşdur.

Bağçalar “Ərzaq Məhsullarının Təchizatı və Təminatı” ASC tərəfindən ayda iki dəfə vaxtlı-vaxtında ərzaqla təmin olunurlar və buna rayon İcra Hakimiyyəti tərəfindən daim nəzarət olunur.

Rayon mərkəzi xəstəxanasının nəzdində 135 çarpayılıq şəhər xəstəxanası, 30 çarpayılıq uşaq xəstəxanası, 30 çarpayılıq doğum evi, 1 təcili yardım stansiyası, 3 poliklinika, 100 çarpayılıq ruhi xəstəxana, 16 kənd həkim məntəqəsi və 17 kənd tibb məntəqəsi fəaliyyət göstərir. Bundan əlavə rayonumuzda respublika tabeçiliyində olan Müalicə Diaqnostika Mərkəzi və 113 xidməti fəaliyyət göstərir. Hazırda yeni 145 çarpayılıq mərkəzi rayon xəstəxana kompleksinin tikintisi sürətlə davam etdirilir.
Azərbaycan Qızıl Aypara Cəmiyyəti ilə TÜRKKIZILAYI-nın əməkdaşlığı sayəsində Abbasbəyli kəndində sahəsi 40 kvadratmetr olan 2 otaqlı tibb məntəqəsinin tikintisinə başlanılmışdır.

Fevral ayının 15-dən etibarən dövlət başçısı İlham Əliyev cənablarının tapşırığına əsasən ölkəmizdə əhalinin tibbi müayinədən keçirilməsi aksiyası Qazax rayonunda da uğurla həyata keçirilmişdir. 70.312 nəfər əhali tibbi müayinədən keçirilmiş, 1024 nəfər amblator müalicəyə, 224 nəfər stasionar müalicəyə, 107 nəfər isə Bakı şəhərində əlavə müayinə və müalicəyə göndərilmişdir.

Aprel ayının 22-də Səhiyyə Nazirliyinin tövsiyəsi ilə rayonumuzda qanvermə aksiyası keçirilmişdir. Aksiyada 70 litrə yaxın qan tədarük edilərək respublika qan bankına verilmişdir.

Qazax Müalicə Diaqnostika Mərkəzinə 6 ay ərzində 13.853 ambulator gəliş olmuş, mərkəzdə 60.689 labaratoriya müayinələri olunmuş, 415 cərrahi əməliyyat aparılmış və hemodializ şöbəsinə 15 nəfər xəstə daxil olmuşdur.

Gənclər və İdman idarəsi tərəfindən 2017-ci ilin 6 ayında gənclərlə iş sahəsi üzrə 10, bədən tərbiyəsi və idman sahəsi üzrə 19 tədbir keçirilmişdir. Keçirilən tədbirlərdə gənclərin bütün təbəqələri təmsil olunmaqla 2.718 nəfər yeniyetmə və gənc iştirak etmişdir. Hesabat dövründə beynəlxalq yarışlarda 23, respublika yarışlarında 67 nəfər idmançımız mükafata layiq yerlər tutmuşdur.

Məhəmmədəli Pəhləvan adına güləş zalında əsaslı təmir işləri başa çatmış və istifadəyə verilmişdir.

“Azərbaycan Respublikası Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı” ilə əlaqədar Qazax rayonunda davamlı surətdə yeni iş yerləri açılır. Birinci yarımildə 7 yeni müəssisə yaradılmış, 1.121-i daimi olmaqla 1.162 yeni iş yeri açılmışdır. 2017-ci ilin 6 ayı ərzində Qazax Məşğulluq Mərkəzinə 29 müəssisədən 383 boş iş yeri təqdim edilmiş, müraciət etmiş 1.697 nəfər vətəndaşlardan 1.282 nəfəri iş axtaran kimi qeydiyyata alınmış, 359 nəfər münasib işlə təmin olunmuş, 126 nəfərə işsizlik statusu verilmiş və 140 nəfərə müavinat təyinatı aparılmışdır.

Respublika Prezidentinin 7 aprel 2016-cı il tarixli "Əhalinin özünüməşğulluğunun təmin edilməsi" ilə bağlı sərəncamının icrası ilə əlaqədar rayonumuzda 14 ailə özünüməşğulluq lahiyəsinə cəlb edilmiş, 11 ailə mal-materiallarla təmin olunmuşdur.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığı əsasında “ASAN xidmət” mərkəzlərinin olmadığı regionlarda vətəndaşların dövlət xidmətləri ilə təmin edilməsi üçün müasir texniki avadanlıqla təchiz olunmuş “ASAN qatar” konsepsiyası reallaşdırılıb. Fevral ayının 1-dən etibarən ilk olaraq Səyyar “ASAN qatar” Qazax rayonunda sakinlərə 15 gün müddətində səyyar formada xidmət göstərilmişdir. 15 gün ərzində xidmətlərdən 4531 nəfər vətəndaş yararlanmışdır. Bundan əlavə Səyyar Asan Xidmət iyun ayında da 15 gün müddətində Qazax rayonunda sakinlərə xidmət göstərmişdir. Bu xidmətlərdən 2443 nəfər vətəndaş yararlanmışdır.

Rayonda “Regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”na uyğun olaraq təmir-tikinti, abadlıq, bərpa, quruculuq işləri ötən ildə olduğu kimi 2017-ci ilin birinci yarısında da davam etdirilmişdir. Qazax şəhərinin mərkəzində yerləşən “Fəxri Qazaxlılar” parkında yenidənqurma işləri aparılmış, fəvvarə kompleksləri yenidən qurulmuş, parkın ərazisinə tamet döşənmiş, bardürlar düzülmüş, yeni işıqlandırma sistemi qurulmuş, yeni oturacaqlar qoyulmuş və qazon otu, dekorativ ağac və gül kolları əkilmişdir. Bu işlərin davamı olaraq Şəhidlər Xiyabanı küçəsində, Cümə məscidinin qarşısında abadlıq işləri davam etdirilərək əraziyə tamet döşənmiş, bardür düzülmüş, işıq sistemi quraşdırılmış və yaşıllıqlar salınmışdır. Şəhidlərin abidə kompleksində tamamilə yenidənqurma işləri davam etdirilir.

Səməd Vurğun adına parkda yenidənqurma işləri yekunlaşmış, parkın 1922 kv.m sahəsinə yeni tamet döşənmiş, 119 p/m uzunluğunda yeni bardürlər düzülmüş, yaşıllıqlar salınmış və yeni işıqlandırma sistemi quraşdırılmışdır.

Qazax şəhəri H.Əliyev prospektində və küçələrə 3890 p/m uzunluğunda yeni bardür düzülmüş, əraziyə tamet döşənmiş bu istiqamətdə işlər davam edir.
Qazax şəhərinin girişində, Ağstafa rayonu ilə sərhəddə yenidənqurma və abadlıq işləri başa çatdırılmış, əvvəl qoyulmuş “At” heykəli götürülərək yeni daha əzəmətli “At” heykəli qoyulmuşdur.

Qazax şəhəri ərazisində hərbi şəhərcikdə Şəhidlərin xatirəsinə 1 bulaq, Milli Qəhrəman Firuddin Şamoyevin xatirəsinə 1 bulaq tikilib istifadəyə verilmişdir. 3 bulaq yenidən qurularaq müasir görkəmə salınmışdır. Bu işlərin davamı olaraq rayonun Qazaxbəyli kəndində Milli Qəhrəman Alı Mustafayevin adına yeni bulaq kompleksi tikilərək istifadəyə verilmişdir.

“Azərxalça” ASC tərəfindən Qazax şəhərində 160 iş yerlik Xalça müəssisəsinin tikintisi sürətlə davam etdirilir.

İkinci Şıxlı kəndində “Sınıq Körpü” Gömrük Keçid Məntəqəsində yenidənqurma və abadlıq işləri davam etdirilir.

Qızıl Hacılı kəndinin sakinləri üçün Nazirlər Kabinetinin müvafiq sərəncamı ilə 19,4 hektar torpaq sahəsinin təyinatı dəyişdirilmiş, 78 ailəyə fərdi yaşayış evlərinin bütün infrastrukturlarla birlikdə tikilməsi məqsədilə sənədləşmə işləri aparılır.

Qazax şəhərinin su-kanalizasiya sisteminin yenidən qurulması işlərinə başlanılacaqdır.

“Azəravtoyol” ASC tərəfindən Bakı-Tbilisi avtomobil yolunu Qazax–Əskipara yolu ilə birləşdirən, uzunluğu 6 km olan 7705 nəfər əhalinin yaşadığı Çaylı kəndinin içərisindən keçən, avtomobil yolunun tikintisi işləri davam etdirilir.

Azərbaycan Kənd İnvestisiya Layihəsi çərçivəsində uzunluğu 2,5 km olan Qazax-Hüseynbəyli avtomobil yolunun tikintisinə başlanılmışdır.

Uzunluğu 7 km olan strateji əhəmiyyətli Cəfərli kəndini Qazax-Uzuntala avtomobil yolu ilə birləşdirən yolun tikintisi üçün hazırlıq işləri görülür.

Rayonun kənd yaşayış məntəqələrindən 104 km uzunluğunda kənddaxili yollara qum-çınqıl döşənmiş, bu istiqamətdə işlər davam edir.

Məzəm və Quşçu Ayrım kənd sakinlərinin rayon mərkəzinə təhlükəsiz gediş və gəlişini təmin etmək məqsədilə Qazax-Quşçu Ayrım avtomobil yolunun Alpout kəndi ilə
Quşçu Ayrım kəndini birləşdirən hissəsində alternativ olaraq ikinci yolun çəkilişi işləri davam edir.

Rayonun Quşçu Ayrım kəndində 4 ədəd, Fərəhli kəndində 3 ədəd, Məzəm və Abbasbəyli kəndlərinin hər birində 1 ədəd olmaqla 9 ədəd sığınacaq tikilmişdir.

Rayonun Ermənistanla təmasda yerləşən Ağköynək, Daş Salahlı, Xanlıqlar, Cəfərli, Bala Cəfərli, Məzəm, Quşçu Ayrım, Abbasbəyli, Aslanbəyli, Qaymaqlı, Kəmərli, İkinci Şıxlı və Fərəhli kəndlərində Polis məntəqələri tikilmişdir.

Hər birinin illik istehsal gücü 50 min ton olan "Mətanət A" şirkəti tərəfindən Daş Salahlı kəndində və "Carçıoğlu" şirkəti tərəfindən Xanlıqlar kəndində 2 yeni Əhəng zavodlarının tikintisi davam edir. Həmin zavodlarda 450-ə yaxın yeni iş yerinin açılması nəzərdə tutulmuşdur.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Qarabağ və şəhid ailələri üçün 2014-cü ilin dekabr ayında tikintisinə başlanılmış 14 fərdi yaşayış evlərindən 8-i istifadəyə verilmiş, 6-da işlər yekunlaşmış, 2017-ci ildə isə daha 5 yaşayış evinin tikintisinə başlanılmışdır.

Bakı Dövlət Universitetinin Qazax filialı üçün yeni bina kompleksinin tikintisi məqsədilə 6,0 hektar torpaq sahəsi filialın istifadəsinə verilmişdir.

2017-cı ilin birinci yarısı ərzində Qazax rayonunda kənd təsərrüfatı məhsullarının artırılması məqsədilə də bir sıra səmərəli işlər görülmüş və müsbət nəticələr əldə olunmuşdur.

2016-cı ildə qazılması nəzərdə tutulmuş 10 subartezian quyusundan Çaylı kəndində 3 ədəd, Daş Salahlı kəndində 3 ədəd, Orta Salahlı, Xanlıqlar, Kosalar və Canalı kəndlərinin hər birində 1 ədəd, cəmi 10 ədəd subartezian quyusu qazılmış, onlardan 6-sı istifadəyə verilmiş, qalan 4 ədədi isə yaxın günlərdə istifadəyə veriləcəkdir.

2017-ci ildə daha 6 ədəd subartezian quyusunun qazılması nəzərdə tutulmuşdur.

Kənd təsərrüfatı bitkilərini normal suvarma suyu ilə təmin etmək məqsədi ilə rayon İcra Hakimiyyətinin bilavasitə rəhbərliyi ilə 274 km uzunluğunda arx və kanallar kol-kosdan, lildən təmizlənərək vegetasiya suvarmasına tam hazır vəziyyətə gətirilmişdir. 2017-ci ilin birinci yarısı ərzində 40.651 kubmetr faktiki olaraq su götürülmüş və aidiyyəti üzrə su istehlakçılarına verilmişdir. Rayonda 6 Sudan İstifadə Birlikləri fəaliyyət göstərir, bu birliklərdə 42 nəfərdən ibarət işçi heyəti vardır və suvarma suyunun itkisiz və səmərəli istifadə olunmasına ciddi nəzarət olunur.

2017-ci ilin məhsulu üçün 2.750,6 hektar arpa, 8.277,7 hektar buğda olmaqla cəmi 11.028,6 hektar taxıl becərilmişdir. 2017-ci ildə 36.469 ton məhsul əldə olunmuşdur ki, bunun da 29.840 tonu buğda, 6.629 tonu isə arpadır. Bir hektar sahədən 33,03 sentner buğda, 24,10 sentner arpa götürülmüşdür. Keçən illə müqayisədə cəmi taxıl əkini 3.219,8 hektar, götürülmüş məhsul isə 12.660,8 ton çox olmuşdur. Taxıl sahələrinin biçini üçün 55 ədəd kombayn cəlb olunmuşdur. 2017-ci ildə 809 hektar kartof, 523,31 hektar şəkər çuğunduru, 504 hektar qarğıdalı, 34 hektar vələmir, 52,5 hektar günəbaxan, 483,3 hektar tərəvəz, 85,92 hektar süpürgə, 630,5 hektar yonca, 5,6 hektar darı, 52 hektar paxlalılar, 50 hektar tütün, 31,4 hektar bostan bitkiləri əkilmişdir və becərmə işləri davam etdirilir. 2017-ci ilin yazında 50,5 hektar yeni fındıq bağı salınmış, rayonun Ağköynək kəndində 1 hektar ərazidə tərəvəzlərin yetişdirilməsi məqsədilə yeni istixana kompleksinin tikintisi başa çatmışdır. Bu il rayonumuzda 4.623 kq barama istehsal edilmişdir, bu isə keçən ildən 3.123 kq və ya 3,1 dəfə çoxdur.

2016-cı ilin ilk 6 ayı ərzində Qazax rayon İcra Hakimiyyəti başçısının aparatında keçirdiyi qəbullar zamanı 780 nəfər, 2017-ci ilin ilk 6 ayı ərzində isə 1.127 nəfər vətəndaş müxtəlif məsələlər üzrə müraciət etmişdir. Müraciətlərdən 95-i torpaqla əlaqədar məsələlər, 99-u mənzillə təmin olunmalarına, 69-u evinin təmir olunmasına köməklik, 205-i işlə əlaqədar, 73-ü ünvanlı sosial yardımla təmin olunmalarına köməklik, 14-ü görülmüş işlərin nəticəsi ilə əlaqədar minnətdarlıq və təşəkkürünü bildirmiş, 572-i isə digər məsələlərlə əlaqədar olmuşdur.

2017-ci ilin 6 ayı ərzində Qazax rayon İcra Hakimiyyəti Başçısı tərəfindən kəndlər və şəhərdə 26 səyyar görüş keçirilmişdir. Həmin görüşlərdə iştirak edənlərin sayı 8.745 nəfər, müraciət edənlərin sayı 298 nəfər olmaqla 148 təklif irəli sürülmüşdür. Qaldırılan problemlər və təkliflərdən 88-i icra edilmiş, 10 məsələ üzrə işlər davam edir, 50 təklif ilə əlaqədar isə aidiyyəti təşkilatlar qarşısında məsələ qaldırılmışdır.

Sonra məruzə ətrafında çıxışlar olub. Qazax rayon suvarma sistemləri idarəsinin rəisi Abbas Göyüşov, su-kanal idarəsinin rəisi Alı Hüseynov çıxış edərək rəhbərlik etdikləri idarə və müəssisələrdə hesabat dövründə görülən işlərdən söz açıblar.

Rayon İcra Hakimiyyətinin Başçısı Rəcəb Babaşov hesabat yığıncağına yekun vuraraq qarşıda duran vəzifələrdən, həyata keçiriləcək işlərdən danışıb.

Elçin İSMAYIL

Qazax hesabat verdi


Facebook-da paylaş