Qazaxda dövlət başçısının pandemiya ilə bağlı həyata keçirdiyi tədbirlər razılıqla qarşılanır
Respublika
mətbuatı Qazax haqqında Prezident
İlham Əliyevin rəhbərliyi altında koronavirus (COVID-19) infeksiyasının
Azərbaycanda geniş yayılmasının qarşısının alınması, insanların sağlamlığının
qorunması ilə bağlı həyata keçirilən təxirəsalınmaz tədbirlər vətəndaşlarımız
tərəfindən razılıqla qarşılanır. Dövlət başçısının, eləcə də Nazirlər Kabineti yanında
Operativ Qərargahın ölkəmizdə koronavirus pandemiyasına qarşı mübarizə
məqsədilə verdikləri qərarlar, bu istiqamətdə aparılan məqsədyönlü tədbirlər,
xüsusilə də "Biz birlikdə güclüyük!” çağırışı bu günlər hər birimiz üçün
həyat devizinə çevrilmişdir. Məhz buna görə də respublikamızın hər yerində bu
çağırışa qoşulanların sayı gündən-günə artır. Respublikamızın hər yerində olduğu kimi, Qazaxda da
"Biz birlikdə güclüyük!” devizi altında keçirilən xeyriyyə aksiyaları
geniş vüsət almışdır. İstər Rayon İcra Hakimiyyəti, istərsə də ayrı-ayrı vətəndaşlar həmrəylik
nümayiş etdirərək qayğıya ehtiyacı olan aztəminatlı ailələrə, eləcə də rayonda
məskunlaşan məcburi köçkün ailələrinə dəstək olur, onlara lazımi ərzaq
məhsulları çatdırırlar. Elə bu günlərdə Milli Məclisin deputatı Səməd
Seyidovun Rayonİcra Hakimiyyətinin başçısı Rəcəb
Babaşovla rayonun işğal olunmuş Barxudarlı, Sofulu kəndlərindən olan məcburi
köçkün ailələrinin, eləcə də Orta Salahlı kəndində qayğıya ehtiyacı olan
aztəminatlı ailələrin yanında olması məhz bu birliyin əsl nümunəsidir. Görüş
zamanı icra başçısı Rəcəb Babaşov ölkəmizdə koronavirus pandemiyasının geniş
yayılmasının qarşısının alınması, əhalinin sağlamlığının qorunması ilə bağlı
görülən işlərin xalqımız tərəfindən yüksək qiymətləndirildiyini bildirmiş,
dövlət başçısının və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti
Mehriban xanım Əliyevanın azərbaycanlıların hər zaman, xüsusilə çətin anlarda
bir-birilərinin yanında olduğunu diqqətə çatdırmışdır. Bildirmişdir ki, bu günə
kimi Qazax Rayon İcra Hakimiyyəti və "Qazax” Xeyriyyə İctimai Birliyinin
üzvləri tərəfindən ümumilikdə 5 mindən artıq aztəminatlı ailəyə dəstək olunmuş
və lazımi ərzaq bağlamaları çatdırılmışdır. Sonra Milli Məclisin deputatı Səməd Seyidov çıxış
edərək demişdir ki, bu gün hər bir Azərbaycan vətəndaşının dövlət başçısının
"Biz birlikdə güclüyük!” çağırışına səs verməsi, onların qayğıya ehtiyacı
olan insanlarımıza dəstək olması bir daha onu göstərir ki, Azərbaycan xalqı hər
zaman çətin məqamlarda yumruq kimi birləşməyi bacarır və bundan sonra da
bacaracaq. Çünki ölkə vətəndaşları bu gücü, bu əzmi ölkə başçısından alır. Onun
qətiyyətli addımları sayəsində bütün çətinliklərin öhdəsindən layiqincə gələ
bilirik. Dövlət başçısının müdrik və uzaqgörən siyasəti sayəsində Azərbaycan
dövləti dünyada öz gücünü, qüdrətini nümayiş etdirə bilir. Sonra Barxudarlı kəndindən məcburi köçkün düşmüş 42
ailəyə, Sofulu kəndindən məcburi köçkün düşmüş 20 ailəyə, Orta Salahlı
kəndindən 98 ailə olmaqla, ümumilikdə 160 aztəminatlı ailəyə gündəlik tələbatı
ödəyəcək ərzaq məhsullarından ibarət sovqat paylanmışdır. Özündə birliyi,
həmrəyliyi, dövlət qayğısını əks etdirən bu nəcib təşəbbüs vətəndaşlar
tərəfindən böyük razılıqla qarşılanmışdır. Hər zaman beynəlxalq səviyyəli mötəbər yarışlarda,
çempionatlarda və olimpiadalarda qazandığı qələbələrlə, əldə etdiyi
nailiyyətlərlə ölkəmizi layiqincə təmsil edən, üçrəngli Azərbaycan bayrağını
yüksəkliklərdə dalğalandıran, Dövlət himnimizi səsləndirən "Şöhrət”
ordenli məşqçi, Azərbaycan Güləş Federasiyasının vitse-prezidenti Firdovsi
Umudov öz nəcib və xeyirxah əməlləri ilə də ürəkləri fəth edib. Həmişə qayğıya
ehtiyacı olan insanların yanında olan F.Umudov bu dəfə də onları tək qoymayıb.
Dövlət başçısının "Biz birlikdə güclüyük!” çağırışına və Qazax Rayon İcra
Hakimiyyətinin təşəbbüsünə qoşulan görkəmli idman ustası hər zaman
qazaxlıların, həmyerlilərinin yanında olduğunu bir daha nümayiş etdirdi. O,
koronavirus (COVID-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq
olunması ilə əlaqədar Qazaxda qayğıya ehtiyacı olan aztəminatlı ailələrə dəstək
olmaqla, sözün əsl mənasında birlik, həmrəylik nümayiş etdirmişdir. F.Umudov
"Gənc könüllülər”lə birlikdə Qazax Rayonlararası Gözdən Əlillər
Cəmiyyətinin 69 nəfər imkansız əlil üzvünə, Yuxarı Əskipara kəndindən olan
məcburi köçkün olan 32 ailəyə, eləcə də 100-ə yaxın aztəminatlı rayon sakininə
ərzaq məhsullarından ibarət sovqat paylamışdır. Dövlət başçısının çağırışına qoşulan Qazax
"Saloğlu” mebel fabriki də xeyriyyə aksiyasında fəallıqla iştirak edir.
Müəssisənin kollektivi birlik və həmrəylik nümayiş etdirərək, məcburi köçkün və
aztəminatlı ailələrin yanında olur, onlara gündəlik tələbatını ödəyəcək
müxtəlif ərzaq məhsullarından ibarət sovqat paylayır. Göstərilən bu qayğıya
görə dövlət başçısına minnətdarlığını bildirən sakinlər xeyriyyə aksiyalarını
yüksək dəyərləndirmişlər. Belə bir çətin günlərdə onları yada salan
"Saloğlu” mebel fabrikinin rəhbərliyinə təşəkkür etmişlər. Prezident İlham Əliyevin "Biz birlikdə güclüyük!”
çağırışına qoşulanlar arasında "Hilal” Sosial Araşdırmalar İctimai
Birliyinin sədri Arzuman Abdulkərimov da var. Ürəyi hər zaman doğma el-obası
ilə döyünən, çətin anlarda həmyerlilərinin yanında olan birliyin sədri bu dəfə
də qazaxlıları tək qoymadı. O, 50 aztəminatlı ailəyə dəstək olaraq ərzaq
sovqatından ibarət bağlamalar payladı. Ümumiyyətlə, Qazax Rayon İcra Hakimiyyəti çalışır ki,
bu çətin günlərdə rayon sakinlərindən heç biri göstərilən yardımdan kənarda
qalmasın. Elə bu günlərdə hemodializ müalicəsi alan xəstələr, eləcə də 5 və
daha çox uşağı olan ailələr də bu qayğını görmüşlər. Rayon İcra Hakimiyyətinin rəhbər şəxsləri həmin insanların
evlərində olmuş, onlara ərzaq yardımı çatdırmışlar. Bundan başqa, Qarabağ
müharibəsi və Çernobıl əlilləri də unudulmamış, onlara da ərzaq yardımının
edilməsi diqqət mərkəzində saxlanılmışdır. Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov
rayonun daim atəş altında olan sərhəd kəndlərində - Quşçu Ayrım, Məzəm,
Fərəhli, Cəfərli, Bala Cəfərli kəndlərinə gələrək sakinlərin problemləri ilə
maraqlanır. Koronavirus başlayandan bir neçə dəfə həmin kəndlərdə görüşlər
keçirmiş, sakinlərə ərzaq sovqatları paylanmışdır. Sonuncu dəfə 516 ailə bu
sovqatdan yararlanmışdır. Rayonda ahıl çağlarını yaşayan Böyük Vətən müharibəsi
iştirakçıları və uzunömürlülər də unudulmamışdır. "Gənc könüllülər”in və Rayon İcra Hakimiyyətinin
vəzifəli şəxslərinin iştirakı ilə 3 nəfər Böyük Vətən müharibəsi iştirakçısına
və 11 nəfər uzunömürlü sakinə ərzaq məhsullarından ibarət sovqat paylanmış,
onlar tibbi müayinədən keçirilmişlər. Kəmərli kənd sakinləri - 113 yaşlı Səyalı
Nəbiyeva və 108 yaşlı Leyli İsgəndərova, Aşağı Salahlı kənd sakinləri - 108
yaşlı Səkinə Mirzəyeva və 100 yaşlı Qəndəf Hacıyeva, Daş Salahlı kənd sakinləri
- 104 yaşlı Lilpar Həsənova, 100 yaşlı Səyalı Alisgəndərova, 100 yaşlı Hava
Rəhimova, 100 yaşlı Validə Vəliyeva, Çaylı kənd sakini - 104 yaşlı Qaratel
Bənnayeva, Aslanbəyli kənd sakini - 102 yaşlı Xalsa İbrahimova göstərilən diqqət və qayğıya görə
Prezident İlham Əliyevə minnətdarlıq etmişlər. Rayonda əhalinin ərzaq təminatı ilə yanaşı, onların
koronavirusdan qorunması üçün də təxirəsalınmaz tədbirlər görülür. Qazax Rayon
İcra Hakimiyyətində yaradılmış Operativ Qərargah, demək olar ki, bu sahədə
başlanan maarifləndirmə işlərini daim davam etdirir. Rayon rəhbərliyi Nazirlər
Kabineti yanında Operativ Qərargahın bütün qərarlarına əməl etməklə əhalinin
sağlamlığının qorunması istiqamətində çoxsaylı tədbirlər həyata keçirir. Rayon
ərazisində olan bütün yaşayış məntəqələri, eləcə də küçə və meydanlar, park və
xiyabanlar, ticarət və xidmət obyektləri, çoxmənzilli binaların giriş hissəsi
bir neçə dəfə dezinfeksiya edilmişdir. Hazırda bu iş davam etdirilir. Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən qlobal
pandemiya elan olunan koronavirus (COVID-19) infeksiyasının yayılmasının
qarşısının alınması istiqamətində bütün dövlətlər kimi, Azərbaycan da
təxirəsalınmaz tədbirlər həyata keçirir. Sevindirici haldır ki, dövlət
başçısının bu sahədə atdığı qətiyyətli addımlar, xalqımıza göstərdiyi diqqət və
qayğı sayəsində bu gün müsbət nəticələr əldə edilir. Bu nəticələrin əldə
edilməsində heç şübhəsiz ki, həkimlərin, tibb işçilərinin də rolu olduqca
böyükdür. Xəstə yaxınlarının ümid yerinə çevrilən həkimlərin və tibb
işçilərinin koronavirus infeksiyası ilə mübarizə tədbirlərində gördükləri işlər
danılmazdır. Onlar mürəkkəb şəraitdə gərgin əmək sərf edərək sutka ərzində
demək olar ki, fasiləsiz çalışırlar. Qazax Rayon Mərkəzi Xəstəxanasının
Yoluxucu xəstəliklər şöbəsində çalışan həkimlər və tibb işçiləri də ölkəmizdə yaşanan
bu çətin vəziyyətdə, xüsusi karantin rejimi dövründə koronavirusla mübarizədə
əsl güc, dəyanət nümayiş etdirirlər. Söz yox ki, onların bu vətənpərvərliyi Rayon İcra hakimiyyəti tərəfindən daim hörmət və ehtiramla
qarşılanır. Tez-tez əlaqə saxlanılaraq problemlərinin həlli ilə bağlı
köməkliklər göstərilir. Bu günlərdə Qazax Rayon İcra Hakimiyyətinin başçısı
növbəti dəfə xəstəxanada olmuş, Yoluxucu xəstəliklər şöbəsində çalışan həkimlər
və tibb işçiləri ilə görüşmüşdür. Son illər ölkəmizdə səhiyyə sahəsinə
göstərilən dövlət qayğısından danışan icra başçısı bunun bariz nümunəsi olaraq
martın 3-də dövlət başçısının iştirakı ilə istifadəyə verilən Qazax Rayon
Mərkəzi Xəstəxanasını misal göstərmişdir. Qeyd etmişdir ki, ölkə rəhbəri İlham
Əliyevin və Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın
bütün çətin anlarda xalqın yanında olması, ölkə vətəndaşlarına çağırışlar
etməsi bir daha sübut edir ki, Azərbaycanda vətəndaş amili, xüsusilə onların
sağlamlığı və təhlükəsizliyi hər zaman prioritet məsələ olub və bundan sonra da
olacaqdır. Görüş zamanı rayon Mərkəzi Xəstəxanasının Yoluxucu
xəstəliklər şöbəsində, eləcə də təcili və təxirəsalınmaz tibbi yardım
stansiyasında çalışan tibb işçilərinin əməyini yüksək qiymətləndirən icra
başçısı onlara minnətdarlığını bildirmişdir. Sonra karantin rejimi dövründə
vəzifə səlahiyyətlərini layiqincə yerinə yetirdiklərinə görə şöbənin həkim və
tibb işçilərinə Rayon İcra Hakimiyyətinin Fəxri Fərmanları
və mükafatlar təqdim olunmuşdur. Sabir ƏLİYEV, "Azərbaycan” qəzetinin bölgə müxbiri 02 may 2020-ci il
Facebook-da paylaş