• Təqvim

  • Unutma

  • Maraq



İcra başçısı Aprel şəhidi Orxan Əliyevin məzarını ziyarət edib

 


Azərbaycanın hərb tarixinə 4 günlük müharibə və ya Aprel döyüşləri kimi yazılan şanlı tarixi qələbəmizdən 4 il ötür. Öz qələbəsi, əks-sədası ilə Azərbaycan tarixinə düşmüş 2016-cı ilin Aprel döyüşləri bizim qalibiyyətimiz, zəfər salnaməmizdir. Həmin döyüşlərdə qələbə qazanmaqla yanaşı, biz şəhidlər də verdik. Həmin döyüşlər zamanı Qazaxın üç mərd, igid oğlu - Fərəhli kəndindən kapitan Orucov Mühüd Qurban oğlu, Yuxarı Salahlı kəndindən baş leytenant Namazov Elvin Məmməd oğlu və Aslanbəyli kəndindən əsgər Əliyev Orxan Məhəmməd oğlu ən uca zirvəyə - şəhidlik zirvəsinə ucaldı. Bu gün igid, mərd oğullarımızın yoxluğundan bizləri 4 il ayırır. İllər ötsə belə onlar bizim qəlbimizdə ən ülvi hisslərlə yad edilirlər.

Bu gün Şəhidlik zirvəsinə ucalıb adını tarixə yazdıran, ölümsüzlüyə qovuşan şəhidimiz Əliyev Orxan Məhəmməd oğlunun 4-cü ildönümüdür.

Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov şəhidimizin doğulub boya-başa çatdığı Aslanbəyli kəndində olub. O.Əliyevin ildönümü münasibətilə şəhidimizin ata və anası ilə birlikdə məzarını ziyarət edib.

Şəhidimizin məzarı önündə ruhuna dualar oxunub. 

İcra başçısı Rəcəb Babaşov şəhidin məzarı önündə bildirib ki, bu gün Aprel döyüşlərindən 4 il ötsə də xalqımız nə o şanlı tarixi, nə də torpaq uğrunda canından keçən şəhidlərimizi unudur. İldən-ilə şəhidlərimizə olan hörmət və ehtiramımız daha da artır. Aprel döyüşləri zamanı erməni işğalçılarının cəbhədə törətdiyi təxribatlara Azərbaycan Ordusunun verdiyi layiqli cavabdan, hərbçilərimizin döyüş meydanında göstərdiyi şücaətdən danışan rayon rəhbəri Aprel döyüşlərinin bizim qalibiyyətimiz, zəfər salnaməmiz olduğunu bir daha qeyd edib. Aprel döyüşlərinin dünya ictimaiyyətinə öz ordusu haqqında yalanlar, miflər uyduran Ermənistanın təbliğatını alt-üst etdiyini bir daha dilə gətirib. Ordumuzun qüdrəti qarşısında vahiməyə düşən düşmənin Azərbaycan əsgərinin gücünü bir daha gördüyünü, xalqımızın işğal olunmuş torpaqlarının bir qarışı olsa belə heç zaman güzəştə getməyəcəyini və öz ərazi bütövlüyünü təmin edəcəyini vurğulayıb.

Qazax rayonunda gənclər arasında vətənpərvərlik hissinin hər zaman yüksək səviyyədə olduğunu qeyd edən rayon rəhbəri bildirib ki, bu gün qazaxlılar 7 Milli Qəhrəmanı, Aprel şəhidləri, eləcə də bütün şəhidləri ilə qürur hissi keçirir.

Rayon rəhbəri bu gün Aprel şəhidləri kimi adlarını qürurla səsləndirdiyimiz Mühüd Orucovun, Elvin Namazovun və Orxan Əliyevin təkcə Qazaxın deyil, eyni zamanda, bütün Azərbaycann fəxri olduqlarını qeyd edib.

İcra başçısı ölkə Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin əmri ilə döyüşə hər an hazır olan silahlı qüvvələrimizin ölkəmizin ərazi bütövlüyünü təmin edəcəyi günün çox da uzaqda olmadığını, qəhrəmanlarımızın qanının yerdə qalmayacağını bildirib. 

Şəhidin atası Məhəmməd Əliyev şəhidlərə və şəhid ailələrinə göstərdiyi diqqət və qayğıya görə Prezident İlham Əliyevə ailəsi adından dərin minnətdarlığını bildirib. Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşova təşəkkürünü çatdırıb.

Qeyd edək ki, Əliyev Orxan Məhəmməd oğlu 11 avqust 1995-ci ildə Qazax rayonunun Aslanbəyli kəndində anadan olmuşdur. 2011-ci ildə Bakıda Texniki Kollecinə "Avtomobil nəqliyyatı” şöbəsinin "Yol hərəkətinin təşkili” ixtisası üzrə daxil olmuş, 2015-ci ildə həmin kolleci öz ixtisası üzrə bitirmişdir. Kolleci bitirdikdən sonra hərbi xidmətə  getmişdir. Əliyev Orxan Məhəmməd oğlu 2 aprel 2016-cı ildə Tərtər istiqamətində gedən döyüşlərdə şəhid olmuşdur. Orxan Əliyev ölümündən sonra göstərdiyi qəhrəmanlığa görə Respublika Prezidenti İlham Əliyevin 19 aprel 2016-cı il tarixli Sərəncamı ilə "Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli medalı ilə təltif olunmuşdur. Qazax şəhərinin mərkəzində xatirəsini əbədiləşdirən bulaq tikilmişdir.

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı və "Öyrədərək Öyrənirik" Gənclərin İntellektual İnkişafına Dəstək İctimai Birliyinin təşkilatçılığı ilə icra olunan "Vətən üçün hazır ol!" layihəsi çərçivəsində çəkilmiş "Qarabağa doğru" sənədli filmi baş leytenant Elvin Namazov, kapitan Mühüd Orucov və əsgər Orxan Əliyevin əziz xatirəsinə həsr olunmuşdur. Tanınmış şairə, publisist  Fəridə Ləman tərəfindən şəhidin xatirəsinə həsr olunmuş "Cənnətdən məktublar” adlı kitab yazılmışdır.


GOYEZEN.AZ



Facebook-da paylaş