Birlik və səmimiyyət nümunəsi
Digər sahələrdən də söz açılıb. Rəcəb Babaşov təhsil sahəsində göstəricilərin aşağı səviyyədə olduğunu bildirərək bu səhədə tədbir görmək üçün rayon təhsil şöbəsinə tapşırıq verib.
İcra Başçısı kənddə yaradılmış işçi qrupunun fəaliyyətini dinlədi və lazımi göstərişlərini verdi.
Sonra görüş iştirakçılarından Raya Orucova, Nailə Alıyeva, Məhəbbət İsmayılova, Tahir Hüseynov, Qurban Mikayılov, Müsəmbər Hacıyeva, Vidadi Kələşov, Rəna Yusifova və başqaları çıxış edərək öz arzu və xahişlərini bildirdilər, onları narahat edən məsələlərdən danışdılar.
Rəcəb Babaşov bütün söz alanları diqqətlə dinlədikdən sonra aidiyyatı üzrə əlaqədar təşkilatların rəhbərlərinə müvafiq göstərişlər verdi.
Günün ikinci görüşü rayonun I Şıxlı kəndində oldu. Rayon İcra Hakimiyyətinin Başçısı Rəcəb Babaşov kənd sakinlərini salamladıqdan sonra söylədi ki, ilk görüşdə demişdim ki, mən daim sizin yanınızda olacağam. Bu gün gəlmişəm ki, kənddə mövcud vəziyyəti öyrənək. Məhsul istehsalını, onun satışını, əkinin necə getdiyini sizinlə birlikdə müzakirə edək. Qarşıdan qış fəsli gəlir. Qışa necə hazırlaşmaq barədə vacib olan məsələlərdən danışaq.
Sonra R.Babaşov bildirdi ki, kənddəki içməli su problemini bilirəm. Artıq 3 kəndimizdə içməli su çəkilmişdir. Məsələ qaldırılıb, bu kənddə də qısa zaman kəsiyində içməli su mütləq olacaqdır.
Çıxış edənlər də nikbin əhval-ruhiyyədə olduqlarını bildirdilər. Sahibkar Natiq Məmmədov söz alaraq onun işləri ilə mütəmadi olaraq maraqlandığına görə R.Babaşova rəhbəri olduğu I Şıxlı kəndli-fermer təsərrüfatının kollektivi adından öz dərin minnətdarlığını bildirdi. Qeyd etdi ki, bu gün rayonumuzda bütün sahələrlə yanaşı sahibkarlıqla məşğul olmaq üçün də münbit şərait yaradılmışdır. Kənddəki işçi qrupunun üzvü Bayram Musayev də təsərrüfatla məşğul olmaq üçün hər cür şəraitin yaradıldığını qeyd etdi. Kənd sakini Tahir Musayev isə öz çıxışında kəndə gələn arxın beton üzlüyə alınmasını xahiş etdi.
Görüşdə başqa sahələrlə yanaşı təhsildən də geniş söz açıldı. Məktəbin müəllimi Oruc Məmmədov öz çıxışında müəllim və valideyn münasibətlərinə toxunaraq onun gücləndirilməsinin vacibliyini vurğuladı.
I Şıxlı kənd tam orta məktəbin direktoru Məzahir Qocayev isə öz çıxışında təhsilə göstərdiyi diqqət və qayğıya görə icra başçısına minnətdarlığını bildirdi və bu qayğıya daha yüksək nəticələrlə cavab verəcəklərini söylədi.
Ürkməzli kəndində isə camaat yeni istifadəyə veriləcək bulağın ətrafına toplaşmışdı. Hamının üzündə bir sevinc və fərəh hissi var idi.
Rayon rəhbərliyi öz çıxışını yeni bulaq haqqında danışmaqla başladı. Bildirdi ki, 2 km-ə yaxın məsafədən çəkilmiş yeni bulaqdan 70 ailə istifadə edəcəkdir. Qeyd etdi ki, başlanan bu quruculuq prosesi artan templə davam edəcək və istər su, istər yol, istərsə də digər problemlər zaman-zaman öz həllini tapacaqdır. Buna tam əmin ola bilərsiniz.
Qarabağ əlili Nüsrət Musayev, anası Ayna Nəsirova söz alaraq rayon rəhbərliyinə evlərinin təmirinə və orada aparılan tikinti işlərinə, yaşadıqları evin əsaslı şəkildə yenidən qurulmasına göstərdiyi köməyə görə icra başçısına ailəsi adından öz minnətdarlıqlarını bildirdilər.
Ürkməzli kənd tam orta məktəbin direktoru İlqar Miralayev, mədəniyyət işçisi Gülsənəm Cəlili və başqaları öz çıxışlarında minnətdarlıq hisslərini ifadə etdilər.
Həmin gün Ürkməzli kəndinin Yavıqlı adlanan yaşayış massivində içməli su problemi öz həllini tapdı.
Burada olan sevinc və fərəh hissindən Dəmirçilər kəndinin sakinlərinə də pay düşmüşdü. Görüşə gələnlərin hər birinin üzündə bir təbəssüm var idi.
Kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi Gülnaz Mahmudova 2016-cı ildə görülmüş işlər barədə məlumat verərək qeyd etdi ki, kənd təsərrüfatında builki göstəricilərimiz qənaətbəxşdir. Torpağımız münbitdir. Suyumuz var. Yaxın günlərdə rayonumuza yeni texnika da gətiriləcəkdir. Bütün bunlar kənd camaatında böyük ruh yüksəkliyi yaratmışdır. Vaxtilə əli torpaqdan soyuyan kəndli rayon rəhbərliyinin qayğısı sayəsində yenidən torpağa qayıtmış, əkin-biçinlə həvəslə məşğul olmağa başlamışdır. Ona görə də gələn il kənddə demək olar ki, boş yer qalmayacaq və əkin sahələri genişləndiriləcəkdir.
Kənd sakinlərindən Allahverən Yusifov, Dilqəm Mustafayev, Cahan Qəmbərova, Allahverdi Nəsirov, Laçın Qurbanov, Çimnaz Hacıyeva, Gülnar Osmanova çıxış edərək həm qayğı və çatışmazlıqlardan danışdılar, həm də rayon rəhbərliyinə öz minnətdarlıqlarını bildirdilər.
Qarabağ əlili Habil Xəlilov evlərini əsaslı şəkildə təmir və bərpa etdirdiyinə görə Rəcəb Babaşova ailəsi adından öz təşəkkürünü bildirdi.
Rayon İcra Hakimiyyətinin Başçısı Rəcəb Babaşov görüşə yekun vuraraq vətəndaşların qaldırdığı bütün məsələlərin diqqətdən kənarda qalmayacağını, problem və çatışmazlıqların zaman-zaman həll ediləcəyini bildirdi.
Elçin İSMAYIL
Facebook-da paylaş