• Təqvim

  • Unutma

  • Maraq



Orta Salahlı kənd İƏD-si üzrə nümayəndəliyin hesabat yığıncağı keçirilib


Bu gün Qazax Rayon İcra Hakimiyyəti başçısının Orta Salahlı kənd İnzibati Ərazi dairəsi üzrə nümayəndəliyində 2019-cu ildə görülmüş işlər və 2020-ci ildə qarşıda duran vəzifələrə dair hesabat yığıncağı keçirilib.

Hesabat yığıncağında Qazax Rayon İcra Hakimiyyəti başçısının müavini Gulaya Həsənova, aparatın Hüquq şöbəsinin müdiri Səba Paşayeva və kənd sakinləri iştirak ediblər. Yığıncağı aparmaq üçün sədr və katib seçildikdən sonra gündəlikdə duran məsələlər barədə məlumat verilib.

Qazax Rayon İcra Hakimiyyəti başçısının müavini Gulaya Həsənova hesabat yığıncağında çıxış edərək rayon rəhbərliyinin salamlarını çatdırıb, yğıncağın işinə uğurlar arzulayıb. Qeyd edib ki, bu gün tam əminliklə deyə bilərik ki, 2019-cu il ölkəmiz üçün uğurlu il olmuşdur. Ölkəmiz bütün istiqamətlər üzrə uğurla, sürətlə inkişaf etmişdir. Azərbaycan güclü ölkə kimi dünya miqyasında özünü təsdiqləyib. Beynəlxalq mövqelərimiz daha da möhkəmlənib. Azərbaycan ölkə prezidenti İlham Əliyevin rəhbərliyi altında beynəlxalq aləmdə layiqli yerini tuta bilib. Sevindirici hal isə odur ki, bu inkişaf ölkəmizin bütün bölgələrini, rayonlarını, şəhərlərini, qəsəbələrini və kəndlərini əhatə edib. 2019-cu ilin ölkəmiz və xalqımız üçün uğurlu bir il olduğunu qeyd edən müavin bildirib ki, bu gün bölgələrimizdə olan dinamik inkişafı Qazax rayonunun timsalında daha aydın şəkildə görmək olar. Belə ki, son 3 ildə həyata keçirilən genişmiqyaslı tikinti-quruculuq işləri, sosial layihələr, elm, təhsil, səhiyyə, mədəniyyət, idman və digər sahələrdə əldə olunan uğur və nailiyyətlər həmin inkişafın bariz nümunəsidir.

Orta Salahlı kənd İƏD-si üzrə nümayəndə Azim Xəlilov hesabat məruzəsi ilə çıxış edərək əvvəlcə 2019-cu ildə ölkəmizdə, eləcə də bölgələrimizdə həyata keçirilən genişmiqyaslı işlərdən danışıb. Qeyd edib ki, başa vurduğumuz bu il Qazax rayonu, eləcə də kəndimiz üçün hər bir sahədə uğurlu olub. Bildirib ki, Orta Salahlı kənd icra nümayəndəliyinin ərazisində iki kənd - Orta Salahlı və Qazaxbəyli kəndləri yerləşir. İki kəndin birlikdə 831 təsərrüfatı, 3107 nəfər əhalisi vardır. Nümayəndəliyin ərazisində 1 bələdiyyə, 2 tam orta məktəb, 1 uşaq bağçası, 1 folklor evi, 2 kitabxana, 1 həkim məntəqəsi, 1 tibb məntəqəsi, 1 poçt rabitə şöbəsi, 1 elektron ATS fəaliyyət göstərir.

Orta salahlı kənd tam orta məktəbində 150 nəfər şagird təhsil alır ki, onların təlim–tərbiyəsi ilə 25 nəfər müəllim məşğul olur. Keçən il məktəbin 5 məzunu ali, 2 məzunu isə orta ixtisas məktəbinə daxil olmuşdur. Məktəbin həyətində Orta Salahlı kənd sakini tərəfindən 1 ədəd bulaq tikilmişdir.

Qazaxbəyli kənd tam orta məktəbində 133 nəfər şagirdin təlim-tərbiyəsi ilə 28 nəfər müəllim məşğuldur. Keçən il məktəbin 2 məzunu ali, 2 məzunu isə orta ixtisas məktəbinə daxil olmuşdur.

Əhalinin sağlamlığına, onların səhiyyə xidmətinə məsuliyyəti Orta Salahlı həkim məntəqəsi və Qazaxbəyli tibb məntəqələrinin kollektivi daşıyır. Hər iki kollektivdə xəstələrin qeydiyyatı, uşaqlarda müxtəlif peyvəndlərin aparılması, ilkin tibbi yardım günün tələblərinə cavab verir.

Orta Salahlı kənd İcra nümayəndəliyi ərazisində klub, diyarşünaslıq evi, kitabxana fəaliyyət göstərir. Diayarşünaslıq evinin, klub və kitabxanaların işçiləri tədbirlərin keçirilməsində yaxından iştirak edirlər.

Orta Salahlı və Qazaxbəyli kəndlərində 2019-cu ildə elektrik enerjisi və təbii qaz yanacağının verilıməsi fasiləsiz olmuşdur. Əhali istifadə etdiyi elektrik enerjisinin və təbii qazın dəyərini nəzarətçilər tərəfindən verilən bildirişlər əsasında kənd poçtuna ödəyir. Orta salahlı kənd Poçt şöbəsi əhalidən enerji, qaz, telefon pullarını qəbul edir, müxtəlif pul baratları, məktubları qəbul edib yola salır. Şöbədə nizam-intizam, xidmət səviyyəsi qənaətbəxşdir. Elektron ATS tipli stansiyanın kollektivi əhalinin rabitə xidmətini təmin edir. Ərazidə 548 nömrəli yeni elektron ATS fəaliyyət göstərir. Dünyanın istənilən ölkəsi ilə rabitə xidməti və kompüter xidməti təmin olunmuşdur.

2019-cu ildə görüləcək işlər haqqında iş planı tərtib edilmişdir. Hesabat ilində həmin iş planı əsasında iclaslar keçirilmiş və görüləcək işlər haqqında məsələlər müzakirə edilərək müvafiq qərarlar qəbul edilmişdir.

Hesabat ilində vətəndaşlardan müxtəlif mövzuda 12 ədəd yazılı və 33 şifahi şikayətlər daxil olmuşdur. Həmin şikayətlərə yerində baxılmış və müsbət həll olunmuşdur. İcra nümayəndəliyi üzrə 2019-cu ildə 19 məktub daxil olmuş, 936 arayış və məktub göndərilmişdir. Hesabat dövründə 26 doğum, 12 nikah, 14 ölüm qeydə alınmışdır. Nümayəndəlikdə təsərrüfatbaşına kitablarda hesabat dövründə lazımi qeydlər aparılmış, imzalar edilmiş, pasport qeydiyyatına daxil olan və qeydiyyatdan çıxanlar haqqında qeydlər aparılmışdır. Əhalidə olan mal-qara və quşlar uçota alınaraq təsərrüfatbaşı kitablarda qeydiyyatı aparılmış və Statistika idarəsinə hesabat verilmişdir.

Qazaxda bütün sahələrlə yanaşı vətəndaş amili də daim ön plana çəkilir. Sakinlər tərəfindən qaldırılan hər bir məsələyə xüsusi diqqətlə yanaşılır. Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşovun təyin olunduğu ilk gündən kəndlərdə keçirdiyi səyyar görüşlər, həmin görüş zamanı səsləndirilən hər bir məsələyə xüsusi qayğı ilə yanaşması, həlli istiqamətində konkret tapşırıqlar verməsi kənd sakinlərini narahat edən məsələlərin öz müsbət həllini tapmasına xidmət edir. 2019-cu ildə Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov Orta Salahlı və Qazaxbəyli kəndlərinin hər birində 4 dəfə olaraq kənd sakinləri ilə görüşlər keçirmiş, kənd sakinlərini narahat edən problemlərlə yerində tanış olaraq aidiyyatı üzrə tapşırıqlarını vermişdir.

Rayon rəhbərinin Orta Salahlı və Qazaxbəyli kəndlərində keçirdiyi səyyar görüşlər zamanı səsləndirilən məsələlərin həll olunması da bu dediklərimizin əyani sübutudur. Belə ki, Qazaxbəyli kəndində vətəndaşlarla görüş zamanı kənd sakinləri uşaq bağçasında olan körpə balaların baba və nənələri olaraq müraciət edib xahiş etmişdilər ki, kəndin bağçası digər kəndlərdə və şəhər bağçalarında olduğu kimi əsaslı təmir edilərək müasir standartlara cavab verən səviyyəyə gətirilsin. Kənd sakinlərinin müraciəti nəzərə alınaraq qısa müddət ərzində rayon rəhbərliyi tərəfindən kənd bağçası əsaslı təmir olunaraq 31 may 2019-cu il tarixdə istifadəyə verilmişdir. 20 yerlik yeni bağçada bir qrup fəaliyyət göstərir, bağçada yüksək səviyyədə müdir otağı, qrup otağı, yataq otağı, camaşırxana, anbar və əlavə olaraq mətbəx inşa olunmuşdur. Bağça müasir istilik sistemi ilə təmin olunub. Geniş həyətə malik olan və müasir standartlara cavab verən bağçada həmişəyaşıl ağaclar və dekorativ gül kolları əkilib. Uşaqların asudə vaxtlarını səmərəli keçirmələri üçün bağçanın həyətində hər cür şərait yaradılıb. Bundan əlavə, yeni bağça müasir avadanlıqlarla təchiz olunmuşdur. Bunun üçün kənd sakinləri adından rayon rəhbərinə bir daha öz minnətdarlığımızı bildiririk.

Bundan əlavə, sakinlər hər iki kənddə qəzalı vəziyyətdə olan elektrik dirəklərinin dəyişdirilməsini, 3 ədəd artezianın təmir edilməsini, 10 hektar suvarılmasında çətinlik çəkiliən əkin sahəsinin suvarma arxına dəmir qapının qoyulmasını xahiş etmişdilər. Rayon rəhbəri elə görüş zamanı qaldırılan məsələlərlə bağlı aidiyyatı üzrə konkret tapşırıqlarını vermişdir. Qısa vaxt ərzində verilən tapşırıqlara uyğun olaraq 3 ədəd artezian təmir edilmiş, Orta Salahlı kəndində 7 ədəd, Qazaxbəyli kəndində isə 5 ədəd qəzalı vəziyyətdə olan elektrik dirəkləri Qazax Elektrik Şəbəkəsi tərəfindən yeni beton dirəklərlə əvəz olunmuş, 10 hektar əkin sahəsinin suvarma arxına dəmir qapı quraşdırılmışdır.

Dahi Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubleyi çərçivəsində 650 min ağac əkilməsi barədə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə əlaqədar Bakı-Tbilisi magistral yolunun Qazaxbəyli kəndi ərazisindən keçən hissəsində  əvvəlcədən ağac əkiləcək sahələr müəyyənləşdirilərək lazımi işləri görülmüş, çalalar qazılmış, əkin materalı, ağac şitil və tingləri tədarük olunaraq 300 ədəd şam ağacı əkilmişdir.

Kənd İcra nümayəndəliyi işini Orta Salahlı-Qazaxbəyli bələdiyyəsi ilə birgə qurmaqla bir çox işlər görülmüşdür. Belə ki, kəndarası yolların təmiri, əhalinin içməli suya olan tələbatının ödənilməsi, elektrik transformatorlarının və subartezian su nasoslarının fasiləsiz işləməsi sahəsində məqsədyönlü fəaliyyət göstərmişdir. Kənd sakinlərinin zibil tullantılarını atması üçün texnika vasitəsilə Orta Salahlı kəndində 1 ədəd, Qazaxbəyli kəndində isə 2 ədəd xəndək qazılmış, zibil tullantıları atılan sahələr təmizlənmiş, kənd ərazisində yol kənarlarına, su arxlarına zibil tullantıları atan vətəndaşlara qarşı mübarizə tədbirləri aparılaraq təkrar zibil atan vətəndaşlara qarşı inzibati cəza tədbiri görüləcəyi haqda məlumat verilmişdir. Bundan əlavə, kəndin çıxış hissəsində olan körpü təmir edilərək 4 ədəd  beton plitələr qoyulmuşdur.

Orta salahlı kənd sakini tərəfindən kənd qəbiristanlığına 1000 metr uzunluğunda su xətti çəkilmiş, qəbiristanlıq yolu təmir edilmiş, qəbiristanlığın ərazisində 1 otaq tikilərək çardaq quraşdırılmışdır.

Orta Salahlı və Qazaxbəyli kəndinin ərazisinin 1312 hektarı xüsusi mülkiyyətə, 1198 hektarı bələdiyyə mülkiyyətinə, 137 hektarı isə dövlət mülkiyyətinə aiddir (cəmi 2647 hektar). Ərazidə 2079 hektar kənd təsərrüfatına yararlı torpaq sahəsi mövcuddur ki, bunun da 1359 hektarı suvarılan sahələrdir (qalan suvarılmayan 720 hektardan 300 hektar dəmyə pay torpağı, 420 hektarı isə örüş sahələridir).

Hər iki kəndin əsas məşğuliyyəti əkinçilik və heyvandarlıqdır. 2018-ci ildə 2019-cu ilin məhsulu üçün 471 hektara buğda, 261 hektara arpa səpilmişdir. Taxıl sahələri rayonumuzun və kənar rayonlardan cəlb olunmuş kombaynlar vasitəsilə vaxtında və itkisiz biçilərək 471 hektar buğda sahəsindən 1780,4 ton məhsul əldə edilmiş, məhsuldarlıq 37,8 sentner, 261 hektar arpa sahəsindən isə 665,6 ton məhsul əldə edilərək məhsuldarlıq 25,5 sentner olmuşdur. 2019-cu ildə 2020-ci ilin məhsulu üçün 697 hektarda şumlama işləri aparılmışdır ki, bundan 346 hektarda buğda, 98 hektarda isə arpa səpilmişdir.Dövlət başçısının "Kənd təsərrüfatı istehsalçılarına dövlət dəstəyinə dair” 13 yanvar 2007-ci il tarixli Sərəncamından irəli gələn vəzifələrin icrası ilə əlaqədar 2019-cu ildə kənd təsərrüfatı məhsulları istehsalçılarına buğda əkini üçün hər hektara 90 manat, digər əkinlər üçün isə hər hektara 50 manat olmaqla subsidiya ödənilmişdir. Bundan əlavə, 2019-cu ildə əkilən 4 hektar tütün sahəsindən 6600 kq tütün tədarük olunaraq plana 101%, 415 kq barama təhvil verilərək plana 96 % əməl olunmuşdur. Hesabat ilində kəndlərdə baramaçılığın inkişaf etdirilməsi üçün yem bazasının gücləndirilməsi məqsədilə Qazaxbəyli kəndinin 0,5 hektar torpaq sahəsində Çin Xalq Respublikasından gətirilmiş 3000 ədəd tut tingi əkilərək becərilməsi üçün bir nəfər kənd sakininə verilmişdir. Həmin tut tinglərinə aqrotexniki qaydada xidmət olunur.

İldən-ilə artan əkin sahələrinin genişləndirilməsinin, xüsusilə də məhsuldarlığın artırılmasının başlıca əsas səbəblərindən biri də bitkilərin vaxtlı-vaxtında suvarma suyu ilə təmin olunmasıdır. Rayon rəhbəri fəaliyyətə başladığı ilk gündən hər il suvarma arxlarının və kanallarının təmir olunması, kol-kosdan və lildən təmizlənməsini daim diqqət mərkəzində saxlayır. Rayon rəhbəri arxların təmiri zamanı dəfələrlə Orta Salahlı və Qazaxbəyli kəndlərində suvarma arxlarında görülən işlərə baxış keçirmiş, arxlarda görülən işlərlə tanış olmuş, işlərin daha da sürətləndirilməsini və təmizlik işlərinin keyfiyyətlə aparılmasını bildirərək bəzi tapşırıq və tövsiyələrini vermişdir. Əkin sahələrinin suvarılmasına 26,1 km arx xidmət göstərir ki, onun da 9,5 km-i beton üzlüklü, 16,6 km-i isə torpaq məcralı arxlardır. 2019-cu ildə nümayəndəlik ərazisində təmizlənməsi nəzərdə tutulan 25,3 km suvarma arxlarından 0,9 km-i Qazax Suvarma Sistemləri İdarəsinin texnikası, 5,5 km-i isə əl əməyi ilə işçi qüvvəsi tərəfindən təmizlənmişdir.

01.01.2020-ci il tarixə əhali və fermer təsərrüfatlarında 2142 baş iribuynuzlu mal-qara, 7830 baş xırdabuynuzlu qoyun-keçi qeydiyyata alınmışdır. Əhaliyə məxsus iri və xırdabuynuzlu heyvanlar arasında zoobaytar xidmətləri aparılmış, heyvanlara qarayara, bürüselyoz, vərəm və taun əleyhinə qarşı peyvəndlər aparılmışdır. Hesabat ilində heyvanlar arasında kütləvi xəstələnmə halları olmamışdır.

"Azərbaycan Respublikasında arıçılığın inkişafının stimullaşdırılması haqqında” Respublika Prezidentinin 2018-ci il 5 mart tarixli Sərəncamının 2.1-ci bəndinə uyğun olaraq Orta Salahlı və Qazaxbəyli kəndlərində 19 nəfər kənd sakininin saxladığı 176 arı ailəsi Kənd Təsərrüfatı İdarəsi tərəfindən nömrələnmişdir.

Pay torpaqlarının və bələdiyyənin istifadəsində olan torpaqların təyinatı üzrə istifadə edilməsi, əkinçilik məhsullarının istehsalının artırılması, məhsuldarlığın yüksəldilməsi, növbəti əkin sisteminin tətbiqinin əhaliyə çatdırılması, yazlıq bitkilərin və yem bitkilərinin əkini üçün aqrotexniki tədbirlərin aparılması daim diqqət mərkəzindədir. Orta Salahlı kənd İcra nümayəndəliyi istər əkinçilik, istərsə də heyvandarlıq sahələrində kənd əhalisinə yaxından köməklik göstərir. Torpağın əkilməsində, səpilməsində, biçilməsində, sahələrin qorunmasında çətinliklər olduqda Orta Salahlı-Qazaxbəyli bələdiyyəsi ilə birlikdə həmin çətinliklər aradan qaldırılır.

Ölkə başçısının "Əhalinin özünüməşğulluğunun təmin olunması sahəsində əlavə tədbirlər haqqında” 7 aprel 2016-cı il tarixli Sərəncamına uyğun olaraq bir nəfər aztəminatlı Orta Salahlı kənd sakini Novruzov Xəyyam Camalbəy oğluna fərdi təsərrüfatını qurmaq üçün 2 baş iribuynuzlu heyvan verilmişdir.

Respublika Prezidenti İlham Əliyevin sosial təşəbbüsü əsasında əhalinin məşğulluğunun təmin edilməsi məqsədilə haqqı ödənilən ictimai işlər təşkil olunmuşdur. Haqqı ödənilən ictimai işlərin sistemli və şəffaf şəkildə təşkili məqsədilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi nəzdində "DOST İş Mərkəzi" Məhdud Məsuliyyətli Cəmiyyəti yaradılmışdır. Orta Salahlı və Qazaxbəyli kəndindən olan 5 nəfər "DOST İş Mərkəzi” MMC tərəfindən işlə təmin olunmuşdur. Həmin işçilər mütəmadi olaraq Bakı-Tbilisi magistral yolunun, kəndarası yolların, kəndi rayona birləşdirən mərkəzi yolun kənarlarında, kənd qəbiristanlıqlarında təmizlik işləri aparır. Bundan əlavə, Qazaxbəyli kəndinin ərazisində əkilən 4 hektar tütün sahəsinin becərilməsində, barama saxlanılmasında yaxından iştirak etmişlər.

Qazaxbəyli kənd uşaq bağçasının müdiri Gözəl Allahverdiyeva, Orta Salahlı kənd tam orta məktəbin direktoru Afiq Məmmədov, ağsaqqal Nəbi Babacanov, Raya Ayvazova, Qazaxbəyli kənd sakini Qədir Məmmədov çıxış edərək rayonumuzda, eləcə də Orta Salahlı və Qazaxbəyli kəndlərində həyata keçirilən tikinti-quruculuq işlərinə, təhsil, səhiyyə və başqa sahələrə göstərilən diqqət və qayğıya görə ölkə başçısı İlham Əliyevə öz dərin minnətdarlıqlarını bildiriblər. Uzun illərdən sonra kəndlərə içməli suyun çəkilməsinə, Qazaxbəyli kənd uşaq bağçasının əsaslı şəkildə yenidən qurulmasına görə Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşova bir daha sonsuz təşəkkürlərini çatdırıblar.

Minnətdarlıq dolu ürək sözlərini çatdıran sakinlər Orta Salahlı kənd tam orta məktəbin təmir olunması, kənddə bağçanın açılması və s. məsələləri qeyd ediblər. Sakinləri diqqətlə dinləyən müavin səslənən məsələlərin Dövlət Proqramına salındığını və digər məktəblər kimi adı keçən məktəbin də təmirinin nəzərdə tutulduğunu bildirib.





 

GOYEZEN.AZ



Facebook-da paylaş