• Təqvim

  • Unutma

  • Maraq



Qazaxda icra başçısı şəhid Əlləz Əlləzovun məzarını ziyarət edib


Bu gün düşmənlə 168 km məsafədə sərhəddi olan Qazax rayonunun Bağanıs Ayrım, Xeyrımlı, Barxudarlı, Sofulu, Qızılhacılı, Yuxarı Əskipara və Aşağı Əskipara kimi 7 kəndi hələ də düşmən tapdağı altındadır. 5 kəndi isə daim düşmən gülləsinin atəşinə məruz qalır. Zaman-zaman bu yurdun oğul və qızları "Torpaq, əgər uğrunda ölən varsa, Vətəndir” şüarı ilə şəhidlik adlı müqəddəs amal uğrunda döyüşə atılıblar. Vətən torpaqlarının ərazi bütövlüyü uğrunda Qazax rayonu da 287 nəfər şəhid verib. 7 nəfər igid oğlu Azərbaycanın Milli Qəhrəmanı adını alıb.

Vətən torpaqlarının ərazi bütövlüyü uğrunda canından keçən igid oğul və qızlarımızın xatirəsi Qazaxda hər zaman əziz tutulur. Şəhidlərimizə, onların ailə üzvlərinə olan qayğı həmişə yüksək səviyyədədir. Rayon rəhbərinin fəaliyyətə başladığı ilk gündən şəhidlərimizin ailə üzvlərinə daim qayğı ilə yanaşması, şəhidlərimizin uyuduğu qəbiristanlıqların, onların xatirəsinə ucaldılmış abidələrin, parkların, bulaqların, xiyabanların abadlaşdırılması, yenilənməsi, əsaslı şəkildə təmir edilməsi bunun bariz nümunəsidir. Şəhərin mərkəzində yerləşən Şəhidlər xiyabanı, orada aparılan abadlıq işləri, ən əsası da şəhidlərimizin adı və şəkli əks olunmuş lövhənin vurulması bu istiqamətdə görülən işlərin daha bir əyani sübutudur.

Şəhidlik adlı zirvəyə ucalmağı özünə şərəf və qürur yeri sayan Qazaxın igid, cəsur oğullarından biri də 2019-cu il martın 26-da Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən bölmələrimizin mövqelərinin atəşə tutulması nəticəsində cəbhənin Füzuli rayonu istiqamətində şəhid olan Azərbaycan Ordusunun hərbi qulluqçusu, Yuxarı Salahlı kənd sakini Əlləzov Əlləz Ələddin oğludur. O, 6 noyabr 1999-cu ildə Qazax rayonunun Yuxarı Salahlı kəndində anadan olub. 2017-ci ildə şəhid Zahid Mahmudov adına Yuxarı Salahlı kənd tam orta məktəbi bitirib. 5 yanvar 2018-ci il tarixdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qazax rayon şöbəsi tərəfindən həqiqi hərbi xidmətə çağırılıb. Ötən ilin 26 martında şəhadətə qovuşan şəhidimiz bir gün sonra – martın 27-də doğulduğu Yuxarı Salahlı kənd qəbiristanlığında böyük izdihamla dəfn olunub. Vətən uğrunda canından keçərək şəhidlik zirvəsinə ucalan şəhidimizin yoxluğundan artıq 1 il ötür.

 

Bu gün Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov Yuxarı Salahlı kənd qəbiristanlığında olub, şəhidimizn ata və anası ilə birlikdə məzarını ziyarət edib.

İgid Vətən oğlunun məzarını ziyarət edən icra başçısı şəhidimizə Allahdan rəhmət, ailə üzvlərinə bir daha səbr diləyib. Qeyd edib ki, şəhidimiz Əlləz Əlləzovun uca bir məqama - şəhidlik zirvəsinə ucaldığı gündən 1 il ötməsinə baxmayaraq o, daim bizim qəlbimizdə yaşayır. Onun əziz xatirəsi hər zaman yad edilir. Çünki Əlləz təkcə ata və anasının deyil, eyni zamanda, bu elin-obanın, qazaxlıların, bütöv Azərbaycan xalqının oğludur.

Rayon rəhbəri qüdrətli Azərbaycan Ordusunun düşmənə hər an tutarlı zərbə vurmağa hazır olduğunu, Vətən uğrunda canından keçən şəhidlərimizin qanının yerdə qalmayacağını, Respublika Prezidenti, Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşərək onun əmrini gözləyən Vətən övladlarının bu gün də var olduğunu vurğulayıb.

Şəhidin atası Ələddin Əlləzov şəhidlərə, onların ailə üzvlərinə göstərdiyi diqqət və qayğıya görə Prezident İlham Əliyevə ailəsi adından öz dərin minnətdarlığını bildirib. Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşova təşəkkürünü çatdırıb.

 

GOYEZEN.AZ



Facebook-da paylaş