• Təqvim

  • Unutma

  • Maraq



Yuxarı Salahlı kənd İƏD-si üzrə nümayəndəliyin hesabat yığıncağı keçirilib


Artıq bir neçə gündür ki, Qazax Rayon İcra Hakimiyyəti başçısı aparatının kənd İnzibati Ərazi Dairələri üzrə nümayəndəliklərinin 2019-cu ildə görülmüş işlərə və 2020-ci ildə qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncaqları keçirilir.

Bu gün Yuxarı Salahlı kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyin də hesabat yığıncağı olub.

Qazax Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Məmməd Alıyev, aparatın Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri İlyaz İsmayılov, Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsində baş məsləhətçi Kamil Mehdiyevin və kənd sakinlərinin iştirak etdiyi yığıncaqda yola saldığımız 2019-cu ildə qazanılan uğur və nailiyyətlərə, rayonumuzda, eləcə də Yuxarı Salahlı kəndində görülmüş işlərə bir daha nəzər salınıb.

Əvvəlcə hesabat yığıncağının keçirilməsi üçün sədr və katib seçilib. Sədr Şahismayıl Məmmədov gündəlikdə duran məsələlər barədə məlumat verdikdən sonra yığıncaq öz işinə başlayıb.


Yuxarı Salahlı kənd İƏD-si üzrə nümayəndə Nəsib Şəmşiyev 2019-cu ilin ölkəmiz üçün uğurlu il olduğunu, il boyu qarşıya qoyulmuş bütün vəzifələrin uğurla icra edildiyini, Azərbaycanın öz inkişaf yolunu uğurla davam etdirdiyini, 2019-cu ildə ölkəmizdə sabitlik, əmin-amanlıq şəraitində yaşandığını qeyd edib. 2019-cu ildə istər ölkəmizin, istərsə də rayonumuzun əldə olunan nailiyyətlərini özündə əks etdirən geniş hesabat mərzəsi ilə çıxış edib. Qeyd edib ki, respublikamızda gedən iqtisadi inkişafın təsiri rayonumuzda da öz əksini tapmışdır. İcra başçısı Rəcəb Babaşovun rayonumuza rəhbərlik etdiyi ilk gündən rayonun iqtisadi və mədəni inkişafı dinamik olaraq davam etdirilir. Rayonumuzda olan bu iqtisadi inkişaf Yuxarı Salahlı kəndində də özünü göstərmişdir.

İcra nümayəndəsi əvvəlki illərdə olduğu kimi, 2019-cu ildə də rayonda suvarma ilə bağlı görülən işlər, xüsusilə də subartezian quyularının qazılması sahəsində görülən işlərin uğurla davam etdirildiyini bildirib. Əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılmasına və əhalinin içməli suya tələbatının ödənilməsinə dair əlavə tədbirlər haqqında Respublika Prezidentinin 12 fevral 2019-cu il tarixli Sərəncamını həmin məqsədyönlü işlərin əyani sübutu kimi dəyərləndirib. Həmin Sərəncama əsasən rayonun Cəfərli, Xanlıqlar, Canalı, Kosalar, Dəmirçilər, Bala Çaylı, Kəmərli, Qaymaqlı, Aslanbəyli, Aşağı Salahlı və Çaylı kəndlərinin hər birində 1 ədəd subartezian quyularının qazıldığını vurğulayıb. Son 3 ildə rayonda 60-dan artıq subartezian quyusunun qazıldığını, bunlardan da ikisinin Yuxarı Salahlı kəndində olduğunu və bu işlərin 2020-ci ildə də davam etdiriləcəyini bildirib.

Qeyd edib ki, rayonumuzda olan iqtisadi inkişaf Yuxarı Salahlı kəndində də özünü göstərmişdir. 2019-cu ilin məhsulu üçün kənd əhalisi 721 hektar sahədə payızlıq taxıl əkmişdir. Bundan 294 hektarı buğda, 427 haktarı isə arpadır, 51 hektarda dən üçün qarğıdalı, 310 hektarda yonca, 7 hektarda bostan, 8 hektarda tütün, 50 hektarda tərəvəz və s. kənd təsərrüfatı bitkiləri əkib becərmişlər. Bunun müqabilində isə 2165 ton taxıl, 281 ton qarğıdalı dəni, 646 ton quru ot, 115 ton bostan məhsulları, 802 kq barama, 13 ton 400 kq tütün, 1172 ton tərəvəz əldə edilmişdir. Kənddə baramaçılığı inkişaf etdirmək üçün Çin Xalq Respublikasından gətirilmiş 9500 ədəd ting yüksək kefiyyətlə torpağa basdırılmış və gələcəkdə barama istehsalında yem təminatının ödənilməsində istifadə olunacaq. Məhsul istehsalının artırılmasında texnikanın, suvarma suyunun, mineral və üzvü gübrələrin böyük rolu vardır. 2015-ci ildə Yuxarı Salahlı kəndində açılmış "Aqrolizinq” müəssisəsi nəinki Yuxarı Salahlı kənd əhalisini, qonşu olan onlarca kənd əhalisini də mineral gübrə, xəstəlik və zərərvericilərə qarşı zəhərli kimyəvi maddələrlə əhalini kifayət qədər təmin edir. Bu il ərazidə fəaliyyət göstərən su nasos stansiyalarının əsaslı təmir edilməsi nəticəsində fasiləsiz işlədilməsi təmin edilmış, əkin torpaqlarına suvarma suyunun verilməsi artırılmışdır. Kanalların, arxların təmiri işlərinə, təmizlənməsinə və bu işlə əlaqədar qarşıya çıxan çətinliklərin həllinə Qazax Rayon Suvarma Sistemləri İdarəsinin rəhbərliyi və "Umud” Sudan İstifadə Birliyi yaxından köməklik göstərmişdir. Kənd əhalisi 2020-ci ilin məhsulu üçün sentyabr–dekabr aylarında 595 hektarda payızlıq taxıl əkmişlər. İndiyə kimi suvarılan sahələrdə 150 hektarda suvarma aparılmışdır. "Kənd təsərrüfatı məhsulları istehsalçılarına əkin sahələrinin becərilməsində istifadə etdiyi yanacaq və motor yağlarına görə dövlət büdcəsinin vəsaiti hesabına yardım verilməsi qaydaları”nın və "Aqrolizinq” Açıq Səhmdar Cəmiyyəti hüquqi və fiziki şəxslər tərəfindən kənd təsərrüfatı məhsullarının istehsalçılarına mineral gübrələrin güzəştlə satılması qaydalarının təsdiq edilməsi barədə 2007-ci il 23 yanvar tarixli 1907 nömrəli sərəncamının icrası ilə əlaqədar 2019-cu ildə 750 nəfər kənd sakininə ümumilikdə 61875 manat pul yardımı edilmiş, 289 nəfər sakinə isə 99 tona yaxın güzəştli yolla mineral gübrə satılmışdır. Respublika Prezidentinin 2018-ci il 19 dekabr tarixli 413 nömrəli Fərmanına uyğun olaraq subsidiyaların hesablanması üçün Yuxarı Salahlı kənd fermerlərinin hər birinə rəsmi bildirişlər verilmiş və onlar öz əkinləri barədə məlumatlarını Qazax Dövlət Aqrar İnkişaf Mərkəzində qeydiyyatdan keçirmişlər. Belə yardımlar əkinçinin marağını artırır, yüksək məhsul istehsal üçün zəmin yaradır. Kənddə bitkiçiliklə yanaşı heyvandarlıq sahəsinin inkişafına da diqqət yetirilir. 2019-cu təsərrüfat ilində vətəndaşların şəxsi istifadəsində 1759 baş iribuynuzlu mal-qara, 7364 baş xırdabuynuzlu davarlar qeydə alınmışdır. Qazax Rayon Baytarlıq İdarəsi tərəfindən mal-qaranın və davarların xəstəliklərinə qarşı mütəmadi olaraq profilaktiki müalicə tədbirləri aparılır. 2019-cu il ərzində epizodik müalicə tədbirləri planına uyğun olaraq 1635 baş mal-qarada və 6830 baş davarlarda müvafiq olaraq dabaq, qarayara, çiçək xəstəliklərinə, 16705 baş ev quşlarında isə taun əleyhinə dərmanlama işləri aparılmışdır.


Qazax Rayon İcra Hakimiyyəti başçısının Yuxarı Salahlı kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi 2019-cu il fəaliyyəti dövründə işlərində Respubilka Prezidentinin 2012-ci il 6 iyun tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Yerli İcra Hakimiyyəti haqqında Əsasnamə”yə uyğun olan səlahiyyətlərdən istifadə etmişdir. Kənddə aparılan hər hansı işin əhali ilə canlı ünsiyyətinə, qarşıya çıxan sosial-iqtisadi problemlərin həllində ictimaiyyət nümayəndələrinin iştirakına üstünlük verilmişdir. Görüləsi vacib olan məsələlər ilin əvvəlindən prespektiv iş planına daxil edilmişdir. Buna vətəndaşların qəbulu, ərizə, şikayət və təkliflərinə baxılması, kargüzarlıq işləri, maliyyə uçotu işlərinin yaxşılaşdırılması, təsərrüfat işlərində əhaliyə yaxından kömək, təhsil, səhiyyə, poçt, rabitə və digər xidmət sahələrinin xalqa etdiyi xidmət səviyyəsinin artırılması, buraxılmış nöqsanların aradan qaldırılması, asayişin qorunması, kənd təsərrüfatı sahəsində əhaliyə aqrotexniki, zootexniki və baytarlıq xidməti sahələrinin yaxşılaşdırılması, şəhid ailələrinə, Qarabağ müharibəsi əlillərinə, imkansız, aztəminatlı ailələrə qayğı, gənclərin təlim-tərbiyəsi işlərinin yaxşılaşdırılması, onların vətənpərvər ruhda tərbiyə edilməsi, dini və milli bayramların keçirilməsinin təşkili və s. bu kimi tədbirlər iş planına daxil edilmiş və görüləcək işlərin icra edilməsi üçün məsul şəxslər ayrılmışdır. 2019-cu fəaliyyət dövründə Yuxarı Salahlı kənd nümayəndəliyi "Vətəndaşların müraciətlərinə baxılması qayıdası haqqında” Azərbaycan Respublkasının Qanunu ilə müəyyən edilmiş qaydada vətəndaşların qəbulunu həyata keçirmiş, onların ərizə, şikayət və təkliflərinə baxılaraq lazımi tədbirlər görülmüş və nəticəsi barədə vətəndaşlara məlumat verilmişdir. Qazax Rayon İcra Hakimiyyəti başçısının bu il şura iclaslarında olan müzakirələrdən nəticə çıxararaq bu sahədə buraxılmış nöqsanların aradan qaldırılması üçün tədbirlər görülmüşdür. Vətəndaşların qəbulu üçün nümayəndəlikdə şərait yaradılmış, bütün iş günlərində qəbula gələn vətəndaşların şikayət və müraciətlərinə baxılmışdır. Hesabat dövrü ərzində vətəndaşlardan 14 yazılı ərizə daxil olmuşdur. Ərizələrin 6 ədədi, yəni 43%-i təsərrüfat məsələsinə, 4 ədədi, yəni 29%-i suvarma ilə bağlı, 2 ədədi, yəni 14%-i  torpaq məsələsi, 2 ədədi, yəni 14%-i və s. aiddir. Vətəndaşları narahat edən və ya müxtəlif formada şifahi şikayətlə bağlı qəbula gələnlərin sayı il ərzində 34 nəfər olmuşdur. Şifahi qəbula gələnlərin şikayət və müraciətləri müxtəlif forma və məzmunda olmaqla onun 25 ədədi, yəni 74%-i qonşularla, həm həyətyanı, həm də çöl pay torpaq sahəsində mübahisəli məsələlərin həlli, suvarma işi, əkin sahələrinə mal-qara düşüb ziyanlıq verməsi, içməli suya olan tələbatın ödənilməsi, ailə daxili münaqişələr, əmlak məsələləri, istismara yararsız və həyat üçün təhlükəli olan elektrik dirəklərinin dəyişdirilməsi və s. bu kimi  məsələlərdən, qalan 9 ədədi, yəni 26%-i isə köməkdarlıq məqsədilə edilən müraciətlərdən ibarətdir. İstər daxil olan yazılı ərizələr, istərsə də şifahi şikayətlər və müraciətlər vaxtında nümayəndəlikdə və yaxud yerlərdə gecikdirilmədən vətəndaşın özünün iştirakı ilə baxılaraq həll edilmişdir. 2019-cu ildə yuxarı icra orqanlarından, idarə, təşkilat və müəssisələrdən cəmi 31 ədəd məktub, sənəd, qərar və sərəncamlar daxil olmuşdur. Cavabı qaytarılacaq sənədlər nəzarətə götürülərək baxılıb vaxtında aidiyyəti təşkilatlara göndərilmiş, qərar və sərəncamlar isə müzakirə olunaraq icra edilmişdir. Yuxarı Salahlı kənd icra nümayəndəliyi tərəfindən isə yuxarı icra orqanlarına, idarə və müəssisələrə və vətəndaşlara il ərzində 1170 ədəd müxtəlif məzmunlu və təyinatlı məktublar və arayışlar göndərilmişdir. Bu məktubların bir hissəsi məzmun etibarı ilə nəzarətə götürülmüş məktubların cavabları, bir hissəsi isə müraciət və məlumat xarakterli olmuşdur. Vətəndaşlara verilmiş arayışların əksəriyyəti vətəndaşların yaşayış yeri, ailə tərkibi barədə və müxtəlif məzmunlu arayışlardan ibarətdir. İstər daxil olan, istərsə də göndərilən sənədlər qaytanlanmış, möhürlənmiş kitablarda qeydə alınmış, sənədlərə dörd künc ştamp vurulmuşdur. Nümayəndəlikdə aparılan kargüzarlıq işləri təlimata uyğun aparılmışdır. Hesabat dövrü ərzində nümayəndəlikdə 6 nəfərin nikah qeydiyyatı, 12 nəfərin doğum qeydiyyatı və 24 nəfərin ölüm qeydiyyatı aparılmışdır.


Kənd yaraşıqlı yaşayış evləri, abad yolları, içməli və suvarma suyunun kifayət qədər təminatlı olması, qaz və işıq sisteminin fasiləsiz verilməsi, xalqa xidmət göstərən təhsil, səhiyyə, poçt, rabitə, ictimai iaşə, yanacaqdoldurma məntəqəsi, çörəkbişirmə və ritual sex, 11 ədəd balıqyetişdirmə gölləri və digər sosial obyektlərin olması ilə fərqlənir. Kəndin abadlaşdırılmasında, əhalinin sosial vəziyyətinin yaxşılaşdırılmasında yerli özünüidarəetmə orqanı olan bələdiyyələrin də böyük rolu var. 2019-cu ildə əhalinin suvarma suyuna olan tələbatının ödənilməsində, taxıl sahələrində biçinin aparılması üçün texnikanın cəlb edilməsində, içməli su üçün çəkilmiş su xətlərinin təmiri aparılmış, bir məhəlləyə isə 350 metr uzunluğunda yeni su xətti çəkilmiş və insanların istifadəsinə verilmişdir. Küçələrin xırlanaraq təmir edilməsi və s. işlərin görülməsi bələdiyyə şurasının təşkilatçılığı ilə həyata keçirilmişdir. Bundan əlavə, Yuxarı Salahlı kəndi ərazisində böyük zibilxana təmizlənərək, ərazidə səliqə-sahman yaradılmışdır. Kənd ictimaiyyətinin birgə köməyi ilə qəbiristanlıqlarda təmizlik işləri aparılmışdır. Ən əsası isə Yuxarı Salahlı kəndində olan şəhid ailələrinin, Qarabağ müharibəsi əlillərinin, kimsəsizlərin, imkansızların adları dini və milli bayramlarda yad edilmiş, onlara maddi yardımların edilməsi unudulmamışdır.

Müstəqil Respublikamızda keçirilən milli-dini və tarixi bayramlarımızdan olan Qurban bayramı, Ramazan bayramı, Novruz bayramı, 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı, 18 Oktyabr - Müstəqillik Günü, 15 İyun – Milli Qurtuluş Günü və s. bayramlar əhali tərəfindən daim qeyd olunur. Xalqın tarixinə qəhrəmanlıq salnaməsi kimi daxil olmuş 1990-cı ilin 20 Yanvar faciəsi, 26 Fevral - Xocalı soyqırımı və onların qurbanları hər il yad edilmiş, şəhidlərin ruhuna dualar oxunmuşdur. Onu da təəssüf hissi ilə qeyd etmək lazımdır ki, 2019-cu il həm də Yuxarı Salahlıların yaddaşında ölkənin ərazi bütövlüyünün müdafiəsi zamanı şəhid olmuş gizir Abdullayev Hafiz Məhəd oğlu və əsgər Əlləzov Əlləz Ələddin oğlunun dəfn mərasimləri ilə də yadda qaldı.

Qeyd edib ki, cəmiyyətin ahəngdar işləməsində, onun intellektual potensialının formalaşmasında təhsil müstəsna əhəmiyyət kəsb edir. Yuxarı Salahlı kəndində xalqın, millətin sabahının təminatçısı olan və əsası XIX əsrin 70-ci illərində qoyulan Rus-Azərbayacan məktəbinin fəaliyyətindən 140 ilə yaxın bir vaxt ötür. Hazırda şəhid Zahid Mahmudovun adına olan tam orta məktəb kəndin demək olar ki, ziyalılar mərkəzidir. Bu məktəb xalqımıza çoxlu sayda dahilər yetirmişdir. Hazırda məktəbdə 510 nəfər şagird təhsil alır. 51 nəfər müəllim və 20 nəfər texniki işçi kollektivi çalışır. Əvvəlki illərdə olduğu kimi, bu il də məktəb məzunlarından 11 nəfər respublikanın ali məktəblərinə daxil olub.  Məktəbdə şagirdlərə hərbi vətənpərvərlik ruhu çox yaxşı təbliğ olunduğundan məktəbin məzunlarından hər il Respubilkanın Ali Hərbi məktəblərinə daxil olanların sayı ildən-ilə artır. Sevindirici haldır ki, hazırda ölkənin müdafiə qurumlarında Yuxarı Salahlı kəndindən 30-dan çox gənc zabit kimi şərəflə xidmət edir. Yuxarı Salahlı kənd tam orta məktəbin məzunu olmuş Eminov Məmməd Şəmil oğlu genral-mayor rütbəsi alaraq Müdafiə Nazirliyinin rabitə xidmətinin rəisi vəzifəsinə təyin olunmuşdur. Yuxarı Salahlı kənd tam orta məktəbin məzunu Xaşalov Əfqan Kamil oğlu sərbəst güləş idmanı üzrə 2019-cu ildə beynəlxalq və yerli yarışlarda yenə də layiqli qələbələr əldə etmişdir. Məktəbin şagirdlərinin və gənc idmançıların təhsildə və idmanda qazandığı naliyyətlərdə məktəbin maddi-texniki bazasının güclü olması böyük təsir etmişdir. Bir neçə il bundan əvvəl kənddə fəaliyyət göstərən köhnə və müasir tələblərə cavab verməyən poçt və telefon stansiyası olan obyektlərimiz yenisi ilə əvəz edildi, müasir standartlara cavab verən texnologiya ilə təchiz olundu. Xalqın xidmətində duran bu obyektlərdə xalqa xidmət səviyyəsi yüksələrək təkliflər tələbləri üstələdi. Kənd fasiləsiz elektrik enerjisi və qazla tam təmin olunub. Sərfiyyat pulları vaxtında poçta ödənilir. Son ildə vətəndaşların torpaq vergiləri, icarə vergiləri də bura verilir. Bundan başqa, poçtamtda pul köçürmələri, baratların göndərilməsi, mətbuat üçün abunə xidməti və s. xidmətlər də göstərilir. Günü-gündən böyüyən Yuxarı Salahlı kənd əhalisinin istifadəsinə əlavə olaraq 80 telefon nömrəsinin verilməsinə ehtiyac vardır. Qeyd edib ki, bu günə kənddəki elektron ATS-də 575 ədəd telefon nömrələri yüksək səviyyədə xalqın istifadəsindədir. 1950-ci illərdə çəkilmiş və hazırda çürüyərək insan həyatı üçün təhlükə mənbəyi olan kəndarası ağac elektrik dirəklərinin dəmir dirəklərlə dəyişdirilməsi işləri davam etdirilir.

İcra nümayəndəsi kənd əhalisi üçün həlli vacib olan məsələləri də qeyd edib. O, kəndin mərkəzindən keçən sel ötürücü kanalın əsaslı təmir edilməsi, "Vaqif” düzənliyi su nasos stansiyasından yeni xəttin çekilməsi, təsərrüfat arxlarının beton üzlüklərə alınması, yeni uşaq bağçasının tikilməsi, 800 m uzunluğunda qidalandırıcı içməli su xəttinin yenisi ilə əvəz olunması kimi məsələləri də bildirib.

Hesabat məruzəsi ətrafında çıxış edən kənd sakinlərindən - təqaüddə olan müəllim Məhəmməd Vəkilov, Yuxarı Salahlı kənd tam orta məktəbin direktoru Məhəmməd Qocayev, Yuxarı Salahlı kənd həkim məntəqəsinin müdiri Şəadət Əliyev, Yuxarı Salahlı kənd 1 saylı kitabxana filialının müdiri Tamam Cəfərova, "Umud” SİB-in icraçı direktoru Mikayıl Umudlu, ağsaqqallardan Osman Mustafayev, Abdulla Məmmədov, Şahismayıl Məmmədov və başqaları çıxış edərək rayonumuzda, eləcə də Yuxarı Salahlı kəndində son vaxtlar həyata keçirilmiş geniş abadlıq-quruculuq işlərinə görə ölkə prezidenti İlham Əliyevə və Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşova dərin minnətdarlıqlarını bildiriblər. Qeyd ediblər ki, bu gün biz sakinlər sevinirik ki, göstərilən qayğı hərtərəflidir. İstər ölkə başçısı, istərsə də rayon rəhbərliyi tərəfindən bizlərə bu cür qayğı göstərilir. Ölkə başçısının siyasətinin əsasını təşkil edən vətəndaş amili son 3 ildir ki, Qazaxda həmişə ön planda tutulur.


Hesabat yığıncağında iştirak edən Qazax Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Məmməd Alıyev çıxış edərək iştirakçıları salamlayıb, yeni ildə daha böyük uğur və nailiyyətlər qazanmalarını arzulayıb. Bildirib ki, 2019-cu il Azərbaycan dövlətinin və cəmiyyətinin qarşısında duran vəzifələrin həyata keçirilməsi, daxili və xarici siyasət məsələlərinin həlli baxımından mühüm il olmuşdur. Ölkə iqtisadiyyatının inkişaf dinamikası, iqtisadi və sosial proqramların icrası, nəhəng transmilli enerji və nəqliyyat lahiyələrinin reallaşdırılması davam etdirilmiş, əhalinin rifah halının yüksəldilməsi üçün zəruri tədbirlər həyata keçirilmişdir. Prezident İlham Əliyevin müstəqil, düşünülmüş və çevik siyasi kursu sayəsində Azərbaycan mürəkkəb qlobal proseslərin təsirindən məharətlə qorunmuş, itkilər minimuma endirilmiş, ölkəmiz öz uğurlu inkişafını davam etdirmiş, Azərbaycanın sosial-iqtisadi inkişafı ilə bağlı 2019-cu ildə qarşıya qoyulmuş vəzifələr uğurla həyata keçirilmişdir.

"Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın respublikamızın hər yerində olduğu kimi, Qazax rayonunda da uğurla həyata keçirildiyini bildirən müavin son 3 il ərzində rayonda görülən işlərdən də söz açıb. Müavin Qazaxda istər şəhər mərkəzində, istərsə də kəndlərdə yerləşən və açılışları nəzərdə tutulan ”Azərxalça” ASC tərəfindən tikilən xalça müəssəsinin, ”Mətanət A” şirkəti tərəfindən inşa edilmiş Əhəng zavodunun, İkinci Şıxlı kəndində ”İnvestel GROUP” MMC tərəfindən tikilən "Qazax Aqropark”ın, "Gedik-Carçı Qaynaq” MMC tərəfindən inşa edilən "Gedik-Carçı” Elektrod Zavodunun istifadəyə verilməsini işsizliyin aradan qaldırılması istiqamətində həyata keçirilən məqsədyönlü işlər kimi qiymətləndirib. "Saloğlu” fərdi mebel firması tərəfindən yeni tikilən fabrikin inşasını da işsizliyin aradan qaldırılması istiqamətində görülən işlər kimi vurğulayıb. Qeyd edib ki, hazırda rayonda ən böyük layihələrdən biri olan 10 korpusdan ibarət 145 çarpayılıq Rayon Mərkəzi Xəstəxana Kompleksinin tikintisi idi ki, bu iş yüksək səviyyədə başa çatdırılıb. Bundan əlavə, yenə də böyük layihələr sayılan su və kanalizasiya xəttinin, eləcə də Gəncə-Qazax-Gürcüstan dövlət sərhəddi avtomobil yolunun çəkilişləri uğurla davam etdirilir.


M.Alıyev son illər Qazaxda azyaşlı körpələrə göstərilən diqqət və qayğıdan, onların sağlam, hərtərəfli və düzgün böyüməsi, təlim-tərbiyə olunması üçün yaradılan şəraitdən də danışıb. Bildirib ki, bu gün tam əminliklə deyə bilərik ki, rayon üzrə olan 25 bağçadan 21-i müasir standartlara cavab verən səviyyəyə çatdırılıb. Qeyd edib ki, bu gün rayon üzrə 14 yaşayış məntəqəsində bağça yoxdur ki, həmin kəndlərdən biri də Yuxarı Salahlı kəndidir. Digər kəndlərdə olduğu kimi, bu kənddə də bağçanın olması üçün lazımi tədbirlərin görülməsi üçün aidiyyəti təşkilatlar qarşısında məsələ qaldırıldığını bildirib.

Sakinlər tərəfindən qaldırılan "Vaqif” düzənliyi su nasos stansiyasından yeni xəttin çekilməsi, kənddə bir ədəd subartezian quyusunun qazılması və digər məsələləri dinləyən müavin hər bir məsələyə diqqətlə baxılacağını bildirib. 2020-ci ildə respublikamızda, eləcə də rayonumuzda daha böyük beynəlxalq layihələrin, iqtisadiyyat və kənd təsərrüfatı ilə bağlı dövlət proqramlarının həyata keçiriləcəyini qeyd edib.









GOYEZEN.AZ



Facebook-da paylaş