Ecazkar barmaqların sehrində » Göyəzən internet portalı
  • Təqvim

    «    Avqust 2017    »
    BeÇaÇCaCŞB
     123456
    78910111213
    14151617181920
    21222324252627
    28293031 
  • Unutma

  • Maraq



Ecazkar barmaqların sehrində

Ecazkar barmaqların sehrində
Qazax rayon Mədəniyyət Mərkəzində Ağstafa Regional Mədəniyyət və Turizm İdarəsinin və Qazax rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Əməkdar İncəsənət xadimi, Prezident təqaüdçüsü aşıq Ədalət Nəsibovun sənət dünyasına həsr olunmuş “Ecazkar barmaqların sehrində” adlı Qazax, Ağstafa və Tovuz aşıqlarının iştirakı ilə möhtəşəm tədbir keçirilmişdir. Tədbirdə Ağstafa Regional Mədəniyyət və Turizm İdarəsinin rəisi Ramiz Quliyev, Qazax rayon İcra Hakimiyyəti başçısının müavini Gülaya Həsənova, Ağstafa və Tovuz rayonlarından gəlmiş mədəniyyət işçiləri, idarə, müəssisə, təşkilat rəhbərləri, şairlər, saz, söz adamları, aşığın yaxınları, doğmaları, ictimaiyyət və KİV nümayəndələri iştirak edirdilər. Tədbirin aparıcısı aşıq Ədalətin sevimli şagirdlərindən biri folklorşünas, Fəxri Mədəniyyət işçisi Məhəmmədəli Məşədiyev idi.

Tədbiri giriş sözü ilə Regional Mədəniyyət və Turizm İdarəsinin rəisi Ramiz Quliyev açaraq ulu öndər Heydər Əliyevin, onun layiqli davamçısı, respublikamızın Prezidenti cənab İlham Əliyevin Azərbaycan aşıq sənətinə, aşıqlarımıza göstərdiyi diqqət və qayğıdan danışdı. Ulu öndərimiz Heydər Əliyev bütün sahələr kimi Azərbaycan aşıqlarını həmişə diqqətdə saxlamış və onların əməyini qiymətləndirmişdir. Möhtərəm Prezidentimiz cənab İlham Əliyev aşıqlarımızın əməyini həmişə yüksək dəyərləndirir. Bunun təzahürü olaraq 2016-cı ildə 7 nəfər aşığa “Əməkdar Mədəniyyət İşçisi” Fəxri adının verilməsi dediklərimizə əyani sübutdur. Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva tərəfindən 2009-cu ildə Azərbaycan aşıq yaradıcılığı UNESCO-nun Qeyri-maddi mədəni irsin Reprezentativ Siyahısına daxil edilmişdir. Bu, aşıq sənətinə və Azərbaycan aşıqlarına verilən qiymətin ən bariz nümunəsidir.

Qazax rayon İcra Hakimiyyəti Başçısının müavini Gulaya Həsənova tədbirdə çıxış edərək qonaqları salamlayıb, bugünkü tədbirin əhəmiyyətindən danışaraq sazın, sözün bayramı olduğunu bildirdi. Qeyd etdi ki, Qazaxın, bütövlükdə Azərbaycanın bütün dünyaya tanıdılmasında, şöhrət qazanmasında Ədalət Nəsibovun özünəməxsus bir payı vardır. O, bir qazaxlı kimi sazı insanlara sevdirən ustad aşıq olmaqla yanaşı, aşıqlıq sənətini daim yüksəklərdə tutan dahi bir şəxsiyyətdir. Onun həyatı, yaradıcılığı, xalqımıza bəxş etdiyi gözəl aşıq havaları aşıqlıq sənətinə yenicə qədəm qoyan gənc istedadlarımız üçün bir mayakdır. Bu gün Ədalət Nəsibovu bütün nəsillər tanıyır və gələcəkdə də tanıyacaqdır. Ədalət Nəsibov sağlığında klassikləşməyi, sənətdə inqilab etməyi bacaran, solo saz ifaçılığında öz sözünü demiş bir aşıqdır. Sazın dünəni, bu günü və sabahı dədə Ədalətin adı ilə bağlıdır. O, Azərbaycan sazının sabahını bizlərə miras qoyan bir aşıqdır. O, Azərbaycan muğamını, bayatısını sazda yaşadan, aşıq sənətinin bütün dünyaya tanıdılmasında böyük zəhməti olan ustad bir aşıqdır.

Tədbirdə 500-ə yaxın tamaşaçı və 20-dən artıq regionun aşıqları iştirak edirdi. Tədbirin rəsmi hissəsindən sonra bədii hissəsi aşıq Ədalətin yaradıcılığını əks etdirən aşıq havalarından ibarət geniş proqramla davam etdirildi. Aşıq Camoy Qurbanov, Saqif Məzəmli, Hüseyn Əzizoğlu, aşıq Şəmistan Ocağının davamçısı Hüseyn Şəmistanoğlu, Avdı Musayev, Şaiq İncəli, Eldar Əsədoğlu, gənc aşıqlardan Samir Allahverdiyev, Şahin Süleymanov, İlqar Qələmçəli, Vahid Qurbanlı, Əfsanə Kərimli və başqaları Ədalət Nəsibova həsr olunmuş şeirləri söyləyib, onun ifa etdiyi saz havalarını dilləndirdilər.

Sonda ustad aşığın adını daşıyan nəvəsi Ədalət Nəsibov çıxış edərək babası ilə, onun sənəti ilə fəxr etdiyini, onunla qürur duyduğunu bildirib. Babasına göstərilən diqqət və qayğıya, ona verilən yüksək dəyərə görə respublika Prezidenti İlham Əliyevə, tədbirdə əməyi keçən bütün insanlara ailəsi adından öz dərin minnətdarlığını çatdırdı.

Vəli VƏLİYEV
“Respublika” qəzeti
29 iyul 2017-ci il



Facebook-da paylaş