• Təqvim

  • Unutma

  • Maraq



Azərbaycanın dilbər guşəsi Kəlbəcərin işğalından 27 il ötür


"Kəlbəcər həm təbii sərvətlərlə zənginliyinə görə, həm iqliminin gözəlliyinə görə, həm də orada yaşayan insanların fədakarlığına görə respublikada həmişə çox hörmətə, ehtirama layiq olubdur. Kəlbəcər Azərbaycanın ayrılmaz bir parçasıdır, hissəsidir. Heç şübhəsiz, o gün gələcək ki, Kəlbəcər rayonu Ermənistan silahlı qüvvələrinin işğalından azad olacaq və Kəlbəcərin vətəndaşları, sakinləri, bizim soydaşlarımız öz yerlərinə, yurdlarına qayıdacaqlar”.

Ulu Öndər Heydər Əliyev

XX əsrin sonlarına yaxın, keçmiş SSRİ məkanında gedən ictimai-siyasi proseslər Sovet imperiyasının subyektləri olan bəzi respublikalarda  münaqişələrlə müşayiət olundu. Bu hadisələrdən ən çox əziyyət çəkənlər indiki Ermənistan Respublikasında və Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgələrində yaşayan dinc azərbaycanlılar idi. Ermənistanın Azərbaycanın Dağlıq Qarabağ bölgəsinə olan torpaq iddiası yüzlərlə yaşayış məntəqəsinin xarabalığa çevrilməsi, minlərlə insanın həlak olması, 1 milyona qədər dinc əhalinin öz ev-eşiyindən didərgin düşməsi ilə nəticələndi. Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmiş Azərbaycan torpaqlarından didərgin düşən bu insanların faciəsinin kökləri tarixin daha dərin qatlarına gedir.

1993-cü ildə martın 27-də Ermənistan hərbi birləşmələrinin hücumu 1993-cü il aprelin 2-də Kəlbəcər rayonunun işğalı ilə başa çatdı. İşğal nəticəsində rayon mərkəzi, 150-yə yaxın kənd, həmçinin onlarca tarixi-mədəniyyət abidəsi, bir muzey və digər mühüm obyektlər erməni quldurları tərəfindən xarabazara çevrildi. İşğal nəticəsində minlərlə insan dədə-baba torpaqlarından qovuldu, vəhşicəsinə öldürüldü, əsir götürüldü və itkin düşdü. İşğal nəticəsində Kəlbəcərin didərgin düşmüş əhalisi respublikanın müxtəlif ərazilərində müvəqqəti məskunlaşmağa məcbur oldu.

Erməni quldurlarının işğalçılıq siyasəti Dağlıq Qarabağ və onun ətrafındakı 7 rayonla birlikdə Qazax rayonunun 12 kəndinin işğalı ilə nəticələndi. Lakin Ulu öndər Heydər Əliyevin xalqın təhkildi tələbiylə ikinci dəfə hakimiyyətə qayıdışından sonra 1994-cü ildə Qazax rayonunun 5 kəndi işğaldan azad edildi. Bu gün də Azərbaycan dövləti torpaqlarımızın işğaldan azad olunması istiqamətində qətiyyətli addımlar atmağa davam edir. Bununla yanaşı, qaçqın və məcburi köçkünlərin sosial rifahının yaxşılaşdırılması, onların yaşayış səviyyəsinin normallaşdırılması istiqamətində də məqsədyönlü fəaliyyət nümayiş olunur. Bu isə bir daha güclü, iqtisadi cəhətdən möhkəm dayaqlara malik Azərbaycan dövlətinin bütün problemlərin öhdəsindən gəlmək iqtidarında olduğunu göstərir.

Bu gün Azərbaycanın dilbər guşələrindən olan Kəlbəcərin işğalından söz açarkən Qazaxla olan oxşar cəhətlərindən, iki bölgəni bir-birinə bağlayan oxşar tellərdən söz açmamaq mümkün deyil. Bütün dünyada Qərbin qapısı sayılan, sazın, sözün beşiyi hesab edilən Qazaxdan necə tarixi şəxsiyyətlər, söz adamları, aşıqlar pərvazlanmışdısa, eləcə də Kəlbəcərdə bu qəbildən olan insanların sayı-hesabı çox idi. Bu gün Kəlbəcərdən söz düşərkən o gözəl diyar təkcə səfalı yerləri, gözəl təbiəti ilə deyil, eyni zamanda da poeziyamıza, mədəniyyətimizə, ədəbiyyatımıza bəxş etdiyi insanlarla da xatırlanır.

Bu gün Kəlbəcər rayonundan, onun işğalından söz açmaq həmin rayonun işğalı ilə nələri, kimləri, hansı şəxsiyyətləri itirdiyimizi də bir daha yada salır. Kəlbəcərdən söz düşəndə bir çox tanınmış, görkəmli şəxsiyyətlərdən danışmaq olar. Bu gün mən elə bir insandan söz açmaq istəyirəm ki, həmin insanı Qazaxla bağlayan çox incə tellər vardır. Həmin insan zamanında Qazaxda olmuş, bu eli-obanı Qazaxdan heç vaxt ayrı tutmamışdır. Kəlbəcərə, doğma elinə necə bağlı olmuşdusa, Qazaxı da o cür sevgi ilə sevmişdir. Qazaxın söz adamlarına hər zaman böyük dəyər vermişdir. Haqqında yazacağım həmin şəxsiyyət dahi şairimiz Səməd Vurğunla yaxın dostluq etmiş, onun poeziyasından bəhrələnmiş və şeirlərinə sazın sarı simləri ilə yeni həyat vermiş Dədə Şəmşirdir. O Dədə Şəmşir ki, Azərbaycanın çoxəsrlik şifahi sənət ənənələrini layiqincə davam etdirərək meydana gətirdiyi rəngarəng poetik-bədii nümunələrlə milli folklor xəzinəsini daha da zənginləşdirmiş görkəmli söz ustalarındandır. Qədim saz havalarının və dastanlarının mahir ifaçısı kimi tanınan el sənətkarı daim Vətən torpağına bağlı olmuş, yaradıcılığı boyunca xalqın duyğu və düşüncələrini, yüksək mənəvi keyfiyyətləri və yurdun təbiət gözəlliklərini tərənnüm etmişdir.

Bu gün təəssüf hissi ilə qeyd etmək istəyirəm ki, ermənilərin işğalçılıq siyasəti nəticəsində Kəlbəcər rayonunda yerləşən digər maddi-mənəvi irs nümunələri ilə birlikdə məhz Aşıq Şəmşirin adını daşıyan mədəniyyət evi də dağıdılaraq xarabalığa çevrilmişdir.

Ulu öndər Heydər Əliyev zaman-zaman aşıq sənətinin ənənələrinin davam etdirilməsi və zənginləşdirilməsi barəsində bir neçə sərəncam və fərmanlar imzalamışdır. Həmin sərəncamlardan biri də 5 iyul 2003-cü ildə aşıq yaradıcılığının görkəmli nümayəndəsi, Əməkdar incəsənət xadimi Şəmşir Qurban oğlu Qocayevin (Aşıq Şəmşirin) 110 illik yubileynin keçirilməsi haqqında imzaladığı sərəncamdır. Ulu öndər öz sərəncamında qədim köklərə malik olan Azərbaycan aşıq sənəti ənənələrinin davam etdirilməsi və zənginləşdirilməsində Aşıq Şəmşirin böyük əməyi olduğunu vurğulamışdır. Sərəncama uyğun olaraq ölkə miqyasında Aşıq Şəmşirin 110 illik yubileyi təntənəli şəkildə keçirilmişdir.

Cənab Prezident İlham Əliyev də hər zaman mədəniyətimizə, incəsənətimizə xüsusi diqqət ayırmışdır. Belə ki, 2 aprel 2018-ci il tarixdə sərəncam imzalayaraq Azərbaycan aşıq yaradıcılığının böyük nümayəndəsi, respublikanın Əməkdar incəsənət xadimi Aşıq Şəmşirin (Şəmşir Qurban oğlu Qocayevin) anadan olmasının 125 illiyinin təntənəli surətdə keçirilməsi haqqında tapşırıqlar vermişdir. Bu sərəncama uyğun olaraq respublikanın bir çox şəhər və rayonlarında, o cümlədən mədəniyyətin beşiyi sayılan Qazaxda da tədbir keçirilmişdir.

Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşovun sərəncamı ilə Tədbirlər Planı təsdiq edilmiş və şəhərin mərkəzində yerləşən ustaq Aşıq Ələsgərin büstü yenilənmiş, Aşıq Şəmşirin xatirəsinə isə büst qoyulmuşdur. Hər iki ustad aşığın adına layiq abidə kompleksi ucaldılmışdır. Şöhrət ordenli, Azərbaycanın Xalq rəssamı, heykəltaraş Natiq Əliyev tərəfindən hazırlanmış həmin büstlərin açılışı olmuş və Aşıq Şəmşirin 125 illik yubileyinə ən böyük töhfə olmuşdur.                                      

Bu gün Azərbaycan gələcəyə inamla baxır. Əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş dövlətimizin taleyi etibarlı əllərdədir. Heydər Əliyev kürsüsünün layiqli davamçısı, cənab Prezident İlham Əliyev ölkəmizi gələcəyə, yeni uğurlara inamla aparır. Bu gün artıq xarici ölkələr də Azərbaycanın mövqeyi ilə hesablaşır. Əcnəbi dövlətlərlə iqtisadi əlaqələrimiz genişlənir və əməkdaşlığa dair müqavilələr bağlanaraq ölkəmiz gündən-günə inkişaf edir.

Bir gənc kimi inanıram ki, ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi ilə işğal altında olan torpaqlarımız azad olunacaq və həmin gün xalqımızın tarixinə qızıl hərflərlə yazılacaq. 287 şəhid vermiş və 7 kəndi işğal altında olan, Qazax rayonunun bir vətəndaşı olaraq, mənim də ən böyük arzum ölkəmizin üzərində olan qara buludların çəkilməsini, məcburi köçkünlərimizin öz yurd-yuvalarına, ata-baba ocaqlarına yenidən qayıtmasını və işğal altında olan torpaqlarımızda Azərbaycan Bayrağının yenidən dalğalanmasını görməkdir. Əminəm ki, bu, tək mənim deyil, bütün Azərbaycan xalqının arzusudur. Hesab edirəm ki, hər bir Azərbaycan vətəndaşı bu məqsədə çatmaq üçün öz dövləti qarşısında olan vicdan borcunu şərəflə yerinə yetirməli, Vətəninə sədaqətlə xidmət etməyi özünə borc bilməli və torpaq uğrunda canını qoyaraq şəhidlik zirvəsinə ucalan şəhidlərin xatirəsini əziz tutmalıdır.

Yazımın sonunu isə gözəl bir arzu ilə bitirmək istəyirəm. O arzu ki, tezliklə işğal altında olan Kəlbəcərimiz azad edilsin və iki böyük şəxsiyyətimizin – Xalq şairi Səməd Vurğunun və Dədə Şəmşirin qoşa büstləri o gözəl diyarda, dilbər guşədə Kəlbəcərdə qoyulsun. Bir gənc olaraq inanıram ki, mənim bu arzumun reallaşacağı gün isə çox da uzaqda deyil.

Akif ƏMİROV,

Azərbaycan Rəssamlar İttifaqının üzvü, fəal gənc



Facebook-da paylaş