• Təqvim

  • Unutma

  • Maraq



Qazaxda rayon ərazisində mövcud olan suvarma arxlarının təmizlənməsi ilə əlaqədar müşavirə keçirilib


Bu gün Qazaxda rayon ərazisində mövcud olan suvarma arxlarının təmizlənməsi ilə əlaqədar müşavirə keçirilib. Qazax Rayon İcra Hakimiyyətinin akt zalında keçirilən müşavirədə RİHB aparatının məsul işçiləri, Qazax Dövlət Aqrar İnkişaf Mərkəzinin, Rayon Suvarma Sistemləri İdarəsinin, Qazax "Melioservis” İdarəsinin nümayəndələri, RİHB-nin kənd İnzibati Ərazi Dairələri üzrə nümayəndələri, bələdiyyə sədrləri, Sudan İstifadə Birliklərinin (SİB) nümayəndələri iştirak edib.

Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov müşavirəni giriş sözü ilə açaraq hazırda ölkəmizdə qeyri-neft sektorunun inkişafının dövlət siyasətinin prioritet sahələrindən biri olduğunu bildirib. Respublika Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə kənd təsərrüfatının inkişaf etdirilməsi istiqamətində həyata keçirilən islahatların qısa müddətdə öz müsbət nəticələrini göstərdiyini qeyd edib. Dövlət tərəfindən sahibkaralara, kəndli fermerlərə göstərilən dəstəyin ölkə iqtisadiyyatında böyük pay sahibi olan kənd təsərrüfatının inkişafına öz töhfəsini verdiyini vurğulayıb. Kənd təsərrüfatı sahəsinin neft sənayesi və tikinti sektorundan sonra ölkə iqtisadiyyatında üçüncü böyük sahə olduğunu qeyd edən icra başçısı aqrar sektorun həm də işsizliyin aradan qaldırılmasında və əhalinin sosial vəziyyətinin yaxşılaşmasında mühüm rol oynadığını diqqətə çatdırıb. Rayon rəhbəri qeyd edib ki, kənd təsərrüfatının inkişafı həm də ölkənin ərzaq təhlükəsizliyinin təmin edilməsində aparıcı rola malikdir. Bu baxımdan aqrar siyasətin prioritet olması təsadüfi deyil və dövlətin strateji maraqlarına xidmət edir.

İcra başçısı son 3 ildə Qazaxda bütün sahələrlə yanaşı kənd təsərrüfatı sahəsinin də uğurla inkişaf etdiyini bir daha diqqətə çatdırıb. Rayonda, eləcə də kəndlərdə kənd təsərrüfatı sahəsində olan mövcud vəziyyətdən və əldə olunan uğurlu göstəricilərdən söz açıb. Qeyd edib ki, bugünkü müşavirənin əsas məqsədi 2019-cu ildə kənd təsərrüfatı sahəsində əldə olunmuş nəticələrdən, bu sahənin inkişaf etdirilməsi istiqamətində həyata keçirilən tədbirlərdən söz açmaqla yanaşı 2020-ci ildə qarşıda duran vəzifələrdən də danışmaqdır. Məqsəd ölkə başçısı İlham Əliyevin kənd təsərrüfatının inkişafı ilə bağlı yürütdüyü məqsədyönlü siyasəti dəstəkləməkdir. Dövlət başçısının müəyyən etdiyi inkişaf strategiyasına rayonda kənd təsərrüfatında əldə etdiyimiz göstəricilərlə öz töhfəmizi verməkdir.

 

Müşavirədə qeyd olunub ki, respublikamızın hər yerində olduğu kimi, Qazax rayonunda başqa sahələrə olduğu kimi kənd təsərrüfatına da böyük diqqət və qayğı göstərilir. Bunun nəticəsidir ki, əkin sahələri bir neçə dəfə artmış, məhsuldarlıq da eyni səviyyədə çoxalmışdır. Kənd təsərrüfatının inkişaf etdirilməsi, məhsuldarlığın artırılması istiqamətində görülən məqsədyönlü işlər sayəsində son 3 ildə əkin sahələrində xeyli sayda artım olmuşdur. Rəqəmlərlə müqayisə etdikdə bunu aydın şəkildə görmək olar.

2016-cı ildə 16520,6 hektarda, 2017-ci ildə 18694,37 hektarda, 2018-ci ildə 20682 hektarda, 2019-cu ildə isə 21476,3 hektarda əkin aparılmışdır. 2020-ci ildə isə 21594 hektarda əkin işlərinin aparılması nəzərdə tutulmuşdur. Bildirilib ki, illər üzrə olan fərqləri müqayisə etdikdə aydın olur ki, rayonda kənd təsərrüfatının inkişafı istiqamətində qarşıya qoyulan məqsədə çatmaq üçün görülən işlər öz bəhrəsini vermişdir. Bu inkişafın ən bariz nümunəsi isə rayonda əkilən taxıl sahəsidir. İldən-ilə artırılan taxıl sahələrinin hektarı onu göstərir ki, rayonda kənd təsərrüfatının əsas qolu olan taxılçılığa maraq yüksəlmiş və kəndlilər bu sahəsinin inkişafı üçün böyük səylə çalışırlar.

Dövlət tərəfindən hər cür dəstəklə, texnika və lazım olan bütün ləvazimatlarla təmin olunan fermerlər, sadə kənd adamları rayonda taxılçılığın inkişafı üçün hər il daha çox maraq göstərirlər.

Yenə rəqəmləri müqayisə etsək görərik ki, rayonda əkin aparılmış taxıl sahələri artan templə yüksəlib. 2016-cı ildə 7820 hektar taxıl əkilmişdir ki, bunun 5559 hektarını buğda, 2261 hektarını arpa təşkil etmişdir. 2017-ci ildə 11039,8 hektar taxıl sahəsindən 8289,2 hektarında buğda, 2750,6 hektarında arpa əkilmişdir. 2018-ci ildə də taxıl sahəsində uğurlu nəticələr əldə olunmuşdur. Həmin il taxıl əkilmiş sahələr genişləndirilmiş və 12629 hektarda əkin aparılmışdır. 9102 hektarda buğda, 3527 hektarda isə arpa əkilmişdir. 2019-cu ildə də taxıl sahələrinin genişləndirilməsi məqsədilə 12 min 555 hektarda taxıl, o cümlədən 8 min 305 hektarda buğda, 4 min 250 hektarda arpa yetişdirilib. Qazaxlıtaxılçılar zəmilərdən 42 min 330 ton məhsul götürüblər. 4250 hektar arpa sahəsindən 10902,20 ton, 8305 hektar buğda sahəsindən isə 31427,80 ton məhsul tədarük olunub. Taxıl sahələrinin 2020-ci ildə də genişləndirilərək 8435 hektarı buğda, 4165 hektarı isə arpa olmaqla 12600 hektar sahədə əkin işlərinin aparılmasının nəzərdə tutulduğu qeyd olunub.

 

Müşavirədə bildirilib ki, dövlət başçısının ölkəmizdə baramaçılığın inkişafı ilə bağlı verdiyi sərəncam, tapşırıq və tövsiyələr Qazaxda da uğurla icra olunur. Bu il artıq 4 ildir ki, rayonda barama yetişdirilib. Bu sahədə görülən məqsədyönlü işlərin nəticəsidir ki, rayonumuzda barama istehsalı ildən-ilə artmaqdadır. 2016-cı ildə 1502 kq, 2017-ci ildə 4623 kq olmuşdur. 2018-ci ildə isə rayon üzrə qazaxlı kümçülər tərəfindən 5000 kq yaş baramanın yetişdirilməsi  nəzərdə tutulduğu halda 6260 kq yaş barama istehsal olunaraq Şəki şəhərində "Azəripək” ASC-yə təhvil verilmişdir. Bu il isə 7667,5 ton yaş barama tədarük olunub.

Qeyd olunub ki, Qazax rayonunda iqtisadi cəhətdən gəlirli sahələrdən hesab olunan tütünçülüyün inkişaf etdirilməsinə də böyük önəm verilir. 2016-cı ildə cəmi 10 hektarda tütün əkilmişdisə, 2017-ci ildə bu rəqəm 50 hektara çatdırılıb. Aqrotexniki tədbirlər vaxtında həyata keçirən təsərrüfat sahibləri həmin sahələrdən 80 tondan çox məhsul götürüb. 2018-ci ildə isə tütünçülər əkin sahələrini daha 10 hektar genişləndirərək 60 hektara çatdırıblar. Həmin il sahədən toplanmış 98 tona yaxın qurudulmuş tütün "İlham-M” MMC-yə təhvil verilib. Bu baxımdan cari ildə rayonunun Kəmərli, Qaymaqlı, Aslanbəyli, İkinci Şıxlı, Birinci Şıxlı, Yuxarı Salahlı, Orta Salahlı, Aşağı Salahlı, Kosalar, Cəfərli, Hüseynbəyli, Çaylı, Daş Salahlı, Dəmirçilər, Alpout, Fərəhli kəndlərində cəmi 65 hektar sahədə tütün əkilib. 108,783 ton qurudulmuş tütün "İlham-M” MMC-yə təhvil verilib.

Müşavirədə Qazaxdakənd təsərrüfatının digər sahələri kimi, kartofçuluğun da ənənəvi sahələrdən biri hesab edildiyi vurğulanıb. Qeyd edilib ki, rayonda kartofçuluğun inkişaf etdirilməsi istiqamətində nümunəvi işlərin görüldüyünü ildən-ilə artan kartof sahələrinin hektarından, əldə edilən bol məhsuldan da aydın şəkildə görmək olar. İşçi qüvvəsi baxımından da tələbatın çox olduğu bu sahə rayonda yeni iş yerlərinin açılmasında da böyük əhəmiyyət kəsb edir. Əgər 2016-cı ildə rayonda 433 hektar sahədən 10 min 205 ton kartof tədarük olunmuşdusa, 2017-ci ildə bu rəqəm 809 hektara çatdırılmışdır. 376 hektar artıq sahədə kartof becərən kəndlilər həmin sahədən 22 min ton məhsul əldə etmişdir. 2018-ci ildə də həm əkin sahəsi, həm də də əldə edilən məhsul nəzərə çarpacaq dərəcədə artmışdır. Kartof becərən sakinlər bu sahənin gəlirli olduğunu nəzərə alaraq 2018-ci ildə əkin sahələrini daha da genişləndirərək 1086 hektara çatdırıblar. Bu da 2017-ci illə müqayisədə 277 hektar çoxdur. Vaxtında və uğurla həyata keçirilən işlərin nəticəsində qeyd olunan hektardan 29 min 865 ton məhsul əldə olunmuşdur. Orta məhsuldarlıq isə 275 sentner təşkil etmişdir. İldən-ilə kartof sahələrini artıran qazaxlı sahibkarlar, kəndlilər cari ildə də kartof sahələrini genişləndiriblər. Belə ki, 2019-cu ildə ötən ilə nisbətən əkin sahəsini 234 hektar artıraraq 1320 hektara çatdırıblar. Həmin sahədən isə 40 min ton kartof tədarük edilib.

Müşavirədə qeyd olunub ki, ildən-ilə genişləndirilən əkin sahələrinin, xüsusilə də məhsuldarlığın artırılmasının başlıca əsas səbəblərindən biri də bitkilərin vaxtlı-vaxtında suvarma suyu ilə təmin olunmasıdır. Son 3 ildə rayon rəhbərliyinin bu sahəni daim diqqət mərkəzində saxlaması, icra başçısının tapşırığına əsasən hər il rayonda olan suvarma arx və kanalların təmir olunması, kol-kosdan və lildən təmizlənməsi bu istiqamətdə görülən məqsədyönlü işlərdir və bu da öz bəhrəsini verir. 2017-ci ildə 269,71 km arx və kanalların təmizlənməsi nəzərdə tutulsa da 274,78 km məsafədə təmizlənmə işi aparılmışdır. Bunun da 153,99 km texnika, 120,79 km isə əl əməyi ilə həyata keçirilib. 2018-ci ildə də 261,19 km məsafəyə qarşı 302,44 km arx və kanallarda təmizlik işləri görülmüşdür. 151,43 km-i texnika, 151,01 km-i isə əl əməyi ilə aparılıb. 2019-cu ildə də 153,49 km-i texnika, 149,74 km-i də əl əməyi olmaqla 303,23 km məsafədə təmizlik işləri görülüb. 2020-ci ilin əkin sahələrinin suvarılması məqsədilə 88,50 km texnika vasitəsilə, 198,10 km əl əməyi ilə olmaqla 286,60 km məsafədə arx və kanallarda təmizlik işlərinin aparılması nəzərdə tutulub. Lakin əvvəlki illərdə olduğu kimi, 2020-ci ildə bu rəqəmin də artacağı gözlənilir.

Müşavirədə əkin sahələrinin vaxtında suvarılması, kəndlilərin suvarma suyu ilə yüksək səviyyədə təmin olunması üçün hər il olduğu kimi, bu il də suvarma arx və kanallarının təmizlənməsinin vacibliyindən söz açılıb. Mövcud vəziyyəti öyrənərək hansı arx və kanallarda təmizlik işlərinin aparılmasına ehtiyac varsa ilkin olaraq həmin arxlardan başlanılması qeyd edilib. Ən əsası isə suyun bol vaxtı qənaətlə istifadə edilməsinin vacibliyi bir daha vurğulanıb. Bunun üçün SİB-lərin üzərinə böyük məsuliyyət düşdüyü qeyd olunub. Bir sözlə, sudan və torpaqdan səmərəli istifadə etməklə kənd təsərrüfatının inkişafı istiqamətində məqsədyönlü işlərin bundan sonra da olduğu kimi həyata keçirilməsi bildirilib.

Qarşılıqlı müzakirə və geniş fikir mübadiləsi şəraitində keçən müşavirədə Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru Həmid Pənahov, Suvarma Sistemləri İdarəsinin rəisi Abbas Göyüşov, Qazax "Melioservis” İdarəsinin rəisi Ərəş Pənahov keçirilən müşavirənin əhəmiyyətindən söz açıb, payızlıq tarla işlərinin aparılmasında böyük rol oynayacağını qeyd ediblər. Respublikamızda iqtisadiyyatın böyük qolu olan kənd təsərrüfatının inkişaf etdirilməsinə görə ölkə başçısı İlham Əliyevə dərin minnətdarlıqlarını bildiriblər. Qazax rayonunda kənd təsərrüfatı sahəsində qazanılan uğurlu nəticələrə və göstərilən hər cür dəstəyə görə rayon rəhbərliyinə öz təşəkkürlərini çatdırıblar. Çıxış edənlər bildiriblər ki, bu gün əhalinin maddi rifah halının yaxşılaşdırılması məqsədilə kənd təsərrüfatının inkişaf etdirilməsi dövlət siyasətinin əsasını təşkil edir. Ölkə başçısı tərəfindən kənd təsərrüfatının inkişaf etdirilməsini həm də yeni iş yerlərinin yaradılması kimi qiymətləndiriblər. Qeyd ediblər ki, kəndlinin torpağa qayıdışının nəticəsidir ki, bu gün kənd təsərrüfatının bütün sahələrində uğurlu göstəricilər əldə edilir. Qazax rayonunda əkin sahələrinin ildən-ilə artması da bunun bariz nümunəsidir.

Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov müşavirəyə yekun vuraraq bildirib ki, bizim kənd təsərrüfatının inkişaf etdirilməsi istiqamətində gördüyümüz bütün işlər demək olar ki, proqramlı şəkildə davam etdirilir. Bu isə o deməkdir ki, qarşıya qoyduğumuz məqsədə çatmaq üçün əməli işləri daha da artırmalıyıq. Ölkə başçısının yeni iş yerlərinin yaradılması baxımından kənd təsərrüfatının inkişafına yüksək təkan verməsindən, əhalinin rifah halının yaxşılaşdırılması istiqamətində gördüyü məqsədyönlü işlərdən müsbət nəticə çıxararaq öz töhfəmizi verməliyik. Üzərimizə düşən işlərin öhdəsindən layiqincə gələrək bütün sahələrdə ön sırada dayanan Qazaxda kənd təsərrüfatı sahəsində də yüksək göstəricilərə nail olmalıyıq.

Sonda rayon rəhbəri əkin sahələrinin vaxtlı-vaxtında suvarma suyu ilə təmin olunması üçün arxlarda aparılan təmizlik işlərinin vacibliyini vurğulayaraq bu işin ötən ildə olduğu kimi bu il də optimal müddətdə başa çatdırılmasını bildirib və bununla bağlı aidiyyatı üzrə tapşırıqlarını verib.




 

GOYEZEN.AZ



Facebook-da paylaş