İcra başçısı düşmən tərəfindən atəşə tutulan Abbasbəyli kəndində olub
Azərbaycan Respublikasının Ermənistan ilə dövlət sərhədində
düşmən tərəfinin təxribatları davam edir. Mayın 13-də saat 12:00 radələrindən
başlamaqla Qazax rayonunun Abbasbəyli kəndi, kənd yaxınlığındakı sərhəd-döyüş məntəqələrimiz,
həmin istiqamətdə avtomobil yolu ilə hərəkət edən hərbi və mülki nəqliyyat vasitələri ER-nın İcevan rayonunun Berkaber kəndi yaxınlığında yerləşən Ermənistan Silahlı Qüvvələrinin bölmələri tərəfindən iri çaplı silahlardan
və snayper tüfənglərindən intensiv atəşə tutulub, bir neçə yaşayış evinin
damına zərər dəyib. Düşmən təxribatının qarşısı alınıb, Ermənistan Silahlı Qüvvələrinin
döyüş mövqeləri cavab atəşi ilə susdurulub. Bu
gün Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, icra aparatının məsul şəxsləri
ilə birlikdə dünən düşmən tərəfindən atəşə tutulan Abbasbəyli kəndində olub. Yaşayış evinin damına zərər dəymiş kənd sakini Kərimov Kərim Əşrəf oğlunun evində olaraq onunla görüşüb. "Sərhəddə
yaşayan sakinlər hər cür diqqət və qayğıya layiqdir. Düşmən gülləsinin
qabağında mətin dayanan, öz ata-baba yurdlarını bir an olsun belə tərk etməyən
bu cür insanlara qayğı ilə yanaşmaq hər bir dövlət məmurunun borcudur”, - deyən
rayon rəhbəri hər zaman onların yanında olduğunu bildirib. İcra başçısı qeyd
edib ki, bu gün necə ki, Qazax rayonunun işğal altında olan Bağanıs Ayrım, Barxudarlı, Sofulu, Xeyrımlı, Qızılhacılı, Yuxarı Əskipara,
Aşağı Əskipara kəndlərindən olan məcburi köçkünlərimizin qayğılarını
diqqət mərkəzində saxlayırıq, eləcə də sərhəddə yerləşən kəndlərdə yaşayan
insanlarımıza da o cür qayğı ilə yanaşırıq. İcra başçısı bu gün rayonda sərhəd
kəndləri olan Quşçu Ayrım,
Məzəm, Fərəhli, Cəfərli, Bala Cəfərli, Alpout, Abbasbəyli kəndlərində yaşayan sakinlərin hər zaman qayğı ilə
əhatə olunduqlarını vurğulayıb. Ölkə başçısı
cənab İlham Əliyevin istər məcburi köçkün ailələrinə, istərsə də sərhəddə
yaşayan insanlara göstərdiyi diqqət və qayğıdan söz açan rayon rəhbəri bu
amilin Qazaxda da olduğu kimi icra olunduğunu bildirib. Rayon rəhbəri fəaliyyətə
başladığı ilk gündən digər sərhəd kəndləri kimi Abbasbəyli kəndini də daim diqqətdə
saxladığını, sakinlərlə mütəmadi olaraq görüşdüyünü diqqətə çatdırıb. "Özümə borc bildim ki, bu gün
gəlim sizinlə görüşüm və qayğılarınızla maraqlanım”, - deyən icra başçısı kənd
sakinləri ilə səmimi söhbət edib. Dünən baş vermiş atışmadan söz açan rayon rəhbəri
bu gün sərhədlərimizin keşiyində mətin dayanan "Qazax” əlahiddə sərhəd
diviziyasının əsgər və zabitlərinin ayıq-sayıqlığı sayəsində düşmənə layiqli cavabın verildiyini
bildirib. Bu gün Ali Baş Komandan İlham Əliyevin irəli əmrinə hazır olan güclü
ordumuzun, sərhədçilərimizin torpaqlarımızı, xüsusilə də sərhədlərimizi
layiqincə qoruduğunu, sakinlərin təhlükəsizliyinin tam təmin olunduğunu qeyd
edib. Evinin
damına zərər dəymiş kənd sakini Kərim Kərimov ona və ailəsinə
göstərilən qayğıya görə minnətdarlığını bildirib. Bu gün baş vermiş hadisə ilə
bağlı onun ailəsinə baş çəkilməsini dövlətin, ölkə başçısının və rayon rəhbərinin
vətəndaşına olan qayğısı kimi göstərib. "Bu gün mən bir daha əmin oldum ki,
dövlətimiz, ölkə rəhbərimiz bizim arxamızdadır. Ən əsası da düşmənin bir gülləsinə
5 güllə ilə cavab verməyi, düşmənin hər bir həmləsini dəf etməyi bacaran bu cür
ordumuz, sərhədçilərimiz var”, - deyən K.Kərimov dünənki atışmaya baxmayaraq kənddə
normal həyat tərzinin olduğu kimi davam etdiyini, hər şeyin öz axarında olduğunu
qeyd edib. GOYEZEN.AZ
Facebook-da paylaş