• Təqvim

  • Unutma

  • Maraq



Canalı kəndində sakinlərlə səyyar görüş keçirilib


Artıq hər kəsə yaxşı məlumdur ki, ölkə Prezidenti cənab İlham Əliyevin tapşırıq və tövsiyəsinə uyğun olaraq şəhər və kəndlərdə sakinlərlə səyyar görüşlərin keçirilməsi, onları narahat edən məsələlərin yerindəcə həlli istiqamətində tapşırıqlar verilməsi vətəndaş amilinin ön plana çəkilməsi, onlara göstərilən diqqət və qayğının göstəricisidir.

Bu gün rayon rəhbəri tərəfindən keçirilən növbəti səyyar görüş Canalı kəndinin sakinləri ilə olub. Aidiyyatı idarə, müəssisə və təşkilat rəhbərlərinin iştirakı ilə təşkil olunan görüşdə hər zaman olduğu kimi bu gün də sakinlərin qarşılaşdıqları problem və çatışmazlıqlar, onları narahat edən qayğılar dinlənilib.

Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov kənd sakinlərini salamlayaraq bildirib ki, ötən il 9, bu il isə proqrama uyğun olaraq ikinci dəfədir ki, sizinlə belə səyyar görüşümüz keçirilir. "Qaldırılan məsələlər eşitmək üçün deyil, həlli istiqamətində əməli işlər görmək üçündür”, - deyən rayon rəhbəri həmişə olduğu kimi bugünkü görüşün də vətəndaşları narahat edən məsələlərin həllinə yönəldiyini, həmin məsələləri öyrənərək operativ şəkildə yerindəcə həll etmək, ehtiyac olduğu halda isə aidiyyatı təşkilatlar qarşısında məsələ qaldırmaqdan ibarət olduğunu qeyd edib.

Səmimi söhbət əsasında keçən görüşdə sakinlərə dövlət başçısının yürütdüyü məqsədyönlü siyasət, son günlər dövlət məmurları haqqında söylədiyi fikirlər, vətəndaşlara göstərdiyi diqqət və qayğı, xüsusilə də əhalinin maddi rifah halının, sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində verdiyi tapşırıq və tövsiyələr, Birinci vitse-prezident Mehriban Əliyevanın vətəndaşlara olan diqqət və qayğısı bir daha çatdırılıb.

 

İcra başçısı ölkə başçısının ötən il növbəti dəfə Prezident seçildikdən sonra vətəndaşların sosial rifah halının yaxşılaşdırılması istiqamətində həyata keçirdiyi iqtisadi islahatlardan söz açıb və bu gün həmin islahatların uğurla icra edildiyini bildirib. Dövlət başçısının verdiyi sözlərin bu gün öz real əksini tapmasını vətəndaşlara olan ən böyük diqqət və qayğı kimi göstərib. Respublika Prezidenti tərəfindən istər ötən ilin sonları, istərsə də bu ilin əvvəllərində həyata keçirilən iqtisadi islahatların birbaşa vətəndaş amilinə xidmət edən islahatlar olduğunu və verilən vədlərin uğurla yerinə yetirilməsi kimi qeyd edib. Həmin islahatların kökündə əhalinin maddi və sosial rifah halının yaxşılaşdırılmasının dayandığını söyləyib. Ölkə rəhbərinin iqtisadi islahat paketinin icrası ilə bağlı imzaladığı mühüm Fərman və Sərəncamlardan danışan icra başçısı həmin Sərəncamlardan irəli gələn vəzifələrin bu gün də layiqincə yerinə yetirildiyini bildirib. İyunun 18-də imzalanan çoxsaylı Sərəncamların əhəmiyyətindən danışan rayon rəhbəri istər minimum əməkhaqqının 180 manatdan 250 manata, istər minimum pensiyanın 160 manatdan 200 manata çatdırılmasını, istər təhsil, istərsə də digər sahələrdə çalışan işçilərin əməkhaqlarının müvafiq olaraq 20 və 40 faiz artırılmasını ölkə vətəndaşlarının rifah halının yaxşılaşdırılması istiqamətində atılan ən uğurlu addımlar kimi dəyərləndirib. Xüsusilə də ödənişli əsaslarla təhsil alan tələbələrə təqaüdlərin verilməsini gənclərə olan ən böyük dəstək kimi qeyd edib.

Rayon rəhbəri son illər respublikamızda, eləcə də Qazaxda işsizliyin aradan qaldırılması istiqamətində həyata keçirilən məqsədyönlü tədbirlərdən və qarşıda duran vəzifələrdən də danışıb. Ölkə Prezidenti İlham Əliyevin sosial təşəbbüsü əsasında əhalinin məşğulluğunun təmin edilməsi məqsədilə haqqı ödənilən ictimai işlərin təşkil olunması ilə əlaqədar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin nəzdində "DOST İş Mərkəzi" Məhdud Məsuliyyətli Cəmiyyətinin yaradılmasını, ölkə vətəndaşlarının ictimai işlərə cəlb edilməsini bu sahədə atılan ən uğurlu addım kimi qiymətləndirib. Hazırda Qazax rayonu üzrə "DOST İş Mərkəzi” MMC tərəfindən 420 nəfərin işlə təmin olunduğunu, gələcəkdə isə bu sayın artacağını bildirib.

İcra başçısı Qazaxda istər şəhər mərkəzində, istərsə də kəndlərdə yerləşən və açılışları nəzərdə tutulan ”Azərxalça” ASC tərəfindən tikilən xalça müəssəsinin, ”Mətanət A” şirkəti tərəfindən inşa edilmiş Əhəng zavodunun, İkinci Şıxlı kəndində ”İnvestel GROUP” MMC tərəfindən tikilən "Qazax Aqropark”ın, "Gedik-Carçı Qaynaq” MMC tərəfindən inşa edilən "Gedik-Carçı” Elektrod Zavodunun istifadəyə verilməsini,  "Saloğlu” fərdi mebel firması tərəfindən yeni tikilən fabrikin inşasını işsizliyin aradan qaldırılması istiqamətində həyata keçirilən məqsədyönlü işlər kimi qiymətləndirib.

Rayon rəhbəri qeyd edib ki, hazırda rayonumuzda ən böyük layihələrdən biri olan 10 korpusdan ibarət 145 çarpayılıq Rayon Mərkəzi Xəstəxana Kompleksinin tikintisi idi ki, bu iş yüksək səviyyədə başa çatdırılıb. Bundan əlavə, yenə də böyük layihələr sayılan su və kanalizasiya xəttinin, eləcə də Gəncə-Qazax-Gürcüstan dövlət sərhəddi avtomobil yolunun çəkilişləri uğurla davam etdirilir. Bütün bunlar eyni zamanda xeyli sayda rayon sakininin işlə təmin olunması deməkdir.

 

2018-2019-cu tədris ilində Canalı kənd tam orta məktəbin göstəricilərinin qənaətbəxş olduğunu qeyd edən icra başçısı məktəbi bitirən 16 nəfər şagirddən 10 nəfərin ali məktəbə sənəd qəbulunda iştirak etdiyini bildirib. Onlardan 4 nəfərin ali, 6 nəfərin isə orta ixtisas məktəbinə daxil olaraq tələbə adını qazandığını, eyni zamanda da 1 nəfərin 607 bal toplayaraq yüksək nəticə göstərdiyini qeyd edib. Bu göstəricilərin bundan da yüksək olmasını qeyd edərək məktəbin kollektivinə uğurlar arzulayıb.

İcra başçısı rayonda bağçalarla bağlı görülən işlərdən də söhbət açıb. Son 3 ildə rayonda şəhər və kəndlər üzrə mövcud olan 25 uşaq bağçasından 21-nin yüksək səviyyədə təmir olunmasını körpələrə olan dövlət qayğısının ən bariz nümunəsi kimi göstərib. İcra başçısı bu gün həmin təmirli bağçalardan birinin məhz Canalı kəndində olduğunu bildirib.

Ölkə Prezidenti İlham Əliyevin, Birinci vitse-prezident Mehriban Əliyevanın gənclərə göstərdiyi diqqət və qayğıdan danışan rayon rəhbəri 2 fevral 2019-cu il tarixindən Azərbaycan Respublikasının Gənclər Fondunun maddi texniki bazası əsasında yaradılan "Gənclərin İnkişaf və Karyera Mərkəz”lərinin (GİKM) həmin qayğının əyani sübutu olduğunu bildirib. Gündən-günə sayı artırılan GİKM-lərinin gənclərin karyera qurmalarına, istənilən sahədə inkişaf etmələrinə daha geniş şəkildə imkanlar açacağını vurğulayıb və gəncləri Qazax Gənclərin İnkişaf və Karyera Mərkəzinin imkanlarından yararlanmağa çağırıb.

Rayon rəhbəri respublikamızın hər yerində olduğu kimi Qazax rayonunda da başqa sahələrlə yanaşı kənd təsərrüfatına böyük diqqət və qayğı göstərildiyini qeyd edib. Kənd təsərrüfatının inkişaf etdirilməsi, məhsuldarlığın artırılması istiqamətində görülən məqsədyönlü işlər sayəsində son 3 ildə əkin sahələrində xeyli sayda artım olduğunu diqqətə çatdırıb. 2016-cı ildə 16520,6 hektarda, 2017-ci ildə 18694,37 hektarda, 2018-ci ildə 20682 hektarda, 2019-cu ildə isə 21476,3 hektarda əkin aparıldığını bildirib. İcra başçısı ölkə prezidentinin ölkəmizdə baramaçılığın inkişafı ilə bağlı verdiyi sərəncam, tapşırıq və tövsiyələrin Qazaxda da olduğu kimi icra olunduğunu və uğurlu göstəricilərin əldə edildiyini qeyd edib. Rayonda barama istehsalının ildən-ilə artdığını qeyd edən rayon rəhbəri 2016-cı ildə 1502 kq, 2017-ci ildə 4623 kq, 2018-ci ildə 6260 kq, bu il isə 7667,5 ton yaş barama tədarük olunduğunu diqqətə çatdırıb.

İcra başçısı Qazax rayonunda iqtisadi cəhətdən gəlirli sahələrdən hesab olunan tütünçülüyün inkişaf etdirilməsinə də böyük önəm verildiyini, 2016-cı ildə cəmi 10 hektarda tütün əkildiyi halda, 2017-ci ildə bu rəqəmin 50 hektara çatdırıldığını vurğulayıb. Aqrotexniki tədbirləri vaxtında həyata keçirən təsərrüfat sahiblərinin həmin sahələrdən 80 tondan çox məhsul götürdüyünü qeyd edib. 2018-ci ildə isə tütünçülərin əkin sahələrini daha 10 hektar genişləndirərək 60 hektara çatdırdığını, həmin il sahədən toplanmış 98 tona yaxın qurudulmuş tütünü "İlham-M” MMC-yə təhvil verdiyini bildirib. Cari ildə rayonunun Kəmərli, Qaymaqlı, Aslanbəyli, İkinci Şıxlı, Birinci Şıxlı, Yuxarı Salahlı, Orta Salahlı, Aşağı Salahlı, Kosalar, Cəfərli, Hüseynbəyli, Çaylı, Daş Salahlı, Dəmirçilər, Alpout, Fərəhli kəndlərində cəmi 65 hektar sahədə tütün əkildiyini və 108,783 ton qurudulmuş tütünün "İlham-M” MMC-yə təhvil verildiyini söyləyib.

Görüşdə rayon rəhbəri Qazaxda kənd təsərrüfatının digər sahələri kimi kartofçuluğun da ənənəvi sahələrdən biri hesab edildiyini vurğulayıb. Qeyd edib ki, rayonda kartofçuluğun inkişaf etdirilməsi istiqamətində nümunəvi işlərin görüldüyünü ildən-ilə artan kartof sahələrinin hektarından, əldə edilən bol məhsuldan da aydın şəkildə görmək olar. Əgər 2016-cı ildə rayonda 433 hektar sahədən 10 min 205 ton kartof tədarük olunmuşdusa, 2017-ci ildə bu rəqəm 809 hektara çatdırılmışdır. 376 hektar artıq sahədə kartof becərən kəndlilər həmin sahədən 22 min ton məhsul əldə etmişdir. 2018-ci ildə də həm əkin sahəsi, həm də də əldə edilən məhsul nəzərə çarpacaq dərəcədə artmışdır. Kartof becərən sakinlər bu sahənin gəlirli olduğunu nəzərə alaraq 2018-ci ildə əkin sahələrini daha da genişləndirərək 1086 hektara çatdırıblar. Vaxtında və uğurla həyata keçirilən işlər nəticəsində qeyd olunan hektardan 29 min 865 ton məhsul əldə olunmuşdur. İldən-ilə kartof sahələrini artıran qazaxlı sahibkarlar, kəndlilər cari ildə də kartof sahələrini genişləndiriblər. Belə ki, 2019-cu ildə ötən ilə nisbətən əkin sahəsini 234 hektar artıraraq 1320 hektara çatdırıblar. Həmin sahədən isə 40 min ton kartof tədarük edilib.

İcra başçısı "Azərbaycan Respublikası regionlarının 2019–2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə hazırlanmış tədbirlər planında əksini tapan subartezian quyularının qazılması kimi məsələlərdən də danışıb. Son 3 ildə rayonun əksər kəndlərində suvarma suyunun 70 faizə kimi yaxşılaşdırıldığını bildirən icra başçısı 2020-ci ildə qazılması nəzərdə tutulan subartezian quyularından Canalı kəndində də qazılacağını vurğulayıb.  

Rayonda, eləcə də kəndlərdə elektrik enerjisi və mavi yanacaqla bağlı heç bir problemin olmadığını qeyd edən rayon rəhbəri bu istiqamətdə görülən işlərdən də söz açıb. Bu gün rayonun sərhəd kəndləri olan Məzəm, Quşçu Ayrım, Fərəhli, Cəfərli və Bala Cəfərli kəndlərində SİP kabelləşmə işinin başa çatdığını qeyd edib. Digər kəndlərdə olduğu kimi Canalı kəndində də həyata keçiriləcəyini, bundan əlavə, rabitə xətlərinin yenilənməsi və yeni salınan yaşayış massivində abunəçilərə nömrələrin verilməsi sahəsində də məqsədyönlü işlərin görüləcəyini bildirib.

Sonra "Bugünkü görüşümüzün də əsas məqsədi sizləri dinləməkdir”, - deyə müraciət edən icra başçısı sakinləri narahat edən məsələləri dinləyib, qayğıları ilə maraqlanıb. 
Kənd sakinlərindən – Canalı kənd uşaq bağçasının müdiri Mətanət Vəliyeva, Vaqif Qasımov, Rəna İbrahimova və başqaları çıxış edərək rayonda həyata keçirilən genişmiqyaslı tikinti-quruculuq işlərinə, təhsil, səhiyyə, mədəniyyət, eləcə də digər sahələrə göstərdiyi diqqət və qayğıya görə rayon rəhbərliyinə öz dərin minnətdarlıqlarını bildiriblər. İstər ölkə başçısı İlham Əliyev, istərsə də rayon rəhbərliyi tərəfindən vətəndaş amilinin ön plana çəkilməsini yüksək qiymətləndirdiklərini qeyd ediblər.

Görüşdə minnətdarlıqla yanaşı, sakinlər onları narahat edən bir sıra məsələlərdən də söz açıblar. Vətəndaşlar tərəfindən səsləndirilən kənddə dayanacağın qoyulması, abunəçilərə yeni nömrələrin verilməsi və s. məsələlərlə bağlı müraciətləri dinləyən rayon rəhbəri hər bir məsələyə diqqətlə baxılacağını bildirib.




 

GOYEZEN.AZ



Facebook-da paylaş