Necəsən, sərhəd kəndi? » Göyəzən internet portalı


Necəsən, sərhəd kəndi?

Necəsən, sərhəd kəndi?
Qazaxın son vaxtlar öz görkəmini necə dəyişməsi, burada aparılan genişmiqyaslı abadlıq-quruculuq işləri haqqında vaxtaşırı yazılar vermişik. Azərbaycanın “Qərb qapısı” adlandırılan bu rayon, sözün əsl mənasında, özünün intibah dövrünü yaşayır. Əvvəlki illərdən fərqli olaraq, adamlar torpaqdan daha səmərəli istifadə etməyə başlayıblar. Çünki rayonda onlara lazımi şərait yaradılır, su, texnika, dərman preparatları problemləri həll olunur, icra hakimiyyəti tərəfindən hərtərəfli dəstək göstərilir. Daha bir vacib amil hər cür neqativ halların--rüşvətxorluğun, korrupsiyanın qarşısının alınması, süründürməçilik hallarının aradan qaldırılması, nizam-intizamın gücləndirilməsi, məmur-vətəndaş münasibətlərinin nizama salınmasıdır.

Sabitlik, əmin-amanlıq olmasa, sərhədlərimiz göz bəbəyi kimi qorunmasa, təbii ki, bu işləri də görmək mümkün deyil. Elə isə Ermənistanla 168 kilometr sərhədi olan Qazaxın sərhəd kəndlərində vəziyyət necədir? Bu suallara cavab almaq üçün düşmənlə üzbəüz dayanan kəndlərə yollandıq və təəssüratımızı da sizinlə bölüşürük.

Atəş altında mərd dayanan Bala Cəfərli

Hər dəfə sərhəd kəndlərinə gedəndə qəribə hisslər keçirirəm. Nədənsə, bu yerlərin adamları ilə görüşə nə qədər həvəslə yollansam da, daxilimdə bir narahatçılıq, gərginlik olur, verəcəyim, alacağım sualları özlüyümdə bəlkə də yüz dəfələrlə təkrar edirəm. Deyəsən, Cəfərli kənd inzibati ərazi dairəsi üzrə nümayəndə Şahin Mustafayev də bunu hiss edir və idarə etdiyi maşının sürətini bir qədər də artırır:

– İndi sakinlərlə danışıb söhbət etmək, onların problemləri ilə maraqlanmaq, vəd vermək və ona əməl etmək daha asandır. Nə deyirlər, nəyi xahiş edirlər, yerinə yetirməyə çalışırıq. Çünki sərhəd kəndində yaşamağın özü bir igidlikdir. Demək olar ki, səhərdən axşamadək bir yerdəyik. Rayon rəhbərliyi də bizimlə birgə.

Rayon mərkəzindən 14 kilometr aralıda yerləşən Bala Cəfərli kəndinə çatırıq. Ş. Mustafayev maşınını təzə tikilmiş birmərtəbəli məktəb binasının yaxınlığında saxlayır. Erməni postları açıq- aydın görünür. Sanki əl uzatsan çatar. Mənfur qonşuların yaşadıqları Lələ kəndi, işğal olunmuş Barxudarlı, Sofulu Cəfərlinin ətrafında yerləşən kəndlərdir. Məlumat üçün bildirək ki, Cəfərli Ağstafa çayının sahilində, Gəncə-Qazax düzənliyində yerləşir. Ağstafa çayının üzərində salınmış su anbarı kəndi iki yerə böldüyündən ərazi Böyük Cəfərli və Bala Cəfərli kəndləri kimi adlandırılır.

Bala Cəfərli çox balaca bir kənddir. Burada cəmi 36 ev var və onun da yalnız 25-də yaşayış var. Kənd daim atəş altında olduğundan adamlar uzun müddət əkin-biçinlə məşğul ola bilməyiblər. Amma bütövlükdə rayon icra hakimiyyətinin bir sıra mühüm tədbirlər həyata keçirməsi nəticəsində Cəfərlidə keçən il 300 hektar buğda, 150 hektar arpa, 40 hektar vələmir, 91 hektar kartof və digər kənd təsərrüfatı məhsulları əkilib. Bala Cəfərlidə evlərin dam örtükləri, demək olar ki, hamısı yenidən təmir olunub.

...Kəndə kənar adam gələndə hamı xəbər tutur, maraqlanır, yaxına gəlib tanış olur, nəsə soruşur. Bu dəfə də belə olur. Bir də baxdıq ki, bizi dövrəyə alıblar. Amma onlar sual verməyə macal tapmamış biz fürsətdən istifadə edib adamların günü-güzəranı ilə maraqlandıq.
Necəsən, sərhəd kəndi?
– Əvvəllər kənd atəşə tutulanda, açığı, bir qədər gərginliyimiz olurdu, – deyə rayon sakini Ceyhun Rəhimov Bala Cəfərlinin indiki durumundan söz salır. – Amma xeyli vaxtdır ki, bu narahatlıqdan əsər-əlamət belə yoxdur. Əvvəla, bizim güclü ordumuz var və əsgərlərimiz imkan verməz ki, ermənilər həddini aşsın. Digər tərəfdən, atəş başlanandan beş-on dəqiqə keçməmiş bir də görürük ki, rayon icra hakimiyyətinin başçısı Rəcəb Babaşov başımızın üstündədir. Bəzən elə olur ki, saatlarla yanımızdan çəkilmir. Rayon rəhbərinin bu hərəkəti heç bilirsiniz adamlarımızın necə böyük ruh yüksəkliyinə səbəb olub! Toylarımızda, yaslarımızda iştirak edir. Hər bir evin qarşısına su çəkdirib. Əvvəllər içməli suyu əzab-əziyyətlə rayon mərkəzindən daşıyırdıq. Gündə şəhərə cəmi bir dəfə avtobus gedirdi. İndi 4 dəfə. Kənddə avtobus dayanacağına kimi tikdirib...

C.Rəhimov danışdıqca onu diqqətlə dinləyənlər başlarını tərpədərək deyilənləri təsdiq edir, özləri də danışmaq istəyirlər.
İbtidai məktəbin direktoru Yasəmən Quliyeva deyir ki, cəmi 5 şagirdləri olsa da, onlar bir saat da dərs buraxmırlar. Rəcəb müəllim hər dəfə kəndə gələndə dərs, davamiyyət, problemlər ilə maraqlanır, lazım gəldikdə həmin andaca kömək göstərir.

Ümumiyyətlə, Cəfərli kəndində adamlar arasında izahat-təbliğat işinin aparılması yaxşı səmərə verir. Burada 7 nəfərdən ibarət işçi qrupu yaradılıb və onun üzvləri vaxtaşırı olaraq adamlarla söhbətlər aparır, hər bir ailənin problemlərini öyrənir, kəndin üzləşə biləcəyi çətinliklərin həlli istiqamətində işlər aparır, vəziyyət barədə müvafiq qurumlara məlumat çatdırır və nəticəsini kənd sakinlərinə bildirirlər.

Qeyd edək ki, kənddəki evlərin hamısının dam örtüyü dəyişdirilib və ya təmir olunub. Bir neçə sakinin evi, demək olar ki, tamamilə yenidən tikilib. Qazax-Cəfərli yolunun böyük bir hissəsinə qum-çınqıl döşənib, nəqliyyatın normal gediş-gəlişi üçün şərait yaradılıb.

Ayrılarkən cavan bir oğlan bizə yaxınlaşıb dedi ki, sərhəd kəndində yaşayanlara diqqət və qayğı göstərilməsi bizə qol-qanad verir, düşmənin üzərinə əliyalın getməyə
ruhlandırır. Şəhid qardaşım Niyazinin ailəsinə hər cür kömək göstərilir, bu öz yerində. Lakin bu yaxınlarda atam rəhmətə gedərkən icra hakimiyyəti başçısının yas yerinə gəlməsi məni həm kövrəltdi, həm də bu dövlətə, onun Prezidenti İlham Əliyevə məhəbbətimi, inamımı birə-beş artırdı...

Cavan oğlan sözünün arxasını gətirə bilmədi və deyəsən, göz yaşlarını heç kimin görməməsi üçün tez də aralandı. Dedilər ki, bu kəndin şəhidi Niyazi Quliyevin qardaşı Nizami Quliyevdir. Ataları Allahverdi kişinin yas yerində Rəcəb müəllimin iştirak etməsi onu çox təsirləndirib.

Fərəhliyə gedən yol

Qazax-Quşçu Ayrım magistral avtomobil yolunun Göyəzən dağı istiqamətindən sağa bir yol burulur.Fərəhli kəndinə gedən yoldur və uzunluğu 4 kilometrdən çox olan bu yola qum-çınqıl döşənməsi, çalaların doldurulması, hamarlanması onu işlək bir yola çevirib. Deyirlər gələn il asfalt da salınacaq.

Sərhəd kəndi Fərəhli ağır günlər görüb. Vaxt olub ki, ermənilər fürsət tapıb kəndə doluşub, evləri yandırıb, uşaqlara, qocalara divan tutublar. Amma cəmi bir gün sonra onlara layiqli cavab verilib. Kənd cavanlarının, könüllü döyüşçü dəstələrinin köməyi ilə Fərəhli mənfurlardan azad edilib və elə o vaxtdan göz bəbəyi kimi qorunur. Lakin atəş səsləri yenə eşidilir və Fərəhli daim düşmən təxribatı ilə üzbəüz dayanıb.
Necəsən, sərhəd kəndi?
...Kənd inzibati ərazi nümayəndəsi Nəsimi Vəliyev bizi Fərəhlinin girəcəyində qarşılayır. Görüşüb hal-əhval tutduqdan sonra yenidən öz maşınına əyləşərək arxasınca sürməyimizi işarə edir. Kənddə əvvəlcə nümayəndəliyin binasında söhbət edirik. Hiss olunur ki, ermənilərlə üzbəüz dayanmaqları onları bir sıra təxirəsalınmaz tədbirləri həyata keçirməyə vadar edib.

Nəsimi Vəliyev deyir ki, nümayəndəlik iki kəndi – Fərəhli və Qızılhacılı kəndlərini əhatə edir. Fərəhli kəndində 909 nəfər, 234 təsərrüfat, Qızılhacılı kəndində 293 nəfər, 83 təsərrüfat var. Nümayəndəliyin ərazisi 2354 hektardır.

Nümayəndəliyin ərazisində ümumi orta məktəb, feldşer-mama məntəqəsi, diyarşünaslıq klubu, kitabxana və poçt var. Burada da işçi qrupu yaradılıb. Məqsəd kənd əhalisinin bütün problemləri ilə maraqlanmaq və onların həlli istiqamətində işlər görmək, aidiyyəti təşkilatlar qarşısında məsələ qaldırmaqdan ibarətdir. İnsafla demək lazımdır ki, işçi qrupu formal fəaliyyət göstərmir. Ortada konkret, səmərəli işlər var. İkinci kənd investisiya layihəsinin xətti ilə 9 min 800 metr kəndarası yollar qum-çınqılla təmir olunaraq hamarlanmışdır. Kənd əhalisinin istifadə etdiyi bulaqlarda təmir işləri aparılmış, su borusu yenisi ilə əvəz edilmişdir.
Kənddə elektrik enerjisinin və təbii qazın verilməsində, demək olar ki, fasilə olmur.

Yol kənarlarında və kəndarası yollarda müntəzəm olaraq iməciliklər keçirilir, ərazinin təmizliyini saxlamaq üçün əhali maarifləndirilir, izahat-təbliğat işləri aparılır. Kəndin giriş və çıxışlarında bildiriş lövhələri vurulmuş, mərkəzdə 3 ədəd məişət tullantıları qutusu quraşdırılmış, qəbiristanlıqda abadlıq-təmizlik işləri aparılmışdır. Düzü, bir sıra kəndlərdən fərqli olaraq Fərəhlidə bu sahəyə belə diqqət göstərilməsi bizi həm bir qədər təəccübləndirdi, həm də sevindirdi.

Bir azdan kənd sakinlərindən Musa Musayevlə, Sakit Daşdəmirovla, Alı Həsənovla görüşürük. Hiss olunur ki, rayonda onlara göstərilən diqqət və qayğıdan hədsiz razıdırlar.

– Bilirsiniz, ac da qalmaq olar, işıqsız, yanacaqsız da, amma laqeydliyi hiss edib yaşamaq çox çətin olar, – deyə Alı Həsənov rayon rəhbərliyinin onlara qarşı isti münasibətindən söhbət açır: Rəcəb müəllim elə bir şərait yaradıb ki, harda olmasına baxmayaraq, istədiyimiz vaxt ona öz sözümüzü deyə bilirik. Sadə adamdır, adamlardan uzaq gəzmir. Əksinə, ən azı, həftədə iki dəfə yanımızda olur, vəziyyətimizlə maraqlanır.

Öyrənirik ki, A.Həsənov könüllü döyüşçü dəstələrinin fəal üzvlərindən olub. 1992-ci il iyunun 8-də Fərəhlinin ermənilərdən təmizlənməsində yaxından iştirak edib.
Şəhidlərdən söz salırlar. Deyirlər ki, keçən ilin aprelində, elə bu günlərdə şəhid verdik. Həmkəndlimiz kapitan Mühid Orucov qəhrəmancasına həlak oldu. Onu burada dəfn etdik. O, ailəli idi və iki əkiz övladı qaldı. Mühid kəndinin 5-ci şəhidi oldu.

Nəsimi Vəliyev “əmim oğlu idi” deyir və sonra da əlini kəndin kənarındakı yüksəkliklərə uzadıb “onların axırına az qaıb, lap az” sözlərini dilə gətirir.

...Yenidən Qazax-Quşçu Ayrım magistral asfalt yoluna çıxırıq. Yolumuz Qazaxın sonuncu kəndinədir, düşmənin 150-200 metrliyində ¬dayanan Quşçu Ayrıma.

Qazançı dağının ətəyində bir kənd var

Quşçu Ayrım kəndi Qazançı dağının ətəyində yerləşir. Keçmişdə Qazax qəzasında Ayrım adlı iki kənd olub. Onları bir-birindən fərqləndirmək üçün Quşçu kəndinin yaxınlığında olanı Quşçu Ayrım, digəri isə Bağanis kəndi yaxınlığında olduğu üçün Bağanis Ayrım adlanıb.

Əslində, Quşçu Ayrım indi tək-tənha qalıb. Bu kəndin qonşuluğunda olan Bağanis Ayrım kəndi 1990-cı il martın 23-dən 24-nə keçən gecə əvvəlcədən təşkil edilən plan əsasında hücuma məruz qalmış və martın 24-ü səhər saatlarında ermənilər tərəfindən işğal edilmişdir. Bununla da ermənilərin işğal etdiyi ilk Azərbaycan kəndi kimi tarixə düşmüşdür. İşğal zamanı Bağanis Ayrım kəndinin əli silahsız, günahsız əhalisinə qarşı qəddarcasına divan tutulmuş və nəticədə 10 nəfər dünyasını dəyişmiş, 15 nəfərdən çox insan isə yaralanmışdır. 100-dən çox evi olan kənd talan olunmuş, əhalinin kənddən çıxara bilmədiyi ev əşyaları və mal-qara ermənilər tərəfindən mənimsənilmişdir. Xüsusi strateji əhəmiyyətli Bağanıs Ayrım kəndi İcevan – Noyanberyan avtomobil yolu üzərində yerləşdiyindən düşmən gələcəkdə daha rahat hərəkət etmək üçün bu kəndin işğalını xüsusi plan əsasında həyata keçirmişdir. Kənd işğal olunan zaman burada 600 nəfər yaşayırdı. Sonralar qonşuluqda olan Yuxarı Əskipara, Aşağı Əskipara, Xeyrimli kəndləri də işğal olundu. Əhalisi əsasən əkinçilik və maldarlıqla məşğul olan bu kəndlərin əsrarəngiz təbiəti, saysız-hesabsız bulaqları olub. İndi bu kəndlərdən məcburən köçən insanlar Qazax rayonunda müxtəlif yerlərdə məskunlaşıblar.

...Məzəm kəndindən keçərkən yolun kənarında tikilmiş istinad divarları diqqətimizi cəlb edir. Sonradan öyrənirik ki, buralardan keçmək olduqca təhlükəlidir və istinad divarları keçən il rayon icra hakimiyyətinin köməyi ilə inşa olunub və adamlar razılıq edirlər.

Quşçu Ayrıma gedən yolda hər hansı bir sakinə və ya nəqliyyat vasitəsinə, demək olar ki, rast gəlmədik. Adamların gündüzlər ehtiyatlı davranışını başa düşmək olar. Ermənilərin nəzarətində olan bir sıra yüksəkliklərdən istənilən vaxt atəş açırlar. Amma son vaxtlar Azərbaycan Ordusunun gücü, qüdrəti erməniləri dəlmə-deşiklərdə gizlənməyə vadar edib və onlar atəş açmağa açıq-aşkar qorxurlar. Lakin təhlükə bir an belə sovuşmayıb...

Quşçu Ayrım kənd inzibati ərazi nümayəndəsi Elman Nəsibov bizi gülərüzlə qarşılayır. Deyir ki, Quşçu Ayrım kənd İƏD üzrə Nümayəndəlik özündə iki kəndi – Quşçu Ayrım və Məzəm kəndlərini birləşdirir. Quşçu Ayrım kəndində 335 ailədə 1093 nəfər, Məzəm kəndində isə 105 ailədə 362 nəfər yaşayır.
Necəsən, sərhəd kəndi?
İcra nümayəndəsi məlumat verir ki, Quşçu Ayrım kəndində evlərin düşmən mövqelərinə baxan pəncərələrinin bağlanması üçün keçən il 143 evə daş, qum, sement verilmişdir. Şəhid Yavər Mirzəyevin xatirəsinə tikilmiş bulaqda və “Düzlü noy” adlanan bulaqda təmir işləri aparılmışdır.

Eyni zamanda, 4 kilometr kəndarası yola çınqıl döşənmiş və hamarlanmışdır. Şəhid anası Gülsəhər Məmmədovaya yeni yaşayış evi tikilmişdir. Kənd əhalisinin elektrik enerjisi, qaz və su ilə fasiləsiz təmin edilməsi məqsədilə bir sıra işlər görülmüşdür. Belə ki, iki pilləli su nasosunun mühərriki təmir edilmiş və bir ədəd transformator yenisi ilə əvəz olunmuşdur. Sakinlərdən Bəhruz Hüseynov, Yusif Nəbiyev, Lətif Dünyamalıyev və başqaları bizimlə söhbət zamanı onlara göstərilən diqqət və qayğıdan, rayon rəhbərinin tez-tez kəndə gəlib “mən həmişə yanınızdayam” deməsindən razı qaldıqlarından, daha da ruhlandıqlarından ağızdolusu danışırlar.

Məktəbin direktoru Yetər Mustafayeva isə 2014-cü ildə istifadəyə verilmiş binanın divarlarına dəymiş mərmi yerlərini göstərir. Ermənilərin yüksəklikdən iri çaplı silahlardan atdıqları mərmi və güllələrin binanın müxtəlif yerlərində açdığı dəliklərdən betonların armatur məftilləri görünür.

– Amma buna baxmayaraq, dərsə davamiyyət yüksək səviyyədədir, – deyə direktor bizi siniflərə baxmağa dəvət edir. Amma buna ehtiyac olmur. Zəng səsinə tənəffüsə çıxan şagirdlərin şən səsləri dəhlizlərə yayılır.

Ümumiyyətlə, Quşçu Ayrımın sakinləri fədakar insanlardır. Düşmənlə 150-200 metr məsafədə qarşı-qarşıya dayansalar da, heç nədən çəkinmirlər. Kənddən köçüb gedən yoxdur, əksinə gələn var. Dedilər ki, keçən il ailə qurduqları üçün başqa yerə 4 nəfər köçdüyü halda, 10 nəfər Quşçu Ayrıma yaşamağa gəlib. 2016-cı ildə kənddə 5 toy olub, 39 körpə doğulub.

Quşçu Ayrım indiyədək 16 şəhid verib. Lakin kənd camaatı Qazançı dağın ətəyində məğrur dayanıb.

...Sərhəd kəndinin adamlarında bir xüsusiyyəti bu dəfə daha qabarıq hiss etdim. Qonağı əvvəlcə başdan ayağa diqqətlə süzür, sonra da onun gözlərinin dərinliklərində nəsə axtarırlar. İsrarla bizi çay süfrəsinə dəvət edən köhnə dostum, təcrübəli dövlət qulluqçusu Elman Nəsibovdan bunun səbəbini soruşarkən gülümsədi:

– Bu adamlar gör neçə illərdir gecə-gündüz atəş altında yaşayır, məktəbə gedir, həyət-bacada işləyirlər. Buna artıq alışıblar və onlara ürək-dirək vermək də lazım deyil. sadəcə, “necəsən” deyə soruş. Sanki, dünyanı onlara bağışlayacaqsan. Elə axtardıqları da budur!

Hamlet Qasımov,
“Xalq qəzeti”nin bölgə müxbiri
11 aprel 2017-ci il



Facebook-da paylaş