Qazaxda Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaradılmasının 8-ci ildönümü qeyd olunub
13 fevral – ölkəmizdə
Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin
yaranması günüdür. Respublika Prezidenti İlham Əliyevin 13 fevral 2012-ci il
tarixli Fərmanı ilə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti
yaradılıb. Bu sahədə çalışan insanlar xidmətin yaranma gününü artıq 8 ildir ki,
öz peşə bayramları kimi qeyd edirlər. Bu gün respublikamızın
hər yerində olduğu kimi, Qazaxda da Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə
Dövlət Xidmətinin yaradılmasının 8-ci ildönümü qeyd olunub. Əlamətdar
gün münasibətilə Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, icra
aparatının məsul işçiləri, hüquq-mühafizə orqanlarının rəhbərləri, RİHB-nin kənd
İƏD-si üzrə nümayəndələri, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət
Xidmətinin Qazax rayon şöbəsinin əməkdaşları, Qarabağ əlilləri, şəhid ailələri,
veteranlar əvvəlcə Ulu Öndər Heydər Əliyevin
abidəsini ziyarət edib, önünə gül dəstələri qoyub, əziz xatirəsini böyük
ehtiramla yad ediblər. Sonra Ümummilli Liderin adını daşıyan Mərkəzdə dahi şəxsiyyətin
həyat və fəaliyyəti ilə tanış olublar. Böyük şəxsiyyətin ordu quruculuğu sahəsindəki
misilsiz xidmətlərini özündə əks etdirən filmə baxıblar.
Sonra şəhərin mərkəzində yerləşən Şəhidlər xiyabanı ziyarət olunub,
memorial önünə gül dəstələri düzülərək Vətən uğrunda canından keçən oğul və
qızlarımızın əziz xatirəsi anılıb, ruhlarına dualar oxunub.
Qazax Rayon İcra
Hakimiyyətinin başçısı Rəcəb Babaşov çıxış edərək Səfərbərlik və Hərbi Xidmətə
Çağırış üzrə Dövlət Xidmətinin, eləcə də Qazax rayon şöbəsinin əməkdaşlarını bu
əlamətdar gün münasibətilə təbrik edib, xoş arzularını çatdırıb. Dövlət başçısı
İlham Əliyev tərəfindən bütün sahələrə diqqət və qayğı göstərildiyini qeyd edən
rayon rəhbəri son illər ordu quruculuğu sahəsindəki uğur və nailiyyətlərdən də
söz açıb. Bildirib ki, Azərbaycanın müstəqillik illərində qazandığı ən böyük
nailiyyətlərdən biri məhz qüdrətli Orduya sahib olmasıdır. 2018-ci ildə 100
illiyini qeyd etdiyimiz Azərbaycan Silahlı Qüvvələrinin döyüş qabiliyyəti Azərbaycan
Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham
Əliyevin rəhbərliyi ilə ildən-ilə daha da artır. Rayon rəhbəri bildirib ki, Azərbaycanın
igid, mərd oğul və qızları Vətənin dar günündə öz mübarizlikləri ilə hər zaman
seçiliblər. Öz canlarından keçərək, sağlamlıqlarını itirərək Vətən torpağının
bütöv olması üçün ölümün gözünə dik baxmağı bacarıblar. İcra başçısı qeyd edib ki,
gənclərimizin Vətəninə olan müqəddəs bir borcu vardır ki, bu da hərbi xidmətdə
olmaq, doğma torpaqlarının keşiyində dayanmaq, lazım gələrsə canından belə
keçməyi gözə almaqdır. İcra başçısı rayonumuzda vətənpərvərlik hissinin
və gənclərimizin hərbi xidmətə getmək istəyinin hər zaman yüksək səviyyədə
olduğunu bildirib. Bu gün düşmənlə 168 km sərhəddi olan, 7 kəndi düşmən tapdağı
altında qalan Qazax rayonunda hər bir gəncin Vətən torpaqlarını qorumaq, hərbi
xidmətə getmək üçün çağırışı belə gözləmədən bəzən könüllü olaraq müraciət
etdiklərini qeyd edib. Vətən torpaqlarının qorunması zamanı Qazaxın 287 şəhid
verdiyini bildirən icra başçısı ölkə
Prezidenti İlham Əliyev tərəfindən şəhidlərimizə və şəhid ailələrinə, Qarabağ müharibəsi
əlillərinə və veteranlarına göstərilən hörmət və ehtiramdan danışıb. Qeyd edib
ki, bu gün ölkəmizdə dövlət başçısı tərəfindən sistemli ordu quruculuğu ilə
yanaşı, Vətənin bütövlüyü uğrunda öz canından keçmiş şəhid ailələrinə, həmçinin
müharibə veteranlarına və əlillərinə böyük diqqət və qayğı göstərilir.
Respublika Prezidentinin rəhbərliyi ilə həyata keçirilən siyasətin əsas istiqamətlərindən
birini şəhid ailələrinin, müharibə veteranları və əlillərinin sosial müdafiəsinin
gücləndirilməsi, onların problemlərinin həll olunması, ən əsası da hər cür
qayğı ilə əhatə olunmaları təşkil edir. Ölkə başçısı tərəfindən imzalanan Sərəncam
və Fərmanlardan söz açan rayon rəhbəri qeyd edib ki, görülən bütün işlərin
kökündə vətəndaş amili və onlara göstərilən xidmət dayanır. İcra başçısı Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə işğal altında olan
torpaqlarımızın azad ediləcəyi və şəhidlərimizin qisasının alınacağı günün
uzaqda olmadığını bildirib. Rayon rəhbəriSəfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qazax rayon
şöbəsinin gördüyü işlərdən söz açaraq şöbə tərəfindən şəhid ailələrinin daim
diqqət mərkəzində saxlanılmasını, şəhidlərimizin uyuduğu qəbiristanlıqların
ziyarət olunmasını, onların ailə üzvlərinə baş çəkilməsini yüksək qiymətəndirib
və bundan sonrakı bütün işlərində şöbənin kollektivinə bir daha uğurlar
arzulayıb. Səfərbərlik
və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qazax rayon şöbəsinin rəisi, mayorMehman Rəhimov çıxış edərək Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət
Xidmətinin yaradılmasının 8-ci ildönümü münasibətilə xidmətin bütün əməkdaşlarını
təbrik edib. Şöbə rəisi səfərbərlik xidmətinin yaranma tarixindən, son illər bu
sahədə əldə olunan uğurlardan söz açıb. Qeyd edib ki, 1993-cü ildə Ümummilli Lider
Heydər Əliyevin hakimiyyətə qayıtması ilə bütün sahələrdə olduğu kimi, Azərbaycanda
milli ordu quruculuğu sahəsində də mühüm proseslər baş verdi. 1994-cü ildə atəşkəsin
elan olunması ordu quruculuğu ilə bağlı geniş tədbirlərin həyata keçirilməsi
üçün vaxt qazandırdı. Ulu Öndərin ordu quruculuğu sahəsində gördüyü işlər bu
gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Güclü
iqtisadiyyata, sürətli inkişafa qadir ölkəmizdə müasir və qüdrətli milli ordu
formalaşır. Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham
Əliyevin diqqət və qayğısı sayəsində həyata keçirilən hərbi islahatlar,
aparılan ordu quruculuğu ölkənin müdafiə qüdrətinin artırılmasına xidmət edir. Bildirib
ki, artıq 8-ci ildönümünü qeyd edən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə
Dövlət Xidməti bu müddət ərzində Azərbaycan Respublikası Prezidentinin Fərman və
Sərəncamlarından irəli gələn və qarşıya qoyulan vəzifələrin həyata keçirilməsinə
böyük məsuliyyətlə yanaşmış, bu sahədə şəffaflığın təmin edilməsi istiqamətində
nəzərə çarpacaq işlər görmüşdür. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət
Xidməti ölkə vətəndaşlarının hərbi-vətənpərvərlik ruhunda tərbiyəsi, müddətli
həqiqi hərbi xidmətə çağırışaqədərki hazırlığı, həqiqi hərbi xidmətə çağırışı,
ehtiyatda xidmətkeçmə, səfərbərlik hazırlığı və digər sahələrdə dövlət
siyasətini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır. Yarandığı dövrdən
bu günə kimi Səfərbərlik Xidməti hərbi xidmətə çağırış və səfərbərlik işinin
yüksək səviyyədə təşkil edilməsi istiqamətində ciddi fəaliyyət aparıb. Şöbə
rəisi qeyd edib ki, dövlətimizin hərbi qüdrətinin gücləndirilməsi, güclü
ordunun yaradılması bizim əsas strateji xəttimizdir. Silahlı Qüvvələrin Ali Baş
Komandanı cənab İlham Əliyev dəfələrlə bildirib ki, bu istiqamətdə bizim çox
böyük nailiyyətlərimiz var. Bunun nəticəsidir ki, hazırda Azərbaycan ordusu
dünyada ən güclü ordular sırasındadır. Xüsusilə də Aprel döyüşləri göstərdi ki,
Azərbaycan Silahlı Qüvvələri bu dövrlər ərzində böyük inkişaf yolu keçib. Hər
bir uğurun təməlində bir sıra amillərin dayandığı kimi Silahlı Qüvvələrimizin
də əldə etdiyi zəfərlərin başlanğıcında səfərbərliyin düzgün təşkili dayanır:
Bu gün Azərbaycan ordusunda sağlam, gümrah, vətənpərvər, döyüş ruhu yüksək olan
əsgər və zabitlərimiz xidmət edir. Bütün bunların təşkilində Səfərbərlik və
Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin xüsusi rolu vardır. Səfərbərlik və
Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qazax rayon şöbəsinin iş
fəaliyyətindən danışan şöbə rəisi mütəmadi olaraq onlara göstərilən qayğıya,
verilən dəstəyə görə rayon rəhbərliyinə minnətdarlığını çatdırıb. 2019-cu il
ərzində xidmətin rayon şöbəsi tərəfindən görülən işlərdən danışan şöbə rəisi
qeyd edib ki, il ərzində 441 nəfər çağırışçı həqiqi hərbi xidmətə yola salınıb. Daha sonra SHXÇDX-nin Qazax rayon şöbəsində
təltifolunma mərasimi keçirilib. Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb
Babaşovun 12 fevral 2020-ci il tarixli 9-21/17 nömrəli Sərəncamı ilə
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaradılmasının 8-ci
ildönümü münasibətilə xidməti vəzifələrini layiqincə yerinə yetirdiklərinə görə
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Qazax rayon şöbəsinin
rəisi Rəhimov Mehman Qasım oğlu, şöbədə kapitan Teymurov Emil Teymur oğlu,
leytenant Qəribov Fərahim Kamil oğlu və müfəttiş Məmmədov Elmar Niyazi oğlu
Fəxri Fərmanla təltif olunublar. Qazax Rayon İcra Hakimiyyəti başçısının
müavini Gulaya Həsənova əməkdaşları təbrik edərək səmimi arzularını çatdırıb və
Fəxri Fərmanları sahiblərinə təqdim edib. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi
Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi, general-leytenant Arzu Rəhimovun
13 fevral 2020-ci il tarixli 17 və 18 nömrəli Əmrlərinə əsasən əmək
funksiyasının yüksək peşəkarlıq səviyyəsində yerinə yetirilməsində
fərqləndiklərinə görə və Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə
Çağırış üzrə Dövlət Xidmətinin yaradılmasının 8-ci ildönümü münasibətilə
şöbənin Səfərbərlik Hazırlığı və Səfərbərlik bölməsinin zabiti, baş leytenant
Sədiyev Sənan Mehman oğlu və müfəttiş Osmanov Emil Sehvalı oğlu Fəxri Fərmana
layiq görülüblər. Səfərbərlik
və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Qazax rayon şöbəsinin rəisi Mehman
Rəhimovun 13 fevral 2020-ci il tarixli 29 nömrəli əmri ilə əmək funksiyasının yüksək
peşəkarlıq səviyyəsində yerinə yetirilməsində fərqləndiklərinə görə və Azərbaycan
Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin
yaradılmasının 8-ci ildönümü münasibətilə şöbənin Səfərbərlik Hazırlığı və Səfərbərlik
bölməsinin müfəttişi Musayev Habil Əhməd oğlu, şöbədə Həqiqi Hərbi Xidmətə
Çağırış bölməsinin müfəttişi Piriyev Rövşən Şahvəddin oğlu da Fəxri Fərmanla təltif
ediliblər.
GOYEZEN.AZ
Facebook-da paylaş