Qazaxda şəhidlərin xatirəsi ehtiramla anılır » Göyəzən internet portalı


Qazaxda şəhidlərin xatirəsi ehtiramla anılır

RESPUBLİKA MƏTBUATI QAZAX HAQQINDA---------------


Qazaxda şəhidlərin xatirəsi ehtiramla anılır
Qoşunların təmas xəttində erməni işğalçıları ilə döyüşlərdə şəhid olan Əliyev Orxan Məhəmməd oğlunun ölümündən 1 il keçir. Şəhidin doğulub boya-başa çatdığı Aslanbəyli kəndində onun vəfatının ildönümü qeyd olunub.

İldönümü mərasimində Qazax Rayon İcra Hakimiyyətinin Başçısı Rəcəb Babaşov, aparatın məsul işçiləri, idarə, müəssisə, təşkilat rəhbərləri, Qarabağ Müharibəsi veteranları, şəhidin döyüş yoldaşları, ictimaiyyət və KİV nümayəndələri iştirak edib.

Əvvəlcə şəhidin məzarı ziyarət olunub, ruhuna dualar oxunub. Qazax rayon İcra Hakimiyyəti tərəfindən əklil qoyulub. Mərasim iştirakçıları şəhidin məzarı üstünə tər qərənfillər qoyaraq onun əziz xatirəsini yad ediblər.

Qazax rayon İcra Hakimiyyətinin Başçısı Rəcəb Babaşov şəhidin məzarı önündə çıxış edərək aprel döyüşlərində erməni işğalçılarının cəbhədə törətdiyi təxribatlara Azərbaycan Ordusunun verdiyi layiqli cavabdan, hərbçilərimizin döyüş meydanında göstərdiyi şücaətdən danışıb.

Bildirib ki, dörd günlük savaşda düşmən Ordumuzun qüdrəti qarşısında vahiməyə düşdü. İşğalçı ermənilər bir daha əmin oldular ki, Azərbaycanın güclü ordusu var və Azərbaycan əsgəri qələbə qazanmaq əzmindədir. Azərbaycan xalqı işğal altında olan torpaqlarını heç zaman güzəştə getməyəcəkdir. Aprel döyüşləri dünya ictimaiyyətinə Azərbaycan Ordusunun nə qədər qüdrətli ordu olduğunu bir daha nümayiş etdirdi. Mənfur düşmən Azərbaycan Silahlı Qüvvələrinin gücünü bir daha gördü. Bütün dünya şahidi oldu ki, Azərbaycan Ordusu bu döyüşlərdə necə peşəkarlıq, qəhrəmanlıq, məharət göstərdi. Aprel döyüşləri öz ordusu haqqında yalanlar, miflər uyduran Ermənistanın təbliğatına ciddi zərbə vurdu.

Rəcəb Babaşov çıxışı zamanı Ali Baş Komandan İlham Əliyevin əmri ilə döyüşə hər an hazır olan silahlı qüvvələrimizin ölkəmizin ərazi bütövlüyünü təmin edəcəyi günün çox da uzaqda olmadığını, qəhrəmanlarımızın qanının yerdə qalmayacağını bildirib.

Sonra Qarabağ qazisi Kamil Musavi, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qazax rayon şöbəsinin rəisi, polkovnik-leytenant Vüqar Mirzəyev, kənd ağsaqqalı Omar Mustafayev və başqaları çıxış ediblər. Çıxış edənlər şəhidlərin göstərdiyi qəhrəmanlıqlardan, ordumuzun cəbhədəki uğurlarından söz açıb, Azərbaycan Ordusunun qüdrəti, gənclərimizin Vətən sevgisi, əsgərlərimizin döyüşlərdəki şücaəti, Silahlı Qüvvələrimizin gücü, xalq və ordu birliyi barəsində danışıblar.

Qeyd ediblər ki, torpaqlarımızın ərazi bütövlüyü uğrunda canlarından keçən bütün şəhidlərimiz kimi, Orxan Əliyev də heç zaman unudulmayacaq, onun əziz xatirəsi qəlbimizdə daim yaşayacaqdır.

Sonra məktəblilər Vətənə, şəhidlərə həsr olunan şeirlər söyləyiblər. Şəhidin ata evində ehsan süfrəsi açılıb.

Qeyd etmək lazımdır ki, Əliyev Orxan Məhəmməd oğlu Respublika Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə ölümündən sonra “Hərbi xidmətdə fərqlənməyə görə” 3-cü dərəcəli medalla təltif olunub. Şəhərin mərkəzində şəhidin xatirəsini əbədiləşdirən bulaq abidə kompleksi inşa edilib.

Vəli VƏLİYEV,
“Respublika” qəzeti
5 aprel 2017-ci il



Facebook-da paylaş