• Təqvim

  • Unutma

  • Maraq



Məntəqələr bələdiyyə seçkilərinə tam hazırdır

Respublika mətbuatı Qazax haqqında


Yerli əhəmiyyətli sosial-iqtisadi, ekoloji, sosial müdafiə sahələrində işlərin həyata keçirilməsində bələdiyyələrin üzərinə mühüm vəzifələr düşür. Odur ki, insanlar bu quruma seçkilər keçirəndə elə namizədlərə səs vermək istəyirlər ki, onlar bu etimadı doğrulda bilsinlər. Dekabrın 23-də keçiriləcək növbəti bələdiyyə seçkilərinə də xalq ən layiqli namizədlərini irəli sürür ki, onlar gələcəkdə sakinlərin etimadını doğrulda bilsinlər.

Respublikamızın hər yerində olduğu kimi, Qazax rayonunda da bu məsələyə çox həssaslıqla yanaşılır. Bunu 107 saylı Qazax Seçki Dairəsində olarkən bir daha yəqin etdik. Dairə seçki komissiyasının sədri Xəyyam Salehov dedi ki, bütün məntəqələr seçkilərə tam hazır vəziyyətdədir. Dekabrın 23-də 36 seçki məntəqəsi fəaliyyət göstərəcəkdir. Bu məntəqələrdə də 45 min 306 seçici istədiyi namizədə səs verəcəkdir. Seçkilərin şəffaflığını təmin etmək üçün 10 məntəqədə veb-kamera quraşdırılmışdır.

Əvvəlki seçkilərdən fərqli olaraq bu dəfə namizədlərin sayı xeyli çoxdur. Dairə üzrə 14 bələdiyyəyə 136 üzv seçilməlidir. Namizədlərin sayı isə 453-dür. Onlar əsasən Yeni Azərbaycan Partiyası, Böyük Qurtuluş Partiyası, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası, Milli Dirçəliş Partiyası, Sosial Demokrat Partiyası və Sosial Rifah Partiyasıdır. Seçkiləri müşahidə etmək üçün 472 nəfər qeydiyyatdan keçmişdir.

Qeyd edək ki, seçici siyahısı dəqiqləşdirildikdən sonra bildirişlər paylanmışdır. Dairəni əhatə edən məntəqələrdə ilk dəfə səs verəcək gənclər müəyyənləşdirilmiş, onlarla keçirilən görüşdə seçkilərin əhəmiyyəti barədə maraqlı diskussiyalar aparılmışdır.

Dairədə 100 yaşı haqlamış insanların da siyahısı tutulmuşdur. Yaşının çoxluğuna görə birinci yerdə 112 yaşlı Sayalı Nəbiyeva dayanır. Söhbət zamanı Sayalı nənə dedi ki, ömrümdə çox seçkilərdə iştirak etmişəm. Lakin müstəqil respublikamızda keçirilən seçkilər məndən ötrü əzizdir. Odur ki, 1993-cü ildən bəri keçirilən bütün seçkilərdə fəallıq göstərmişəm. Bilirəm ki, mənim səsim ölkəmizdə sabitliyə və əmin-amanlığa lazımdır. Odur ki, dekabrın 23-də məntəqəyə gəlib mən də səs verəcəyəm.

Sabir ƏLİYEV,

"Azərbaycan” qəzetinin bölgə müxbiri

21 dekabr 2019-cu il




Facebook-da paylaş