• Təqvim

  • Unutma

  • Maraq



Bu il qazaxlı kümçülər 6 ton yaş barama istehsal etməyi nəzərdə tutmuşlar

Respublika mətbuatı Qazax haqqında


Prezident İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq son illər respublikamızda kənd təsərrüfatının ənənəvi və ixracyönümlü sahələrindən olan baramaçılığın inkişafı istiqamətində mühüm işlər həyata keçirilir.

Xüsusilə dövlət başçısının "Azərbaycan Respublikasında baramaçılığın və ipəkçiliyin inkişafına dair 2018-2025-ci illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında 27 noyabr 2017-ci il tarixli Sərəncamından sonra baramaçılığın inkişaf etdirilməsi istiqamətində yeni imkanlar açıldı.

Dövlət proqramının icra olunması nəticəsində ölkəmizdə artıq ipəkçiliyin müasir infrastrukturu yaradılmış və yeni tut bağları salınmaqla bu sahədə möhkəm yem bazası yaradılmışdır.

Respublikamızın digər bölgələrində olduğu kimi, Qazaxda da dövlət başçısının baramaçılığın inkişafı ilə bağlı qarşıya qoyduğu vəzifələrin icrası istiqamətində son illər ardıcıl tədbirlər həyata keçirilir və bu sahədə uğurlu nəticələr əldə edilir. 2016-cı ildən geniş vüsət alan bu proses ildən-ilə genişləndirilərək yeni-yeni uğurlara imza atılır. Dövlətin sahənin inkişafına göstərdiyi diqqət və qayğıdan bəhrələnən rayon kümçüləri iqtisadi cəhətdən gəlirli olan baramaçılığın inkişafı üçün bütün imkanlardan maksimum istifadə etməyə çalışırlar.

Qeyd edək ki, artıq beşinci ildir ki, rayonda ipəkqurdu bəslənilir. Hər il uğurlu göstəricilərə nail olan rayon sakinləri bu il 6 ton yaş barama istehsalını nəzərdə tutmuşlar. Bu məqsədlə Alpout, Aşağı Salahlı, Aslanbəyli, Birinci Şıxlı, Çaylı, Cəfərli, Daş Salahlı, Dəmirçilər, Hüseynbəyli, Kəmərli, Kosalar, Orta Salahlı, Qaymaqlı, Xanlıqlar və Yuxarı Salahlı kəndlərində baramaçılıqla məşğul olan sakinlərə 150 qutu ipəkqurdu toxumu paylanmışdır.

Onu da demək lazımdır ki, Qazax Rayon İcra Hakimiyyəti baramaçılıqla məşğul olan sakinlərə böyük diqqət və qayğı göstərir. RİH əməkdaşları tez-tez kümçülərin yanında olaraq onların problemləri ilə maraqlanırlar. Elə bu günlərdə RİH başçısı Rəcəb Babaşov Qazax Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru Həmid Pənahovla birlikdə ipəkqurdu toxumu paylanmış Kəmərli, Qaymaqlı, Aslanbəyli və Daş Salahlı kəndlərində olmuş və ipəkqurdu toxumunun saxlanma şəraiti və mövcud vəziyyətlə maraqlanmışlar. Kümçülərlə keçirilən görüş zamanı diqqətə çatdırılmışdır ki, ipəkqurdu toxumunu yetişdirmək üçün əvvəlcədən lazım olan bütün hazırlıq işləri görülmüş və otaqlar istiliklə təmin edilmişdir. İlk dəfə baramaçılıqla məşğul olan kümçülər bu işdə mütəxəssislərin məsləhətlərindən yararlandıqlarını bildirmişlər.

Sabir ƏLİYEV,

"Azərbaycan” qəzetinin bölgə müxbiri

21 may 2020-ci il




Facebook-da paylaş