İcra başçısı yeni istifadəyə verilən Qazax Rayon Mərkəzi Xəstəxanasının kollektivinə gələcək fəaliyyətlərində uğurlar arzulayıb
Xəbər verdiyimiz kimi, martın 3-ü qazaxlıların, xüsusilə də səhiyyə
sahəsində çalışan insanların yaddaşına tarixi bir gün olaraq yazıldı.
Respublika Prezidenti İlham Əliyevin iştirakı ilə Qazax Rayon Mərkəzi
Xəstəxanası sakinlərin istifadəsinə verildi. Bu gün Qazax Rayon İcra Hakimiyyətinin
başçısı Rəcəb Babaşov Rayon Mərkəzi Xəstəxanasının bir qrup əməkdaşını qəbul edib və əlamətdar
hadisə münasibətilə səmimi ürək sözlərini çatdırıb. Səhiyyə sahəsində çalışan
insanları yeni səhiyyə ocağının istifadəyə verilməsi münasibətilə bir daha
təbrik edib. Səhiyyə sahəsinə göstərilən dövlət qayğısından söz açan
rayon rəhbəri bildirib ki, səhiyyə islahatlarının mühüm istiqaməti olan tibb
müəssisələri şəbəkəsinin və strukturunun təkmilləşdirilməsi sahəsində son
illərdə görülən işlər göz qabağındadır. Respublikamızda səhiyyə sahəsinə olan dövlət
qayğısının ən bariz nümunəsi də dünən Qazaxda açılışı olan Rayon Mərkəzi
Xəstəxanasıdır. Qeyd edib ki, əhalinin sağlamlığının qorunmasında və
tibbi xidmətin keyfiyyətinin yaxşılaşdırılmasında səhiyyənin prioritet sahələri
üzrə qəbul olunan Dövlət proqramları, həmin proqramlara əsasən ölkə üzrə bütün
tibb müəssisələrinin yenidən qurulması bir daha onu sübut edir ki, Azərbaycanda
səhiyyə sahəsinə olan qayğı daim diqqət mərkəzindədir. Prezident İlham Əliyevin
təşəbbüsü ilə reallaşdırılan sosialyönümlü siyasətin mühüm tərkib hissəsi kimi
ölkədəki tibb ocaqlarında xidmətin pulsuz həyata keçirilməsi, əhalinin icbari
tibbi sığortasının təşkil olunması və icrasının uğurla davam etdirilməsi həmin
qayğının əyani göstəricisidir. Rayon rəhbəri ölkəmizdə səhiyyə sahəsinə göstərdiyi diqqət
və qayğıya, xüsusilə də düşmənlə 168 km sərhəddi olan Qazax rayonunda belə
yüksək səviyyədə xəstəxananın tikintisinə görə ölkə başçısı İlham Əliyevə
qazaxlılar, rayon ictimaiyyəti adından bir daha minnətdarlığını bildirib. İcra
başçısı bundan sonra da səhiyyə sahəsinin inkişaf etməsi, vətəndaşlara yüksək
səviyyədə tibbi xidmət göstərilməsi üçün böyük səylə çalışmalarını bildirib və
bu yolda xəstəxananın kollektivinə gələcək fəaliyyətlərində uğurlar arzulayıb. Qazax Rayon Mərkəzi Xəstəxanası Publik Hüquqi
Şəxsin baş direktoru Sevda Məmmədova çıxış edərək ilk növbədə səhiyyə
işçilərinin vətəndaşlara yüksək səviyyədə tibbi xidmət göstərmələri üçün xəstəxananın
istifadəyə verilməsinə, eləcə də yaradılan şəraitə görə dövlət başçısı İlham
Əliyevə rəhbərlik etdiyi kollektiv adından təşəkkürünü çatdırıb. Belə yüksək
səviyyədə xəstəxananın tikintisini istər səhiyyə işçilərinə, istərsə də rayon
sakinlərinə olan böyük diqqət və qayğı kimi qiymətləndirib. Dövlətin səhiyyə
işçilərinə olan qayğısını bundan sonra da öz əməli işləri ilə doğrultmağa
çalışacaqlarını qeyd edib. Məlumat üçün qeyd edək ki, Qazax Rayon
Mərkəzi Xəstəxanasının binası 1969-cu ildə yataqxana kimi istifadəyə verilmişdi
və uzun illər təmir işlərinin aparılmaması səbəbindən bina yararsız vəziyyətə
düşmüşdü. Yeni xəstəxana binası üçün 2013-cü ildən başlayan tikinti işləri ötən
ilin sentyabrında yekunlaşıb. Üç hektarlıq ərazidə 145 çarpayılıq müasir tibb
müəssisəsi inşa olunub. Xaricdə istehsal olunan avadanlıqla təchiz edilən
xəstəxana binasının ümumi sahəsi 22 min kvadratmetrdir. Burada doğum, terapiya,
cərrahiyyə, uşaq xəstəlikləri, anesteziologiya-reanimasiya, poliklinika,
şüa-diaqnostika, hemodializ və digər şöbələr fəaliyyət göstərəcək. Xəstəxana
binasında qəbul, laboratoriya, təcili tibbi yardım şöbələri və Məhkəmə Tibbi
Ekspertiza və Patoloji Anatomiya Birliyi ilə yanaşı, yoluxucu xəstəliklər
korpusu, Gigiyena və Epidemiologiya Mərkəzi də fəaliyyət göstərəcək. Təcili və
təxirəsalınmaz tibbi yardım bölməsi həftənin 7 günü 24 saat fəaliyyət
göstərərək müraciət edən xəstələrin çeşidlənməsini, stasionar şöbələrə
yerləşdirilməmişdən əvvəl həkim nəzarəti altında müayinə və müalicələrinin
həyata keçirilməsini təmin edir. Xəstələr bu bölmənin fəaliyyəti nəticəsində
müşahidə altında saxlanılır, hər şey qaydasında olarsa, ambulator müalicə üçün
evə yazılır, nəticədə stasionar şöbələrə düşən yükün həcmi kəskin azalır.
Steril şəraitin təmin edilməsi üçün laboratoriya şöbələri xəstələrin birbaşa
daxil ola biləcəyi ərazilərdən kənarda yerləşdirilib, qan və digər nümunələrin
alınması üçün xüsusi otaqlar yaradılıb, zəruri avadanlıqla təmin edilib.
Ambulator tibbi xidmətin göstərilməsi üçün xəstəxana binalarının birinci
mərtəbələrində poliklinikalar yaradılıb. Bütün həkimlər ambulator xəstə qəbulunu poliklinikalarda həyata keçirirlər. GOYEZEN.AZ
Facebook-da paylaş