Qazax Rayon İcra Hakimiyyətində Könüllü fəaliyyətini uğurla başa vuran gənclərə Şəhadətnamələr təqdim olunub
Respublika Prezidenti cənab İlham Əliyevin 15
sentyabr 2017-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan
gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramı”na və "2015-2025-ci illərdə Azərbaycan
gənclərinin İnkişaf Strategiyası”nın təsdiq edilməsi haqqında 26 yanvar
2015-ci il tarixli Sərəncamına müvafiq olaraq gənclər siyasəti respublikamızın
hər yerində olduğu kimi Qazaxda da uğurla yerinə yetirilir. Dövlət başçısının 2019-cu il
fevralın 1-də Azərbaycan Gəncləri Gününə həsr olunmuş respublika toplantısındakı
çıxışında dövlət orqanlarına gənclərin potensialından daha səmərəli istifadə
etmək, cəmiyyətin bütün sahələrində gənclərin fəal iştirakına şərait yaratmaq,
onlara peşə vərdişlərini aşılamaq və təcrübi biliklərini artırmaq, onların
yaradıcı və innovativ potensialının üzə çıxarılmasını dəstəkləmək və ölkədə
könüllülük hərəkatını inkişaf etdirmək kimi qarşıya qoyduğu vəzifələrin icrası
istiqamətində məqsədyönlü işlər görülür. Qazax
Rayon İcra Hakimiyyətində "Könüllülük fəaliyyəti haqqında” Azərbaycan
Respublikasının Qanununa müvafiq olaraq aparatın strukturunda Könüllülük fəaliyyətinin
genişləndirilməsi, rayonda
gənclər arasında Könüllülük fəaliyyətinin daha geniş təşviq edilməsi bu sahədə
görülən işlərin əyani sübutudur. Ən əsası da gənclər tərəfindən
maraqla qarşılanan bu faəliyyət dövlətin və ölkə başçısının gənclərə olan
diqqət və qayğısının daha bir bariz nümunəsidir. Artıq
xeyli vaxtdır ki, həmin fəaliyyətə qoşulan 10 nəfər gənc könüllü adını alıb və
bu sahədə fəallıq nümayiş etdirib. 2 ay müddətinə Könüllülük fəaliyyətinə qoşulmuş gənclər müxtəlif
sosial bacarıqlarını və əmək vərdişlərini nümayiş etdiriblər. Onlar üçün gündəlik
olaraq 2 növbədə könüllülük fəaliyyəti təşkil olunub. BMT Baş Assambleyasının təklifi ilə 1985-ci ildən
etibarən hər il üzv ölkələrdə 5 Dekabr - Beynəlxalq Könüllülər Günü kimi
qeyd olunur. Ölkəmizdə könüllü fəaliyyətinin daha geniş təşviq olunması
məqsədilə Beynəlxalq Könüllülər Günü ərəfəsində Azərbaycan Respublikasının
Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət
Agentliyi və Azərbaycan Respublikasının Gənclər Fondunun birgə təşkilatçılığı
ilə 2019-cu il 1-9 dekabr tarixlərində "Azərbaycan Könüllülük
Həftəsi" keçirilir. Bu gün "Azərbaycan Könüllülük Həftəsi" çərçivəsində Qazax Rayon İcra Hakimiyyətində könüllü kimi fəaliyyətlərini
uğurla başa vuran gənclərə Şəhadətnamələr təqdim olunub. Təqdimetmə mərasimində çıxış edən Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov
əvvəlcə könüllü kimi fəaliyyətlərini uğurla başa vuran gəncləri səmimi qəlbdən təbrik edib, bundan sonrakı fəaliyyətlərində
də daim nailiyyət qazanmalarını arzulayıb. Ölkəmizdə Könüllülük hərəkatının inkişafından söz
açan rayon rəhbəri dövlət başçısının göstəriş və tapşırıqlarına uyğun olaraq gənclər
üçün geniş şəkildə proqramlar icra olunduğunu, gənclər siyasətinin uğurla davam
etdiyini, Azərbaycan gənclərinin ölkə başçısının ətrafında sıx birləşdiyini
qeyd edib. Ölkə Prezidentinin Könüllülük hərəkatına göstərdiyi diqqətdən
danışan icra başçısı bu fəaliyyətin istər dövlətimiz, istərsə də gənclər üçün
çox önəmli olduğunu bildirib. Qeyd edib ki, Dövlət Proqramında dövlət
orqanlarına gənclərin potensialından daha səmərəli istifadə etmək, cəmiyyətin
bütün sahələrində gənclərin fəal iştirakına şərait yaratmaq, onlara peşə vərdişini
aşılamaq, təcrübi biliklərini artırmaq, yaradıcı və innovativ potensialının üzə
çıxarılmasını dəstəkləmək və könüllülük hərəkatını inkişaf etdirmək nəzərdə
tutulub ki, Könüllülük fəaliyyəti bu baxımdan böyük əhəmiyyət kəsb edir və gənclərə
geniş imkanlar açır. Ölkə Prezidenti İlham Əliyevin, Birinci
vitse-prezident Mehriban Əliyevanın gənclərə göstərdiyi diqqət və qayğını bir daha minnətdarlıq hissi ilə
qeyd edən rayon rəhbəri 2 fevral 2019-cu il tarixindən Azərbaycan
Respublikasının Gənclər Fondunun maddi texniki bazası əsasında yaradılan
"Gənclərin İnkişaf və Karyera Mərkəz”lərinin (GİKM) həmin qayğının əyani
sübutu olduğunu bildirib. 1 apreldən fəaliyyətə başlayan Qazax GİKM-nin
gənclərin karyera qurmalarına, istənilən sahədə inkişaf etmələrinə daha geniş şəkildə
imkanlar açacağını vurğulayıb və gəncləri həmin mərkəzin imkanlarından
yararlanmağa çağırıb. Eyni zamanda mərkəzin rəhbərliyinə könüllü fəaliyyətini
uğurla başa vuran gəncləri də keçirilən tədbirlərə, layihələrə cəlb etməyi
bildirib və bu barədə tapşırıq verib. "Bu Könüllülük
fəaliyyəti siz gənclərin qarşısında hər zaman geniş imkanlar açacaq”, - deyən
rayon rəhbəri bu fəaliyyət sayəsində böyük təcrübə əldə etdiklərini qeyd edib.
Bildirib ki, bu fəaliyyət dövründə sizlərə olan qayğı bir daha onu göstərdi ki,
Qazax Rayon İcra Hakimiyyətinin timsalında bütün qapılar siz gənclərin üzünə
hər zaman açıqdır. Sonda rayon rəhbəri cəsarətli addım ataraq fəaliyyətə
qoşulan gənclərə gələcək işlərində bir daha uğurlar arzulayıb. Könüllülərdən Fəridə İsgəndərova,
Səbinə Camalova, Səadət Nuruşova, Aqil Alıcanov, Kamran Məmmədov, Araz İsmayılzadə və
başqaları çıxış edərək təcrübə müddətində bir çox biliklərə yiyələndiklərini, İcra Hakimiyyəti aparatının kollektivi tərəfindən qayğı ilə əhatə olunduqlarını
və gələcək fəaliyyətlərində bu təcrübələrdən istifadə edəcəklərini bildiriblər.
Gənclər bu müddət ərzində etik davranış qaydalarından tutmuş nizam-intizama
kimi ən xırda elementləri, sənədləşməni, iş həyatına uyğunlaşmanı, hətta vaxtı
düzgün tənzimləməyi belə öyrəndiklərini qeyd ediblər. Ən əsası da bütün bu müddət
ərzində hər bir uğurlu işin arxasında gərgin əməyin və məsuliyyətin dayandığını
öyrəndiklərini söyləyiblər. Onlara olan səmimi münasibətə və böyük qayğıya görə
başda ölkə başçısı İlham Əliyev olmaqla Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb
Babaşova dərin minnətdarlıqlarını bildiriblər.
Qazax Gənclərin İnkişaf və Karyera
Mərkəzinin direktoru İsmayıl Süleymanov da çıxışı zamanı Könüllülüyün hər bir gəncin
həyatında ilkin mərhələ olduğunu bildirib. Gənclərin könüllü olaraq ilk təcrübələrini
Qazax Rayon İcra Hakimiyyətində keçmələrini onlar üçün böyük şans kimi qiymətləndirib.
GİKM olaraq hər zaman dəstək olmağa hazır olduqlarını vurğulayıb və gələcək fəaliyyətlərində
uğurlar arzulayıb.
Gənc fəal Akif Əmirov isə bildirib
ki, dövlətin, ölkə rəhbəri İlham Əliyevin, Birinci vitse-prezident Mehriban Əliyevanın
diqqət və qayğısını hər an hiss edən bir qüvvə var ki, o da biz gənclərik. Bu
gün biz gənclər dövlətimizin qayğısını Sizin kimi rəhbərin timsalında hər an
hiss edirik. İcra başçısının Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli
Şurasının UNİCEF-in maliyyə dəstəyi ilə həyata keçirdiyi "5 rayonda Gənclərin
Yerli Məşvərət Şuralarının yaradılması” layihəsini böyük səylə dəstəkləməsini gənclərə
olan daha bir qayğısı kimi dəyərləndirib. Rayon gəncləri adından onlara olan
diqqət və qayğıya görə bir daha minnətdarlığını bildirib. Sonra könüllü fəaliyyətini uğurla
başa vuran İsgəndərova Fəridə Taryel qızına, Alıcanov Aqil Məzahir
oğluna, Camalova Səbinə Arif qızına, Məmmədov Kamran Natiq oğluna, Nəbiyeva
Leyla Afiq qızına, Qurbanova Elnarə Müşviq qızına, Zülfüqarov Ülvi Əfsər
oğluna, İsmayılzadə Araz Mübariz oğluna və Nuruşova Səadət Vidadi qızına Şəhadətnamələr təqdim olunub. Sonda xatirə şəkli çəkdirilib.
GOYEZEN.AZ
Facebook-da paylaş