Qazaxda məcburi köçkün ailələrinin məskunlaşdığı yeni qəsəbədə 2019-cu ilin yekununa həsr olunmuş hesabat yığıncağı keçirilib
Bu gün Qazaxbəyli kəndində işğal
altında olan Bağanıs Ayrım,
Xeyrımlı, Barxudarlı, Sofulu, Yuxarı Əskipara və Aşağı
Əskipara kəndlərindən məcburi köçkün olan ailələrin
məskunlaşdığı yeni qəsəbədə Aşağı Əskipara kənd İnzibati Ərazi Dairəsi (İƏD)
üzrə nümayəndəliyin 2019-cu ildə görülmüş işlərə və qarşıda duran vəzifələrə
dair hesabat yığıncağı keçirilib. Aşağı Əskipara kənd tam orta
məktəbin akt zalında keçirilən hesabat yığıncağında Qazax Rayon İcra
Hakimiyyəti başçısının müavini Gulaya Həsənova, aparatın Hüquq şöbəsinin müdiri Səba Paşayeva və
kənd sakinləri iştirak ediblər. Hesabat yığıncağını aparmaq üçün sədr və katib
seçildikdən sonra gündəlikdə duran məsələlər qeyd olunub.
Qazax Rayon İcra Hakimiyyəti başçısının müavini Gulaya
Həsənova tədbiri giriş sözü ilə açaraq məcburi köçkün ailələrini salamlayıb,
yeni il münasibətilə onları bir daha təbrik edib və xoş arzularını çatdırıb. Bildirib
ki, 2019–сu il artıq başa çatıb və ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi
altında Azərbaycan bütün istiqamətlərdə öz siyasətini daha da inamla və uğurla
aparıb. Ölkə iqtisadiyyatının bütün sahələrində əldə olunan yüksək nəticələr və
davamlı sürətli inkişaf, hesablanan sosial-iqtisadi layihələrin reallaşdırılması
əminliklə deməyə əsas verir ki, iqtisadi potensialımız növbəti illərdə daha da
güclənəcək və əhalinin maddi rifah halının yaxşılaşdırılmasına xidmət edən
uğurlu addımlar yenicə qədəm qoyduğumuz 2020-ci ildə də davam etdiriləcək. Yola
saldığımız 2019-cu ilin rayonumuz üçün bütün sahələr üzrə uğurlu bir il kimi
yadda qaldığını deyən müavin görülən işlərdən danışıb. Qazax Rayon İcra
Hakimiyyətinin başçısı Rəcəb Babaşovun təşəbbüsü və rəhbərliyi ilə rayonumuzda
bir çox layihələrin uğurla həyata keçirildiyini qeyd edib. Sonra Aşağı Əskipara kənd icra nümayəndəsinin müavini Anar Vəliyev geniş hesabat
məruzəsi ilə çıxış edərək 2019-cu ildə nümayəndəlik üzrə görülmüş işlərdən və
qarşıda duran vəzifələrdən danışıb. A.Vəliyev qeyd edib ki, fəaliyyətə başladığı
ilk gündən Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov rayonda
məskunlaşmış məcburi köçkünlərlə müntəzəm olaraq görüşmüş, onların məişət
şəraitlərinin yaxşılaşdırılması istiqamətində əməli tədbirlər həyata
keçirilmişdir. Məcburi köçkünlərin yaşadıqları ərazilərdəki yollar qum-çınqılla
təmir edilmiş, onların həyat şəraitləri yaxşılaşdırılmışdır. Müavin nümayəndəlikdən
34 nəfər məcburi köçkün ailəsinin müxtəlif idarə və müəssisələrdə daimi işlə
təmin olunmasını rayon rəhbərinin bu təbəqədən olan insanlara göstərdiyi diqqət
və qayğının bariz nümunəsi kimi göstərib. Bildirib ki, Aşağı Əskipara kənd İƏD–si üzrə
nümayəndəlik 3 yaşayış məntəqəsini əhatə edir. Aşağı Əskipara kəndi 341
təsərrüfat olmaqla 1442 nəfərdən, Bağanıs Ayrım kəndi 144 təsərrüfat olmaqla
687 nəfərdən, Xeyrımlı kəndi isə 67 təsərrüfat olmaqla 310 nəfərdən ibarətdir. Nümayəndəliyin əhatə etdiyi yaşayış məntəqələrində
bir tam orta ümumtəhsil məktəbi və bir ibtidai məktəb fəaliyyət göstərir. Məktəblərdə
ümumilikdə 175 şagird təhsil alır. 32 nəfər müəllim təlim-tərbiyə işləri ilə məşğuldur. 2019-cu
ildə məktəbi bitirən 17 məzundan 8 nəfəri ali, 4 nəfəri orta ixtisas məktəbinə
daxil olmuşdur. 2019-cu ildəgörüləcək işlər haqqında iş planı tərtib edilmişdir. Hesabat ilində həmin
iş planı əsasında iclaslar keçirilmiş və görüləcək işlər haqqında məsələlər
müzakirə edilərək müvafiq qərarlar qəbul edilmişdir.
Hesabat ilində Aşağı Əskipara kənd sakinlərinin
müraciətlərinə baxılmış, 22 şifahi və 2 yazılı ərizələri tərəfimizdən müzakirə
və həll edilərək lazımi köməkdarlıq göstərilmişdir. İmkanlarımız daxilində
olmayan məsələlərin həlli isə rayon rəhbərliyinin göstərişi ilə aidiyyəti
təşkilatlar tərəfindən yerinə yetirilmişdir. Hesabat dövründə 9 doğum, 3 nikah, 15 ölüm qeydə
alınmışdır. Nümayəndəlikdə təsərrüfatbaşına kitablarda hesabat dövründə lazımi
qeydlər aparılmış, imzalar edilmiş, pasport qeydiyyatına daxil olan və
qeydiyyatdan çıxanlar haqqında qeydlər aparılmışdır. Əhalidə olan mal-qara və
quşlar uçota alınaraq təsərrüfatbaşına kitablarda qeydiyyatı aparılmış və
statistika idarəsinə hesabat verilmişdir. Onu da qeyd etmək lazımdır ki, Qazax Rayon İcra
Hakimiyyəti tərəfindən şəhid ailələri, Qarabağ müharibəsi əlilləri və imkansız
ailələr həmişə olduğu kimi 2019-cu ildə də diqqət mərkəzində olmuş, onlara
bayram bağlamaları verilməsi ənənə şəklini almışdır. Müavin qeyd edib ki, bu gün xalqımızın ən yaralı
yerlərindən biri Qarabağ problemidir. Bildiyiniz kimi bu problem bizim
rayonumuzdan da yan ötməmişdir. Rayonumuzun 7 kəndi - Bağanıs Ayrım, Xeyrımlı, Barxudarlı, Sofulu, Qızılhacılı, Yuxarı Əskipara və Aşağı Əskipara kəndləri düşmən işğalındadır. Bu işğal dövründə şəhid, əlil və itkin
düşənlərimiz olmuşdur. Biz əminik və inanırıq ki, bədnam qonşularımız nə qədər
sülh prosesinə əngəl törətsələr də nəhayət ki, hörmətli Prezidentimiz İlham
Əliyevin səyi ilə öz torpaqlarımıza qayıdacağıq. Üçrəngli bayrağımızın
dalğalandığı kəndimizdə öz inzibati binamızda fəaliyyət göstərəcəyik. Sonra məruzə
ətrafında çıxış edən Barxudarlı kənd sakini Əminə Abdullayeva, Bağanıs Ayrım
kənd sakini Şəmil Adıgözəlov, Aşağı Əskipara kənd körpələr evi-uşaq bağçasının
müdiri Şəfiqə Mustafayeva və başqaları çıxış edərək onlara göstərilən hərtərəfli
diqqət və qayğıya görə ölkə Prezidenti İlham Əliyevə və Rayon İcra
Hakimiyyətinin başçısı Rəcəb Babaşova dərin minnətdarlıqlarını bildiriblər. Qeyd ediblər ki, bu gün biz Prezidentimiz İlham Əliyev tərəfindən
hər cür diqqət və qayğı ilə əhatə olunmuşuq. Bizim üçün salınmış bu qəsəbədə
yüksək şərait yaradılıb. Qəsəbədə xeyir və şər mərasimlərinin keçirilməsi üçün
360 nəfərlik mağarın quraşdırılması, oradakı avadanlıqların yığılması üçün
xüsusi yerin ayrılması, qəsəbənin işıqlandırılması, istər bağçada, istərsə də
məktəbdə gələcəyimiz olan uşaqlara hər cür şərait yaradılması biz sakinlərə
göstərilən diqqət və qayğı deməkdir. Çıxış edənlər vurğulayıblar ki, dövlətimiz
tərəfindən bizlərə, eləcə də sərhəd bölgəsində yaşayan sakinlərə göstərilən bu
qayğı bizi bir daha əmin edir ki, Ali Baş Komandan İlham Əliyevin məqsədyönlü
siyasəti nəticəsində tezliklə işğal olunmuş torpaqlarımız azad ediləcək və biz
öz ata-baba yurdumuza qayıdacağıq. Hesabat yığıncağında
sakinləri narahat edən qayğılar da dinlənilib. Sakinlərin qəsəbəyə əlavə
marşrut xəttinin ayrılması ilə bağlı istəklərini dinləyən müavin G.Həsənova
qaldırılan məsələyə baxılacağını bildirib.
GOYEZEN.AZ
Facebook-da paylaş