• Təqvim

  • Unutma

  • Maraq



Kosalar kəndində 2019-cu ildə görülmüş işlərə dair hesabat yığıncağı keçirilib


Bu gün Qazax Rayon İcra Hakimiyyəti başçısının Kosalar kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyində 2019-cu ildə görülmüş işlər və qarşıda duran vəzifələrə dair hesabat yığıncağı keçirilib.

Hesabat yığıncağında Qazax Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Məmməd Alıyev də iştirak edib.Yığıncağı aparmaq üçün sədr və katib seçildikdən sonra gündəlikdə duran məsələlər barədə məlumat verilib.

Kosalar kənd İƏD-si üzrə nümayəndə Ramiz Əsədov geniş hesabat məruzəsi ilə çıxış edərək bildirib ki, 2019-cu il Azərbaycan dövlətinin və cəmiyyətinin qarşısında duran vəzifələrin həyata keçirilməsi, daxili və xarici siyasət məsələlərinin həlli baxımından olduqca mühüm bir il olub. Belə ki, yola saldığımız ildə ölkə iqtisadiyyatının inkişaf dinamikası, iqtisadi və sosial proqramların icrası, əhalinin rifah halının yüksəldilməsi üçün zəruri tədbirlər həyata keçirilib. Prezident İlham Əliyevin müstəqil, düşünülmüş və çevik siyasi kursu sayəsində Azərbaycan öz inkişafını uğurla davam etdirib.

İcra nümayəndəsi qeyd edib ki, respublikamızda gedən iqtisadi inkişaf rayonumuzda da öz əksini tapmışdır. İcra başçısı Rəcəb Babaşovun gərgin əməyi nəticəsində son 3 il ərzində Qazax şəhərində və eləcə də kəndlərdə 10 illərə bərabər işlər görülmüşdür.

R.Əsədov nümayəndəlik haqqında məlumat verərək bildirib ki, Kosalar kəndi Qazax rayonunda əhalisinin və təsərrüfatının sayına görə ən böyük kəndlərdən biri hesab olunur. Kəndin 1167 təsərrüfatı, 4573 nəfər əhalisi vardır. Nümayəndəliyin ərazisində 1 bələdiyyə, 1 tam orta məktəb, 1 mədəniyyət evi, 1 kitabxana, 1 həkim məntəqəsi, 3 bağça, 1 poçt  şöbəsi, 1 EATS fəaliyyət göstərir.

İcra nümayəndəliyi üzrə 2019-cu ildə 1092 arayış verilmiş, 14 yazılı, 35 şifahi müraciətə baxılıb nəticələri barədə həmin vətəndaşlara məlumat verilmişdir. Hesabat ilində icra nümayəndəliyinə 18 məktub daxil olmuş, kənar təşkilatlara 10 məktub göndərilmişdir. Hesabat dövründə 40 doğum, 28 ölüm qeydə alınmışdır. Nümayəndəlikdə təsərrüfatbaşına kitablarda hesabat dövründə lazımi qeydlər, pasport qeydiyyatına daxil olan və qeydiyyatdan çıxanlar haqqında qeydlər aparılmışdır. Əhalidə olan mal-qara və quşların uçota alınaraq təsərrüfatbaşı kitablarda qeydiyyatı aparılmış və statistika idarəsinə hesabat verilmişdir.

Kənd əhalisi 2020-ci ilin məhsulu üçün sentyabr–dekabr aylarında 250 hektarda payızlıq taxıl əkmişlər. İndiyə kimi suvarılan sahələrdə 135 hektarda suvarma aparılmışdır. "Kənd təsərrüfatı məhsullarının istehsalçılarına əkin sahələrinin becərilməsində istifadə etdiyi yanacaq və motor yağlarına görə dövlət büdcəsinin vəsaiti hesabına yardım verilməsi qaydaları”nın və "Aqrolizinq” Açıq Səhmdar Cəmiyyəti hüquqi və fiziki şəxslər tərəfindən kənd təsərrüfatı məhsullarının istehsalçılarına mineral gübrələrin güzəştlə satılması qaydalarının təsdiq edilməsi barədə 2007-ci il 23 yanvar tarixli 1907 nömrəli sərəncamının icrası ilə əlaqədar 2019-cu ildə 618 nəfər kənd sakininə ümumilikdə 41426,80 manat pul yardımı edilmişdir. Kənddə bitkiçiliklə yanaşı heyvandarlıq sahəsinin inkişafına da diqqət yetirilir. 2019-cu təsərrüfat ilində vətəndaşların şəxsi istifadəsində 1495 baş iribuynuzlu mal-qara, 5102 baş xırdabuynuzlu davarlar qeydə alınmışdır. Qazax Rayon Baytarlıq İdarəsi tərəfindən mal-qaranın və davarların xəstəliklərinə qarşı mütəmadi olaraq profilaktiki müalicə tədbirləri aparılır. 2019-cu il ərzində epizodik müalicə tədbirləri planına uyğun olaraq 1398 baş mal-qarada və 3560 baş davarlarda müvafiq olaraq dabaq, qarayara, çiçək xəstəliklərinə, təkdırnaqlı heyvanlardan 32 başda manqo, 9912 baş ev quşlarında isə taun əleyhinə dərmanlama işləri aparılmışdir.

2019-cu ildə Kosalar kəndində Çin Xalq Respublikasından baramaçılığın inkişafı üçün gətirilmiş 3 min ədəd tut tingi əkilmişdir. Kənd əhalisinin içməli suya və çöl pay torpaqlarını suvarma suyu ilə sulamaq üçün 1 ədəd subartezian quyusu qazılaraq istifadəyə verilmişdir.

Qazax Rayon İcra Hakimiyyəti başçısının Kosalar kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi 2019-cu il fəaliyyəti dövründə işlərində Respubilka Prezidentinin 2012-ci il 6 iyun tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Yerli İcra Hakimiyyəti haqqında əsasnamə”yə uyğun olan səlahiyyətlərdən istifadə edilmişdir. Kənddə aparılan hər hansı işin əhali ilə canlı ünsiyyətinə, qarşıya çıxan sosial-iqtisadi problemlərin həllində ictimaiyyət nümayəndələrinin iştirakına üstünlük verilmişdir. Görüləsi vacib olan məsələlər ilin əvvəlindən prespektiv iş planına daxil edilmişdir. Buna vətəndaşların qəbulu, ərizə, şikayət və təkliflərinə baxılması, kargüzarlıq işləri, maliyyə uçotu işlərinin yaxşılaşdırılması, təsərrüfat işlərində əhaliyə yaxından kömək, təhsil, səhiyyə, poçt, rabitə və digər xidmət sahələrinin xalqa göstərdiyi xidmət səviyyəsinin artırılması, buraxılmış nöqsanların aradan qaldırılması, asayişin qorunması, kənd təsərrüfatı sahəsində əhaliyə aqrotexniki, zootexniki və baytarlıq xidməti sahələrinin yaxşılaşdırılması, şəhid ailələrinə, Qarabağ və Böyük Vətən Müharibəsi əlillərinə, imkansız, aztəminatlı ailələrə qayğı, gənclərin təlim-tərbiyəsi işlərinin yaxşılaşdırılması, onların vətənpərvər ruhda tərbiyə edilməsi, dini və milli bayramların keçirilməsinin təşkili və s. bu kimi tədbirlər iş planına daxil edilmiş və görüləcək işlərin icra edilməsi üçün məsul şəxslər ayrılmışdır. 2019-cu fəaliyyət dövründə Kosalar kənd İcra nümayəndəliyi "Vətəndaşların müraciətlərinə baxılması qaydası haqqında” Azərbaycan Respublkasının Qanunu ilə müəyyən edilmiş qaydada vətəndaşların qəbulunu həyata keçirmiş, onların ərizə, şikayət və təkliflərinə baxılaraq lazımi tədbirlər görülmüş və nəticəsi barədə vətəndaşlara məlumat verilmişdir. Vətəndaşların qəbulu üçün nümayəndəlikdə şərait yaradılmış, bütün iş günlərində qəbula gələn vətəndaşların şikayət və müraciətlərinə baxılmışdır.

İcra nümayəndəsi qeyd edib ki, Kosalar kəndində yaşamaq üçün hər cür şərait vardır. Deyilənlərə əyani sübut üçün kənddə fəaliyyət göstərən sosial obyektlərin adlarını sadəcə olaraq sadalamaq kifayətdir. Kənd yaraşıqlı yaşayış evləri, abad yolu, içməli və suvarma suyunun kifayət qədər təminatlı olması, qaz və işıq sisteminin fasiləsiz verilməsi, xalqa xidmət göstərən təhsil, səhiyyə, poçt, rabitə, ictimai iaşə və digər sosial obyektlərin olması ilə fərqlənir.


Kəndin abadlaşdırılmasında, əhalinin sosial vəziyyətinin yaxşılaşdırılmasında yerli özünüidarəetmə orqanı olan bələdiyyələrin də böyük rolu var. 2019-cu ildə əhalinin suvarma suyuna olan təlabatının ödənilməsində, taxıl sahələrində biçinin aparılması üçün texnikanın cəlb edilməsində yaxından köməklik göstərilmişdir. Bundan əlavə, Kosalar kəndi ərazisində böyük zibilxana təmizlənərək ərazidə səliqə-sahman yaradılmışdır. Kənd ictimaiyyətinin birgə köməyi ilə qəbiristanlıqlarda təmizlik işləri aparılmışdır. Ən əsası isə Kosalar kəndində olan şəhid ailələrinin, Qarabağ müharibəsi əlillərinin, kimsəsizlərin, imkansızların adları dini və milli bayramlarda yad edilmiş, onlara maddi yardımların edilməsi unudulmamışdır.

Heydər Əliyev Fondu tərəfindən 2019-cu ildə İsmayıl Şıxlı adına Kosalar kənd tam orta məktəbin əsaslı təmirinə başlanılmışdır. Hazırda məktəbdə 610 nəfər şagird təhsil alır. 62 nəfər müəllim və 20 nəfər texniki işçi kollektivi çalışır. Əvvəlki illərdə olduğu kimi, bu il də məktəb məzunlarından 10 nəfər respublikanın müxtəlif ali məktəblərinə daxil olub.

Bir neçə il bundan əvvəl kənddə fəaliyyət göstərən köhnə və müasir tələblərə cavab verməyən poçt və telefon stansiyası olan obyektlər yenisi ilə əvəz edilib, müasir standartlara cavab verən texnologiya ilə təchiz olunub. Xalqın xidmətində duran bu obyektlərdə xidmət səviyyəsi yüksələrək təkliflər tələbləri üstələyib. Kənd fasiləsiz elektrik enerjisi və qaz yanacağı ilə təmin olunub. Sərfiyyat pulları vaxtında poçta ödənilir. Son ildə vətəndaşların torpaq vergiləri, icarə vergiləri də bura verilir. Bundan başqa, poçtamtda pul köçürmələri, baratların göndərilməsi, mətbuat üçün abunə xidməti və s. xidmətlər də göstərilir. Kənddəki elektron ATS-də 589 nəfər abunəçi və 316 ədəd evdə isə internet provayderi yüksək səviyyədə xalqın istifadəsindədir.

Məruzə ətrafında çıxış edən kənd sakinlərindən Xüdabi Alıyev, Elşad Məmmədov, Cavanşir Rüstəmov, Əlhəm Məmmədov, Raya Səmədova, Tarıyel Nəsibov, Kosalar kənd tam orta məktəbin direktoru Samir Hüseynov çıxış edərək bildiriblər ki, rayonun bütün kəndlərində olduğu kimi, Kosalar kəndi də rayon rəhbərliyinin diqqət və qayğısı ilə tam əhatə olunub. Bunun nəticəsidir ki, Kosalar kəndi gündən-günə daha da inkişaf edir, abadlaşır. Bu gün kəndin müasir standartlara cavab verən yolu, uşaq bağçaları var. Kənddəki məktəb əsaslı şəkildə yenidən qurulur. Əlavə güləş məktəbi inşa olunur. Bir sözlə, kənddə abadlıq və quruculuq işləri geniş vüsət alıb. Biz sakinlər əminik ki. kənd bundan sonra da rayon rəhbərliyinin qayğısı sayəsində gözəlləşəcək. Kənddə görülmüş işləri yüksək qiymətləndirən çıxışçılar Prezident İlham Əliyevə, Rayon İcra Hakimyyətinin başçısı Rəcəb Babaşova kənd sakinləri adından öz dərin minnətdarlıqlarını bildiriblər.

Qazax Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Məmməd Alıyev hesabat yığıncağında çıxış edərək rayon rəhbərliyinin adından kənd sakinlərini salamlayıb, səmimi ürək sözlərini çatdırıb. Qeyd edib ki, əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan dövlət siyasətinin bu gün Prezident İlham Əliyevin rəhbərliyi altında yüksək səviyyədə həyata keçirilməsi bir daha onu göstərir ki, Azərbaycan son 15 ildə özünün intibah dövrünü yaşayır.

Birinci müavin bildirib ki, dövlət başçısının uzaqgörən siyasəti nəticəsində ölkəmizin beynəlxalq aləmdə mövqeyi və nüfuzu daha da möhkəmlənib. Respublika Prezidenti İlham Əliyevin yanında 2019-cu ilin yekunlarına həsr olunmuş müşavirədəki nitqindən bir daha aydın oldu ki, Azərbaycan gündən-günə inkişaf edir və bütün dünyada böyük söz sahibi olan qüdrətli dövlətə çevrilir.

M.Alıyev vurğulayıb ki, 2019-cu il Qazax rayonu üçün hər bir sahədə uğurlu il olub. Ölkə başçısının yürütdüyü siyasətin Qazaxda rayon rəhbərliyi tərəfindən olduğu kimi icra olunması sayəsində rayonda bütün sahələr üzrə uğurlu nəticələr əldə edilib. Bu gün tam əminliklə deyə bilərik ki, Qazaxda elə bir sahə olmaz ki, diqqətdən kənarda qalsın. Bunu istər sosial obyektlərin inşası, istər kənd təsərrüfatının inkişafı, istərsə də təhsil, səhiyyə, mədəniyyət, idman sahələrində əldə etdiyimiz nailiyyətlər söyləməyə əsas verir. "2019-cu ilin Qazax rayonu üçün eyni zamanda tikinti-quruculuq ili kimi yadda qaldığını”, - deyən müavin son 3 ildə görülən işlərdən də söz açıb. Müavin Qazaxda istər şəhər mərkəzində, istərsə də kəndlərdə yerləşən və açılışları nəzərdə tutulan ”Azərxalça” ASC tərəfindən tikilən xalça müəssəsinin, ”Mətanət A” şirkəti tərəfindən inşa edilmiş Əhəng zavodunun, İkinci Şıxlı kəndində ”İnvestel GROUP” MMC tərəfindən tikilən "Qazax Aqropark”ın, "Gedik-Carçı Qaynaq” MMC tərəfindən inşa edilən "Gedik-Carçı” Elektrod Zavodunun istifadəyə verilməsini işsizliyin aradan qaldırılması istiqamətində həyata keçirilən məqsədyönlü işlər kimi qiymətləndirib. "Saloğlu” fərdi mebel firması tərəfindən yeni tikilən fabrikin inşasını da işsizliyin aradan qaldırılması istiqamətində görülən işlər kimi vurğulayıb. Qeyd edib ki, hazırda rayonda ən böyük layihələrdən biri olan 10 korpusdan ibarət 145 çarpayılıq Rayon Mərkəzi Xəstəxana Kompleksinin tikintisi idi ki, bu iş yüksək səviyyədə başa çatdırılıb. Bundan əlavə, yenə də böyük layihələr sayılan su və kanalizasiya xəttinin, eləcə də Gəncə-Qazax-Gürcüstan dövlət sərhəddi avtomobil yolunun çəkilişləri uğurla davam etdirilir. M.Alıyev rayonda aparılan abadlıq və quruculuq işlərinin Kosalar kəndindən də yan keçmədiyini bildirib. Qeyd edib ki, 2019-cu ilin kənd üçün düşərli il olmasını burada görülən işlərdən də aydın şəkildə görmək olar. Xalq yazıçısı İsmayıl Şıxlının adını daşıyan Kosalar kənd tam orta məktəbin Heydər Əliyev Fondu tərəfindən əsaslı şəkildə yenidən qurulmasını, bundan əlavə, kənd sakinlərinin, xüsusilə də idmançıların istəyini nəzərə alaraq güləş məktəbinin tikilməsini bu sahədə görülən işlər kimi göstərmək olar.

Sakinlər tərəfindən qaldırılan kənddə bir ədəd subartezian quyusunun qazılması, yeni çəkilən yoldan keçidin qoyulması, yeni qazılmış subartezian quyusuna bir ədəd su çəninin qoyulması, kənddə 1941-45-ci illər Böyük Vətən Müharibəsi iştirakçılarının xatirəsinə olan abidənin təmir olunması və digər məsələləri dinləyən müavin hər bir məsələyə diqqətlə baxılacağını bildirib. 2020-ci ildə respublikamızda, eləcə də rayonumuzda daha böyük beynəlxalq layihələrin, iqtisadiyyat və kənd təsərrüfatı ilə bağlı dövlət proqramlarının həyata keçiriləcəyini qeyd edib.








GOYEZEN.AZ



Facebook-da paylaş