İcra başçısı Qazaxda icrasına başlanılan “Abad məhəllə” layihəsi çərçivəsində görülən işlərlə tanış olub
Əvvəlki yazılarımızda da
məlumat verdiyimiz kimi, artıq xeyli vaxtdır ki, Qazaxda "Abad məhəllə”
layihəsinin icrasına ilk gündən böyük sürətlə start verilib. Qeyd
edək ki, haqqında söhbət açdığımız
layihənin icrasına ilk olaraq su və kanalizasiya sisteminin çəkilişi başa çatan
N.Nərimanov qəsəbəsində 6 bloklu, beşmərtəbəli, 60 mənzilli 49 saylı, hər biri
8 mənzildən ibarət 1 bloklu, ikimərtəbəli 1,2,3 saylı binaların yerləşdiyi
ərazidən başlanılıb. Bu layihə çərçivəsində qısa bir zaman kəsiyində respublikamızın
iri şəhər və rayonlarında olduğu kimi, Qazaxın da siması tamamilə dəyişəcək.
Yeni görkəm alaraq ölkəmizin abad və müasir rayonları sırasına yazılacaq. Bu gün Qazax
Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov "Abad məhəllə” layihəsinin icra olunduğu ərazidə
görülən işlərlə tanış olub. Rayon rəhbərinə məlumat verilib ki, hazırda binaların
həyətində bardürlər düzülərək səkilər yaradılır ki, bu iş yekunlaşmaq üzrədir.
Bundan əlavə, həmişəyaşıl, dekorativ gül kolları və qazon otu əkilərək park
salınması üçün torpaq qatının hazırlanması da başa çatdırılır. Salınmış parkın
suvarılması üçün su xətti də çəkilib. Həmçinin məhəllədə olan köhnə elektrik və
rabitə xətləri səliqəyə salınır. Gecə işıqlanması üçün əlavə işıq şarları
quraşdırılır. Küçə boyu məhəllədə olan ağaclar da budanaraq səliqəyə salınıb.
Ən sonda isə binaların qarşısına və lazım olan hissələrə asfalt vurulacaq. Bir
sözlə, layihə çərçivəsində qeyd etdiyimiz ərazi yeni görkəm alacaq və bütün
gözəllikləri özündə əks etdirən "Abad məhəllə” adı altında rayonumuzun ünvanına
daxil olacaq. İstər "Abad məhəllə” layihəsinin icrasını, istərsə də
yaşadıqları ərazidə aparılan abadlıq və quruculuq işlərini yüksək
qiymətləndirən bina sakinləri həyata keçirilən genişmiqyaslı işlərə görə ölkə
başçısı İlham Əliyev başda olmaqla rayon rəhbərliyinə sonsuz minnətdarlıqlarını
bildirirlər. Qazaxın inkişafı istiqamətində atılan uğurlu addımları rayon
sakinləri olaraq hər zaman razılıq hissi ilə qarşılayırlar.
GOYEZEN.AZ
Facebook-da paylaş