• Təqvim

  • Unutma

  • Maraq



Sərhəddə yerləşən Bala Cəfərli kəndində sakinlərlə səyyar görüş keçirilib


"Sərhəddə yaşayan sakinlər hər cür diqqət və qayğıya layiqdir”. Bu gün bu fikirlər ölkə Prezidenti cənab İlham Əliyevin tapşırıq və tövsiyəsinə uyğun olaraq Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşovun Bala Сəfərli kənd sakinləri ilə keçirdiyi səyyar görüşdə səslənib. Bəli, bu gün Qazax rayonunun nəinki Bağanıs Ayrım, Barxudarlı, Sofulu, Xeyrımlı, Qızılhacılı, Yuxarı Əskipara, Aşağı Əskipara kimi 7 kəndi işğal altındadır. Eləcə də rayonun bir neçə kəndi hər an düşmən gülləsinin atəşinə məruz qalır. Düşmənlə ən yaxın məsafədə yerləşən kəndlərdən biri də Bala Cəfərli kəndidir. Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşovun daim diqqət mərkəzində saxladığı kəndlərdən biri də sərhəddə yerləşən Bala Cəfərli kəndidir. Rayon rəhbəri fəaliyyətə başladığı ilk gündən bu kəndə xüsusi qayğı ilə yanaşır. Məhz bu qayğı sayəsində rayonun bütün sərhəd kəndləri kimi Bala Cəfərli kəndi də sərhəddə yerləşməsinə baxmayaraq özünün inkişaf dövrünü yaşayır. Son 3 ildə göstərilən diqqət və qayğının nəticəsidir ki, kənd günü-gündən inkişaf edir, dövlət qayğısı ilə təmin olunmuş kənd sakinləri təsərrüfat və heyvandarlıqla məşğul olurlar.

Aidiyyatı idarə, müəssisə və təşkilat rəhbərlərinin iştirakı ilə təşkil olunan görüşdə hər zaman olduğu kimi bu gün də sakinlərin qarşılaşdıqları problem və çatışmazlıqlar, onları narahat edən qayğılar dinlənilib.

Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov kənd sakinlərini salamlayaraq şəhər və kəndlərdə keçirilən səyyar görüşlərin vətəndaşları narahat edən məsələlərin həllinə yönəldiyini, həmin məsələləri öyrənərək operativ şəkildə yerindəcə həll etmək, ehtiyac olduğu halda isə aidiyyatı təşkilatlar qarşısında məsələ qaldırmaqdan ibarət olduğunu qeyd edib.

Səmimi söhbət əsasında keçən görüşdə sakinlərə dövlət başçısının yürütdüyü məqsədyönlü siyasət, son günlər dövlət məmurları haqqında söylədiyi fikirlər, vətəndaşlara göstərdiyi diqqət və qayğı, xüsusilə də əhalinin maddi rifah halının, sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində verdiyi tapşırıq və tövsiyələr, Birinci vitse-prezident Mehriban Əliyevanın vətəndaşlara olan diqqət və qayğısı bir daha çatdırılıb.

İcra başçısı qeyd edib ki, ölkə Prezidenti İlham Əliyevin çıxışları zamanı "Xalqa ləyaqətlə xidmət etmək hər bir dövlət məmurunun borcudur. Mən Prezident kimi öz vəzifəmi xalqa xidmətdə görürəm” kimi söylədiyi fikirlər hər kəs üçün, o cümlədən də biz məmurlar üçün örnək olmalıdır. "Əsas məqsədimiz Siz vətəndaşlara layiqincə xidmət göstərməkdir”, - deyən icra başçısı həmişə olduğu kimi bundan sonra da bu prinsipə əməl etməyə çalışdığını, daim vətəndaşların arasında olmağı iş fəaliyyətinin əsas tərkib hissəsi hesab etdiyini bildirib.

Rayon rəhbəri ölkə başçısının ötən il növbəti dəfə Prezident seçildikdən sonra vətəndaşların sosial rifah halının yaxşılaşdırılması istiqamətində həyata keçirdiyi iqtisadi islahatlardan söz açıb və bu gün həmin islahatların uğurla icra edildiyini bildirib. Dövlət başçısının verdiyi sözlərin bu gün öz real əksini tapmasını vətəndaşlara olan ən böyük diqqət və qayğı kimi göstərib. Respublika Prezidenti tərəfindən istər ötən ilin sonları, istərsə də bu ilin əvvəllərində həyata keçirilən iqtisadi islahatların birbaşa vətəndaş amilinə xidmət edən islahatlar olduğunu və verilən vədlərin uğurla yerinə yetirilməsi kimi qeyd edib. Həmin islahatların kökündə əhalinin maddi və sosial rifah halının yaxşılaşdırılmasının dayandığını söyləyib. Ölkə rəhbərinin iqtisadi islahat paketinin icrası ilə bağlı imzaladığı mühüm Fərman və Sərəncamlardan danışan icra başçısı həmin Sərəncamlardan irəli gələn vəzifələrin bu gün də layiqincə yerinə yetirildiyini bildirib. İyunun 18-də imzalanan çoxsaylı Sərəncamların əhəmiyyətindən danışan rayon rəhbəri istər minimum əməkhaqqının 180 manatdan 250 manata, istər minimum pensiyanın 160 manatdan 200 manata çatdırılmasını, istər təhsil, istərsə də digər sahələrdə çalışan işçilərin əməkhaqlarının müvafiq olaraq 20 və 40 faiz artırılmasını ölkə vətəndaşlarının rifah halının yaxşılaşdırılması istiqamətində atılan ən uğurlu addımlar kimi dəyərləndirib. Xüsusilə də ödənişli əsaslarla təhsil alan tələbələrə təqaüdlərin verilməsini gənclərə olan ən böyük dəstək kimi qeyd edib.

Rayon rəhbəri son illər respublikamızda, eləcə də Qazaxda işsizliyin aradan qaldırılması, minimuma endirilməsi istiqamətində həyata keçirilən məqsədyönlü tədbirlərdən və qarşıda duran vəzifələrdən də danışıb. Ölkə Prezidenti İlham Əliyevin sosial təşəbbüsü əsasında əhalinin məşğulluğunun təmin edilməsi məqsədilə haqqı ödənilən ictimai işlərin təşkil olunması ilə əlaqədar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin nəzdində "DOST İş Mərkəzi" Məhdud Məsuliyyətli Cəmiyyətinin yaradılmasını, ölkə vətəndaşlarının ictimai işlərə cəlb edilməsini bu sahədə atılan ən uğurlu addım kimi qiymətləndirib. Hazırda Qazax rayonu üzrə "DOST İş Mərkəzi” MMC tərəfindən 420 nəfərin işlə təmin olunduğunu, gələcəkdə isə bu sayın artacağını bildirib.

Rayon rəhbəri qeyd edib ki, hazırda rayonumuzda ən böyük layihələrdən biri olan 10 korpusdan ibarət 145 çarpayılıq Rayon Mərkəzi Xəstəxana Kompleksinin tikintisi idi ki, bu iş yüksək səviyyədə başa çatdırılıb. Bundan əlavə, yenə də böyük layihələr sayılan su və kanalizasiya xəttinin, eləcə də Gəncə-Qazax-Gürcüstan dövlət sərhəddi avtomobil yolunun çəkilişləri uğurla davam etdirilir. Bütün bunlar eyni zamanda xeyli sayda rayon sakininin işlə təmin olunması deməkdir.

İcra başçısı "Azərbaycan Respublikası regionlarının 2019–2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə hazırlanmış tədbirlər planına Qazax rayonu üzrə təmirə ehtiyacı olan 11 məktəbin salındığını, həmin məktəblərdən birinin də məhz Xalq yazıçısı İsmayıl Şıxlının adını daşıyan 1176 şagird yerlik Kosalar kənd tam orta məktəbinin olduğunu qeyd edib. Heydər Əliyev Fondu tərəfindən məktəbin əsaslı tikintisini Xalq yazıçısına, onun yaradıcılığına verilən böyük qiymətlə yanaşı, həm də gələcəyimiz olan uşaqlara olan diqqət və qayğı kimi qeyd edib. Bundan əlavə, yenə də Fond tərəfindən Ş.Nəsibova adına Sarıvəlli kənd tam orta məktəbin də yenidən tikilməsini təhsil sahəsinə olan daha bir qayğı kimi göstərib. Eyni zamanda Qaymaqlı kənd tam orta məktəbin və M.Hüseyn adına məktəb-liseyin də əsaslı şəkildə təmir olunmasının nəzərdə tutulduğunu diqqətə çatdırıb.

 

İcra başçısı "Azərbaycan Respublikası regionlarının 2019–2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə hazırlanmış tədbirlər planında əksini tapan subartezian quyularının qazılması kimi məsələlərdən də danışıb. Rayonda, eləcə də kəndlərdə elektrik enerjisi və mavi yanacaqla bağlı heç bir problemin olmadığını qeyd edən rayon rəhbəri bu istiqamətdə görülən işlərdən də söz açıb. Bu gün rayonun sərhəd kəndləri olan Məzəm, Quşçu Ayrım, Fərəhli, Cəfərli kəndləri kimi Bala Cəfərli kəndində də SİP kabelləşmə işinin başa çatdığını qeyd edib.

Son 3 ildə rayonun əksər kəndlərində suvarma suyunun 70 faizə kimi yaxşılaşdırıldığını bildirən icra başçısı Bala Cəfərli kəndində də suvarma suyu ilə bağlı mövcud problemin olduğunu qeyd edib və aradan qaldırılması üçün təqdirəlayiq işlərin görülməsinin nəzərdə tutulduğunu bildirib. 2020-ci ildə qazılması nəzərdə tutulan subartezian quyularından Bala Cəfərli kəndində də qazılacağını vurğulayıb.  

İcra başçısı son 3 ildə sərhəd kəndlərində sakinlərin təhlükəsizliklərinin təmin olunması istiqamətində görülən işlərdən də danışıb. Digər sərhəd kəndləri olan Məzəm, Quşçu Ayrımda istinad divarlarının çəkilməsindən söz açıb. İcra başçısı qeyd edib ki, bu günə kimi Məzəmdə 57 evin qarşısına 2530 p/m uzunluğu və 3 metr hündürlüyü olan istinad divarları çəkilib. Bundan əlavə, sakinlərin xahişini nəzərə alaraq daha 5 evin qarşısına 88 p/m uzunluğunda istinad divarının çəkilməsi də nəzərdə tutulub. Eyni zamanda kəndə rahat və təhlükəsiz şəraitdə gedib-gəlmək üçün ötən illərdə yol kənarına çəkilən istinad divarının çəkilişi bu il də davam etdirilib. Rayon rəhbəri Bala Cəfərli kəndində də bu cür istinad divarlarının çəkilməsinin nəzərdə tutulduğunu bildirib. 

Rayon rəhbəri Vətən torpaqlarının ərazi bütövlüyü uğrunda 287 nəfər şəhid verən, 7 nəfər igid oğlu Azərbaycanın Milli Qəhrəmanı adını alan Qazaxda igid oğul və qızlarımızın xatirələrinin hər zaman əziz tutulduğunu bildirib. Şəhidlərimizə, onların ailə üzvlərinə olan qayğının həmişə yüksək səviyyədə olduğunu qeyd edib. Şəhidlərimizin uyuduğu qəbiristanlıqların, onların xatirəsinə ucaldılmış abidələrin, parkların, bulaqların, xiyabanların abadlaşdırılmasını, yenilənməsini, əsaslı şəkildə təmir edilməsini şəhidlərimizə olan ehtiramın bariz nümunəsi olduğunu vurğulayıb. Şəhərin mərkəzində yerləşən Şəhidlər xiyabanını, orada aparılan abadlıq işlərini, ən əsası da şəhidlərimizin adı və şəkli əks olunmuş lövhənin vurulmasını şəhidlərimizin ruhu qarşısında edilən ən yüksək əməl kimi dəyərləndirib. İcra başçısı hər zaman mərd oğulları ilə tanınan Bala Cəfərli kəndində də qəhrəman döyüşçülərin olduğunu qeyd edib. Bu gün düşmənlə sərhəddə yaşayan sakinləri əsl qəhrəman adlandırıb.

Kənd sakinlərindən ağsaqqal Telman Kosayev, Ziyafət Səmədova, İradə Mehdiyeva, Ceyhun Rəhimov, Tamella Qasımova, Əsmər Mürsəlova çıxış edərək sərhəd kəndlərinin sakinlərinə göstərdiyi böyük diqqət və qayğıya görə Prezident İlham Əliyevə, onlarla mütəmadi olaraq görüşə gəldiyinə görə Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşova bütün kənd sakinləri adından öz dərin minnətdarlıqlarını bildiriblər. Qeyd ediblər ki, bu gün biz sakinlərə olan səmimi münasibətin nəticəsidir ki, biz öz sözümüzü belə asanlıqla çatdırırıq. Ən əsası da qaldırdığımız hər bir məsələyə mütləq şəkildə baxılacağını bilirik.

Görüşdə minnətdarlıqla yanaşı, sakinlər onları narahat edən bir sıra məsələlərdən də söz açıblar. Sakinlər tərəfindən səsləndirilən kənddə qəzalı vəziyyətdə olan evlərin təmiri, təhlükəsizliyin təmin olunması üçün evlərin qarşısına istinad divarının çəkilməsi və s. məsələlərlə bağlı müraciətləri dinləyən rayon rəhbəri hər bir məsələyə diqqətlə baxılacağını bildirib.









 

GOYEZEN.AZ



Facebook-da paylaş