• Təqvim

  • Unutma

  • Maraq



Qüdrətli şairə böyük ehtiram

Respublika mətbuatı Qazax haqqında


2019-cu il böyük Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin 650 illik yubiley ili kimi yaddaşlarda qalacaq. Prezident İlham Əliyevin bununla bağlı imzaladığı sərəncama əsasən respublikamızın hər yerində yubiley tədbirləri keçirilir ki, bu da böyük şairə ehtiramın nümunəsidir. Belə tədbirlərdən biri də bu günlərdə Qazaxda keçirilmişdir. Həmin gün rayonda əsl bayram əhval-ruhiyyəsi yaşanmışdır.

Qazax Rayon İcra Hakimiyyətinin, Bakı Dövlət Universiteti Qazax filialının və Azərbaycan Yazıçılar Birliyi Qazax zona filialının birgə təşkil etdikləri elmi-praktik konfrans İmadəddin Nəsiminin həyat və yaradıcılığını əks etdirən slaydla başlamışdır. Bakı Dövlət Universteti Qazax filialının direktoru Arif Rüstəmov dövlət başçısının 2019-cu ili "Nəsimi ili” elan etməsindən və böyük mütəfəkkir şairin 650 illik yubileyinin keçirilməsi ilə əlaqədar imzaladığı sərəncamın əhəmiyyətindən danışmış və bunu ölkə rəhbərinin milli-mənəvi dəyərlərimizə verdiyi yüksək qiymət kimi dəyərləndirmişdir.

Sonra Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov çıxış edərək adı dünyanın ölməz sənətkarları sırasında yer alan, poeziyamızda yeni, çox əlamətdar bir dövrün başlanğıcı olan, Azərbaycan dilini ədəbi-bədii dil səviyyəsinə yüksəldən qüdrətli şairin zəngin irsindən söz açmışdır. O, qeyd etmişdir ki, cəmi 47 il ömür sürən şair özündən sonra zəngin irs qoymuşdur. Bu gün Azərbaycan torpağında Nəsimi zirvəsi var və bu zirvədən günəş doğur. O günəş ki, qürub edər, ancaq heç vaxt batmaz.

Konfransda diqqətə çatdırılmışdır ki, Ümummilli Lider Heydər Əliyev də Nəsimi irsinə böyük hörmətlə yanaşırdı. Ulu Öndərin təşəbbüsü və rəhbərliyi ilə 1973-cü ildə unudulmaz şairin anadan olmasının 600 illiyi yüksək səviyyədə keçirilmişdir. Bu da qüdrətli Azərbaycan şairi Nəsimi şəxsiyyətinə və yaradıcılığına dövlətimizin və xalqımızın bəslədiyi yüksək ehtiramın və ümumxalq məhəbbətinin ifadəsidir. Ulu Öndərin təşəbbüsü ilə 1979-cu ildə Bakı şəhərində onun heykəli də ucaldılmışdır. Bundan başqa, AMEA-nın Dilçilik İnstitutuna, Bakı şəhərinin ən böyük rayonlarından birinə İmadəddin Nəsiminin adı verilmişdir.

Ulu Öndər Heydər Əlievin Xalq şairi Qabilin "Nəsimi” poeması haqqında söylədiyi fikirlər yüksək qiymət kimi dəyərləndirilir: "Qabil Nəsimi haqqında mənzum romanını çox böyük ustalıqla yazmışdır. Doğrudan da bu, çox böyük iş idi və Qabil bu işin öhdəsindən layiqincə gəldi. Bu, həqiqətən dövlət mükafatına layiq bir əsərdir. Çünki Nəsimi haqqında belə böyük, sanballı, dərin fəlsəfi fikirlərlə dolu olan mənzum roman yazmaq hər adamın, şairin işi deyil. Qabil bunun öhdəsindən gəldi”.

Konfransda o da qeyd edilmişdir ki, ümumiyyətlə, Nəsiminin yaradıcılığı daim diqqət mərkəzindədir. 2017-ci ldə "Ey Nəsimi, cahanı tutdu sözün” adlı beynəlxalq konfransın keçirilməsi və həmin tədbirdə Azərbaycanla yanaşı Rusiya, Hindistan, Türkiyə və Gürcüstan alimlərinin məruzələrlə çıxış etmələri Nəsimi irsinin tədqiqinə müstəqillik dövrü işığında yenidən qayıdış sahəsində mühüm addım olmuşdur. 2018-ci ilin sentyabr ayında Bakıda və Şamaxıda keçirilmiş Nəsimi şeir, incəsənət və mədəniyyət festivalı şairin əbədiyaşarlığını bir daha sübut etməklə bərabər, həm də bu zəngin bədii irsin tədqiqat və təbliğat baxımından geniş imkanlara malik olduğunu nümayiş etdirmişdir. Dünyanın müxtəlif ölkələrindən gəlmiş alimlərin iştirakı ilə keçirilən festivalın Şamaxı şəhərində davam etdirilməsi İmadəddin Nəsimini Azərbaycana və cahana bəxş etmiş bu qədim diyarın özünün böyük oğlu qarşısında mənəvi borcunu ifadə edən hesabat kimi qiymətləndirilir. Elə həmin ilin noyabr ayında şairin Rusiya Federasiyasının paytaxtında keçirilmiş geniş elmi-mədəni tədbirlər, xüsusən Moskva Beynəlxalq Münasibətlər İnstitutunun binasında ölməz sənətkarın büstünün açılması onun yeni tarxi şəraitdə dünya şöhrətinin təntənəsini göstərən mühüm hadisə olmuşdur. Bundan başqa, Bakıda Heydər Əliyev Mərkəzində keçirilən UNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasının açılış mərasimində İmadəddin Nəsiminin "Sığmazam” qəzəli əsasında 7 dəqiqəlik kompozisiyanın təqdim olunması şairə olan böyük ehtiramın nəticəsidir.

Konfransda Nəsimi ilində respublikamızda həyata keçirilən tədbirlər də yüksək dəyərləndirilmişdir. Qeyd edilmişdir ki, Prezident İlham Əliyevin "Azərbaycan Respublikasında 2019-cu ilin "Nəsimi ili” kimi elan edilməsi haqqında” 11 yanvar 2019-cu il tarixli sərəncamı şairin həyat və yaradıcılığının, həmişəyaşar ideyalarının daha geniş miqyasda və elmi əsaslarla təbliğinə meydan açmışdır. Mühüm tarixi əhəmiyyətə malik olan bu sərəncam yeni nəsillərin dönməz məslək və əqidə nümayiş etdirən qüdrətli sənətkarın nümunəsində tərbiyə edilir, azərbaycançılıq ruhunda formalaşmasına göstərilən böyük dövlət qayğısının əməli ifadəsidir.

Konfransda Azərbaycan Yazıçılar Birliyi Qazax zona filialının sədri, Əməkdar incəsənət xadimi, şair Barat Vüsal Nəsimi haqqında böyük mütəfəkkirə həsr etdiyi şeirini oxumuş, BDU-nun Qazax filialında İmadəddin Nəsiminin 650 illik yubileyi ilə əlaqədar tələbələr arasında keçirilən şeir müsabiqəsində fərqlənənlərə təşəkkürnamələr təqdim edilmişdir. Tədbir tanınmış incəsənət ustalarının çıxışları və şairin "Sığmazam” qəzəli əsasında hazırlanmış musiqili ədəbi-bədii kompozisiya ilə davam etdirilmişdir.

Sabir ƏLİYEV,

"Azərbaycan”qəzetinin bölgə müxbiri

28 noyabr 2019-cu il




Facebook-da paylaş