• Təqvim

  • Unutma

  • Maraq



Birinci Şıxlı kənd İƏD-si üzrə nümayədəliyin hesabat yığıncağı keçirilib


Bu gün Birinci Şıxlı kənd İnzibati Ərazi Dairəsi üzrə nümayədəliyin 2019-cu ildə görülmüş işlərə və 2020-ci ildə qarşıda duran vəzifələrə dair hesabat yığıncağı keçirilib.

Hesabat yığıncağında Qazax Rayon İcra Hakimiyyəti başçısının müavini Gulaya Həsənova, aparatın Hüquq şöbəsinin müdiri Səba Paşayeva və kənd sakinləri iştirak ediblər.

Səsvermə yolu ilə yığıncağın sədri və katibi seçildikdən sonra gündəlikdə duran məsələlər qeyd edilib.


Qazax Rayon İcra Hakimiyyəti başçısının müavini Gulaya Həsənova hesabat yığıncağında çıxış edərək yola saldığımız 2019-cu ilin ölkəmiz üçün əlamətdar bir il olduğunu qeyd edib. Son illər Azərbaycanın qazandığı nailiyyətlərdən, əldə etdiyi uğurlardan söz açaraq bu gün Ulu Öndər Heydər Əliyevin uzaqgörən və məqsədyönlü siyasətinin onun layiqli davamçısı ölkə başçısı İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini bildirib. Müavin 2019-cu ildə ölkəmizin hər yerində olduğu kimi Qazax rayonunda da "Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramına uyğun olaraq təmir-tikinti, abadlıq, bərpa, quruculuq işlərinin həyata keçirildiyini vurğulayıb. Prezident İlham Əliyevin apardığı məqsədyönlü və uğurlu iqtisadi islahatların Qazaxda da öz bəhrəsini verdiyini bildirib. 2016, 2017, 2018-ci illərlə nisbətdə 2019-cu ildə Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşovun rəhbərliyi altında rayonumuzda aparılan quruculuq işlərini müqayisə edərək istifadəyə verilən çoxsaylı sosial obyektlərin inşasından, yeni iş yerlərinin yaradılmasından, rayonun sosial-iqtisadi göstəricilərinin gündən-günə artmasından da söz açıb. Qeyd edib ki, həyata keçirilən quruculuq və abadlıq işləri nəticəsində ötən il şəhərin, eləcə də kəndlərin siması köklü şəkildə dəyişib, Qazax respublikamızın ən inkişaf etmiş və ən abad rayonlarından birinə çevrilib.


Sonra kənd icra nümayəndəsinin müavini Çərkəz Adıgözəlov geniş hesabat məruzəsi ilə çıxış edərək nümayəndəlik tərəfindən 2019-cu ildə görülmüş işlər və qarşıda duran vəzifələr barədə məlumat verib. Birinci Şıxlı kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyin bir illik fəaliyyəti barədə məlumat verən müavin qeyd edib ki, Qazax mahalının qədim kəndlərindən biri də Birinci Şıxlı kəndidir. XVI əsrin 80-ci illərində əsası qoyulan kənd coğrafi mövqeyinə görə Kür çayının sağ sahilində, Qarayazı meşəsi boyunca 10 km məsafədə yerləşir. Rayon mərkəzindən 26 km şimali-qərbdə magistiral İpək yolunun üzərində yerləşən Birinci Şıxlı kəndinin ümumi ərazisi 2727 hektardır. Birinci Şıxlı kənd İƏD-si üzrə nümayəndəliyi bir kəndi əhatə edir. Kəndin 3765 nəfər əhalisi, 1007 təsərrüfatı var. Birinci Şıxlı kəndinin ərazisində 2 məktəb, 1 poçt, 700 yerlik 1 ATS, 3 yanacaqdoldurma məntəqəsi, 2 bərbərxana, 1 qarışıq yem dəyirmanı, həkim məntəqəsi, 2 feldşer mama məntəqəsi, 1 kənd folklor evi, 2 kitabxana, 1 inşaat malları mağazası, 10-dan artıq super market mağazaları kənd əhalisinə xidmət edir. 11 illik məktəbdə 363 nəfər şagirdin təlim-tərbiyəsi ilə 50 nəfər müəllim məşğul olur. Bundan əlavə, 23 nəfər texniki işçi çalışır. 9 illik məktəbdə isə 120 şagirdin təlim-tərbiyəsi ilə 20 nəfər müəllim məşğul olur və 10 texniki işçi vardır.

Həkim məntəqəsində 2 həkim, 9 tibb bacısı və 1 xadimə çalışır. Feldşer mama məntəqəsində 2 nəfər, kitabxanada 2 nəfər, folklor evində 2 nəfər, poçtda 1 nəfər, ATS- də 2 nəfər işçi çalışır. 700 nəfər abonent bildiriş vasitəsilə pulu poçta ödəyir, bu işə nümayəndəlik daim nəzarət edir. Kənddə 2 seçki məntəqəsi vardır. 23 dekabr 2019-cu ildə hər iki seçki məntəqəsində bələdiyyə seçkisi keçirilmiş, kənd əhalisi seçkidə fəal iştirak etmişdir. Hər iki seçki məntəqəsi hazırda Parlament seçkisinə tam hazırdır.

2019-cu ildə bir çox tədbirlər keçirilmişdir. Belə ki, 20 Yanvar faciəsi, 26 Fevral - Xocalı Soyqırımı, 21 Mart - Novruz Bayramı, 9 May - Qələbə Günü, 18 Oktyabr - Müstəqillik Günü, Ulu Öndərin doğum və anım günləri qeyd olunmuşdur.

Müavin qeyd edib ki, bu gün kənddə olan inkişafı gənc ailələr tərəfindən tikilən evlərin müqayisəsindən də aydın şəkildə görmək olar. Belə ki, 2017-ci ildə 28 ev, 2018-ci ildə 31 ev, 2019-cu ildə isə 35 ev gənc ailələr tərəfindən inşa edilmişdir.

Qazax rayon "Birinci Şıxlı KFT” MMC-nin kəndimizdə inşa olunması kənd əhalisinin yeni iş yerləri ilə təmin olunmasına gətirib çıxarmışdır. Hazırda "Birinci Şıxlı KFT” MMC-də 64 nəfər işləyir, onlardan 45 nəfəri bizim kəndin sakinidir.


Kənd sakinlərinin əsas məşğuliyyəti heyvandarlıq və əkinçilikdir. 01.01.2020-ci il tarixə əhali və fermer təsərrüfatında 1687 baş iribuynuzlu mal-qara, 9068 baş xırdabuynuzlu qoyun-keçi, 10326 baş quş qeydiyyata alınmışdır. Dövlət başçısının kənd təsərrüfatı  istehsalçılarına dövlət  dəstəyinə dair 13.01.2007-ci il tarixinə dair sərancamından irəli gələn vəzifələrin icrası ilə əlaqədar 2019-cu ildə kənd təsərrüfatı məhsulları istehsalçılarına buğda əkininə görə hər hektarına 90 manat, digər əkinlər üçün hər hektara 50 manat ödəməklə, ümumilikdə 552 nəfər kənd sakininə 98586 manat vəsait ödənilmişdir. Pay torpaqlarının və bələdiyyənin istifadəsində olan torpaqların təyinatı üzrə istifadə edilməsi, əkinçilik məhsullarının artırılması, növbəli əkin sisteminin tətbiqinin əhaliyə çatdırılması, yazlıq əkin və yeni bitkilərin əkini üçün aqrotexniki tədbirlərin aparılması daim diqqət mərkəzindədir. Birinci Şıxli kənd icra nümayəndəliyi əkinçilik və heyvandarlıq sahələrində kənd əhalisinə yaxından köməklik göstərir. Torpağın əkilib becərilməsində və qorunmasında çətinlik olduqda həmin çətinlik aradan qaldırılır.

2019-cu ildə 2020-ci məhsulu üçün 930 hektarda şumlanma işləri aparılmışdır. 878 hektar payızlıq taxıl əkilmişdir ki, bunun 396 hektarını buğda, 482 hektarını isə arpa təşkil edir. Hesabat ilində 320 kq barama və 5 ton tütün tədarük olunmuşdur. Kənd ərazisində 1000 ədəd tut ağacı və 700 ədəd şam ağacı əkilmişdir.

Əvvəllər kənd əhalisi həyatyanı torpaq sahələrinin suvarılmasında çətinlik çəkirdilər. Artıq 3 ildir ki, Qazax Suvarma Sistemləri İdarəsi tərəfindən bu problem aradan qaldırılmışdır. Belə ki, Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşovun təşəbbüsü ilə kənd ərazisində olan ana kanallar və əkin sahələrinin yuxarı hissələri Suvarma Sistemləri İdarəsinin işçiləri tərəfindən təmizlənmişdir ki, su itkisinə yol verilməsin. Əl əməyi ilə 2,4 km, texnika ilə 4 km-ə yaxın arx işlənmişdir. Hazırda işlər davam edir. 2019-cu ildə Qədir düzü və Uzun dərə deyilən sahələrə yeni su xətti çəkilib istismara hazır vəziyyətə gətirilmişdir.

Hesabat dövründə pay torpaqlarının suvarılması, gübrə ilə təmin olunma, çatışmamazlıqların aradan qaldırılması sahəsində məqsədyönlü işlər görülmüşdür. 2020-ci ildə əhalinin içməli suya olan tələbatını ödəmək üçün layihə smeta sənədləri hazırlanmış və içməli su xəttinin çəkilməsi nəzərdə tutulmuşdur.

Hesabat ilində kənd İcra nümayəndəliyinin, kənd bələdiyyəsinin və işçi qrupunun təşəbbüsü, kənd əhalisinin iştirakı ilə kəndarası yolların, mərkəzi yolun ətrafı, kənd qəbiristanlığında təmizlik işləri aparılmış 1,5 km uzunluğunda dəmir tor təmir edilmişdir. Belə iməclik kənd ərazisində mütamədi olaraq aparılır, kənd sakinləri iməclikdə yüksək fəallıq göstərirlər.

Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov kənd əhalisi ilə mütamadi olaraq görüşlər keçirir, kənd əhalisini narahat edən problemlərlə maraqlanır və yerindəcə  həll etmək üçün adiyyatı üzrə lazımi tapşırıqlar verir.

2019-cu ildə icra nümayəndəliyinə 22 məktub daxil olmuş, təşkilatlara nümayəndəlik tərəfindən 27 məktub göndərilmişdir. Vətəndaşlara 372 ədəd müxtəlif məzmunlu arayışlar verilmişdir. 12 rəsmi müraciət daxil olmuş və müraciətin hamısı öz müsbət həllini tapmışdır. 45 şifahi müraciətə baxılmış nəticəsi barədə həmin vətəndaşlara məlumat verilmişdir. Birinci Şıxlı kənd İcra nümayəndəliyi "Vətəndaşların müraciətlərinə baxılması qaydası haqqında” Azərbaycan Respublikası Qanunu ilə müəyyən edilmiş qaydada vətəndaşların qəbulunu həyata keçirmiş, onların ərizə, şikayət və təkliflərinə baxılaraq lazımi tədbirlər görülmüş və nəticəsi barədə vətəndaşlara məlumat verilmişdir. Vətəndaşların qəbulu üçün nümayəndəlikdə hər cür şərait yaradılmış, həftənin 2-ci və 5-ci günlərinin qəbul günləri ayrılmasına baxmayaraq bütün iş günlərində qəbula gələn vətəndaşların şikayət və müraciətlərinə baxılmışdır. Bir il ərzində nümayəndəlik tərəfindən 26 ölüm şəhadətnaməsi verilmişdir. 17 nəfər kəndə qeydiyyata düşmüşdür, qeydiyyatdan çıxan olmamışdır.


Sonra məruzə ətrafında çıxış edən kənd sakinlərindən Birinci Şıxlı kənd tam orta məktəbin direktoru Məzahir Qocayev, Birinci Şıxlı kənd əsas məktəbin direktoru Mahmud Pənahov, kənd həkim məntəqəsinin baş həkimi Səadət Eynalova, Suvarma Sistemləri İdarəsinin kənd üzrə sahə nəzarətçisi İlham Musayev, ağsaqqal, işçi qrupunun üzvü Şəmşəd İbrahimov, YAP ərazi ilk partiya təşkilatının sədri Tahir Musayev, kənd folklor evinin müdiri Natiq Eyyubov, Telman Məmmədov, Naibə Sadıqova, Natiq Məmmədov, Şahvələd Qurbanov, din xadimi Fazil Süleymanov və başqaları çıxış edərək Birinci Şıxlı kənd sakinlərinə göstərilən böyük diqqət və qayğıya görə ölkə prezidenti İlham Əliyevə və Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşova öz dərin minnətdarlıqlarını bildiriblər. Yola saldığımız 2019-cu ilin istər ölkəmiz, istərsə də rayonumuz üçün uğurlu bir il olduğunu qeyd edən sakinlər son 3 ildə Qazaxda görülən işləri yüksək qiymətləndiriblər. Əldə olunmuş uğurlarla yanaşı, öz istək və təkliflərini də çatdırıblar. Kənddə içməli su probleminin köklü şəkildə həll olunması ilə bağlı istəklərini bildiriblər. Sakinlər tərəfindən qaldırılan digər məsələlər barədə fikirlərini bildirən müavin hər bir məsələyə diqqətlə baxılacağını bildirib.



 











 

GOYEZEN.AZ



Facebook-da paylaş