• Təqvim

  • Unutma

  • Maraq



Qazaxda məktəb direktorlarının iştirakı ilə videokonfrans keçirilib


Hər kəsə yaxşı məlumdur ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarına əsasən koronavirus (COVID-19) infeksiyasının Azərbaycan ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə təxirəsalınmaz tədbirlər çərçivəsində ölkə ərazisində yerləşən bütün təhsil müəssisələrində tibbi-profilaktik, dezinfeksiyaedici və digər qabaqlayıcı tədbirlərin intensivləşdirilməsi məqsədilə 2020-ci ilin mart ayının 3-dən bütün təhsil müəssisələrində tədris, təlim-tərbiyə prosesinin dayandırılmasına və bununla bağlı bütün tədbirlərin təxirə salınmasına dair qərar qəbul olunub. Koronavirus infeksiyasının ölkədə yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının Sanitariya-epidemioloji salamatlıq haqqında Qanununun 25-ci maddəsinə əsasən Azərbaycan Respublikasında 24 mart 2020-ci il saat 00:00-dan etibarən 20 aprel saat 00:00-dək xüsusi karantin rejimi elan edilib. Hazırda isə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 may 2020-ci il tarixli sərəncamına əsasən, ölkəmizdə elan edilən karantin rejiminin müddəti 2020-ci il mayın 4-dən 31-dək uzadılıb. Bununla əlaqədar ölkə ərazisində fəaliyyət göstərən bütün təhsil müəssisələrində tədris, təlim-tərbiyə prosesinin dayandırılması qüvvədə qalır. Respublikamızın hər yerində olduğu kimi, Qazaxda da bu müddət ərzində şagirdlərin təhsildən yayınmamaları üçün bütün səy və imkanlardan səmərəli istifadə olunur.Şagirdlərin tədris prosesindən uzaq qalmamaları üçün əlavə tədbirlər görülür. Bunlardan biri də onlayn dərslər və distant təhsildir.

Bu gün Qazax Rayon İcra Hakimiyyəti başçısının müavini-İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Gulaya Həsənovanın, Rayon Təhsil şöbəsinin müdiri Nizaməddin Babanlının, şəhər və kənd məktəblərinin direktorlarının iştirakı ilə videokonfrans keçirilib. Videokonfransda ölkəmizdə koronavirus infeksiyasına qarşı həyata keçirilən qabaqlayıcı tədbirlərdən, bu sahədə əldə olunan uğurlardan, tədris müəssisələrində şagirdlərin təhsildən geri qalmamaları üçün onlayn dərslərin təşkilindən, "Virtual məktəb" portalından istifadə qaydalarından və digər məsələlərdən söhbət açılıb, geniş şəkildə müzakirələr aparılıb.


Rayon Təhsil şöbəsinin müdiri Nizaməddin Babanlı çıxışında ölkə ərazisində koronavirus infeksiyasının geniş yayılmasının qarşısının alınması üçün bütün zəruri tədbirlərin görüldüyünü bildirib. Ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında uğurlu addımların atıldığını və bu sahədə görülən işlərin öz töhfəsini verdiyini, bu gün Azərbaycanın pandemiya ilə mübarizə sahəsində ən uğurlu nəticələrə nail olan ölkələrdən olduğunu diqqətə çatdırıb. Koronavirus pandemiyası ilə əlaqədar xüsusi karantin rejiminin tətbiq olunduğu dövrdə dövlət tərəfindən həyata keçirilən tədbirlərə dəstək məqsədilə Heydər Əliyev Fondu, şəxsən Fondun prezidenti, Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən başlanılan "Biz birlikdə güclüyük!” adlı xeyriyyə aksiyasını ziyalılar olaraq yüksək qiymətləndirdiklərini bildirib.

N.Babanlı Təhsil Nazirliyi tərəfindən həftədə bir neçə dəfə Microsoft Teams proqramı vasitəsilə rayon təhsil şöbələrinin müdirləri ilə canlı bağlantı qurulduğunu, verilən tapşırıq və tövsiyələrə uyğun olaraq bugünkü konfransın keçirildiyini qeyd edib. Bu gün təşkil olunmuş videokonfransın əsas məqsədinin xüsusi karantin rejimi müddətində görülmüş, eləcə də gələcəkdə görülməsi nəzərdə tutulan işləri müzakirə etmək olduğunu diqqətə çatdırıb. N.Babanlı vurğulayıb ki, şagirdlər evdə qalsalar da təhsildən qalmamalıdırlar. Belə məqamda köməyə onlayn dərslər gəlir. Bu işdə müəllimlərin üzərinə böyük məsuliyyət düşür. O, Təhsil Naziri Ceyhun Bayramovun rəhbərliyi altında istər müəllimlər, istərsə də şagirdlər üçün bu sahədə geniş imkanlar yaradıldığını, hər cür dəstək göstərildiyini vurğulayıb. Qeyd edib ki, valideynlər də bu məsələdə diqqətli olmalı, övladlarının "Virtual məktəb” layihəsində iştirak etmələrini, onlayn dərslərə qatılmalarını nəzarətdə saxlamalı və tədrisdə irəliləyişini izləməlidirlər. Bu gün sevindirici haldır ki, rayonumuz "Virtual məktəb” layihəsində aktivliyini yüksək səviyyədə davam etdirir. Müəllimlərin təxminən 80 faizinin, şagirdlərin isə 75 faizinin qoşulması da bunun əyani göstəricisidir.


Qazax Rayon İcra Hakimiyyəti başçısının müavini-İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Gulaya Həsənova çıxış edərək icra başçısı Rəcəb Babaşovun adından videokonfrans iştirakçılarını salamlayıb, videokonfransın işinə uğurlar arzulayıb. G.Həsənova ölkəmizdə, eləcə də rayonda koronavirus infeksiyasının yayılmasının qarşısının alınması istiqamətində görülən işlərdən də söz açıb. 2020-ci ilin ilk günlərindən dünyanı təlaş içərisinə salan koronavirus pandemiyası ilə bağlı ölkəmizdə məqsdəyönlü qabaqlayıcı tədbirlərin həyata keçirilməsini, ölkə Prezidenti İlham Əliyevin 27 yanvar 2020-ci il tarixdə aidiyyəti qurumlarla birlikdə keçirilən iclasında məsələnin ciddiliyinin nəzərə alınaraq Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın yaradılmasını bu istiqamətdə atılan ən uğurlu addımlardan biri hesab edib. Vurğulayib ki, ölkə Prezidentinin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın apardığı məqsədyönlü siyasətin nəticəsidir ki, ölkəmizdə bu sahədə zərərçəkənlərin sayı digər ölkələr ilə müqayisədə minumum olmuşdur.

Ölkəmizdə təhsil sahəsinə göstərilən dövlət qayğısından danışan müavin qeyd edib ki, "Təhsil millətin gələcəyidir. Mən müəllimdən yüksək ad tanımıram”, - deyən ulu öndər təhsilin inkişafı üçün xüsusi zəmin yaratmışdır. Heydər Əliyev siyasətinin layiqli davamçısı, möhtərəm Prezidentimiz İlham Əliyev də təhsilin prioritet sahə olaraq inkişafını ön plana çəkmiş, "Neft kapitalını insan kapitalına çevirək” fikrini əməli işləri ilə reallaşdırmışdır.

G.Həsənova qeyd edib ki, bu gün "Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqram”ları, Heydər Əliyev Fondunun maliyə dəstəyi ilə "Yeniləşən Azərbaycana yeni məktəb” layihəsi çərçivəsində ölkəmizin ən ucqar rayon və kəndlərində müasir tipli yeni məktəb binaları tikilərək və lazımi avadanlıqlar ilə təchiz olunaraq şagirdlərin istifadəsinə verilmişdir. Təkcə 2019-2020-ci illər ərzində rayonumuzda bu istiqamətdə bir sıra işlər görülmüşdür. Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən Səməd Vurğun adına 964 şagird yerlik şəhər 2 nömrəli tam orta məktəbin binası yüksək səviyyədə əsaslı təmir və yenidənqurmadan sonra müasir avadanlıqlarla təchiz olunaraq 2019-cu ilin 4 fevralında şagirdlərin istifadəsinə verilmişdir. Heydər Əliyev Fondunun maliyyə dəstəyi ilə ötən ilin iyulundan Xalq yazıçısı İsmayıl Şıxlının adını daşıyan 1176 şagird yerlik Kosalar kənd tam orta məktəbində əsaslı təmir və yenidənqurma işlərinə başlanılıb ki, hazırda işlər yekunlaşmaq üzrədir. Bundan əlavə, Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən Aydın Məmmədov adına 180 şagird yerlik Qaymaqlı kənd tam orta məktəb üçün bu ilin yanvarından yeni binanın tikintisinə başlanılıb və hazırda tikinti işləri davam etdirilir. Həmçinin Heydər Əliyev Fondu tərəfindən yanvar ayından Şahnabad Nəsibova adına Sarıvəlli kənd tam orta məktəb üçün 220 şagird yerlik yeni məktəb binasının tikintisinə başlanılıb və tikinti işləri davam etdirilir.


G.Həsənova rayonda məktəb tikintisi ilə yanaşı, məktəb direktorlarının Rayon İcra Hakimiyyəti başçısına ünvanladıqları müraciətləri nəzərə alınaraq məktəblərdə aparılan cari təmir işlərindən də söz açıb. S.Əfəndiyev adına şəhər 1 nömrəli tam orta məktəbin birinci və ikinci mərtəbələrində, məktəbin həyətində, İ.Qayıbov adına şəhər 3 nömrəli tam orta məktəbin idman zalında, dəhlizində, həyətində aparılan təmir və abadlıq işlərini, N.Vəliyev adına şəhər 5 nömrəli tam orta məktəbin sanuzel qovşağının təmir olunmasını, şəhər Mehdi Hüseyn adına humanitar və təbiət fənləri üzrə məktəb liseyin dəhlizinin təmir olunaraq istifadəyə verilməsini təhsil sahəsinə olan diqqət və qayğının bariz nümunəsi kimi qeyd edib. Həmçinin ölkə Prezidenti İlham Əliyevin 5 mart 2020-ci il tarixli Sərəncamı ilə məktəb liseyin əsaslı təmir olunması üçün Prezidentin ehtiyat fondundan Təhsil Nazirliyinə ilkin olaraq 2 milyon manat vəsaitin ayrılmasını qazaxlı ziyalılara, təhsil sahəsində çalışan insanlara və gələcəyimiz olan uşaqlara dövlətin növbəti qayğısı kimi qiymətləndirib.

Müavin qeyd edib ki, bu diqqət və qayğı təhsil işçilərinin də işlərinə daha məsuliyyətlə yanaşmalarına zəmin yaradır. Təhsilin keyfiyyətinin artırılmasına sövq edir. Qazax RİH-nin təşəbbüsü ilə Qazax RTŞ-nin 27 sentyabr 2017-ci il tarixli 137 nömrəli əmri ilə təhsilin keyfiyyətinin artırılması, qabaqcıl təcrübələrin yayılması, pedaqoji kollektivlərdə sağlam rəqabətin formalaşması üçün qabaqcıl müəllimlərdən ibarət işçi qrupu yaradılmış, məktəblərdə işçi qrupu tərəfindən dərs dinləmələr aparılaraq nəticələr RTŞ-nin pedaqopji şurasında və RİH-də müzakirə olunmuş, nümunəvi müəllimlər müəyyənləşdirilərək rəğbətləndirilmişlər. Bütün bunların nəticəsidir ki, istər qəbulun nəticələri, istərsə də şagirdlərin dərsə davamiyyəti 2017-ci ildən 2020-ci ilin mart ayına qədər 95-97% intervalında olmuşdur. Qəbul imtahanlarında 600-dən yuxarı bal toplayan məzunlar, məktəb direktorları, onların sinif müəllimləri, fənn müəllimləri ilə görüşlər keçirilmiş və hər biri müvafiq qaydada mükaflandırılmışdır.


Müavin Nazirlər Kabineti yanında yaradılmış Operativ Qərargahın 3 mart 2020-ci il tarixli qərarına əsasən koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə təxirəsalınmaz tədbirlər çərçivəsində ölkə ərazisində təhsil müəssisələrində təlim-tərbiyə prosesinin dayandırılmasına baxmayaraq respublikamızda, o cümlədən də Qazaxda şagirdlərin təhsildən geri qalmamaları üçün bütün zəruri tədbirlərin görüldüyünü diqqətə çatdırıb. Təhsil Nazirliyi tərəfindən "Evdə qal, təhsildən qalma” devizi altında həyata keçirilən uğurlu layihələrin rayonda birmənalı şəkildə dəstəkləndiyini bildirib. Təhsil Nazirliyinin təşkilatçılığı ilə 11 mart 2020-ci il tarixdən Mədəniyyət  və ARB "Günəş” kanallarında həftənin 6 günü teledərslər keçirilməsini, teledərslərin yayınlamasına zamanında baxa bilməyənlər üçün youtube kanalı və facebook səhifələrində izləmək imkanının yaradılmasını bu sahədə görülən işlərin əyani sübutu kimi göstərib. 2 aprel 2020-ci il tarixdən virtual.edu.az saytında yaradılan

"Virtual məktəb” layihəsi ilə geniş imkanların açılmasını bu istiqamətdə görülən işlərin davamı kimi dəyərləndirib.


G.Həsənova qeyd edib ki, təhsil işçilərinin öz işlərinə məsuliyyətlə yanaşmalarının nəticəsidir ki, onlayn dərslər respublikamızın hər yerində olduğu kimi, rayonumuzda da lazımi səviyyədə təşkil olunur. Belə ki, rayonda müəllimlər zoom proqramı, Microsoft Teams, WhatsAppvə digər vasitələrdən istifadə edərək dərslərin mənimsənilməsinə nail olmağa çalışırlar. S.Vurğun adına şəhər 2 nömrəli tam orta məktəbin kimya müəllimi Abbasova Nazilə Ağəli qızının zoom proqramı vasitəsilə tədris etdiyi dərs Azərbaycan Respublikası Təhsil Nazirliyinin facebook sosial şəbəkəsində paylaşılmışdır. Həmin paylaşım yüksək rəğbətlə qarşılanmış və 11 minə yaxın izləyici tərəfindən izlənilmişdir.


Araz Əmilov adına Daş Salahlı kənd 1 nömrəli tam orta məktəbin direktoru Söylü Xəlilova, Qaratel Hacımahmudova adına şəhər ümumi orta məktəbin direktoru Yeganə Göyüşlü, Mirvarid Dilbazi adına Cəfərli kənd tam orta məktəbin direktoru Fazil Almazov və Aslanbəyli kənd tam orta məktəbin direktoru Dilqəm Məmmədov çıxış edərək bugünkü videokonfransın təşkil olunmasını yüksək qiymətləndirərək əməyi keçən insanlara minnətdarlıqlarını bildiriblər. Sonra rəhbərlik etdikləri məktəblərdə tədrisin dayandırılmasından bu günə kimi görülən işlər barədə məlumat veriblər. Qeyd ediblər ki, istər müəllimlərin, istərsə də şagirdlərin "Virtual məktəb” layihəsində iştirak etmələri, portalda qeydiyyatdan keçə bilmələri üçün mütəmadi olaraq onlarla maariifləndirici söhbətlər aparılır, lazımi dəstək göstərilir. Videokonfrans zamanı təlim-tədris prosesinə aid olan digər məsələlər də müzakirə edilib, səsləndirilən təkliflər dəyərləndirilib.

Rayon Təhsil şöbəsinin müdiri Nizaməddin Babanlı videokonfransa yekun vuraraq bu cür görüşlərin mütəmadi olaraq keçiriləcəyini vurğulayıb və məktəb direktorlarına gələcək işlərində uğurlar arzulayıb.


GOYEZEN.AZ



Facebook-da paylaş