Sərhəd kəndi Məzəmdə istinad divarının çəkilişi davam edir
Hər kəsə yaxşı
məlumdur ki, Ermənistanla 168 km sərhəddi olan Qazax rayonunun sərhəd kəndlərində
yaşayan sakinlər artıq 30 ildir ki, düşmən tərəfindən elan olunmamış
müharibənin ağrı-acılarını hələ də yaşayır. Qazax rayonunun Bağanıs Ayrım,
Xeyrımlı, Barxudarlı, Sofulu, Qızılhacılı, Yuxarı Əskipara və Aşağı Əskipara kimi 7
kəndi isə düşmən tapdağı altındadır. Vətən torpaqlarının ərazi bütövlüyü
uğrunda mənfur düşmənə qarşı aparılan döyüşlərdə Qazax rayonu yüzlərlə şəhid
verib. Qazaxın 287 nəfər şəhidi var. 7 nəfər igid oğlu Azərbaycanın Milli
Qəhrəmanı adına layiq görülüb. Daim erməni
silahlı birləşmələrinin atəşi altında olan, sərhədə ən yaxın məsafədə yerləşən
kəndlərdən biri də rayonun Məzəm kəndidir.
Ermənistan-Azərbaycan münaqişəsi başlayan ilk gündən bəri 65 evdən ibarət olan
bu kənd 8 şəhid verib. Bu qəhrəman kənddə 4 hərbçi öz torpaqlarının, kəndinin,
bütövlükdə Qazaxın müdafiəsi yolunda canından keçib. 4 nəfər kənd sakini isə
düşmən gülləsinin qurbanı olub. 1 nəfər kənd sakini - Mərfət Nəsibov
Azərbaycanın Milli Qəhrəmanı adını alıb. Bu gün tam
əminliklə deyə bilərik ki, düşmən mövqelərindən atəşə məruz qalan kənd
sakinlərinin təhlükəsizliyi daim diqqət mərkəzində saxlanılır. Hər an qorxu
altında yaşayan, hər zaman düşmən gülləsi ilə üz-üzə qalan kənd sakinlərinin
normal şəkildə həyat sürmələri üçün hər cür şərait yaradılır. Dövlət və dövlət
başçısı tərəfindən sərhəddə yaşayan sakinlərə göstərilən diqqət və qayğı rayon
rəhbərliyi tərəfindən də ən yüksək səviyyədə hiss olunmaqdadır. Son illər rayon
rəhbərinin bütün sahələrlə yanaşı, sərhəddə yaşayan həmin sakinlərin istər
yaşayış şəraitlərinin yaxşılaşdırılması, istərsə də təhlükəsizliklərinin təmin
olunması istiqamətində həyata keçirdiyi məqsədyönlü işlər bunun bariz
nümunəsidir. İcra başçısı demək olar ki, fəaliyyətə başladığı ilk gündən sərhəd
kəndlərinə və orada yaşayan sakinlərə xüsusi münasibət göstərir. Ən əsası da
həmin kəndlərdə sakinlərin təhlükəsizliyini hər şeydən üstün tutur. Məhz bu
diqqət və qayğının nəticəsidir ki, rayon rəhbərliyi elə ilk gündən yaranmış
təhlükəli vəziyyəti nəzərə alaraq atəş nöqtələrinə ən yaxın məsafədə yerləşən
evlərin qarşısına müdafiə hasarlarının çəkilməsi barədə göstəriş verdi. Bundan
əlavə, sakinlərin kəndə təhlükəsiz şəraitdə gediş-gəlişini təmin etmək
məqsədilə yol kənarına da istinad divarı çəkildi. Görülən bu
işlər sayəsində əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə bu günə kimi 57 evin qarşısına 2530 p/m uzunluğu və 3 metr hündürlüyü olan istinad
divarları çəkilib. Həmçinin sərhəddə yaşayan kənd əhalisinin təhlükəsiz
gediş-gəlişini təmin etmək üçün məqsədyönlü işlər görülüb. Yol boyu hündürlüyü 3 metr, uzunluğu isə 480 paqonmetr olan istinad hasarının 400 paqonmetri artıq çəkilib. Ötən illərdə
olduğu kimi, bu il də Məzəm kəndində
müdafiə hasarının çəkilməsi işinə start verilib. Vətəndaşların müraciətləri
əsasında onların təhlükəsizliyini təmin etmək məqsədilə yenidən yol kənarında
istinad divarının çəkilməsinə başlanılıb. Bu gün Qazax Rayon
İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov Məzəm
kəndində istinad divarının çəkilişi ilə bağlı yerində baxış keçirib. Ötən il
başlanılan işlərin bu il yekunlaşacağını qeyd edib. Görülməsi nəzərdə tutulan
işlərlə bağlı tapşırıq və tövsiyələrini verib. Rayon
rəhbərliyi ilə səmimi söhbət edən kənd sakinləri sərhəd kəndində yaşayan
sakinlərə göstərilən diqqət və qayğıya, xüsusilə də istinad divarlarının
çəkilməsinə görə ölkə Prezidenti İlham Əliyevə dərin minnətdarlıqlarını
bildiriblər. Onlara göstərdiyi diqqət və qayğıya, səmimi münasibətə görə rayon
rəhbərliyinə sonsuz təşəkkürlərini çatdırıblar. GOYEZEN.AZ
Facebook-da paylaş