Sərhəd kəndi Cəfərlidə hesabat yığıncağı keçirilib
Bu gün növbəti hesabat
yığıncağı Qazax rayonunun düşmənlə sərhəddə yerləşən Cəfərli kəndində keçirilib. Hesabat yığıncağında Qazax Rayon İcra Hakimiyyəti başçısının
Сəfərli kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinin 2019-cu ildə gördüyü işlər
və qarşıda duran vəzifələrdən danışılıb. Cəfərli kənd mədəniyyət evində
keçirilən yığıncaqda Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov,
aparatın məsul işçiləri, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların
rəhbərləri və kənd sakinləri iştirak ediblər. Hesabat yığıncağının
aparılması üçün sədr və katib seçildikdən sonra gündəlikdə duran məsələlər səsləndirilib. Qazax Rayon
İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov yığıncağı giriş sözü ilə açaraq kənd
sakinlərini salamlayıb, yeni ildə ölkəmizin tərəqqisi naminə yeni-yeni uğurlar
arzulayıb. Qeyd edib ki, artıq bu cür görüşlərin keçirilməsi bir ənənə halını
alıb. Keçirilən hər bir görüş də Siz sakinlərin qayğılarının həll olunmasına,
sizlərin təhlükəsizliyinizin təmin edilməsinə xidmət edir. Rayon rəhbəri bildirib
ki, yola saldığımız 2019-cu il ölkəmizin tarixinə daha
bir uğurlu il kimi daxil oldu. Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə respublikamız həyatın bütün sahələrində yeni nailiyyətlərə imza atıb, qarşıya
qoyulan hədəflərə doğru inamla irəliləyib. Ölkə başçısının rəhbərliyi və təşəbbüsü
ilə iqtisadiyyatın şaxələndirilməsi, sahibkarlığa dövlət dəstəyinin artırılması,
biznes və investisiya mühitinin yaxşılaşdırılması istiqamətində həyata keçirilən
islahatlar müsbət nəticələrini vermiş, Azərbaycan iqtisadiyyatı inkişaf
etmişdir. Ölkə başçısının növbəti dəfə Prezident seçildikdən
sonra yürütdüyü məqsədyönlü dövlət siyasətindən, son vaxtlar dövlət
məmurları haqqında söylədiyi fikirlərdən, apardığı iqtisadi və kadr
islahatlarından, vətəndaşlara göstərdiyi diqqət və qayğıdan danışan rayon
rəhbəri 2019-cu ilin bu baxımdan yaddaqalan bir il olduğunu qeyd edib. Xüsusilə
də əhalinin maddi rifah halının, sosial vəziyyətinin yaxşılaşdırılması
istiqamətində imzaladığı çoxsaylı Fərman və Sərəncamları, istər ölkə
başçısının, istərsə də Birinci vitse-prezident Mehriban Əliyevanın vətəndaşlara
olan diqqət və qayğısını çatdıran rayon rəhbəri bundan sonra da belə olacağını
vurğulayıb. Qeyd edib ki, Respublika Prezidenti tərəfindən istər ötən ilin
sonları, istərsə də 2019-cu il ərzində həyata keçirilən iqtisadi islahatlar bir
daha sübut etdi ki, Azərbaycanda yürüdülən məqsədyönlü dövlət siyasətinin
mərkəzində hər zaman ölkə vətəndaşı dayanır və bundan sonra da dayanacaq. Ölkə
rəhbərinin iqtisadi islahat paketinin icrası ilə bağlı imzaladığı mühüm Fərman
və Sərəncamlardan danışan icra başçısı həmin Sərəncamlardan irəli gələn vəzifələrin
bu gün də layiqincə yerinə yetirildiyini bildirib. 2019-cu ilin 18 iyununda
imzalanan çoxsaylı Sərəncamların əhəmiyyətindən danışan rayon rəhbəri istər
minimum əməkhaqqının 180 manatdan 250 manata, istər minimum pensiyanın 160
manatdan 200 manata çatdırılmasını, istər təhsil, istərsə də digər sahələrdə
çalışan işçilərin əməkhaqlarının müvafiq olaraq 20 və 40 faiz artırılmasını
ölkə vətəndaşlarının rifah halının yaxşılaşdırılması istiqamətində görülən
işlər kimi dəyərləndirib. Xüsusilə də problemli kreditərin həlli ilə bağlı
imzalanan Fərmanı, ödənişli əsaslarla təhsil alan tələbələrə təqaüdlərin
verilməsini atılan ən humanist addım kimi qeyd edib. 2016-2019-cu
illərdə rayonda görülən işləri müqayisə edən icra başçısı Respublika
Prezidentinin diqqət və qayğısı sayəsində abadlıq və quruculuğun hər il daha
geniş vüsət aldığını söyləyib. Rayon rəhbəri Qazaxda istər şəhər mərkəzində, istərsə də kəndlərdə yerləşən və
açılışları nəzərdə tutulan ”Azərxalça” ASC tərəfindən tikilən xalça
müəssəsinin, ”Mətanət A” şirkəti tərəfindən inşa edilmiş Əhəng zavodunun,
İkinci Şıxlı kəndində ”İnvestel GROUP” MMC tərəfindən tikilən "Qazax
Aqropark”ın, "Gedik-Carçı Qaynaq” MMC tərəfindən inşa
edilən "Gedik-Carçı” Elektrod Zavodunun istifadəyə verilməsini, "Saloğlu” fərdi mebel firması tərəfindən
yeni tikilən fabrikin inşasını rayonda işsizliyin aradan qaldırılması
istiqamətində həyata keçirilən məqsədyönlü işlər kimi qiymətləndirib. Rayon
rəhbəri qeyd edib ki, düşmənlə sərhəddə yaşayan bir rayon üçün vacib
məsələlərdən biri Qazaxda müasir standartlara cavab verən xəstəxananın olması
idi. Sevindirici haldır ki, dövlət başçısının diqqət və qayğısı, xüsusən də
qazaxlılara verdiyi yüksək dəyər sayəsində bu məsələ öz müsbət həllini tapdı. Rayon üçün böyük əhəmiyyət daşıyan layihələrdən biri - 10 korpusdan ibarət 145 çarpayılıq Rayon
Mərkəzi Xəstəxana Kompleksinin tikintisi başa çatdırıldı. Eyni zamanda böyük
layihələr hesab edilən su və kanalizasiya xəttinin və Gəncə-Qazax-Gürcüstan
dövlət sərhəddi avtomobil yolunun çəkilişlərinin uğurla davam etdirildiyini
bildirib. Rayon
rəhbəri 2019-cu ilin məktəb tikintisi baxımından da yaddaqalan olduğunu,
"Azərbaycan Respublikası regionlarının 2019–2023-cü illərdə
sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın həyata keçirilməsi
üzrə hazırlanmış tədbirlər planına Qazax rayonu üzrə təmirə ehtiyacı olan 11
məktəbin salınmasını rayonda təhsilin inkişafına olan dövlət qayğısı kimi qeyd
edib. İlin əvvəlində S.Vurğun adına şəhər 2 nömrəli tam orta məktəbin əsaslı yenidənqurmadan
sonra istifadəyə verilməsini, daha sonra Xalq yazıçısı
İsmayıl Şıxlının adını daşıyan 1176 şagird yerlik Kosalar
kənd tam orta məktəbin Heydər Əliyev Fondu tərəfindən əsaslı şəkildə yenidən
qurulmasını, yenə də Fond tərəfindən Ş.Nəsibova adına Sarıvəlli kənd tam orta
məktəb üçün 220 şagird yerlik yeni binanın tikilməsini, Təhsil Nazirliyi
tərəfindən 180 şagird yerlik Qaymaqlı kənd tam orta məktəbin tikintisini
gələcəyimiz olan uşaqlara göstərilən diqqət və qayğının bariz nümunəsi kimi
göstərib. Rayon rəhbəri Cəfərli kənd tam orta məktəbin də təmirə ehtiyacı
olan məktəblər sırasına daxil edildiyini və təmirin nəzərdə tutulduğunu
bildirib. İcra başçısı
rayonda azyaşlı körpələrə göstərilən qayğının, onların sağlam, hərtərəfli və
düzgün böyüməsi, təlim-tərbiyə olunması üçün yaradılan şəraitin 2019-cu ildə də
daim diqqət mərkəzində saxlanıldığını söyləyib. 2019-cu ilin əvvəlində 90 yerlik şəhər 6 saylı körpələr evi-uşaq
bağçasının və may ayında Qazaxbəyli
kənd uşaq bağçasının istifadəyə verilməsini bu sahədə görülən işlərin davamı
kimi qeyd edib. Ümumiyyətlə, son 3 ildə rayon üzrə mövcud olan 25
bağçadan 21-nin müasir standartlara cavab verən səviyyəyə çatdırıldığını
vurğulayıb. Cəfərli və Bala Cəfərli kəndlərində olan bağçaların da həmin
təmirli bağçalar sırasında olduğunu söyləyib. Qarabağ
müharibəsi əlillərinə və şəhid ailələrinə göstərilən dövlət qayğısından danışan
icra başıçısı bu qayğının Qazaxda da daim hiss olunduğunu bildirib. Bu gün
rayonda Qarabağ müharibəsi əlili və şəhid ailəsi olaraq 192 nəfərin ev növbəsində
olduğunu, bu il 35 nəfər üçün ev tikintisinin nəzərdə tutulduğunu qeyd edib. Rayon
rəhbəri uzun illərdən bəri mövcud olan su probleminin də zaman-zaman
aradan qaldırıldığını bildirib. Ölkə başçısının bu sahəyə olan qayğısı sayəsində son
illər rayonun Qazaxbəyli, Ürkməzli, Xanlıqlar, Alpout, Kəmərli, Orta
Salahlı, Daş Salahlı, Bala Cəfərli, Ağköynək, Qarapapaq, Çaylı, Bala Çaylı kəndlərinə içməli su çəkildiyini qeyd edib.
Əvvəlki illərdə rayonda suvarma ilə bağlı görülən işləri, xüsusilə də
subartezian quyularının qazılması sahəsində atılan uğurlu addımları qeyd edən
rayon rəhbəri həmin işlərin 2019-cu ildə də davam etdirildiyini bildirib. Əkin
sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılmasına və əhalinin içməli
suya tələbatının ödənilməsinə dair əlavə tədbirlər haqqında ölkə
Prezidentinin 12 fevral 2019-cu il tarixli Sərəncamını həmin məqsədyönlü
işlərin əyani sübutu kimi dəyərləndirib. İcra başçısı həmin Sərəncama
əsasən rayonun Cəfərli, Xanlıqlar, Canalı, Kosalar, Dəmirçilər, Bala
Çaylı, Kəmərli, Qaymaqlı, Aslanbəyli, Aşağı Salahlı və Çaylı kəndlərinin hər birində 1 ədəd subartezian quyularının qazıldığını
qeyd edib. İcra başçısı qeyd edib ki, bu gün rayonda 190-dan artıq
subartezian quyusu fəaliyyət göstərir ki, bunun da 60-dan çoxu son 3 ildə
istifadəyə verilib. Rayon
rəhbəri vurğulayıb ki, bu gün rayonun sərhəddə yerləşən bir neçə kəndində su
problemi var ki, həmin kəndlərdən biri də Cəfərli kəndidir. Qeyd edib ki, bu məsələnin
də öz həllini tapması üçün lazımi işlərin görülməsi nəzərdə tutulub. Dövlət Proqramında suabartezian quyuları ilə bağlı
bəndin salındığını qeyd edən rayon rəhbəri bu işlərin 2020-ci ildə də davam
etdiriləcəyini və həmçinin Cəfərli kəndində də qazılmasının nəzərdə tutulduğunu
vurğulayıb. Bundan əlavə,
kənddə dam örtüyünün dəyişdirilməsinə ehtiyac olan evlər vardır ki, sizlər tərəfindən
hər dəfə bu məsələ qaldırılıb. Bu il qeyd olunan həmin məsələ də öz müsbət həllini
tapacaqdır. Rayonda, eləcə də kəndlərdə elektrik enerjisi və qazla
bağlı heç bir problemin olmadığını qeyd edən rayon rəhbəri bu istiqamətdə
görülən işlərdən də söz açıb. Bu gün rayonda SİP kabelləşmənin ilk olaraq
sərhəd kəndlərindən başlanıldığını bildirib. Sərhəd kəndləri olan Məzəm, Quşçu
Ayrım, Fərəhli, Cəfərli və Bala Cəfərli
kəndlərində SİP kabelləşmənin 100 faiz başa çatdığını qeyd edib. İcra başçısı
vurğulayıb ki, Cəfərli kəndi sərhəddə yerləşməsinə, müharibənin ağrı-acılarını çox çəkməsinə baxmayaraq bu
gün özünün inkişaf dövrünü yaşayır. Dövlət qayğısı ilə tam əhatə olunmuş kənd
sakinləri kənd təsərrüfatı və heyvandarlıqla məşğul olurlar. Göstərilən diqqət
və qayğının nəticəsidir ki, Cəfərli günü-gündən inkişaf edir. Hesabat ilində Cəfərli
kəndində də müvafiq işlərin görüldüyünü bildirən icra başçısı kənd sakinləri tərəfindən
qaldırılan bütün məsələlərə həmişə diqqətlə yanaşıldığını, kənddə mövcud olan
problemlərin zaman-zaman öz həllini tapdığını qeyd edib. Bildirib ki, bu gün sərhəd
kəndləri fasiləsiz enerji, qaz ilə tam təmin olunur.
Cəfərli kənd
İƏD-si üzrə nümayəndə Şahin
Mustafayev hesabat məruzəsində ölkəmizdə olduğu kimi,
rayonumuzda da 2019-cu ilin bir çox hadisələrlə yadda qaldığını bildirib. Qeyd
edib ki, Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşovun gərgin əməyi nəticəsində
3 ildən artıq bir vaxtda Qazax şəhərində və kəndlərimizdə 10 illərə bərabər işlər
görülmüşdür. Prezident İlham Əliyevin apardığı
quruculuq siyasətinin Qazaxda olduğu kimi həyata keçirilməsinin nəticəsidir ki,
rayonumuzda bir çox - təhsil, səhiyyə, mədəniyyət, idman, eləcə də digər sahələr
inkişaf etmiş, uğurlu göstəricilər əldə edilmişdir. Qeyd
edib ki, nümayəndəlikdə
356 təsərrüfat olmaqla 1499 nəfər əhali vardır. Onlar iki
yaşayış məntəqəsində Cəfərli və Bala Cəfərli kəndlərində məskunlaşmışlar. Hər
iki kənd rayon mərkəzindən 14 km məsafədə yerləşir. Nümayəndəliyin ərazisində
iki müasir tipli məktəb, iki körpələr evi-uşaq bağçası, iki kitabxana, iki
klub, bir poçt binası, bir həkim məntəqəsi, bir feldşer-mama məntəqəsi, bir
EATS fəaliyyət göstərir. 2019-cu ilin tərtib olunmuş iş planına əsasən nümayəndəlikdə
nəzərdə tutulmuş işlər əsas etibarı ilə vaxtında yerinə yetirilmişdir. 2019-cu
ildə bütün dövlət tədbirləri, bayram şənlikləri yüksək səviyyədə təşkil olunmuş
və həyata keçirilmişdir. Hesabat ilində nümayəndəlik kənd sakinləri ilə birlikdə
12 dəfə ümumi yığıncaq keçirmiş, ictimaiyyət arasında xalqımızın milli adət-ənənələrinin
təbliğ olunması, milli-mənəvi dəyərlərimizin qorunub saxlanılması istiqamətində
də müəyyən işlərin görülməsi diqqət mərkəzində saxlanılmışdır. Bu baxımdan
2019-cu ildə xalqımızın milli bayramı Novruz bayramı hər il olduğu kimi, bu il
də el şənliyi səviyyəsində çox geniş şəkildə qeyd olunmuşdur. Əhali
arasında yaranmış sosial və digər problemlərin həlli nümayəndəliyin iş planında
öz əksini tapdığı üçün bu məsələlər vaxtında,yerində həll olunmuş və şikayətlərə qanunla müəyyən olunmuş vaxt ərzində
baxılmışdır. İl ərzində nümayəndəliyə 16 nəfər şifahi, 8 nəfər isə ərizə ilə
müraciət etmişdir. Əhalinin qeydiyyata alınması və qeydiyyatdan çıxarılması,
onların şəxsiyyət vəsiqəsi ilə təmin edilməsi ilə bağlı işlər qanunauyğun şəkildə
həyata keçirilmişdir. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin
Qazax rayon şöbəsinin əməkdaşları ilə daim əlaqə saxlanılmış, gənclərin hərbi
xidmətə yola salınması müvəffəqiyyətlə aparılmışdır. 2019-cu ildə nümayəndəlikdə
2 nikah, 8 ölüm və 13 doğum aktı qeydə alınmışdır. Doğulan uşaqların 6-sı qız,
7-si oğlandır. 2018-ci
ildə nümayəndəlik tərəfindən 100 qram baramaqurdu götürülmüş, nəzərdə tutulan
200 kq barama istehsalına qarşı 326 kq barama təhvil verilmiş, planı 163% yerinə yetirilmişdir. 2019-cu ildə isə
314 kq barama təhvil verilmişdir. Barama
istehsalında 9 nəfər işçi çalışmışdır. Nümayəndəlik üzrə tütünçülüyün inkişafı ilə əlaqədar
kənddə 4 hektar torpaq sahəsində tütün əkilmiş, sahələrdən 7000 kq məhsul
yığılaraq Şəki şəhərində yerləşən tütün kombinatına təhvil verilmiş, plan 107 %
yerinə yetirilmişdir və 2 tona yaxın tütünümüz hələ durur, yaxın vaxtlarda onu
da aparıb Şəki şəhərində yerləşən tütün kombinatına təhvil verəcəyik. Əhalidə olan mal-qaranın, qoyun və keçilərin,
quşların uçotu aparılaraq təsərrüfatbaşı kitabda qeydiyyata alınmış və
Statistika İdarəsinə vaxtında hesabat verilmişdir. 01 yanvar 2020-ci il tarixdə
nümayəndəlik üzrə 698 baş iribuynuzlu mal-qara, 3221 baş xırdabuynuzlu davar
qeydə alınmışdır. Nümayəndəliyin ərazisi Ermənistanla həmsərhəddə
yerləşdiyi və torpaqların bir hissəsi işğal altında olduğu üçün kənddə torpaq
islahatı aparılmamışdır. Buna görə də torpaq sahələri kənd əhalisinə müvəqqəti
istifadə üçün icarəyə verilmişdir. Həmin sahələr dəmyə şəraitində yerləşdiyi
üçün ondan ancaq taxılçılıq və təbii biçənək kimi istifadə etmək mümkündür. Bu
il 2020-ci ilin məhsulu üçün nümayəndəlik üzrə 268 hektar sahədə buğda, 132
hektar sahədə arpa, 36 hektar sahədə vələmir, 20 hektar sahədə isə yonca əkilmişdir.
Bundan başqa, Cəfərli kəndinin ərazisindən 100 hektar torpaq sahəsi Qazax
Konserv Zavoduna kartof əkini üçün icarəyə verilmişdir. Bu sahələrin əkilib
becərilməsində əsas işçi qüvvəsi kimi kənd sakinlərindən istifadə olunur ki, bu
da əhalinin müəyyən hissəsinin sosial təminatının yaxşılaşdırılmasına xeyli köməkdir. Bu işlərin 2020-ci ildə də davam
etdirilməsi nəzərdə tutulmuşdur. Sahələrin əkilib becərilməsi üçün Respublika
Prezidentinin 23 yanvar 2007-ci il tarixli 1907 saylı Sərəncamına uyğun olaraq
kənd təsərrüfatı məhsullarının istehsalçısına əkin sahəsinin becərilməsində
istifadə etdiyi yanacaq və motor yağlarına görə dövlət büdcəsinin vəsaiti
hesabına yardımın verilməsi işi müvəffəqiyyətlə aparılmış, 2019-cu ilin avqust ayında 200 ailəyə 40358 manat
pul vəsaiti ödənilmişdir. Kənd təsərrüfatı ziyanvericiləri ilə mübarizə də diqqətdən
kənarda qalmamışdır. Qazax Bitki Mühafizəsi İdarəsinin işçiləri ilə əlaqə
saxlanılır və əkin sahələrinin dərmanlanması üçün əhali arasında maarifləndirmə
işləri aparılır. Nümayəndəliyin ərazisində rayon Baytarlıq İdarəsinin bir nəfər
işçisi çalışır. Kənddə mal-qara və quşlarda baş verə biləcək xəstəliklərin
qarşısını almaq üçün həmişə əhali arasında olur,vaxtında profilaktik tədbirlər aparır və peyvəndlər edir. Əhaliyə tibbi xidmət yüksək səviyyədə aparılır.
Bunun üçün hər iki kənddə tikilmiş müasir tipli hər cür şəraiti olan tibb məntəqəsi
fəaliyyət göstərir. Hər iki tibb məntəqəsində əhaliyə tibbi yardımlar göstərilir,
antisanitariyaya ciddi riayət olunur. İşçilər daima əhali arasında olaraq əhalinin
təmizliyə riayət etməsi üçün lazımi söhbətlər aparırlar. Kəndarası küçələrdə səliqə-sahmana
xüsusi diqqət yetirilir. Rayon rəhbərliyinin dəstəyi ilə kənd ərazisində yerləşən
məişət tullantıları poliqonu texnika vasitəsilə təmizlənərək ərazidə səliqə-sahman
işləri aparılmışdır. Cəfərli və Bala Cəfərli kəndlərində hazırda 6 ədəd
artezian quyusu vardır. Bu quyularda hər hansı bir nasazlıq baş verərəsə
subartezian quyuları idarəsinin köməkliyi və rayon rəhbərliyinin dəstəyi ilə
aradan qaldırılır. Həmin quyulardan biri uzun müddətdir keçən quraqlıq səbəbindən
qurumuş, hazırda fəaliyyət göstərmir. Cəfərli kəndinin aşağı hissəsində yerləşən artezian
quyusunun yanında qurulmuş nasoslarla kənddəki bütün evlərə gündəlik fasilələrlə
içməli su vurulurdu. Həmin nasoslar tez-tez yanırdı və elektrik enerjisindən
istifadə olunurdu. Rayon rəhbərliyinin dəstəyi ilə Beynəlxalq Qırmızı Xaç Komitəsinin
xətti ilə kəndin ən hündür yerində tutumu 25 ton olan 2 ədəd dəmir çən
quraşdırıldı və artezian suyu birbaşa həmin çənlərə vuraraq həmin çənlərdən
bütün evlərə öz axını ilə su çəkilmişdir Bütün evlərə gedən dəmir su xətləri
polietilen xətlərlə əvəz olundu. Bununla da əhali motor almaqdan və elektrik
enerjisi ödəməkdən azad oldu. Bundan əlavə, bir ədəd yeni artezian nasosu da hədiyyə
etdilər. Bu yaxınlarda kənddə bir artezian quyusu qazılıb istifadəyə verilib,
yeni bir artezian quyusunun qazılması da artıq təsdiq olunmuş və yeri müəyyən
edilmişdir. 8 ailəyə həyətləri suvarmaq üçün 150 mm diametri olan dəmir boru
verildi və həmin ailələrin su xətti bərpa olundu. Uzun illərdi ki, təmir
olunmayan klub binası nümayəndəlik tərəfindən "Dost" MMC-nin işçilərinin köməyi
ilə təmir edilmişdir. Bundan başqa, nümayəndəliyin gördüyü işlər sırasına kənd
qəbiristanlığında aparılan abadlıq və təmizlik işlərini də daxil etmək olar.
Belə ki, kənd qəbiristanlığının bərbad vəziyyətdə olan ətrafı dəmir torla yenidən
təmir olunmuşdur və qəbiristanlıqda daim iməclik işləri aparılmışdır. Bu işdə kənd
ictimaiyyəti yüksək fəallıqla iştirak etmişlər. Cəfərli və Bala Cəfərli kəndlərində 2019-cu ildə
elektrik enerjisinin verilməsində heç bir problem olmamışdır. Güc transformatorlarında hər hansı nasazlıq baş
verdikdə bu da rayon paylayıcı elektrik şəbəkəsinin köməkliyi ilə aradan
qaldırılır. Kənddə yaşayış evlərinə yaxın olan, həmişə kənd sakinləri üçün təhlükə
törədən iki ədəd transformatorun kənarları dəmir hasara alınmış, rənglənərək səliqəli
vəziyyətə salınmışdır. Cəfərli və Bala Cəfərli kəndlərində elektrik təchizatı
sistemində artıq yeniləşmə işlərinə başlanılmışdır. Bala Cəfərli kəndində SİP
kabelləşmə işi başa çatdırılmış, köhnə tipli elektrik sayğacları yeni SMART
tipli sayğaclarla əvəz olunmuşdur. Cəfərli kəndində isə kabelləşmə artıq başa
çatdırılmış transformatorların dəyişdirilməsi və yeni sayğacların
quraşdırılması işləri davam etdirilir. Cəfərli və Bala Cəfərli kəndləri tamamilə
qazlaşdırılmışdır. Təbii qazın verilməsində heç bir problem yoxdur. Qaz
istismar sahəsinin nəzarəti sayəsində bütün çatışmazlıqlar öz həllini tapır. Hər
iki kəndin əhalisi qaz və elektrik enerjisinin dəyərinin ödənilməsindən
azaddırlar. Belə ki, dövlət tərəfindən onlara ayrılmış limitdən istifadə edirlər.
Vətəndaşlar limitdən əlavə sərf etdikləri qazın və elektrik enerjisinin dəyərini
kənddə yerləşən poçt şöbəsinə ödəyirlər. Bala Cəfərli və Cəfərli kənd sakinlərinin
istifadəsi üçün ayrılan qaz və elektrik enerjisi limitləri ləğv edilmişdi.
Qazax rayonunun digər sərhəd kəndləri kimi Cəfərli və Bala Cəfərli kəndlərinin əhalisi
də istifadə edilən qaz və elektrik enerjisi üçün ayrılmış limitlərin ləğv edilməsindən
çox böyük əziyyət çəkirdilər. İstifadə edilən qaz və elektrik enerjisinin dəyərinin
ödənilməsi əhali arasında böyük narahatlıq yaratmışdı.Rayon rəhbərliyi bu məsələ ilə məşğul olacağına söz
verdi və çox az bir müddətdə hamının sevincinə səbəb olan bir qərarın
alınmasına nail oldu. İndi Qazax rayonu yeganə sərhəd rayonudur ki, rayonun 5 kəndi,
o cümlədən Cəfərli və Bala Cəfərli kəndlərinin əhalisi istifadə etdikləri qaz və
elektrik enerjisinin dəyərinin ödənilməsindən azaddırlar. Bu da dövlət
başçımızın əhaliyə, xalqımıza olan qayğısının bir nümunəsidir. Bunun üçün də
ölkə Prezidentinə və rayon rəhbərliyinə əhalimiz adından minnətdarlığımızı bildiririk. Bala Cəfərli kəndinə gedən asfalt yol cari təmir
edilmiş, kənddə bir ədəd avtobus dayanacağı tikilmiş, Bala Cəfərli kənd sakini
Qasımova Nuriyyə Tofiq qızının evinin dam örtüyü, bir otağının döşəməsi və evin
pəncərələri dəyişdirilmiş, evinin qarşısına 13 metr uzunluğunda istinad divarı
çəkilmişdir. İmkansız ailə Kosayev Murad İstan oğlunun evinə elektrik
sayğacının qoyulması üçün dövlət rüsumu 270 manat rayon rəhbərliyi tərəfindən
ödənilmişdir. Bundan başqa, kənddə yaşayan 24 ailənin evinin dam örtüyü dəyişdirilmiş,
kənd sakinlərinin hər birinin həyətinə içməli su xətti çəkilmişdir. 16 ailənin
maddi rifah halının yaxşılaşdırılması üçün hər birinə 1100 manat birdəfəlik
maddi yardım verilmişdir. Kəndin mərkəzində yerləşən artezian quyusu təmir
edilmiş əhalinin evlərinə öz axını ilə su getməsi məqsədilə su çəni 7 metr
hündürlüyə qaldırılmış, rənglənmiş və normal vəziyyətə gətirilmişdir. Cəfərli kəndində
şəhid ailəsi Sədaqət Almazovanın həyətinə hasar çəkilməsi üçün 1600 ədəd mişar
daşı, 30 kisə sement, 1 maşın qum verilmişdir. İmkansız birinci qrup əlil
Qarasaqqalov Məmməd Vasil oğluna evinin təmiri üçün 3 ədəd qapı, 20 kisə sement
və 1 maşın qum verilmişdir. Beynəlxalq Qırmızı Xaç Komitəsinin xətti ilə Bala Cəfərli
kəndində əkinçiliyi inkişaf etdirmək məqsədilə kənddə yaşayan hər bir ailəyə
250 kq toxumluq buğda, 250 kq mineral gübrə, Cəfərli kəndində də kənddə yaşayan
hər bir ailəyə 100 kq toxumluq buğda, 250 kq mineral gübrə verilmişdir. Nəqliyyat cəhətdən də kənd sakinlərinin təminatı
yaxşı təşkil edilmişdir. Cəfərli kəndində 3, Bala Cəfərli kəndində isə 1 kiçik
həcmli mikroavtobus əhaliyə xidmət göstərir. Bu işlərə də tərəfimizdən ciddi nəzarət
edilir. Bala Cəfərli kəndində məktəb 4 illik olduğu üçün şagirdlər Qazax şəhərində
oxumaq məcburiyyətində qalırlar. Həmin şagirdlərin məktəbə pulsuz aparılıb gətirilməsi
rayon rəhbərliyinin köməkliyi ilə təşkil olunmuşdur. Cəfərli kəndində fəaliyyət göstərən ən böyük müəssisələrdən
biri də Cəfərli kənd tam orta məktəbidir. Nümayəndəlik hər iki kənddə yerləşən
məktəblə daim əlaqə saxlayır, əmək intizamının, dərsə davamiyyətin təmin edilməsində
və zəruri ehtiyaclarının ödənilməsində məktəb rəhbərliyinə yaxından köməklik
göstərir. Cəfərli kənd tam orta məktəbində 117 nəfər, Bala Cəfərli kənd ibtidai
məktəbində 5 nəfər şagird təhsil alır. Onların təlim–tərbiyəsi ilə 26 nəfər müəllim
məşğul olur. Ötən dərs ilində Cəfərli kənd tam orta məktəbi 7 nəfər bitirmiş,
onlardan 6 nəfəri ali məktəbə sənəd vermişlər. Bunlardan da 4 nəfəri ali, 2 nəfəri
isə orta ixtisas məktəbinə qəbul olunmuşdur. Hər iki kənddə yerləşən uşaq
bağçaları daim nəzarətimizdədir. Cəfərli
kəndində yerləşən 20 yerlik uşaq
bağçası neçə illər idi ki, çox bərbad gündə idi, otaqlar
darısqal və təmirsiz idi.Rayon rəhbərliyinin köməkliyi ilə
yeni bağça binası tikilib, hər
cür avadanlıqlarla təmin olunaraq uşaqların istifadəsinə verilmişdir. Bala Cəfərli kəndində yerləşən uşaq bağçası da
yenidən təmir olunmuş, hər cür avadanlıqlarla təmin olunaraq uşaqların istifadəsinə
verilmişdir. Bala Cəfərli kənd bağçasına kombi sistemi çəkilmiş, yaxın
vaxtlarda istifadəyə veriləcəkdir. Buna görə kənd camaatı və valideynlər adından rayon rəhbərliyinə öz dərin minnətdarlığımızı
bildiririk. Kənd əhalisinin uzun illər həsrətində olduğu yol
problemi rayon rəhbərliyinin səyi nəticəsində artıq həllini tapmışdır. Bu da hamımızın böyük sevincinə
səbəb olmuşdur. Bunun üçün də ölkə başçısına və rayon rəhbərliyinə
təşəkkürümüzü çatdırırıq. Kəndarası yollara çınqıl döşənməsi işləri də mütəmadi
olaraq aparılır. Belə ki, Cəfərli
kəndində çınqıl döşənməsi işləri başa
çatdırılmışdır. Kənd ağsaqqalarından Sabir Vəliyev, Telman
Kosayev, Seyfəddin
Vəliyev, Məzahir Mustafayev, Ceyhun Rəhimov, Ədalət
Qarasaqqalov, Ələkbər Heydərov və başqaları çıxış edərək sərhəd kəndinin sakinlərinə
göstərdiyi böyük diqqət və qayğıya, Cəfərli və Bala Cəfərli kəndlərinin günü-gündən
inkişaf etməsinə və görülən bütün işlərə görə Prezident İlham Əliyevə, Qazax
Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşova bütün kənd sakinləri adından
öz dərin minnətdarlıqlarını bildiriblər. Çıxış edənlər qeyd ediblər ki, "Sizinlə
keçirilən hər bir görüş biz sakinlərin qayğılarının həll olunması deməkdir. Bu
gün biz sərhəddə yaşayan sakinlər keçirilən bu görüşləri əsl toy, bayram kimi
qeyd edirik. Çünki biz bilirik ki, görüş zamanı qaldırılan və həlli mümkün olan
nə məsələ varsa, o Sizin sayənizdə mütləq öz həllini tapacaqdır. Ən əsası isə
Siz rayon rəhbəri kimi təyin olunan ilk gündən sərhəddə yaşayan sakinlərə diqqət
və qayğı ilə yanaşırsınız. Ağsaqqallara, ziyalılara, körpə balalara xüsusi
qayğı göstərirsiniz. Bu, ölkə başçısının siyasətinin əsasını təşkil edən vətəndaş
amilinin hər zaman ön plana çəkilməsi deməkdir. Son 3 ildir ki, Cəfərli və Bala
Cəfərli kənd sakinləri bu diqqət və qayğını hər an hiss edirlər”. Sonda Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb
Babaşov hesabat yığıncağına yekun vuraraq sakinlərin minnətdarlıq dolu ürək
sözlərinə razılığını bildirib, onlara göstərilən diqqət və qayğının bundan sonra
da belə olacağını qeyd edib.
GOYEZEN.AZ
Facebook-da paylaş