Qazaxda əhalinin işlə təminatı yaxşılaşır
Dövlət proqramlarının uğurlu icrası nəinki paytaxt
Bakının, eləcə də kənd və qəsəbələrimizin simasını tamamilə dəyişmişdir. Bunu
Qazax rayonunun timsalında da görmək olar. Rayonda işsizliyi aradan qaldırmaq, əhalinin
güzəranını yaxşılaşdırmaq da daim diqqətdə saxlanılır. Bu məqsədlə yerli və xarici
investorlar rayona cəlb edilməklə yeni müəssisələrin yaradılmasına nail olunur.
Məsələn, "Saloğlu” fərdi mebel firması istifadəyə veriləndən sonra burada
300 nəfərədək sakinin məşğulluğu təmin edilmişdir. Başqa bir misal.
"Azərxalça” ASC tərəfindən xalça müəssisəsi, "Mətanət A” şirkətinin
inşa etdiyi əhəng zavodu, İkinci Şıxlı kəndində "İnvestel GROUP” MMC-nin
inşa etdiyi "Qazax Aqropark”, "Gedik-Carçı Qaynaq” LTD şirkətinin inşa
etdiyi "Gedik-Carçı” Elektrod Zavodu yeni iş yerlərinin yaradılması
baxımından böyük əhəmiyyət daşıyır. İşsizliyin aradan qaldırılmasında kənd təsərrüfatının
inkişaf etdirilməsi, əkin sahələrinin ildən-ilə genişləndirilməsi də mühüm rol
oynamışdır. 2016-cı ildə cəmi 10 hektarda tütün yetişdirən rayon sakinləri
2017-ci ildə 50 hektarda, 2018-ci ildə 60 hektarda, 2019-cu ildə 65 hektar sahədə tütün əkmişlər. Kartofçuluqla məşğul olan sakinlər də həm əkin
sahələrini, həm də məhsuldarlığı ildən-ilə artıraraq yaxşı qazanc əldə edirlər.
Əgər 2016-cı ildə rayonda 10 min 205 ton kartof tədarük olunmuşdusa, 2017-ci
ildə 22 min ton, 2018-ci ildə 29 min 865 ton məhsul əldə edilmişdir. Keçən il
sahibkarlar və sakinlər əkin sahələrini genişləndirərək məhsul istehsalını daha
da artırmışlar. Rayonda əhalinin işlə təminatında Əmək və Əhalinin
Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dayanıqlı və Operativ Sosial Təminat
Agentliyinin nəzdində yaradılan "Dost İş Mərkəzi” MMC-nin də rolu
böyükdür. Həmin mərkəz tərəfindən Qazax rayonu üzrə 420 nəfərin işlə təminatı
həll edilmişdir. Rayonda sosial məsələlərin də həllinə ciddi diqqət
yetirilir. "Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə
sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə
hazırlanmış tədbirlər planında 145 çarpayılıq mərkəzi rayon xəstəxanasının
tikintisi nəzərdə tutulmuşdu. Artıq xəstəxana demək olar ki, hazırdır. Elektrik
enerjisi və mavi yanacaqla bağlı heç bir problem yoxdur. Dövlət proqramında əksini tapan digər məsələlərdən
biri də rayonda 11 məktəb binasının əsaslı təmiridir. Həmin məktəblərdən biri - Xalq yazıçısı İsmayıl Şıxlının adını daşıyan 1176
şagird yerlik Kosalar kənd tam orta məktəbi Heydər Əliyev Fondu tərəfindən
təmir edilir. Qaymaqlı və Sarıvəlli kənd tam orta məktəbləri üçün yeni binaların tikintisinə başlanılmışdır. Rayon sakinlərinin içməli su probleminin həlli istiqamətində də xeyli iş
görülmüşdür. Qazaxbəyli, Ürkməzli, Xanlıqlar, Alpout, Kəmərli, Orta Salahlı,
Daş Salahlı, Bala Cəfərli, Ağköynək, Qarapapaq, Çaylı, Bala Çaylı kəndlərində
bu məsələ öz həllini tapmışdır. "Əkin sahələrinin suvarma suyu ilə
təminatının yaxşılaşdırılmasına və əhalinin içməli suya olan tələbatının
ödənilməsinə dair əlavə tədbirlər haqqında” ölkə rəhbərinin 12 fevral 2019-cu
il tarixli Sərəncamı
bu sahədə görülən işlərə təkan vermişdir. Sabir ƏLİYEV, "Azərbaycan” qəzetinin bölgə müxbiri 20 fevral 2020-ci il
Respublika
mətbuatı Qazax haqqında
Facebook-da paylaş