Prezident İlham Əliyevin Novruz bayramı münasibətilə Azərbaycan xalqına təbriki
- Əziz həmvətənlər, mən sizi
Novruz bayramı münasibətilə ürəkdən təbrik edirəm, Azərbaycan xalqına cansağlığı,
xoşbəxtlik arzulayıram. Novruz bayramı bizim milli bayramımızdır, milli
sərvətimizdir. Əsrlərboyu Azərbaycan xalqı bu gözəl bayramı qeyd edir. Bu il koronavirusa görə kütləvi tədbirlərin keçirilməsi mümkün deyil.
Əminəm ki, Azərbaycan xalqı bu vəziyyəti yaxşı anlayır. Azərbaycan dövləti
tərəfindən görülən bütün tədbirlər xalqın sağlamlığını, ölkəmizin
təhlükəsizliyini təmin etmək üçündür. Ona görə xahiş edirəm ki, hər bir
vətəndaş öz məsuliyyətini dərk etsin və yaşlı nəslin nümayəndələrinə xüsusi diqqət
göstərilməlidir. Yaşlı nəslin nümayəndələrinə Azərbaycan cəmiyyətində həmişə
böyük hörmət göstərilir. Mən bu mövzu ilə bağlı fikirlərimi kifayət qədər geniş
şəkildə bildirmişdim və bir daha demək istəyirəm ki, bu, bizim cəmiyyətimizin
əsas sütunlarından biridir. Bizim ənənələrimiz, milli dəyərlərimiz, yaşlı
nəslin nümayəndələrinə hörmət və diqqət milli xüsusiyyətimizdir və biz bu
dəyərləri bundan sonra da qorumalıyıq. Ancaq indiki şəraitdə yaşlı nəslin
nümayəndələrinə xüsusi diqqət göstərilməlidir. Onlara hörmət dildə, sözdə yox,
əməldə göstərilməlidir. Çünki bu xəstəliklə bağlı ən ağır fəsadlar məhz yaşlı
nəslin nümayəndələrində müşahidə olunur. Əminəm ki, biz dünyanı bürümüş,
pandemiya halına çevrilmiş bu xəstəliyə qarşı birlikdə mübarizə aparacağıq və
bu mübarizə öz nəticəsini verəcəkdir. İlin əvvəlindən görülmüş işlər ölkəmizin uğurlu inkişafını bir daha
təsdiqləyir, Azərbaycan müasirləşir, yeniləşir. Azərbaycanda aparılan
islahatlar demək olar ki, bütün sahələri əhatə edir. 2019-cu ildə aparılan islahatlar
iqtisadi sahədə böyük dəyişikliklərə səbəb oldu. Məhz şəffaflıq prinsiplərinin
tətbiqi nəticəsində dövlət büdcəsinə 1 milyard manatdan çox vəsait daxil edildi
və bu vəsait son qəpiyinə qədər insanların sosial problemlərinin həllinə
istiqamətləndirildi. Bildiyiniz kimi, keçən il Azərbaycanın 4,2 milyon
vətəndaşı dövlət tərəfindən görülmüş tədbirlər nəticəsində öz maddi vəziyyətini
yaxşılaşdırdı, maaşlar, pensiyalar, sosial müavinətlər əhəmiyyətli dərəcədə
artırıldı. Bu, bir daha onu göstərir ki, Azərbaycan sosial dövlətdir və bizim
bütün iqtisadi imkanlarımızın əsas istiqaməti vətəndaşların sosial təminatıdır.
Bu istiqamətdə bundan sonra da işlər aparılacaq. 2020-ci ilin ilk iki ayı onu
göstərir ki, bu istiqamətdə əlavə tədbirlərin görülməsi mümkün olacaqdır. İlin əvvəlindən ölkəmizdə proseslər müsbət istiqamətdə gedir, Azərbaycanda
sabitlik, təhlükəsizlik təmin edilir. Sabitliyin təminatçısı Azərbaycan
xalqıdır, xalq-iqtidar birliyidir, vəhdətidir. Bu birlik özünü bir daha
parlament seçkilərində göstərmişdir. Fevralın 9-da keçirilmiş parlament
seçkiləri ölkəmizin həyatında önəmli hadisədir. Parlament seçkiləri ölkəmizdə
aparılan siyasətin xalq tərəfindən yüksək qiymətləndirildiyini bir daha ifadə
etdi. Parlament seçkilərində Azərbaycan xalqının iradəsi öz əksini tapdı və
Azərbaycan cəmiyyəti bu seçkilərin nəticələrindən məmnun qaldı. Yeni parlamentin qarşısında duran vəzifələr haqqında mən parlamentin ilk
iclasında öz sözlərimi demişəm. Əlavə etmək istərdim ki, parlamentin tərkibi
yenidən formalaşdı və ilk dəfə olaraq parlamentin rəhbərliyində müxalifət
nümayəndələri də yer aldı. Eyni zamanda, parlament komitələrinin rəhbərliyində
də müxalifət nümayəndələri təmsil olunur. Bu, ölkəmizin tarixində ilk dəfə baş
verən hadisədir və bir daha onu göstərir ki, bizim niyyətimiz çoxpartiyalı
sistemin təkmilləşdirilməsidir. Sirr deyil ki, parlamentdə səslərin çoxluğu
Yeni Azərbaycan Partiyasına məxsusdur. Əlbəttə, Yeni Azərbaycan Partiyasının
razılığı olmadan bu islahatlar aparıla bilməzdi. Bu, onu göstərir ki, bu istiqamətdə
atılan addımlar ölkəmizin gələcək uğurlu inkişafına müsbət təsir edəcək və
ölkəmizdə siyasi sistemin yeni konfiqurasiyası formalaşır. Eyni zamanda, Prezident
Administrasiyası bütün siyasi partiyalara dialoq təklifi etmişdir. Bu da çox
ciddi addımdır. Sirr deyil ki, bu gün Azərbaycan iqtidarı tarixdə olmadığı
qədər güclüdür. Biz hesab edirik ki, güclü ilk addımı atmalıdır, ilk təklifi
verməlidir və belə demək mümkündürsə, yolunu azmışlara da yol göstərməlidir.
Yəni, biz bunu etdik və şadam ki, siyasi spektrin mütləq əksəriyyəti bu
təşəbbüsə müsbət reaksiya vermişdir, faktiki olaraq siyasi dialoq artıq
başlamışdır. Əminəm ki, bunun nəticələri də xalqımız üçün və ölkəmizin gələcək
inkişafı üçün müsbət olacaqdır. O ki qaldı, bu dialoqdan imtina edən qruplaşmalara,
onlar özləri bilərlər. Hər halda mən demişəm, bir daha demək istəyirəm, uduzan
tərəf biz olmayacağıq və yeni siyasi konfiqurasiyada satqın, xain beşinci
kolonun nümayəndələrinə yer olmayacaq. Azərbaycan təmizlənir, o cümlədən
satqınlardan, xainlərdən, beşinci kolonun nümayəndələrindən təmizlənir və
təmizlənməlidir. Eyni zamanda, Azərbaycan xalqı yaxşı görür ki, xoşagəlməz
hallara qarşı çox ciddi mübarizə aparılır, korrupsiyaya, rüşvətxorluğa qarşı
bundan sonra da mübarizə aparılacaqdır. Son hadisələr, bu istiqamətdə atılan
addımlar bunu bir daha göstərir. İlin əvvəlindən bizim
beynəlxalq mövqelərimiz daha da möhkəmləndi. Mənim xarici tərəfdaşlarımla
ikitərəfli formatda keçirilmiş görüşlər bir daha onu göstərdi ki, Azərbaycanın
dünyada çox böyük hörməti var və bizim siyasətimizə böyük rəğbət var. Eyni
zamanda, beynəlxalq tədbirlərdə mənim iştirakım ölkəmizin mövqelərini daha da
gücləndirdi. Bildiyiniz kimi, Davos Ümumdünya İqtisadi Forumu dünyanın bir
nömrəli siyasi və iqtisadi forumudur. Dünyanın siyasi və biznes elitası bu
forumda iştirak edir. Mən bu forumda ardıcıl olaraq uzun illərdir ki, iştirak
edirəm və hər bir iştirak ölkəmizə yeni dividendlər gətirir, həm siyasi, həm
iqtisadi. Bu dəfə bir daha əmin oldum ki, Azərbaycanda gedən proseslərə böyük
maraq var. Bütün tərəfmüqabillərim demək olar bir məsələni qeyd edirdilər ki,
Azərbaycan sabit ölkədir və bu gün qeyri-sabit bölgədə, qeyri-sabit dünyada
sabitliyi qorumaq böyük məharət və siyasi səriştə tələb edir. Sabitliyin
mövcudluğuna görə Azərbaycana sərmayə qoyuluşu da təmin edilir. Keçən il 13,5
milyard dollar xarici sərmayə qoyulubdur, bu ilin yanvar ayında bərpaolunan
enerji növlərinin yaradılmasına yönəlmiş 440 milyon dollar xarici sərmayənin
qoyuluşu ilə əlaqədar müvafiq sənədlər imzalanmışdır. Ümumiyyətlə, Davos
İqtisadi Forumunda bizim iştirakımız çox uğurlu olub. Davos Ümumdünya İqtisadi
Forumunun Dördüncü Sənaye İnqilabı üzrə regional mərkəzi məhz Azərbaycanda
yaradılacaq. Bu mərkəz Qafqaz-Orta Asiya məkanını əhatə edəcəkdir və müvafiq sənəd
də imzalanmışdır. Bu, bir daha bizim güclü mövqelərimizi ifadə edir. Eyni zamanda, hesab edirəm ki,
dünyada təhlükəsizlik sahəsində digər bir nömrəli konfrans Münxen Təhlükəsizlik
Konfransıdır. Bu konfransda da mən müntəzəm olaraq iştirak edirəm və hər dəfə
Azərbaycan həqiqətlərini geniş auditoriyaya çatdırıram. O cümlədən
Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Azərbaycanın
mövqeyini, haqlı olduğunu və tarixi aspektləri çatdırıram. Bu dəfə isə daha
gözəl fürsət yaranmışdır, Azərbaycan xalqının və dünyanın gözü qarşısında
Azərbaycan öz üstünlüyünü bir daha ifadə etmişdir. Tarixi həqiqət, beynəlxalq
hüququn normaları bizim tərəfimizdədir. Münxen Təhlükəsizlik Konfransında
Ermənistanın və dünya erməniliyinin uzun illər ərzində apardığı təbliğata
sarsıdıcı zərbə vurulmuşdur. Demək olar ki, onların təbliğatı sübutlar, tarixi
faktlar, beynəlxalq təşkilatların qəbul etdikləri qətnamələr və qərarlar
əsasında darmadağın edilmişdir. Hesab edirəm ki, bu sarsıdıcı zərbə erməni
təbliğatının sonudur. Münxen Təhlükəsizlik Konfransının auditoriyası kifayət
qədər genişdir. Azərbaycan və Ermənistan rəhbərlərinin canlı debatının ilk dəfə
keçirildiyini nəzərə alsaq, təsəvvür etmək çətin deyil ki, bu debatlara çox
böyük maraq var idi və milyonlarla insan bu debatları həm canlı formatda, həm
də ondan sonra izləyə bilmişdir. Ona görə bizim haqq işimiz bir daha öz
təsdiqini tapdı və bütün dünya bir daha gördü ki, - mən bunu Valday Forumunda
da canlı efirdə demişdim, - Qarabağ Azərbaycandır və nida işarəsi. Bu il iqtisadi sahədə əldə
edilmiş uğurlar əlbəttə ki, bizi çox sevindirir. İki ayda ümumi daxili məhsul
2,8 faiz artmışdır. Qeyri-neft sektorunda iqtisadiyyat 6,7 faiz artmışdır.
Qeyri-neft sektorunda sənaye istehsalı 21,7 faiz artmışdır. Əhalinin pul gəlirləri
9 faiz artmışdır, inflyasiya isə cəmi 2,8 faizdir. Yenə də islahatlar hesabına və
şəffaflıq tədbirlərinin görülməsi nəticəsində iki ayda dövlət büdcəsinə
proqnozdan əlavə 252 milyon manat daxil edilmişdir. Bu, bir daha onu göstərir
ki, şəffaflıqla bağlı görülən tədbirlər, kölgə iqtisadiyyatına qarşı aparılan
siyasət öz nəticəsini verməkdədir. Əminəm ki, bu müsbət meyil ilin sonuna qədər
davam edəcək və Azərbaycan iqtisadiyyatının hazırda kölgədə olan hissəsi
kölgədən çıxacaq. Burada təkcə dövlət orqanlarının fəaliyyəti kifayət deyil.
Biznes dairələri də öz məsuliyyətini dərk etməli və əyri yola getməməlidirlər,
öz fəaliyyətini kölgədən çıxarmalıdırlar və dövlətin vergisini son qəpiyinə
qədər ödəməlidirlər. Çünki bilməlidirlər ki, bu vergilər insanların maaşlarının,
pensiyalarının artırılmasına istiqamətləndirilir. Bu il sosial sahədə böyük
işlərin görülməsi nəzərdə tutulur. İlin əvvəlindən üç böyük xəstəxana mənim
iştirakımla açılmışdır - Goranboy, Şəmkir və Qazax şəhərlərində. Yenə də xəstəxanaların açılması nəzərdə tutulur və
sosial infrastrukturun yaradılması istiqamətində işlər aparılacaqdır.
Baxmayaraq ki, dünya bazarlarında neftin qiyməti kəskin aşağı düşdü, bizim
bütün sosial öhdəliklərimiz təmin ediləcək. Baxmayaraq ki, keçən il görülmüş
tədbirlər və qəbul edilmiş qərarlar nəticəsində bizim sosial sahəyə nəzərdə
tutulan büdcə xərclərimiz kifayət qədər artmışdır, ancaq bütün sosial
öhdəliklər yerinə yetiriləcək və bütün sosial infrastruktur layihələri tam icra
ediləcək. Məcburi köçkünlərin yaşayış şəraitinin
yaxşılaşdırılması üçün nəzərdə tutulmuş 7 min mənzil tikilib istifadəyə
veriləcək. Şəhid ailələri üçün nəzərdə tutulan 1500 mənzil tikilib istifadəyə
veriləcəkdir. Bu məsələ ilə bağlı heç bir şübhə olmamalıdır. Əminəm ki, biz
2020-ci ili də uğurla başa vuracağıq. Halbuki bu gün bir çox ölkələr böyük
çətinliklərlə üzləşiblər. Bu ölkələrdə həm siyasi sabitlik pozulur, həm
iqtisadi böhran yaşanır və o cümlədən neft hasil edən ölkələrin bəziləri artıq
neftin qiymətinin düşməsindən əziyyət çəkməyə başlayıblar. Koronavirus
xəstəliyi əlbəttə ki, vəziyyəti çətinləşdirir. Bütün bunlara baxmayaraq, hesab
edirəm ki, Azərbaycan bu sınaqdan da şərəflə və az itkilərlə çıxacaq. Buna nail
olmaq üçün biz hamımız həmrəylik göstərməliyik, məsuliyyət göstərməliyik, birlik
göstərməliyik. Dünya üçün bu çətin dövrdə həm xalqımızı, həm dövlətimizi
qorumaq üçün xalqımızın ən ülvi xüsusiyyətlərini bir daha göstərməliyik və bunu
dünyaya təqdim etməliyik. Bildiyiniz kimi, koronavirus
xəstəliyi dünya gündəliyinin bir nömrəli məsələsidir. Artıq Ümumdünya Səhiyyə
Təşkilatı pandemiya elan edibdir və bəyan edibdir ki, pandemiyanın mərkəzi
Avropa məkanıdır. Bu xəstəliyin geniş yayılması onu göstərir ki, hətta inkişaf
etmiş ölkələr onun qarşısını ala bilmirlər. Bu xəstəliyə qarşı heç bir dərman,
vaksin yoxdur və nə vaxt olacaq, heç kim bilmir. Ona görə bu xəstəliyin
məhdudlaşdırılması və yayılmaması üçün biz bəri başdan, ən ilk günlərdən
praktik addımlar atmağa başlamışıq. Mənim göstərişimlə yanvarın 24-dən Nazirlər
Kabineti yanında Operativ Qərargah yaradılmışdır. Bu qərargah 24 saat işləyir,
bütün dövlət qurumlarının fəaliyyətinə rəhbərlik edir, xəstəliklə bağlı bütün
işləri nəzarətdə saxlayır və bu işləri əlaqələndirir. Ciddi tədbirlər
görülmüşdür. Biz Ümumdünya Səhiyyə Təşkilatı ilə yanvarın 24-dən yeni
əməkdaşlıq formatı çərçivəsində işləməyə başlamışıq. Onları ölkəmizə dəvət
etmişik. Onların tövsiyələrinə riayət edərək ölkəmizdə çox ciddi tədbirlər
görmüşük. Təsadüfi deyil ki, Ümumdünya Səhiyyə Təşkilatının nümayəndələri mart
ayında Azərbaycana gələrək, vəziyyətlə tanış olaraq bildirdilər ki, Azərbaycan
rəhbərliyi koronavirusun yayılmaması üçün çox önəmli və təsirli tədbirlər
görür. Bu, həqiqətən də belədir. Bildiyiniz kimi, bütün uşaq
bağçaları, məktəblər, ali məktəblər bağlandı. Kütləvi tədbirlərin keçirilməsi
qadağan edildi. Martın 14-dən xüsusi davranış qaydaları tətbiq edildi və
ictimaiyyətə bu məsələ ilə bağlı kifayət qədər məlumat verilir. Xəstəliklə,
onun yayılması və nəticələri ilə bağlı mənim göstərişimlə vətəndaşlara müntəzəm
olaraq bütün məlumatlar verilir. Karantin tədbirləri görülür, yeni
laboratoriyalar alınıbdır. Qısa müddət ərzində ən müasir dörd laboratoriya
alınıb gətirilib və hazırda bizim laboratoriyalarımızın sayı 10-a çatıb. Lazım
olarsa, əlavə laboratoriyalar alınacaqdır. On xəstəxana xüsusi rejimdə işləyir.
Bu xəstəxanalar ölkəmizin müxtəlif bölgələrində yerləşir, o cümlədən Bakı
şəhərində. Bu xəstəxanalarda həm xəstələrin müalicəsi aparılır və həm də
karantin tədbirləri görülür. Bir çox ölkələrlə gediş-gəliş
artıq məhdudlaşdırıldı, demək olar ki, tamamilə aradan qaldırıldı. Bir çox
aviareyslər ləğv edildi, sərhədlərimizin bağlanması istiqamətində əməli
addımlar atıldı, elektron vizaların verilməsi dayandırıldı və xəstəliyin geniş
yayıldığı ölkələrdən Azərbaycana insanların gəlməsi qadağan edildi. Bütün bu
tədbirlər əminəm ki, öz müsbət təsirini göstərəcək. Bizim əsas məqsədimiz bu
xəstəliyin Azərbaycanda yayılmamasıdır. Buna nail olmaq üçün təkcə dövlət
tərəfindən görülən tədbirlər kifayət deyil. Dövlət nə lazımsa edir, vəsait
ayırır. Martın əvvəlində bu xəstəliklə mübarizə üçün 10 milyon manat vəsait
ayrıldı. Bu gün bəyan edirəm, Prezidentin ehtiyat fondundan əlavə 20 milyon
manat ayrılacaq ki, həm bu xəstəliyə qarşı mübarizə daha təsirli olsun, eyni
zamanda, koronavirus xəstələrinə qulluq edən həkimlərin maddi təminatı daha da
yüksək olsun. Biz bunu da nəzərə alırıq. Mən bir daha Azərbaycan həkimlərinə öz
təşəkkürümü bildirmək istəyirəm. Onlar bu xəstəliyə qarşı fədakarcasına
mübarizə aparırlar, öz sağlamlıqlarını risk altına atırlar. Ancaq yüksək
məsuliyyət, içdikləri and əlbəttə ki, onları bu işlərə sövq edir. Xəstələr də
həkimlərə böyük diqqətlə yanaşmalıdırlar. Bu, indiyədək dünyada görünməmiş
xəstəlikdir və bu xəstəliyin yayılması templəri də bizə bəlli deyil. İnkişaf
etmiş bir neçə ölkədə artıq bu xəstəlik bir-iki gün ərzində geniş vüsət alır.
Bu, onu göstərir ki, xəstəliyin sanki akkumulyasiya dövrü vardır, ondan sonra
bu xəstəlik geniş yayılır. Bu xəstəliyin yayılmaması üçün ilk növbədə, bütün
dövlət tədbirləri ilə yanaşı, vətəndaşlar da məsuliyyətli olmalıdırlar. Əgər
kimsə özündə xəstəlik simptomu hiss edərsə, dərhal həkimlərə müraciət
etməlidir, dərhal özünü təcrid etməlidir, kütləvi yerlərə getməməlidir, lazım
olmadan kütləvi tədbirlərdə iştirak etməməlidir. Bu tədbirlər artıq ləğv
olunub, amma istisna deyil ki, hansısa məsuliyyətsiz adamlar qaydalara uyğun
olmayan hərəkətlər etsinlər. Mən bəri başdan hər kəsi xəbərdar etmək istəyirəm,
ciddi tədbirlər görüləcək. Çünki bu, milli məsələdir, xalqımızın sağlamlığıdır,
dövlətimizin təhlükəsizliyidir. Hər kəs bilsin, əgər martın 14-də elan olunmuş
qaydalara kimsə əməl etməsə, çox ciddi məsuliyyətə cəlb ediləcək. Təəssüflər ki,
məsuliyyətsizliklə əlaqədar faktlar daxil olur. Eyni zamanda, biz açıq
təxribatı da görürük. Bu təxribat haradan gəlir, həmin o beşinci kolondan,
içimizdə oturan düşmənlərdən, özünü müxalifət adlandıran ünsürlərdən, xaricdən
pul alan satqınlardan. Onların əsas məqsədi Azərbaycanı məhv etməkdir.
Azərbaycan üçün nə qədər pisdirsə, onlar üçün o qədər yaxşıdır. Baxın onların
sosial şəbəkələrdəki çıxışlarına, nifrətlə, təxribatla doludur. Sanki
istəyirlər ki, iğtişaş olsun. İstəyirlər ki, aləm qarışsın. İstəyirlər ki,
panika olsun. Sonra da deyirlər ki, onlar Azərbaycan xalqının qayğıları ilə yaşayırlar.
Onlar düşməndirlər və biz bunu açıq deməliyik. Bu xəstəlik hələ bilinmir nəyə
gətirib çıxaracaq. Ona görə bu xəstəlik dövründə tamamilə yeni münasibətlər
qaydaları mövcud olacaqdır. Hər kəs bunu bilsin və istisna edilmir ki, nə
vaxtsa fövqəladə vəziyyət də elan oluna bilər. Belə olan halda, bu beşinci
kolonun nümayəndələrinin təcrid edilməsi artıq tarixi zərurət olacaq.
Azərbaycan xalqı onları tarixin zibilxanasına çoxdan atıbdır. Orada onlar artıq
30 ilə yaxındır ki, çürüyürlər. Amma biz imkan verə bilmərik ki,
anti-Azərbaycan qüvvələr, beşinci kolon, milli satqınlar bu vəziyyətdən
istifadə edib hansısa təxribat törətsinlər. Hər kəs bunu bilsin. Bizim
siyasətimiz birmənalıdır, bizim iradəmiz qətidir. Biz hər zaman olduğu kimi,
Azərbaycan xalqının problemlərini həll edirik və həll edəcəyik. İndiki
vəziyyətdə, koronavirus dövründə Azərbaycan dövlətinin addımları bir daha onu
göstərir ki, bizim üçün Azərbaycan xalqının sağlamlığı, təhlükəsizliyi, rifahı
hər şeydən üstündür və buna nail olmaq üçün biz istənilən addıma gedəcəyik. Heç
kimin bu məsələ ilə bağlı şübhəsi olmasın. Əziz həmvətənlər, bacılar və
qardaşlar, dünya yeni dövrə qədəm qoyur. Bu dövrün xüsusiyyəti ondan ibarətdir
ki, bilinmir bu xəstəliyin sonu nə vaxt olacaq və bu xəstəlik hansı fəsadlara
gətirib çıxaracaq. Ona görə bir daha bütün Azərbaycan xalqını həmrəyliyə,
məsuliyyətə dəvət edirəm. Əminəm ki, biz birlikdə bütün sınaqlardan üzüağ
çıxacağıq. Bir daha əziz xalqımı bu gözəl
bayram münasibətilə təbrik edirəm, hər bir Azərbaycan vətəndaşına cansağlığı,
uzun ömür, xoşbəxtlik arzulayıram. Bayramınız mübarək olsun! GOYEZEN.AZ
Facebook-da paylaş