• Təqvim

  • Unutma

  • Maraq



Qazax RİH başçısı İƏD üzrə nümayəndələrinin iştirakı ilə növbəti videokonfrans keçirib


Bu gün Qazaxda Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşovun, icra aparatının məsul şəxslərinin, RİH başçısının şəhər və kənd İnzibati Ərazi Dairələri üzrə nümayəndələrinin iştirakı ilə növbəti videokonfrans keçirilib.

Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov çıxış edərək ölkəmizdə cənab Prezident İlham Əliyevin rəhbərliyi altında koronavirus (COVID-19) infeksiyasının geniş yayılmasının qarşısının alınması üçün görülən zəruri tədbirlərdən danışıb və bu işlər nəticəsində Azərbaycanın pandemiya ilə mübarizə sahəsində ən uğurlu nəticələr əldə edən ölkələr sırasında dayandığını qeyd edib.

Sonra icra başçısı son günlər ölkəmizdə rüşvətxorluğa və korrupsiyaya qarşı aparılan mübarizə tədbirlərindən, bu sahədə mübarizənin daha da sərtləşdirilməsindən, ən əsası isə vətəndaş-məmur münasibətlərinin daha sağlam prinsiplər üzərində qurulması sahəsində görülən işlərdən danışıb.

İcra başçısı Respublika Prezidenti İlham Əliyevin mayın 13-də Azər Qocayevi Kəlbəcər Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin olunması ilə əlaqədar videoformatda qəbul edən zaman səsləndirdiyi fikirləri bir daha diqqətə çatdıraraq həmin fikirlərdən hər bir dövlət məmurunun özü üçün nəticə çıxarmasını bildirib.

Rayon rəhbəri qeyd edib ki, ölkə başçısının da söylədiyi kimi, kasıb insanın çörəyini kəsmək, ona çatacaq vəsaiti mənimsəmək ən böyük cinayət sayılmalıdır. Pandemiya dövründə aztəminatlı təbəqəyə nəzərdə tutulmuş yardımı vəhşicəsinə mənimsəmək vicdansızlıq və cinayətdir.

Rayon rəhbəri ölkə başçısının istər icra hakimiyyəti başçılarını, istərsə də mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərlərini qəbul edən zaman çıxışının əvvəlində də, sonunda da ölkədə şəffaflığın tam təmin olunacağını, bu sahədə tədbirlərin görüləcəyini dəfələrlə bildirdiyini qeyd edib. Bu gün ölkədə baş verən bu cür xoşagəlməz halları birbaşa ölkə rəhbərinin söylədiyi fikirlərə qarşı çıxmaq kimi qiymətləndirib.

İcra başçısı qeyd edib ki, ölkə rəhbərinin də söylədiyi kimi dürüstlük, şəffaflıq, ədalət hər bir dövlət məmurunun iş prinsipi olmalıdır. İş prinsipi bu olmalıdır, rüşvət yox, yalan yox, talançılıq yox, saxtakarlıq yox, vicdansızlıq yox! Dürüstlük, şəffaflıq, xalqa xidmət, ədalət – budur, prinsiplər! Ölkə başçısının bu mövqeyinin hər kəs tərəfindən əldə rəhbər tutularaq öz işlərinə daha məsuliyyətlə, vicdanla yanaşmaları üçün əsl nümunə olduğunu diqqətə çatdırıb. Rayon rəhbəri vurğulayıb ki, ölkə Prezidentinin bir istəyi var ki, hər bir dövlət məmuru üzərinə düşən işi, icra etdiyi vəzifəni layiqincə yerinə yetirsin və ən əsası da xalqa xidmət göstərsin. Gördükləri bütün işlərin təməlində, qayəsində xalqa xidmət, vətəndaş-məmur münasibətləri, vətəndaşların məmnunluğu dayanmalıdır.

İcra başçısı qeyd edib ki. əgər vətəndaş icra hakimiyyətindən, mərkəzi icra hakimiyyəti orqanlarından razı qalırsa, bu, dövlətdən, ölkə Prezidentindən razı qalmaq deməkdir. Və yaxud da əksi, narazıdırsa, deməli dövlətdən narazıdır.

Cənab Prezident tərəfindən verilmiş tapşırıqlardan düzgün nəticə çıxarmayan, rüşvət və korrupsiya hallarına son qoymayan şəxslərin dövlət tərəfindən ciddi cəzalandırılmasının, həmin şəxslərin başlarına gətirilənlərin hər bir dövlət məmuruna əsl dərs olduğunu bildirən icra başçısı olanlardan nəticə çıxarmalarını tövsiyə edib. Dövlətçiliyə və xalqa xəyanət kimi qiymətləndirilən həmin halların baş verməsinin yolverilməz olduğunu diqqətə çatdırıb.

İcra başçısı ölkə Prezidentinin rəhbərliyi altında respublikamızda rüşvətxorluğa və korrupsiya hallarına qarşı aparılan mübarizə tədbirlərinin Qazaxda da yüksək qiymətləndirildiyini bildirib. Ölkə başçısının bu sahədə verdiyi tapşırıqları icra başçısı kimi hər zaman əldə rəhbər tutaraq şəffaflığın təmin olunması sahəsində məqsədyönlü işlər gördüyünü qeyd edib. Rayonda bütün sahələrdə şəffaflığın tam təmin olunması, neqativ halların aradan qaldırılması ilə bağlı ölkə başçısının verdiyi tapşırıq və tövsiyələrin hər bir dövlət məmurunun, idarə, müəssisə və təşkilat rəhbərinin iş fəaliyyətinin əsasını təşkil etdiyini vurğulayıb.

Videokonfransda xüsusi karantin rejimi dövründə aztəminatlı vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi, onlara maddi və mənəvi dəstək göstərilməsi istiqamətində görülən işlərdən də söz açılıb. Rayon rəhbəri dövlət başçısının "Biz birlikdə güclüyük!” çağırışına əsasən Qazaxda həmin şüar altında başlanılan xeyriyyə kampaniyasından da danışıb. Bildirib ki, Qazax Rayon İcra Hakimiyyəti  "Qazax” Xeyriyyə İctimai Birliyinin üzvləri tərəfindən start verilən bu aksiyada əsas məqsəd ölkə rəhbərinin pandemiyanın əhaliyə mənfi təsirlərini azaltmaq məqsədilə həyata keçirdiyi tədbirləri dəstəkləməkdir. İcra başçısı karantin rejimi müddətində ölkə Prezidenti İlham Əliyevin, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın vətəndaşların yanında olmasını bu gün hər bir qazaxlının minnətdarlıq hissi ilə qarşıladığını vurğulayıb. Qazax Rayon İcra Hakimiyyəti və "Qazax” Xeyriyyə İctimai Birliyinin təşəbbüsü əsasında reallaşan aksiya çərçivəsində rayonda bu günə kimi 8 mindən artıq qayğıya ehtiyacı olan aztəminatlı ailəyə dəstək olunduğunu qeyd edib. Dövlət qayğısı sayəsində bu aksiyanın rayonda daim atəş altında olan sərhəd kəndlərində yaşayan sakinləri, Qarabağ müharibəsi əlillərini, Çernobl əlillərini, hərbi xidmət əlillərini, aztəminatlı və çoxuşaqlı ailələri, hemodializ xəstələrini, rayonun uzunömürlü sakinlərini, Böyük Vətən Müharibəsi iştirakçılarını, eləcə də qayğıya ehtiyacı olan minlərlə rayon sakinini əhatə etdiyini bildirib.

Videokonfransda rayonda kənd təsərrüfatının, xüsusilə də baramanın mövcud vəziyyəti, yaz-tarla əkin sahələrinin suvarılması, suvarılmada növbəlilik prinsipinə riayət olunması, əkin sahələrinin suvarılması üçün rayonda mövcud olan subartezian quyularının hazırki vəziyyəti və s. məsələlər haqda da geniş müzakirələr aparılıb. Həmçinin, elektrik enerjisinin gərginliyinin, təbii qazın təzyiqinin daim nəzarətdə saxlanılması. SİP kabelləşmə aparılan kəndlərdə, eləcə də ərazilərdə görülən işlərin nəzarətə götürülməsi, məktəb tikintisi gedən kəndlərdə işlərin keyfiyyətinə üstünlük verilməsi, kəndlərə sərnişin daşıyan marşrut xətlərində gecikmələrin olub-olmamasının öyrənilməsi və s. məsələlərlə bağlı tapşırıq və tövsiyələr verilib.

Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov videokonfransa yekun vuraraq rayonda son illər qazanılan uğur və nailiyyətlərin kökündə ölkə başçısının dəstəyinin, eləcə də Qazaxda olan şəffaflığın və vətəndaş məmnunluğunun dayandığını bir daha qeyd edib. Videokonfransda iştirak edən İƏD üzrə nümayəndələrə bundan sonra da işlərinə vicdanla, məsuliyyətlə yanaşaraq verilən tapşırıqları vaxtında həll etmələrini, daim xalqın içərisində olmalarını bildirib və bununla bağlı bir daha ciddi tapşırıqlar verib.




GOYEZEN.AZ


Facebook-da paylaş