Qazaxda xüsusi karantin rejimi dövründə fəaliyyətləri bərpa olunan bir sıra obyektlərdə dezinfeksiya işləri aparılıb
Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən dünyada pandemiya elan olunan
koronavirus (COVID-19) xəstəliyi ilə mübarizə sahəsində əksər dövlətlərdə
karantin rejimi tətbiq olunsa da, mövcud məhdudiyyətlər sanitar-epidemioloji
vəziyyətə uyğun olaraq yumşaldılır, karantin rejimindən mərhələli çıxış
mexanizmləri tətbiq edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 18
aprel 2020-ci il 144 saylı qərarı ilə ölkə ərazisində tətbiq olunan xüsusi
karantin rejiminin müddəti uzadılmışdır. COVID-19 virusu ilə bağlı hazırkı
sanitar-epidemioloji vəziyyət, xüsusilə də xəstəliyin yayılma dinamikası və
coğrafiyası, karantin zonalarındakı şəxslərin sıxlığı, onlar arasında virusa
yoluxma halları təhlil edilmiş və 27 aprel 2020-ci il tarixindən məhdudiyyətlərin bir qisminin yumşaldılmasına qərar verilmişdir. Qazaxda da ilk gündən koronavirus infeksiyasına
yoluxma hallarının qarşısının alınması istiqamətində məqsədyönlü mübarizə
tədbirləri həyata keçirilir. Ən əsası da respublikamızda elan edilən xüsusi karantin rejimi dövrü bitənədək ölkəmizin
şəhər və rayonlarında yaşayış məntəqələrinin ərazilərində koronavirus
infeksiyasına qarşı təmizlik və dezinfeksiya işlərinin aparılmasına dair
tələblər rayonda olduğu kimi yerinə
yetirilir. İlk gündən prospekt və küçələrdə yerləşən çoxmənzilli
yaşayış binaları, binaların giriş və ətrafı, parklar, ticarət və xidmət
obyektləri mütəmadi olaraq dezinfeksiya olunur. Bugünkü növbəti dezinfeksiya işləri də ölkə üzrə 27 aprel 2020-ci il saat 00:00-dan etibarən fəaliyyətləri
bərpa olunan xidmət sahələri üzrə olan obyektlərdə aparılıb. Belə ki, Nazirlər
Kabinetinin Qərarında əksini tapan elektronika
və məişət texnikasının satışı, mebel satışı ilə məşğul olan xidmət sahələrinə məxsus
mağazalar və mebel salonları dezinfeksiya edilib. Qazax Rayon Gigiyena və Epidemiologiya Mərkəzinin
əməkdaşları tərəfindən şəhərin Heydər Əliyev prospektində, Əliağa Şıxlinski küçəsində,
eləcə də digər ərazilərdə yerləşən mağaza və salonlar koronavirus
infeksiyasına qarşı suya xüsusi dezinfeksiyaedici maddələr qatılmış məhlulla əl
aparatı ilə dərmanlanıb. Məlumat üçün qeyd edək ki, bu günə kimi, istər əl
aparatı vasitəsilə, istərsə də maşınla aparılan bütün dezinfeksiya işləri
təlimata uyğun olaraq həyata keçirilir. Mərkəzin əməkdaşları tərəfindən Xloromin B, xlorlu əhəng və Bromosepto-DEZ adlı dezinfeksiyaedici maddələrdən
istifadə olunaraq xüsusi məhlul hazırlanır. Qapalı müəssisələrdə və yaşayış
binalarında əl aparatları vasitəsilə aparılan dezinfeksiya işlərində
əsasən Xloromin
B və Bromosepto-DEZ maddələrindən istifadə edilir. 20 litr
tutumu olan əl aparatında 20 litr suya qram hesabı ilə 200 qram Xloromin B,
200 qram Bromosepto-DEZ (10
litr suya hər maddədən 100 qram olmaqla) qatılır. Maşın vasitəsilə görülən
dezinfeksiya işlərində isə hər 1 ton suya 3 kiloqram hesabı ilə xlorlu əhəng əlavə
olunur. H.Əliyev prospektində yerləşən elektronika və məişət texnikasının satışı mağazaları Şəhər ərazisində yerləşən mebel salonları GOYEZEN.AZ
Facebook-da paylaş