Prezident İlham Əliyev Daş Salahlı-Ürkməzli-Dəmirçilər avtomobil yolunun açılışında iştirak edib VİDEO
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 3-də Daş
Salahlı-Ürkməzli-Dəmirçilər avtomobil yolunun yenidənqurmadan sonra açılışında
iştirak edib. GOYEZEN.AZ AZƏRTAC-a istinadən xəbər verir ki, Azərbaycan Avtomobil
Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov dövlətimizin
başçısına yolun texniki-iqtisadi göstəriciləri barədə məlumat verdi. Bildirildi ki, yolun uzunluğu 16 kilometrdir.
İki hərəkət zolaqlı yolun tikintisi dövlətimizin başçısının ötən ilin aprelində
imzaladığı Sərəncama əsasən həyata keçirilib və onun inşası üçün investisiya
xərclərindən 6,8 milyon manat vəsait ayrılıb. Avtomobil yolunun tikintisi 3
yaşayış məntəqəsinin və orada yaşayan 13 mindən çox əhalinin rayon mərkəzi ilə
nəqliyyat əlaqəsinin yaxşılaşdırılmasında mühüm rol oynayacaq. Qeyd edək ki, ölkəmizdə yol infrastrukturunun
yenilənməsi və müasirləşdirilməsi istiqamətində aparılan işlərin ardıcıl və
keyfiyyətlə davam etdirilməsi Azərbaycanın iqtisadi inkişafının
göstəricilərindən biridir. Bu işlər, eyni zamanda, davamlı tərəqqinin əsas
amillərindən hesab olunur. Son illərdə respublika əhəmiyyətli yolların müasir
səviyyədə yenilənməsinə xüsusi diqqət göstərilir. Mühüm məqamlardan biri də
odur ki, bu layihələr qısa müddətə və yüksək keyfiyyətlə icra olunur. Qazaxın
Daş Salahlı-Ürkməzli-Dəmirçilər avtomobil yolunun əsaslı təmiri də bunu bir
daha təsdiqləyir. Regionların sosial-iqtisadi inkişafı ilə bağlı
qəbul olunan dövlət proqramlarında bu sahəyə xüsusi yerin ayrılması dövlətin
yeni yolların salınması məsələsinə nə qədər əhəmiyyət verdiyini aydın şəkildə
göstərir. Çünki bu cür layihələrin icrası yolboyu yerləşən yaşayış
məntəqələrinin sosial-iqtisadi tərəqqisinə böyük töhfə verir, turizmin, kənd
təsərrüfatının inkişafında mühüm rol oynayır. Prezident İlham Əliyev yolun rəmzi açılışını
bildirən lenti kəsdi. Sonda xatirə şəkli çəkdirildi.
Facebook-da paylaş