Qazaxda 2019-cu ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2020-ci ildə qarşıda duran vəzifələrə dair hesabat yığıncağı keçirilib
Yanvarın
13-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yanında 2019-cu ilin
yekunlarına həsr olunmuş müşavirə keçirilib. Bununla
əlaqədar bu gün Qazax rayonunda 2019-cu ilin sosial-iqtisadi inkişafının
yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağı
keçirilib. Yığıncaqda
Azərbaycan Respublikası Prezidenti Administrasiyasının məsul işçisi Orxan
Mürsəlov, icra aparatının məsul işçiləri, hüquq-mühafizə orqanlarının, idarə,
müəssisə və təşkilatların rəhbərləri, təhsil, səhiyyə, mədəniyyət işçiləri, RİHB-nin
kənd İnzibati Ərazi Dairələri üzrə nümayəndələri, bələdiyyə sədrləri, şəhid
ailələri, Qarabağ müharibəsi əlilləri, sahibkarlar, KİV nümayəndələri iştirak
ediblər. Tədbir
iştirakçıları əvvəlcə Ulu Öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyub,
Ümummilli Liderin əziz xatirəsini ehtiramla yad ediblər. Sonra Gənclər
Mərkəzinin böyük zalında hesabat yığıncağı öz işinə başlayıb. Qazax Rayon
İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov yığıncağı giriş sözü ilə açaraq
qonaqları və tədbir iştirakçılarını salamlayıb. Katiblər
seçildikdən sonra gündəlikdə duran məsələlər səslənib.
Sonra
icra başçısı 2019-cu ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2020-ci
ildə qarşıda duran vəzifələrə həsr olunmuş geniş hesabat məruzəsi ilə çıxış edib.
Qeyd edib ki, yanvarın 13-də müşavirədə ölkə başçısı Azərbaycanda həyata
keçirilmiş genişmiqyaslı işlərə, qazanılan uğur və nailiyyətlərə öz münasibətini
bildirərək, bütövlükdə 2019-cu ilin ölkəmiz
üçün uğurlu il olduğunu qeyd edərək qarşıda duran vəzifələrdən danışmışdır. Ölkə
başçısı ilin əvvəlindən qarşıya qoyulan bütün vəzifələrin uğurla icra
edildiyini, ölkəmizin dayanıqlı inkişafını təmin etdiyini və beləliklə, həm
siyasi, həm iqtisadi, həm də sosial sahələrdə böyük uğurlar əldə edildiyini,
ölkəmizin əmin-amanlıq, sabitlik, təhlükəsizlik şəraitində yaşadığını qeyd
etmişdir. Rayon rəhbəri ölkəmizdə, eləcə də Qazax rayonunda 2019-cu ildə
qazanılmış uğur və nailiyyətlərdən, görülmüş tikinti-quruculuq işlərindən də
söz açıb. Görülən işlər barədə ətraflı məlumat verərək qeyd edib ki, hesabat
ilində bütün sahələr üzrə uğurlu nəticələr əldə olunmuşdur. Dövlət Proqramında
qarşıya qoyulmuş bütün vəzifələr yerinə yetirilmişdir. Tikinti-quruculuq işləri
ilə yanaşı, kənd təsərrüfatı sahəsində görülən işlərə diqqət çəkən icra başçısı
Respublika Prezidenti İlham Əliyevin bu sahə ilə bağlı irəli sürdüyü
tapşırıqların yerinə yetirildiyini qeyd edib. Prezident İlham Əliyevin apardığı quruculuq siyasətinin Qazaxda
olduğu kimi həyata keçirilməsini qeyd edən rayon rəhbəri rayonumuzda bütün
sahələrin inkişaf etdiyini, uğurlu göstəricilərin əldə edildiyini bildirib.
Qeyd edib ki, rayonda genişmiqyaslı quruculuq işləri aparılıb, yeni iş
yerlərinin yaradılması ilə bağlı çox ciddi tədbirlər görülüb. İcra başçısı son
4 ilə yaxın bir müddətdə Qazaxda aparılan abadlıq və quruculuq işlərini
müqayisə edərək bildirib ki, bu gün tam əminliklə deyə bilərik ki, rayonumuz
2019-cu ildə bir çox uğurlara imza atıb. Bunu rayonda inşa olunan sosial
obyektlərin sayı, kənd təsərrüfatının ildən-ilə inkişaf etməsi, əkin
sahələrinin artırılması, təhsil, səhiyyə, mədəniyyət, idman, eləcə də digər
sahələrdə əldə etdiyimiz nailiyyətlərdən də görmək olar. "Azərbaycan Respublikası regionlarının 2019–2023-cü illərdə
sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın təsdiq edilməsi
haqqında Respublika Prezidenti İlham Əliyevin 29 yanvar 2019-cu il tarixli
Fərmanından söz açan icra başçısı bildirib ki, həmin dövlət proqramı
Azərbaycanın növbəti 5 il ərzində daha böyük uğurlara imza atacağından xəbər
verir. Necə ki, həmin beş ilin birinci ili bütün sahələr üzrə xeyli sayda
uğurlarla yadda qaldı. Vətəndaşların rifah halının, yaşayış şəraitinin
yaxşılaşdırılmasına xidmət edən dövlət proqramının qəbul olunmasını yüksək
qiymətləndirən icra başçısı həmin proqrama əsasən 2020-ci ildə də genişmiqyaslı
işlərin görüləcəyini diqqətə çatdırıb. Rayon rəhbəri
hazırda Qazaxda icrasına başlanılan "Abad
məhəllə” layihəsindən də danışıb. Qeyd edib ki, bu layihə
çərçivəsində qısa bir vaxtda respublikamızın iri şəhər və rayonlarında olduğu
kimi, Qazaxın da siması tamamilə dəyişəcək, daha yeni görkəm alacaq, abad və müasir
rayonlar sırasına yazılacaq. Bildirib
ki, ilk olaraq su və kanalizasiya sisteminin çəkilişi başa çatan N.Nərimanov
qəsəbəsində 6 bloklu, beşmərtəbəli, 60 mənzilli 49 saylı, hər biri 8 mənzildən
ibarət 1 bloklu, ikimərtəbəli 1,2,3 saylı binaların yerləşdiyi ərazidən
başlanılıb. Hazırda binaların həyətində olan köhnə elektrik və rabitə xətləri
səliqəyə salınır. Bundan əlavə, bardürlər düzülərək səkilər yaradılır. Lazım
olan hissələrə asfalt döşənəcək. Dekorativ gül kolları əkilərək park salınacaq.
Bir sözlə, layihə çərçivəsində qeyd etdiyimiz ərazi yeni görkəm alacaq və bütün
gözəllikləri özündə əks etdirən "Abad məhəllə” adı altında rayonumuzun ən gözəl
ünvanına çevriləcək. Sonra Rayon Maliyyə İdarəsinin rəisi Elçin
Rzayev, ƏƏSMN yanında DSMF-nun Qazax rayon şöbəsinin müdiri Laçın Qurbanov, Qazax
Elektrik Şəbəkəsinin rəisi Akif Əsgərov, Suvarma Sistemləri İdarəsinin rəisi Məhəd Vəkilov, 8 nömrəli
Regional Sukanal İdarəsinin Qazax Sukanal sahəsinin rəisi Alı Hüseynov məruzə ətrafında çıxış edərək
hesabat ilində rəhbərlik etdikləri sahələrdə görülmüş işlərdən söz açıblar. Ölkə
başçısının əhalinin maddi rifah halının yaxşılaşdırılması, bölgələrimizdə təhsil,
səhiyyə, mədəniyyət, idman və eləcə də digər sahələrin inkişaf etdirilməsi
istiqamətində görülən işləri yüksək qiymətləndiriblər. Gənc fəal, Azərbaycan Respublikası Gənclər Təşkilatı Milli Şurasının Qazax
rayonu üzrə koordinatoru Akif Əmirov çıxış edərək Ulu Öndər
Heydər Əliyevin gənclər siyasətinin bu gün onun layiqli davamçıları Prezident
İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva tərəfindən uğurla
davam etdirildiyini qeyd edib. Bu gün ölkəmizdə gənclərin inkişaf etməsi üçün
hər cür imkan və şərait yaradıldığını bildirib. Respublika Prezidentinin 9
fevral 2007-ci il tarixli Sərəncamı ilə 2007-ci
ilin "Gənclər ili", 30 dekabr 2019-cu il tarixli Sərəncamı ilə
2020-ci ilin "Könüllülər ili” elan edilməsini həmin uğurlu siyasətin və
gənclərə olan qayğının bariz nümunəsi kimi göstərib. Ölkəmizdə 2015-ci
ildən başlayaraq geniş vüsət alan könüllülük fəaliyyətini və bu sahənin inkişaf
etdirilməsi istiqamətində görülən işləri, atılan uğurlu addımları qeyd edən
gənc bu cür addımları Azərbaycanda gənclər ordusuna verilən yüksək qiymət kimi
vurğulayıb. Hər bir gəncin arxasında güclü Azərbaycan dövlətinin və gənclərə
daim qayğı göstərən ölkə başçısının dayandığını bildirib. Bunun bariz nümunəsi
kimi 2020-ci ilin məhz "Könüllülər ili” elan edilməsini bir daha nümunə göstərib.
Gənclər, xüsusilə də rayonda fəaliyyət göstərən könüllülər olaraq onlara
göstərilən etimadı bundan sonra da layiqincə doğrultmağa çalışacaqlarına,
onlara verilən şansı və hər bir gəncin həyatına müsbət dərəcədə təsir edəcək bu
ili səmərəli şəkildə dəyərləndirəcəklərinə söz verib. Sonda gənclərə göstərilən dövlət qayğısına görə ölkə başçısı
İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya, eləcə də Rayon
İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşova qazaxlı gənclər adından minnətdarlığını
bildirib. Hesabat yığıncağında iştirak edən sakinlərdən "Azərbaycan
Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri” İctimai Birliyinin
Qazax rayon şöbəsinin sədr müavini, I qrup Qarabağ müharibəsi əlili
Namiq Alıyev, Xanlıqlar kənd
tam orta məktəbin biologiya müəllimi Xatın Hüseynxanova, Hüseynbəyli kənd
sakini Vilayət İsgəndərov, Xanlıqlar kənd sakini Hüseyn Hacıyev, Fərəhli kənd
sakini Alı Hüseynov, şəhər sakinlərindən - Şahin Əliyev, M.Hüseyn adına
məktəb-liseyin direktor müavini Rəhim Muradov, N.Nərimanov qəsəbəsində yerləşən 49 saylı binanın
sakini Lalə Əliyeva və başqaları çıxış edərək 2019-cu ildə Qazaxda
həyata keçirilən tikinti-quruculuq işlərinə görə ölkə başçısına minnətdarlıq
ediblər. Şəhid ailələrinə, Qarabağ müharibəsi əlillərinə və veteranlarına, məcburi
köçkün ailələrinə, sərhəddə yaşayan sakinlərə göstərdiyi yüksək diqqət və
qayğıya, sahibkarlara verilən dəstəyə görə Respublika Prezidentinə sonsuz
təşəkkürlərini çatdırıblar. Dövlət başçısının siyasətini Qazaxda olduğu kimi
icra etdiyinə, ən əsası da vətəndaş amilini hər zaman ön plana çəkməsinə görə
Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşova razılıqlarını ifadə
ediblər. Şəhərin su və kanalizasiya
sisteminin çəkilişinin keyfiyyətlə aparılmasına, Xanlıqlar kəndində 2 km-ə
yaxın yeni asfalt yolun çəkilməsinə, Fərəhli kəndinə yolun çəkilişinin 2020-ci
ilin investisiya proqramına salınmasına, yeni qazılacaq subartezian quyularına görə
xüsusi təşəkkürlərini çatdıraraq bu cür işlərin davamlı olacağına əminliklərini
bildiriblər. Minnətdarlıq dolu ürək sözlərini çatdıran sakinlər
bir sıra təkliflərini də bildiriblər. Şəhid ailələri və məcburi köçkünlər üçün yeni
binaların tikilməsinə, su və kanalizasiya sisteminin çəkilişi işləri
bitdikdən sonra küçələrin asfaltlanmasına, Coğaz çayı ətrafında su anbarının
tikintisinə və Kür çayından ora kanal çəkilməsinə kömək göstərilməsini qeyd ediblər. Azərbaycan
Respublikası Prezidenti Administrasiyasının məsul işçisi Orxan Mürsəlov hesabat
yığıncağında çıxış edərək tədbir iştirakçılarını salamlayıb, səmimi ürək
sözlərini çatdırıb. Qeyd edib ki, bu gün Qazax Rayon İcra Hakimiyyəti
başçısının hesabat məruzəsi yüksək qiymətləndirilməlidir. Necə ki, hesabat
yığıncağında iştirak edən insanlar buna öz müsbət münasibətini bildirdi və
yüksək qiymətləndirdi. Çıxışlarda istər ölkə başçısının, istərsə də rayon
rəhbərinin ünvanına səslənən müsbət fikirlər bir daha onu sübut etdi ki, ölkə
vətəndaşları respublikamızda, eləcə də bölgələrimizdə görülən işlərə biganə
qalmır, əksinə ürək sözlərini bildirərək yüksək dəyərləndirirlər. Natiq
çıxışı zamanı 2003-cü ildən cənab Prezident İlham Əliyevin iradəsi və təşəbbüsü
əsasında, bilavasitə rəhbərliyi altında respublikamızda təsdiq edilən "Regionların
sosial-iqtisadi inkişafı Dövlət Proqramları”nın uğurla icrası sayəsində
respublikamızın bölgələrinin simasının tamamilə dəyişdiyini qeyd edib. "Azərbaycan Respublikası regionlarının
2019–2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na əsasən çox
böyük infrastruktur layihələrin icra olunacağını, proqram əsasında görülən
bütün işlərin vətəndaşların həyat səviyyəsinin, yaşayışlarının
yaxşılaşdırılmasına, layiqincə təmin olunmasına yönəldiyini vurğulayıb. O.Mürsəlov qeyd edib ki, bu gün vətəndaşlarımız tərəfindən yüksək
qiymətləndirilən bir amil də var ki, bu, ölkəmizdə aparılan kadr islahatları,
struktur dəyişiklikləridir. İstər Nazirlər Kabinetində, istər Prezident
Administrasiyasında aparılan kadr islahatları, xüsusilə də gəncləşdirmə
siyasətinə üstünlük verilməsinin vətəndaşlar tərəfindən böyük rəğbətlə
qarşılanması bir daha onu göstərir ki, dövlətimiz bu sahədə çox düzgün siyasət
yürüdür. Ölkəmizdə gənclərlə bağlı siyasətin də uğurla davam etdirildiyini
qeyd edən administrasiya nümayəndəsi Qazaxda da bu siyasətin layiqincə yerinə
yetirildiyini bildirib. Rayon rəhbərinin fəaliyyəti dövründə rayon gənclərinin
rayonun idarəçiliyinə cəlb edilməsində mühüm işlər görüldüyünü, gənclərə hər
zaman diqqət və qayğı göstərildiyini, onlara geniş imkanlar açıldığını qeyd
edib və bu addımı yüksək qiymətləndirib. Ölkə başçısının müvafiq Sərəncamı ilə
2020-ci ilin "Könüllülər ili” elan edilməsini könüllülük fəaliyyətinin genişləndirilməsi
istiqamətində atılan ən uğurlu addım kimi qiymətləndirən natiq Qazaxda bu
sahənin də daim diqqət mərkəzində saxlanıldığını vurğulayıb. Könüllülər də
daxil olmaqla gənclərin reyestrinin, statistikasının aparılması, ailə
vəziyyəti, hansı işlə məşğul olmaları, qarşıdakı hansı planlarının olması və s.
haqqında dolğun məlumatların hazırlanması işindən söz açan natiq bu işin
Qazaxda uğurla həyata keçiriləcəyini qeyd edib və bununla bağlı bəzi
təkliflərini də bildirib. Prezident İlham Əliyevin Münxen Təhlükəsizlik Konfransındakı çıxışından,
düşmənə verdiyi layiqli cavabdan söz açan O.Mürsəlov qeyd edib ki, ölkə başçısı
öz çıxışı ilə bir daha sübut etdi ki, düşmənin səsləndirdiyi hər bir fikir
onların əleyhinə işləyir. Öz tarixini bilməyən düşmənə verilən layiqli cavab onların
bütün hallarda heç bir söz haqqına sahib olmadığını bir daha nümayiş etdirdi.
Çıxışının sonunda hesabat məruzəsini yüksək qiymətləndirən natiq 2020-ci ildə də
daha böyük nailiyyətlərin qazanılacağını bildirib və bu yolda hər kəsə uğurlar
arzulayıb. Sonda
iclasın qərar layihəsi oxunub və Respublika Prezidenti İlham Əliyevə tədbir
iştirakçıları adından müraciət qəbul olunub. Qazax Rayon
İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov hesabat yığıncağına yekun vuraraq bildirib
ki, bu gün respublikamızın bütün bölgələri, o cümlədən də Qazax rayonu
ildən-ilə inkişaf edir. Ölkə başçısının bizlərə göstərdiyi yol xəritəsi ilə
uğurlu addımlarla parlaq gələcəyə doğru irəliləyirik. Ən əsası da dövlət
başçısının vətəndaşlara olan münasibətini əldə rəhbər tutaraq bütün işlərimizi
siz rayon sakinlərinin rifah halının yaxşılaşdırılması istiqamətində qurmağa
çalışırıq. İcra başçısı qeyd edib ki, 2019-cu il uğurlu bir il olduğu kimi,
2020-ci il də bizim üçün görülən işlərin miqyasına görə daha əlamətdar
olacaqdır. Bunun üçün ölkə başçısının ətrafında daha sıx birləşməli və var
qüvvəmizlə çalışaraq Azərbaycanın çiçəklənməsi naminə öz töhfəmizi verməliyik.
Bu yolda hər birinizə uğurlar arzulayıram. Qeyd: Qazax
Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşovun 2019-cu ilin sosial-iqtisadi
inkişafının yekunlarına və qarşıda duran vəzifələrə dair hesabat məruzəsi tam
variantda dərc olunacaqdır.
GOYEZEN.AZ
Facebook-da paylaş