Qazaxda 2017-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələr müzakirə olunub » Göyəzən internet portalı


Qazaxda 2017-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələr müzakirə olunub

Qazaxda 2017-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının  yekunları və qarşıda duran vəzifələr müzakirə olunub
Aprel ayının 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2017-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş geniş iclasındakı nitqindən irəli gələn vəzifələrlə əlaqədar Qazax rayonunda hesabat iclası keçirilib.

Qazax rayon İcra Hakimiyyətinin Başçısı Rəcəb Babaşov məruzə ilə çıxış edib. Bilidirib ki, iclasda ölkə başçısı cari ilin ilk üç ayı ərzində Azərbaycanda həyata keçirilmiş genişmiqyaslı işlərə, qazanılan uğur və nailiyyətlərə öz münasibətini bildirmiş, qarşıda duran vəzifələrdən danışmışdır. Prezident öz çıxışında bu ilin birinci rübündə ölkəmizdə iqtisadi inkişafın təmin olunduğunu, sosial məsələlərin həllini tapdığını, ordu quruculuğunun uğurla getdiyini qeyd edərək 2017-ci il bizim üçün uğurlu il olacağını bildirmişdir. Dövlətimizin başçısı beynəlxalq vəziyyətin gərgin olduğunu, münaqişələrin davam etdiyini, yeni risklərin yarandığını təəssüflə qeyd etmiş, ölkəmizin təhlükəsizliyini təmin etmək məqsədilə tədbirlər görüldüyünü söyləmişdir.

Bu ilin ilk 3 ayı ərzində xarici ölkələrə 7 dəfə səfər etdiyini vurğulayan və beynəlxalq tədbirlərdəki iştirakından danışan Prezident İlham Əliyev bu səfərlərin böyük əhəmiyyət daşıdığını, Azərbaycanın beynəlxalq imicinin möhkəmləndirilməsi, ikitərəfli əlaqələrin inkişafı baxımından önəmini vurğulamışdır. 2017-ci ilin ilk 3 ayında Azərbaycana 7 dövlət başçısının səfər etdiyini xatırladan ölkə Prezidenti cənab İlham Əliyev bunu ölkəmizə olan hörmətin göstəricisi kimi qiymətləndirmişdir. Cənab Prezident İlham Əliyev qeyd etmişdir ki, bu ilin birinci rübündə Bakıda keçirilən və 40-dan çox fəaliyyətdə olan və sabiq dövlət və hökumət başçısının iştirak etdiyi V Qlobal Forum, ABŞ və Rusiya silahlı qüvvələrinin qərargah rəislərinin görüşü Azərbaycanın dünyadakı rolunu, dünya miqyasında etibarlı tərəfdaş olduğunu əks etdirir.

Cocuq Mərcanlı kəndinin bərpasını da tarixi hadisə adlandıran dövlətimizin başçısı bu gün orada yeni qəsəbənin salındığını, ilkin mərhələdə 50 evin tikildiyini, yeni yolun salındığını, məscidin inşa olunduğunu, sonrakı mərhələdə daha 150 evin tikintisinin nəzərdə tutulduğunu qeyd etmişdir. Azərbaycan xalqının heç vaxt işğalla barışmayacağını, ərazi bütövlüyünü bərpa etdikdən sonra bütün şəhər və kəndləri yenidən quracağını vurğulamışdır.
Qazaxda 2017-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının  yekunları və qarşıda duran vəzifələr müzakirə olunub
İqtisadiyyatımızın əsas göstəricilərinə nəzər saldıqda 2017-ci ilin ötən dövründə qeyri-neft sektorunun 2,4 faiz artdığını, qeyri-neft sənayesində artımın 2 faiz səviyyəsində olduğunu, kənd təsərrüfatının 3,5 faiz artdığını, bitkiçiliyin 20 faizdən çox artdığı məlum olur. Birinci rübdə valyuta ehtiyatlarımızın 1 milyard dollar səviyyəsində artdığını və bu gün valyuta ehtiyatlarımızın 38,5 milyard dollar təşkil etdiyini deyən dövlətimizin başçısı bunu önəmli məsələ adlandırmışdır. Bu ilin 3 ayı ərzində ticarət dövriyyəsi 15 faiz, ixrac təxminən 50 faiz, qeyri-neft ixracımız təxminən 10 faiz artıb, idxal isə 17 faiz azalıb. İdxalın azalması, ixracın kəskin artması iqtisadi sabitliyimizi təmin edir. Ticarət dövriyyəmizin müsbət saldosu 1 milyard dollar səviyyəsindədir.

Bu göstəricilərin iqtisadi inkişafımızı aydın əks etdirdiyini, gələcəkdə də iqtisadi potensialımızı gücləndirəcəyimizi deyən ölkə başçısı birinci rübdə 85 min yeni iş yerinin yaradıldığını da diqqətə çatdırmışdır. Yeni iş yerlərinin yaradılmasının təkcə dövlət sektorunda deyil, özəl sektorda da davam etdiyini, özəl sektorda 40 mindən çox yeni iş yerinin yaradıldığını deyən dövlətimizin başçısı bunu iqtisadi inkişafın təzahürü adlandırmışdır.
Qazaxda 2017-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının  yekunları və qarşıda duran vəzifələr müzakirə olunub
Dövlət büdcəsinin icrasının uğurla getdiyini, builki investisiya proqramının tam şəkildə icra edilməsinin vacibliyini, ölkə üçün ən lazımlı layihələrə vəsaitin ayrıldığını, maliyyə vəziyyətimizin yaxşı olduğunu bildirən dövlətimizin başçısı valyuta ehtiyatlarımızın xarici borcumuzdan 5 dəfədən çox olduğunu söylədi və bunu yaxşı nəticə adlandırdı. Diqqətə çatdırdı ki, bu il inşaat sektorunda canlanma müşahidə edilir.

Prezident İlham Əliyev sənaye istehsalı və kənd təsərrüfatı sahələrinin inkişaf etdiyini bildirdi. Rayonlarda sənaye zonalarının yaradıldığını deyən dövlətimizin başçısı kənd təsərrüfatının inkişafı üçün bu il 150 min hektar yeni torpağın suvarılmasının nəzərdə tutulduğunu, yeni zavodların istifadəyə veriləcəyini qeyd etdi və görüləcək işlərin bu sahədə artıma səbəb olacağını vurğulamışdır.
2017-ci ilin birinci rübü rayonumuz üçün uğurlu olmuşdur.

Qazax rayonu üzrə 2017-ci ilin yerli gəlir və xərclərinin proqnozu 9.073.000 manat məbləğində müəyyənləşdirilmişdir. 2017-ci ilin birinci rübündə yerli daxilolmalar 1.520.635 manat proqnoza qarşı 1.765.928 manat və ya 116,1 faiz yerinə yetirilərək büdcəyə 245.293 manat artıq vəsait mədaxil olmuşdur. Ötən ilin müvafiq dövrü ilə müqayisədə büdcəyə 409.060 manat və ya 30,1 faiz çox vəsait daxil olmuşdur. 2017-ci ilin birinci rübündə qarşılıqlı hesablaşmalar əsasında 324.164 manat vəsait daxil olmuş və 234.888 manat vəsait öz təyinatı üzrə xərc edilmişdir. Yekun olaraq 2017-ci ilin birinci rübündə yerli gəlirlər cəmi 1.844.799 manat proqnoza qarşı 2.090.092 manat, yəni 113,3 faiz yerinə yetirilmişdir. 2017-ci ilin 3 ayında yerli xərclər 2.524.366 manat proqnoza qarşı 1.799.896 manat icra olunaraq 71,3 faiz icra olunmuşdur.
Qazaxda 2017-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının  yekunları və qarşıda duran vəzifələr müzakirə olunub
Rayon ərazisində 7 özəl bank filialı, 1 özəl bank şöbəsi, 1 kredit ittifaqı və 4 bank olmayan kredit təşkilatı fəaliyyət göstərir. 2017-ci ilin 3 ayı ərzində əhaliyə 2.640.870 manat kredit verilmişdir ki, bunun da 836.650 manatı uzunmüddətlidir.
Əhalidən 339.509 manat və 249.382 ABŞ dolları əmanət cəlb olunmuşdur. Sahibkarlığa Kömək Milli Fondu tərəfindən 4 layihə üzrə 41000 manat (4 iş yeri) kredit verilmişdir.

Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Qazax rayon şöbəsi tərəfindən əhalinin pensiya və sosial müavinətlərinin ödənilməsi üçün 2017-ci ilin 3 ayında 9.833.200 manat vəsait köçürülmüşdür. Şöbədə 2017-ci ilin 3 ayında sosial sığorta haqları üzrə yığım proqnozu 90,6 faiz yerinə yetirilmişdir. Belə ki, 736.100 manat proqnoza qarşı 667.000 manat vəsait toplanmışdır. O cümlədən bu göstərici büdcə təşkilatları üzrə 469.400 manat proqnoza qarşı 457.600 manat toplanmaqla 97,4 faiz, qeyri-büdcə təşkilatları üzrə 266.700 manata qarşı 209.400 manat olmaqla 78,5 faiz, o cümlədən hüquqi şəxslər 134.000 manata qarşı 135.400 manat olmaqla 101 faiz, sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər üzrə isə 121.500 manata qarşı 73.300 manat toplanmaqla 60 faiz yerinə yetirilmişdir. 2017-ci ilin birinci rübündə şöbədə qeydiyyatda 13642 nəfər pensiyaçı olmuşdur. Onlardan 9612 nəfəri yaşa görə, 3243 nəfəri əlilliyə görə və 787 nəfəri ailə başçısını itirməyə görə pensiya alanlardır. Bundan başqa 1675 ailənin 6901 üzvünə rüb ərzində 768.800 manat ünvanlı sosial yardım, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan döyüşlərdə iştirak etmiş 2372 nəfər müharibə veteranına 355.800 manat müavinət, 3049 nəfərə 1.072.600 manat sosial müavinət ödənilmişdir.
Qazaxda 2017-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının  yekunları və qarşıda duran vəzifələr müzakirə olunub
Hesabat dövrü ərzində əhalinin elektrik enerjisi və təbii qaz yanacağı ilə təmin olunması sahəsində də müəyyən işlər görülmüşdür.
2017-ci ilin birinci rübündə Qazax Elektrik Şəbəkəsi tərəfindən 110/35/6 və 35/10/6 kv-luq Daş Salahlı və Şıxlı yarım stansiyalarında, eləcə də 11 ədəd 35/10 kv-luq yarım stansiyalarda olan avadanlıqlarda cari təmir işləri aparılmışdır. 35 kv-luq hava xəttində 0,4 km uzunluğunda cari təmir işləri aparılmış, 12 ədəd izalyator dəyişdirilmişdir. 10 kv-luq hava xəttində 9,06 km uzunluğunda cari təmir işləri aparılmış, 3,6 km uzunluğunda tarımlama işləri aparılmış, 3,6 km məsafədə ağaclar budanmış, 25 ədəd əyri dayaq düzəldilmiş, 244 ədəd izalyator dəyişdirilmiş, 20 ədəd ağac dayaq beton dayaqla əvəz edilmiş, 2,9 km uzunluğunda zədəli naqillər yenisi ilə əvəz olunmuşdur. 0,4 kv-luq hava xəttində 20,45 km uzunluğunda cari təmir işləri aparılmış, 41 ədəd ağac dayaq beton dayaqla əvəz edilmiş, 7,5 km uzunluğunda tarımlama işləri aparılmış, 231 ədəd sınıq izalyatorlar dəyişdirilmiş, 3,8 km məsafədə ağaclar budanmış, 2,7 km uzunluğunda zədəli naqil yenisi ilə əvəz edilmiş, 350 m uzunluğunda zədəli naqil SİP kabellə əvəz edilmişdir. Kosalar kəndində yeni salınmış məhəllənin işıqlandırılması üçün 1 ədəd 160 kv gücündə transformator quraşdırılmışdır.
2017-ci ilin birinci rübü ərzində şəbəkə üzrə cəmi pul yığımı 1.366.700 manat olmuşdur. O cümlədən, pul yığımı yerli əhali sektorunda 646.200 manat, sərfiyyat dəyəri isə 692.400 manat, yığım faizi 93,3 faiz olmuşdur.

Bildiyiniz kimi Qazax rayonun bütün yaşayış məntəqələri təbii qazla təmin olunmuşdur. Şəmkir RQİİ-nin Qazax Xidmət Sahəsi tərəfindən 3 ayda əhali abonentlərə satılmış qazın dəyəri 1.577.891 manat, yığım isə 1.505.774 manat olmaqla 95,4 faiz yerinə yetirilmişdir. Ötən dövr ərzində 69 nəfər yeni abonent təbii qazla təmin olunmuşdur. 219 ədəd məişət qaz sayğacları yeni qaz sayğacları ilə, 98 ədəd mexaniki qaz sayğacı Smart tipli sayğaclarla əvəz olunmuşdur.
Qazaxda 2017-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının  yekunları və qarşıda duran vəzifələr müzakirə olunub
Qazax Telekommunikasiya Qovşağı tərəfindən 2017-ci ilin birinci rübün yekununa görə 336.000 manat tarif gəliri proqnozuna qarşı 336.438 manat gəlir əldə edilərək proqnoz tapşırığa 100 faiz əməl olunmuşdur. Rüb ərzində 29 ədəd yeni telefon çəkilmiş, 14 ədəd telefon şəbəkəyə bərpa olunmuş, “Aztelekom” internet provayder üzrə 283 ədəd artım olmuş, ümumi istifadəçi sayı 4933-ə çatmışdır.
Hesabat dövründə Qazax Poçt filialı tərəfindən əhalidən enerji, qaz, su, telefon pulları qəbul edilərək aidiyyəti təşkilatların bank hesablarına köçürülmüş, plan tapşırıqları 126 faiz yerinə yetirilmişdir. Filial tərəfindən 235 ədəd bağlama qəbul edilmiş və 68 ədəd bağlama müxtəlif ünvanlara göndərilmişdir. Həmçinin 2144 məktub göndərilmiş, 2505 ədəd məktub qəbul edilmişdir.

“Qazax-Avtovağzal” ASC-i 2017-ci ilin birinci rübündə plana 104 faiz əməl edərək 81.000 nəfər sərnişinə xidmət göstərmişdir.
Qazax Su-Kanal İdarəsi tərəfindən 2017-ci ilin 3 ayı ərzində 6.088 əhali abonentə xidmət göstərilmiş və 105.132 manat vəsait toplanmışdır. Bu isə satışın 89 faizini təşkil edir. Rüb dövründə abonentlərin sayı 95 abonent olmaqla 123 nəfər artmışdır. Təşkilat tərəfindən 1 ədəd artezian nasosu, 3 ədəd su mühərriki və 4 ədəd su mühərrikinin nasos hissəsi əsaslı təmir olunmuşdur.
Qazaxda 2017-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının  yekunları və qarşıda duran vəzifələr müzakirə olunub
2017-ci ilin 3 ayında Qazax Kommunal Müəssisələri Kombinatı üzrə 123.813 manat vəsait daxil olmuşdur. Bu isə ötən ilin müvafiq dövrü ilə müqayisədə 58.583 manat çoxdur. Ölkə Prezidentinin tapşırığı əsasında işsizliyin aradan qaldırılması məqsədilə 2017-ci ilin yanvar ayından Kommunal Müəssisələri Kombinatının yaşıllaşma və təmizlik sahələrində 108 nəfər işlə təmin olunmuşdur.
Qazax Mənzil İstismar Sahəsi tərəfindən ötən 3 ay ərzində 12 binanın dam örtüyündə sınmış və çatlamış şiferlər dəyişdirilmiş, çoxmərtəbəli yaşayış binalarının tüstü bacaları təmizlənmiş, 1 şəhid ailəsinin yaşadığı mənzil təmir olunmuşdur. Rüb ərzində sakinlərdən 3365 manat mənzil haqqı yığılmışdır.

Azərbaycan Respublikası Prezidentinin 20 oktyabr 2016-cı il tarixli sərəncamına əsasən Qazax şəhərində təmir işləri nəzərdə tutulmuş 24 ədəd çoxmənzilli binaların dam örtüyündə və fasad hissəsində təmir işləri başa çatmışdır. Vətəndaşların müraciətlərinə əsasən əlavə 7 ədəd çoxmənzilli binalarda təmir işləri nəzərdə tutulmuşdur, bunlardan da 4 binanın dam örtüyü dəyişdirilmiş, hazırda işlər davam edir. Cəmi 24 binaya qarşı 31 binada işlər görülmüşdür. Əlavə olaraq Qazax şəhərində 41 ədəd çoxmənzilli yaşayış binalarında təmir işlərinə başlanılmış və hazırda işlər davam edir. Bu işlərlə əlaqədar 103 nəfər işlə təmin olunmuşdur.
2017-ci ilin 3 ayı ərzində rayonun təhsil, mədəniyyət və səhiyyə müəssisələri tərəfindən də bir sıra işlər görülmüşdür.
Rayon Təhsil şöbəsinin tabeliyində olan 34 tam orta, o cümlədən 1 məktəb-lisey, 6 ümumi orta, 7 ibtidai məktəb və 5 məktəbdənkənar müəssisə fəaliyyət göstərir. Cari dərs ilində ümumtəhsil məktəblərində təhsil alan 11.691 nəfər şagirdin təlim-tərbiyəsi ilə 1.713 nəfər müəllim məşğul olur.
Qazaxda 2017-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının  yekunları və qarşıda duran vəzifələr müzakirə olunub
2017-ci ilin yanvar ayında keçirilən fənn olimpiadalarının rayon turunda 309 nəfər şagird iştirak etmişdir. Zona mərhələsində yüksək yer tutmuş 1 nəfər şagird aprel ayında Bakı şəhərində keçiriləcək respublika turunda iştirak edəcəkdir.
“Fövqəladə Hallar uşaqların gözü ilə” müsabiqəsinin Respublika mərhələsində Qazax şəhər 5 saylı tam orta məktəbin şagirdi Bayramov Nurlan “Model Nominasiyası”nda üçüncü yerə çıxmışdır. Təhsil Nazirliyi və Fövqəladə Hallar Nazirliyinin Diplomu və qiymətli hədiyyələrlə mükafatlandırılmışdır.

Rayonda tədrisin keyfiyyətinin artırılması məqsədilə rayon Təhsil Şöbəsi tərəfindən ayrı-ayrı fənlər üzrə 8 nəfərdən ibarət işçi qrupu yaradılmışdır. İşçi qrupu tərəfindən tədrisin vəziyyətini öyrənmək məqsədilə 24 məktəbdə 188 müəllimin dərsləri dinlənilmişdir. Dinləmələrin nəticəsinə görə 75 müəllim yüksək, 35 müəllim yaxşı, 55 müəllim orta, 23 müəllim isə zəif qiymətləndirilmişdir. Yüksək nəticə göstərmiş müəllimlərdən Tünzalə Hacıyeva, İlkin Hüseynov, Könül Kərimova, Gülnarə Hadıyeva, Şəlalə Musayeva, Venera Quliyeva və digər yüksək bilikli müəllimləri qeyd etmək olar. Göstəricilərə əsasən şəhər 1 və 2 saylı, məktəb-lisey, şəhər ümumi orta məktəb, Çaylı kənd 2 saylı tam orta məktəbləri yüksək, Xanlıqlar kənd ümumi orta məktəbi isə zəif nəticə göstərmişdir. Hal-hazırda bu istiqamətdə işlər davam etdirilir. 2016-2017-ci tədris ilinin sonunda görülmüş işlərin nəticələri geniş müzakirə olunaraq müvafiq tədbirlərin görülməsi nəzərdə tutulmuşdur.
Qazaxda 2017-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının  yekunları və qarşıda duran vəzifələr müzakirə olunub
Rüb ərzində ümumtəhsil məktəblərində orta aylıq davamiyyət 94,3 faiz olmuşdur. 2017-ci ilin mart ayında məktəblilərin yaz tətilində “Ölkəmizi tanıyaq” tur-aksiyasında rayonun IX-XI sinif şagirdlərindən 40 nəfəri Qəbələ-Şəki-Zaqatala bölgəsində olmuşdur. Tur-aksiya zamanı keçirilən bilik yarışmasında rayonumuzun komandası yüksək nəticə göstərərək birinci yerə layiq görülmüşlər. Həmin şagirdlər fəxri fərmanla mükafatlandırılmışdır.

Rayonda 25 körpələr evi-uşaq bağçası fəaliyyət göstərir ki, bunlardan 6-sı şəhərdə, 19-u isə kəndlərdə yerləşir. Bağçalar “Ərzaq Məhsullarının Təchizatı və Təminatı” ASC tərəfindən ayda iki dəfə vaxtı-vaxtında ərzaqla təmin olunurlar və buna rayon İcra Hakimiyyəti tərəfindən daim nəzarət olunur. Qazax şəhərində 2, 3, 4 və 6 saylı körpələr evi-uşaq bağçaları istilik sistemi ilə təchiz olunmuşdur.

Fəaliyyəti dayandırılmış Aşağı Əskipara kənd körpələr evi-uşaq bağçası 25 yanvar 2017-ci il tarixindən Qazaxbəyli kəndində məcburi köçkünlər üçün salınmış qəsəbədə yeni tikilmiş, müasir tələblərə cavab verən binada yenidən fəaliyyətə başlamışdır.
Dövlət Proqramına uyğun olaraq Qazax şəhərində tikintisi nəzərdə tutulmuş 100 yerlik körpələr evi-uşaq bağçasının tikintisi davam etdirilir. Bundan əlavə Daş Salahlı kəndində 2 və 3 saylı uşaq bağçalarında əsaslı təmir və yenidənqurma, Kosalar kənd 2 saylı uşaq bağçasında əsaslı təmir işlərinə başlanılmış və hazırda işlər davam etdirilir.
Qazaxda 2017-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının  yekunları və qarşıda duran vəzifələr müzakirə olunub
Qazax şəhərdə fəaliyyət göstərən 5 körpələr evi-uşaq bağçasının müdirlərinin işlərini günün tələblərinə uyğun qurmaqları məqsədilə 16 yanvar 2017-ci il tarixdə yerləri dəyişdirilmişdir. Lakin, təkrar yol verdikləri nöqsanlara, işlərində dönüş yaratmadıqlarına, xüsusi ilə uşaqlara verilən yeməklərə laqeyd münasibət bəslədiklərinə, qruplarda siyahıdan əlavə artıq uşaq saxladıqlarına görə 6 saylı körpələr evi-uşaq bağçasının müdiri, iki tərbiyəçisi, təsərrüfat müdiri və aşbaz köməkçisi, 4 saylı körpələr evi-uşaq bağçasının müdiri, Daş Salahlı kənd 3 saylı körpələr evi-uşaq bağçasının müdiri və Hüseynbəyli kənd uşaq bağçasının müdiri tutduqları vəzifədən kənarlaşdırılmışdır.
Qazaxda 2017-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının  yekunları və qarşıda duran vəzifələr müzakirə olunub
Fövqaladə Hallar Nazirliyinin yerli nümayəndəliyi ilə birlikdə rayonun körpələr evi-uşaq bağçalarında və təhsil müəssisələrində yanğın təhlükəsizliyi ilə bağlı tədbirlər planı hazırlanmış, işçilərin təlimatlandırma jurnalı tutulmuş, təlimatlar verilmiş, yanğının qarşısını almaq üçün məsul şəxslər təyin olunmuş, qruplar yaradılmış və xəbərverici lövhələr hazırlanıb asılmışdır.
Qazax şəhərinin mərkəzində yerləşən Ədəbiyyat Müzeyində əsaslı təmir işləri aparılmış, binanın daxilində yenidənqurma işləri görülərək ekspozisiya bölmələri yaradılmışdır. Ağstafa Regional Mədəniyyət və Turizm İdarəsinin Qazax rayon üzrə nümayəndəliyi tərəfindən 2017-ci ilin 3 ayı ərzində rayonda Yeni il şənliyi, 2 Fevral Gənclər Günü, 8 Mart Beynəlxalq Qadınlar bayramı, Novruz bayramı, 20 Yanvar faciəsi, 26 Fevral Xocalı faciəsi, 31 Mart Azərbaycanlıların Soyqırım Günü ilə bağlı kütləvi tədbirlər geniş və əhatəli keçirilmişdir.

Qazax rayon Mərkəzi Xəstəxanasının nəzdində 135 çarpayılıq şəhər xəstəxanası, 30 çarpayılıq Uşaq xəstəxanası, 1 Təcili Yardım stansiyası, 3 Poliklinika, 100 çarpayılıq Ruhi xəstəxana, 16 kənd həkim məntəqəsi və 17 kənd tibb məntəqəsi fəaliyyət göstərir. Bundan əlavə rayonumuzda respublika tabeçiliyində olan Müalicə Diaqnostika Mərkəzi və 113 xidməti fəaliyyət göstərir.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2012-ci il tarixli 374s saylı sərəncamına uyğun olaraq köhnə Mərkəzi rayon Xəstəxanasının yerində yeni 145 çarpayılıq Mərkəzi rayon Xəstəxana Kompleksinin tikintisi surətlə davam etdirilir. Rayon Mərkəzi Xəstəxanasında 2670 nəfər şəkərli diabet xəstəsi, 331 nəfər vərəmli xəstə, 655 nəfər onkoloji xəstə dispanser qeydiyyatdadır. Hesabat dövründə rayonun səhiyyə müəssisələrinə ambulator gəlişlərin sayı 38.682 nəfər olmuş, 225 nəfər rentgen-flüoqrafiya müayinəsindən keçirilmiş, 98 nəfər əməliyyat olunmuş, 351 nəfər laborator müayinədən keçirilmişdir.
Qazaxda 2017-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının  yekunları və qarşıda duran vəzifələr müzakirə olunub
Fevral ayının 15-dən etibarən dövlət başçısı İlham Əliyev cənablarının tapşırığına əsasən ölkəmizdə əhalinin tibbi müayinədən keçirilməsi aksiyası Qazax rayonunda da uğurla davam etdirilir. 40.276 nəfər əhali tibbi müayinədən keçirilmiş, 39.363 nəfər sağlam hesab edilmiş, 603 amblator müalicəyə, 160 nəfər stasionar müalicəyə, 75 nəfər isə Bakı şəhərində əlavə müayinə və müalicəyə göndərilmişdir. Vərəmli, şəkərli diabet, onkoloji xəstələrin aşkarlanaraq müalicəyə cəlb edilməsi gücləndirilmiş, həmin xəstələr müntəzəm olaraq pulsuz dərman preparatları ilə təmin edilirlər. Rayon üzrə 1750 xəstəyə qanda şəkərin miqdarını təyin edən “Qlukometr” aparatı paylanılmışdır.
Qazax Müalicə Diaqnostika Mərkəzinə 3 ay ərzində 6.084 ambulator gəliş olmuş, mərkəzdə 20.469 labaratoriya müayinələri olunmuş, 192 cərrahi əməliyyat aparılmış və hemodializ şöbəsinə 8 nəfər xəstə daxil olmuşdur. Xəstələr üzərində 1.975 hemodializ seans aparılmışdır.

Məhəmmədəli Pəhləvan adına güləş zalında əsaslı təmir işləri başa çatmış və istifadəyə verilmişdir.
Rayon Gənclər və İdman İdarəsi tərəfindən 2017-ci ilin 3 ayında gənclərlə iş sahəsi üzrə 7, bədən tərbiyəsı və idman sahəsi üzrə 9 tədbir keçirilmişdir. Keçirilən tədbirlərdə gənclərin bütün təbəqələri təmsil olunmaqla 1.664 nəfər yeniyetmə və gənc iştirak etmişdir. Hesabat dövründə beynəlxalq yarışlarda 9, respublika yarışlarında 34 nəfər idmançımız mükafata layiq yerlər tutmuşdur.
2017-ci ilin birinci rübündə rayon üzrə əsas kapitala yönəldilən investisiyaların həcmi 2.371.100 manat, ümumi məhsul buraxılışının həcmi 31.820.000 manat olmuşdur ki, bu ötən ilin müvafiq dövrü ilə müqayisədə 2 faiz çoxdur. Sənaye məhsulunun ümumi həcmi 3.570.000 manat keçən ilə nisbətən 5,2 faiz çox, kənd təsərrüfatı məhsullarının həcmi 9.300.000 manat 2016-cı ilə nisbətən 1,4 faiz çox olmuşdur. Adambaşına düşən ümumi məhsulun həcmi 322 manat, orta aylıq əməkhaqqı 263 manat olmuşdur.
Qazaxda 2017-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının  yekunları və qarşıda duran vəzifələr müzakirə olunub
“Regionların sosial-iqtisadi inkişafı üzrə Dövlət Proqramı” ilə əlaqədar Qazax rayonunda davamlı surətdə yeni iş yerləri açılır. Birinci rübdə 5 yeni müəssisə yaradılmış, 630-u daimi olmaqla 660 yeni iş yeri açılmışdır. 2017-ci ilin 3 ayı ərzində Qazax Məşğulluq Mərkəzinə 16 müəssisədən 271 boş iş yeri təqdim edilmiş, müraciət etmiş 1241 nəfər vətəndaşlardan 924 nəfəri iş axtaran kimi qeydiyyata alınmış, 266 nəfər münasib işlə təmin olunmuş, 61 nəfərə işsizlik statusu verilmiş və müavinat təyinatı aparılmışdır.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığı əsasında “ASAN xidmət” mərkəzlərinin olmadığı regionlarda vətəndaşların dövlət xidmətləri ilə təmin edilməsi üçün müasir texniki avadanlıqla təchiz olunmuş “ASAN qatar” konsepsiyası reallaşdırılıb. Fevral ayının 1-dən etibarən ilk olaraq Səyyar “ASAN qatar” Qazax rayonunda sakinlərə 15 gün müddətində səyyar formada xidmət göstərmişdir. 15 gün ərzində xidmətlərdən 4531 nəfər vətəndaş yararlanmışdır.
Rayonda “Regionların sosial-iqtisadi inkişafı üzrə Dövlət Proqramı”na uyğun olaraq təmir-tikinti, abadlıq, bərpa, quruculuq işləri ötən ildə olduğu kimi 2017-ci ilin birinci rübündə də davam etdirilmişdir.
Qazax şəhəri H.Əliyev prospektində və küçələrə 3890 p/m uzunluğunda yeni bardür düzülmüş, 22 kv.m əraziyə tamet döşənmiş bu istiqamətdə işlər davam edir.

Qazax şəhərinin mərkəzində yerləşən “Fəxri Qazaxlılar” parkında yenidənqurma işləri aparılmış, fəvvarə kompleksləri yenidən qurulmuş, parkın ərazisinə tamet döşənmiş, bardürlar düzülmüş, yeni işıqlandırma sistemi qurulmuş, yeni oturacaqlar qoyulmuş və qazon otu, dekorativ ağac və gül kolları əkilmişdir. Bu işlərin davamı olaraq Şəhidlər Xiyabanı küçəsində, Cümə məscidinin qarşısında abadlıq işləri davam etdirilərək əraziyə tamet döşənir, bardür düzülür, işıq sistemi quraşdırılır və yaşıllıqlar salınır. Şəhidlərin abidə kompleksində tamamilə yenidənqurma işləri davam etdirilir.
Səməd Vurğun adına parkda yenidənqurma işləri yekunlaşmış, parkın 1922 kv.m sahəsinə yeni tamet döşənmiş, 119 p/m uzunluğunda yeni bardürlər düzülmüş, yaşıllıqlar salınmış və yeni işıqlandırma sistemi quraşdırılmışdır.
Qazaxda 2017-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının  yekunları və qarşıda duran vəzifələr müzakirə olunub
Qazax şəhəri ərazisində hərbi şəhərcikdə şəhidlərin xatirəsinə 1 bulaq, Milli Qəhrəman Firuddin Şamoyevin xatirəsinə 1 bulaq tikilib istifadəyə verilmişdir. 3 bulaq yenidən qurularaq müasir görkəmə salınmışdır. Bu işlərin davamı olaraq rayonun Qazaxbəyli kəndində Milli Qəhrəman Alı Mustafayevin adına yeni bulaq kompleksinin tikintisi başa çatmışdır.
“Azərxalça” ASC tərəfindən Qazax şəhərində 160 iş yerlik Xalça müəssisəsinin tikintisi davam edir.

Qızıl Hacılı kəndinin sakinləri üçün Nazirlər Kabinetinin 3 mart 2015-ci il tarixli 77s saylı Sərəncamı ilə 19,4 hektar torpaq sahəsinin təyinatı dəyişdirilmiş, 78 ailəyə fərdi yaşayış evlərinin bütün infrastrukturlarla birlikdə tikilməsi məqsədilə sənədləşmə işləri aparılır.

Qazax şəhərinin su-kanalizasiya sisteminin yenidən qurulması işlərinə başlanılacaqdır.

“Azəravtoyol” ASC tərəfindən Bakı-Tbilisi avtomobil yolunu Qazax–Əskipara yolu ilə birləşdirən, uzunluğu 6 km olan 7705 nəfər əhalinin yaşadığı Çaylı kəndinin içərisindən keçən avtomobil yolunun tikintisi işləri davam etdirilir. Uzunluğu 7 km olan strateji əhəmiyyətli Cəfərli kəndini Qazax-Uzuntala avtomobil yolu ilə birləşdirən yolun tikintisi üçün hazırlıq işləri görülür.

Rayonun kənd yaşayış məntəqələrindən Fərəhli kəndində 8 km, Daş Salahlı kəndində 10 km, Aslanbəyli kəndində 3 km, Çaylı kəndində 3 km, Qazaxbəyli kəndində 6 km, Orta Salahlı kəndində 4 km, Hüseynbəyli kəndində 2 km, Qarapapaq kəndində 2 km, Ağköynək kəndində 1,5 km olmaqla, cəmi 39,5 km uzunluğunda kənddaxili yollara qum-çınqıl döşənmiş, bu istiqamətdə işlər davam edir.
Məzəm və Quşçu Ayrım kənd sakinlərinin rayon mərkəzinə təhlükəsiz gediş və gəlişini təmin etmək məqsədilə Qazax-Quşçu Ayrım avtomobil yolunun Alpout kəndi ilə Quşçu Ayrım kəndini birləşdirən hissəsində alternativ olaraq ikinci yolun çəkilişi işləri davam edir.
Hər birinin illik istehsal gücü 50 min ton olan "Mətanət A" şirkəti tərəfindən Daş Salahlı kəndində və "Carçıoğlu" şirkəti tərəfindən Xanlıqlar kəndində 2 yeni Əhəng zavodlarının tikintisi davam edir. Həmin zavodlarda 450-ə yaxın yeni iş yerinin açılması nəzərdə tutulmuşdur.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Qarabağ və şəhid ailələri üçün 2014-cü ilin dekabr ayında tikintisinə başlanılmış 14 fərdi yaşayış evlərindən 8-i istifadəyə verilmiş, 6-da işlər yekunlaşmış, 2017-ci ildə isə daha 5 yaşayış evinin tikintisinə başlanılmışdır.
BDU-nin Qazax filialı üçün yeni bina kompleksinin tikintisi məqsədilə torpaq ayırma sənədləri hazırlanır.
2017-cı ilin birinci rübü ərzində Qazax rayonunda kənd təsərrüfatı məhsullarının artırılması məqsədilə də bir sıra səmərəli işlər görülmüş və müsbət nəticələr əldə olunmuşdur.

Kənd təsərrüfatı bitkilərinin normal suvarma suyu ilə təmin etmək məqsədilə Qazax Suvarma Sistemləri İdarəsi və Melioservis İdarəsi tərəfindən birinci rübdə plana uyğun olaraq arxlarda 112 min kubmetr lildən təmizləmə işləri aparılmışdır. Rayon İcra Hakimiyyətinin bilavasitə rəhbərliyi ilə 269 km uzunluğunda arx və kanallar kol-kosdan, lildən təmizlənərək vegetasiya suvarmasına tam hazır vəziyyətə gətirilmişdir. Bu istiqamətdə işlər davam etdirilir. Hazırda “Ağstafaçay” su dəryaçasında 55 mln kubmetr su vardır, gündəlik daxilolma gündəlik çıxışdan 9 kubmetr/san artıqdır. “Coğazçay” su dəryaçasında 5 mln kubmetr su vardır, daxilolma çıxışdan 0,1 kubmetr/san artıqdır, “İncəçay” su dəryaçasında 0,8 mln kubmetr su vardır, daxilolma çıxışa bərabərdir. Rayonda 6 Sudan İstifadə Birlikləri fəaliyyət göstərir, bu birliklərdə 42 nəfərdən ibarət işçi heyəti vardır və suvarma suyunun itkisiz və səmərəli istifadə olunmasına ciddi nəzarət olunur.

2017-ci ilin məhsulu üçün cəmi 10.882,6 hektar taxıl səpilmişdir ki, bunun 72,6 hektarı 2017-ci ilin birinci rübündə aparılmışdır. Kartof əkini üçün nəzərdə tutulmuş 800 hektar ərazidən 616,37 hektarında səpin işləri aparılmış, qarğıdalı üçün nəzərdə tutulmuş 422 hektar ərazidən 170,3 hektar ərazidə səpin işləri aparılmış, şəkər çuğunduru üçün nəzərdə 500 hektar ərazidən 370,75 hektar ərazidə səpin işləri aparılmışdır. Bundan əlavə 29,8 hektar vələmir, 8 hektar günəbaxan, 32,1 hektar tərəvəz, 70,3 hektar sorqo, 539,7 hektar yonca, 5,7 hektar paxlalı bitkilər səpilmiş və səpin işləri davam etdirilir. Tütün əkini ilə bağlı 1.080 kvadratmetr ştilliklər hazırlanaraq toxum səpilmişdir. Tütün əkiləcək 50 hektar sahələrdə şum aparılmışdır. 14 nəfər tütün istehsalçılarının quru tütünü təhvil vermələri üçün “İlham M” MMC tütün qəbulu müəssisəsi ilə müqavilələr bağlanmışdır. 5.500 kq barama becərilməsi nəzərdə tutulmuş və hazırlıq işləri davam etdirilir. Rüb ərzində 50,5 hektar fındıq bağı salınmış, rayonun Ağköynək kəndində 1 hektar ərazidə tərəvəzlərin yetişdirilməsi məqsədilə yeni istixana kompleksinin tikintisi başa çatmışdır.
Qazaxda 2017-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının  yekunları və qarşıda duran vəzifələr müzakirə olunub
Hesabat dövründə bitkiçilik sahəsində olduğu kimi, heyvandarlıq sahəsində də uğurlar əldə olunmuşdur. Süni yolla mayalandırılmış heyvanlardan 71 baş bala alınmış və həmin balalara görə subsidiyaların alınmasına görə sənədlər Respublika Komissiyasına təqdim edilmişdir. 117 baş iribuynuzlu heyvanlarda süni mayalanma aparılmışdır. Heyvandarlıq sahəsində zoobaytar tədbirlərinin planlı surətdə həyata keçirilməsinin nəticəsidir ki, məhsul istehsalı dinamik surətdə artmaqdadır. Belə ki, ət istehsalı ötən ilin müvafiq dövrü ilə müqayisədə 3 ton artaraq 1.390 ton, süd istehsalı 1 ton artaraq 7.600 ton, yumurta istehsalı 5.000 ədəd artaraq 2.695.000 ədəd olmuşdur.

Qazax rayon Baytarlıq İdarəsi tərəfindən 2017-ci ilin birinci rübündə epizootik, müalicə-profilaktik tədbirlər planına uyğun olaraq 30.446 baş iribuynuzlu və 1.084 baş təkdırnaqlılar qarayara, 29.840 baş iribuynuzlu heyvanlar dabax, 5.457 baş sahibli ev itləri quduzluq xəstəliyinə qarşı, 3.133 baş xırdabuynuzlular Bruseliyoza qarşı Rev-1 ilə peyvənd edilmişdir. Həmçinin 106.838 baş körpə ev quşları taun xəstəliyinə qarşı “H” vaksini ilə peyvənd olunmuşlar.

2017-ci ilin 3 ayı ərzində rayon İcra Hakimiyyətinə 341 müraciət daxil olmuşdur ki, bunlardan 18-i minnətdarlıq və təşəkkür məktublarıdır. Müraciətlərdən 52-i Prezidentin Administrasiyasına, 4-ü Milli Məclisə, 4-ü Nazirlər Kabinetinə, 9-u respublikanın digər təşkilatlarına, 272-i isə bilavasitə İcra Hakimiyyətinə ünvanlanan müraciətlərdir. 2016-cı ilin 3 ayı ilə müqayisədə Prezidentin Administrasiyasına daxil olmuş müraciətlər azalmış, bilavasitə İcra Hakimiyyətinə daxil olmuş müraciətlər isə artmışdır.
Rayon İcra Hakimiyyəti Başçısının Aparatına daxil olan müraciətlərin təhlili göstərir ki, müraciətlərin 20,2 faizi mərkəzi orqanlardan, 79,8 faizi isə vətəndaşlar tərəfindən daxil olmuşdur. Keçən ilin müvafiq dövründə isə müraciətlərin 43 faizi mərkəzi orqanlardan, 57 faizi isə vətəndaşlar tərəfindən daxil olmuşdur. Daxil olan müraciətlərin 29,3 faizi müsbət həll olunmuş, 7,0 faizi qismən həll olunmuş, 1,2 faizi əsassız sayılmış, 42,5 faizinə müvafiq izahat verilmiş, 20 faizi isə icradadır. Keçən ilin müvafiq dövrü ilə müqayisədə müsbət həll olunmuş müraciətlər 12 faiz artmışdır.
Qazaxda 2017-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının  yekunları və qarşıda duran vəzifələr müzakirə olunub
Qazax şəhər N.Nərimanov qəsəbəsi 10-11 saylı binalarda yaşayan bir qrup vətəndaşın ərizəsi əsasında araşdırma aparılmış və məlum olmuşdur ki, MİS tərəfindən mənzillərin paylanılmasında neqativ hallara yol verilmişdir. Belə ki, şəhid ailəsi Hacıyeva Sarabəyim Əhəd qızı 5 nəfər vətəndaşdan külli miqdarda vəsait alaraq Qazax MİS-in balansında olan mənzillərin ona məxsus olduğunu bildirərək həmin mənzilləri vətəndaşlara satdığını bildirmişdir. Bununla əlaqədar aidiyyəti qurumlar qarşısında məsələ qaldırılmışdır.
2016-cı ilin ilk 3 ayı ərzində Qazax RİH Başçısının RİHB aparatında keçirdiyi qəbullar zamanı 136 nəfər, 2017-ci ilin ilk 3 ayı ərzində isə 504 nəfər vətəndaş müxtəlif məsələlər üzrə müraciət etmişdir. Müraciətlərdən 29-u torpaqla əlaqədar məsələlər, 31-i mənzillə təmin olunmalarına, 41-i evinin təmir olunmasına köməklik, 188-i işlə, 34-ü isə ünvanlı sosial yardımla təmin olunmalarına köməklik, 6-sı görülmüş işlərin nəticəsi ilə əlaqədar minnətdarlıq və təşəkkürünü bildirmiş, 175-i isə digər məsələlərlə əlaqədar olmuşdur.
2017-ci ilin 3 ayı ərzində Qazax RİH Başçısı tərəfindən kəndlər və şəhərdə 14 səyyar görüş keçirilmişdir. Həmin görüşlərdə iştirak edənlərin sayı 4.357 nəfər, müraciət edənlərin sayı 150 nəfər olmaqla 78 təklif irəli sürülmüşdür. Qaldırılan problemlər və təkliflərdən 42-i icra edilmiş, 6 məsələ üzrə işlər davam edir, 30 təklif ilə əlaqədar isə aidiyyəti təşkilatlar qarşısında məsələ qaldırılmışdır.

Məruzə ətrafında çıxışlar olub. Qazax rayon Suvarma Sistemləri İdarəsinin rəisi Abbas Göyüşov, Elekrik Şəbəkəsinin rəisi Elşad Məmmədov, Şəmkir Regional Qaz İstismar İdarəsinin Qazax rayonu üzrə rəis müavini İlkin Nəsibov, Su-kanal İdraəsinin rəisi Alı Hüseynov, Kənd Təsərrüfatı İdarəsinin rəisi Həmid Pənahov, Telekommunikasiya Qovşağının rəisi Nizaməddin Məmmədov, Təhsil şöbəsinin müdiri Nizaməddin Babanlı, RİHB-nın Daş Salahlı kənd İƏD üzrə nümayəndəsi Tahir Hüseynli, Çaylı kənd İƏD üzrə nümayəndəsi Ceyhun Binnətov çıxış edərək rəhbərlik etdikləri sahələrdə görülən işlərdən və qarşıda duran vəzifələrdən danışıblar.

Çıxış edənlərdən ağsaqqal, Quşçu Ayrım kənd sakini Yusif Nəbiyev sərhəd kəndlərində yaşayan kənd sakinlərinə, AYB-nin Qazax zona filialının sədri, əməkdar incəsənət xadimi, şair Barat Vüsal yaradıcı insanlara göstərdiyi diqqət və qayğıya görə, işçi qrupunun üzvü, Çaylı kənd sakini Qəzənfər Qocayev isə kənd təsərrüfatı sahəsində görülən işlərə görə rayon rəhbərliyinə öz dərin minnətdarlıqlarını bildiriblər.
Qazaxda 2017-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının  yekunları və qarşıda duran vəzifələr müzakirə olunub
Qazax rayon İcra Hakimiyyətinin Başçısı Rəcəb Babaşov tədbirə yekun vuraraq bildirib ki, bundan sonra da Dövlət Proqramının icra olunmasında hər birimiz daha məsuliyyətlə çalışmalı, verilən tapşırıqların layiqincə yerinə yetirilməsində fəal iştirak etməliyik. Bu yolda hər birinizə uğurlar arzulayıram.

Elçin İSMAYIL


Facebook-da paylaş