• Təqvim

  • Unutma

  • Maraq



Bu gün Milli Qəhrəman Firuddin Şamoyevin şəhidlik zirvəsinə ucaldığı gündən 28 il ötür


Bu gün mənfur düşmənlə 168 km məsafədə sərhəddi olan Qazax rayonunun Bağanıs Ayrım, Xeyrımlı, Barxudarlı, Sofulu, Qızılhacılı, Yuxarı Əskipara və Aşağı Əskipara kimi 7 kəndi hələ də düşmən tapdağı altındadır. 5 kəndi isə daim düşmən gülləsinin atəşinə məruz qalır. Düşmən sərhəddinin bir addımlığında yerləşən Qazax rayonu da torpaqlarımızın ərazi bütövlüyünün qorunması yolunda yüzlərlə şəhid verib. Neçə ana oğulsuz, neçə körpə atasız, neçə ev başsız qalıb. Neçə canlar fəda edilib Vətən uğrunda. "Torpaq, əgər uğrunda ölən varsa, Vətəndir” şüarı ilə döyüşə atılan və düşmənə sinə gərən qeyrətli Qazax övladları hər zaman öz igidlikləri ilə seçiliblər. Bu rayon Vətən torpaqlarının ərazi bütövlüyü uğrunda 287 nəfər şəhid verib. 7 nəfər igid oğlu Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb.

Belə igid Vətən oğullarından biri də şəhidlik zirvəsinə yüksələn Şamoyev Firuddin İsa oğludur.

7 fevral 1962-ci anadan olan Firuddin orta təhsilini başa vurandan sonra hərbi xidməti borcunu yerinə yetirib yenicə ailə həyatı qurmuşdu. Dağlıq Qarabağda elan olunmamış müharibə başlayan gündən yaşadığı Qazax rayonunda da ermənilər tez-tez atəş açır, dinc əhalini qətlə yetirirdilər. Düşmənin torpaqlarımıza təcavüzü, ermənilər tərəfindən törədilən vəhşiliklər hər bir azərbaycanlı kimi onu da narahat edirdi. Bu səbəbdən də Firuddin 1991-ci ilin iyul ayının 8-də öz istəyi ilə könüllülərdən ibarət dəstəyə yazıldı. Dəstəyə qoşulan gənclərin silah-sursat cəhətdən təminatı heç də yaxşı deyildi. Bir neçə avtomat, ov tüfəngi və sair. Lakin buna baxmayaraq onların qəlbində Vətən sevgisi, müqəddəs torpaqlarımızı qorumaq istəyi çox güclü idi. Ona görə də Firuddin kimi gənclər necə deyərlər ölümün gözünün içinə baxa-baxa hər gün döyüşür, torpaqlarımızı yağı düşməndən qorumağa çalışırdılar. Könüllülərdən ibarət olan dəstədə Firuddin öz qorxmazlığı, hərbi tapşırıqları yerinə yetirməsi ilə yaşıdlarından fərqlənirdi. Onun cəsur və qorxmaz olduğunu görən rəhbərlik Firuddini "N" saylı hərbi hissəyə komandir təyin etdi. O, vətənpərvər gəncləri başına toplayaraq silaha sarılıb Vətənin müdafiəsinə qalxdı. Qazax rayonunun Bağanıs Ayrım, Məzəm, Quşçu Ayrım kəndlərinin müdafiəsində iştirak etdi. Firuddin döyüş zamanı öz güc və bacarığı ilə Vətənini canından da çox sevdiyini bir daha sübut etdi. Düşmənin xeyli canlı qüvvəsini və zirehli texnikasını məhv etdi. Vətən sevgisi ona hər şeydən üstün idi. Evdə 3 körpə fidanın gözləri yolda qalsa da o, seçdiyi yoldan geri çəkilmədi. Ən qaynar döyüş nöqtələrində hamıdan öndə getdi, ölməkdən bir an belə olsun qorxmadı.

13 aprel 1992-ci il. Həmin gün Firuddin sonuncu dəfə döyüşə atıldı. Quşçu Ayrım kəndi ətrafında gedən qanlı vuruşda qəhrəmancasına şəhid oldu. Həmin gündən düz 28 il keçir.

Vətən öz şəhid övladının adını uca tutdu. Göstərdiyi şücaətə görə onun adı qəhrəmanlar sırasına yazıldı. Azərbaycan Respublikası Prezidentinin 7 iyun 1992-ci il tarixli 833 saylı Fərmanı ilə Şamoyev Firuddin İsa oğluna ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adı verildi.

F.Şamoyev Qazax şəhərindəki Şəhidlər xiyabanında dəfn edilib. Qazaxdakı şəhər 4 nömrəli tam orta məktəb və bir küçə Milli Qəhrəmanımızın adını daşıyır.

Vətən torpaqlarının ərazi bütövlüyü uğrunda canından keçən igid oğul və qızlarımızın xatirəsi Qazaxda hər zaman əziz tutulur. Şəhidlərimizə, onların ailə üzvlərinə olan qayğı həmişə yüksək səviyyədədir. Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşovun fəaliyyətə başladığı ilk gündən şəhidlərimizin ailə üzvlərinə daim qayğı ilə yanaşması, şəhidlərimizin uyuduğu qəbiristanlıqların, onların xatirəsinə ucaldılmış abidələrin, parkların, bulaqların, xiyabanların abadlaşdırılması, yenilənməsi, əsaslı şəkildə təmir edilməsi bunun bariz nümunəsidir. Şəhərin mərkəzində yerləşən Şəhidlər xiyabanı, orada aparılan abadlıq işləri, ən əsası da şəhidlərimizin adı və şəkli əks olunmuş lövhənin vurulması bu istiqamətdə görülən işlərin daha bir əyani sübutudur.

Digər şəhidlərimiz, Milli Qəhrəmanlarımız kimi, F.Şamoyevin də əziz xatirəsi hər zaman ehtiramla anılır. Qazax şəhərinin girişində Milli Qəhrəmanımızın xatirəsini əbədiləşdirən bulaq abidə kompleksi yenidən əsaslı şəkildə təmir edilib, Milli Qəhrəmanın adına layiq səviyyəyə gətirilib. 2017-ci ildə isə Milli Qəhrəmanımızın 25-ci ildönümündə həmin bulağın açılışı olmuşdur.

 

GOYEZEN.AZ



Facebook-da paylaş