• Təqvim

  • Unutma

  • Maraq



İcra başçısı Gəncə Səyyar “ASAN xidmət" avtobusunda vətəndaşlara göstərilən xidmətlərlə maraqlanıb


Bu gün birmənalı şəkildə söyləyə bilərik ki, ölkəmizdə vətəndaş amili bütün sahələrdə ön plana çəkilir. Vətəndaşlara keyfiyyətli və şəffaflıq prinsipləri əsasında xidmətlər təqdim edən "ASAN xidmət” də bunun əyani sübutudur. Qısa müddətdə ölkə əhalisinin böyük inam və rəğbətini qazanan "ASAN xidmət” bu gün nəinki Azərbaycanda, eləcə də ölkə hüdudlarından kənarda da kifayət qədər tanınır və seçilir. Xidmətin başlıca prinsiplərindən biri isə respublikamızın bütün bölgələrini əhatə etməsi, "ASAN xidmət”in fəaliyyət göstərmədiyi ünvanlarda belə sakinlərə xidmət göstərilməsidir. Səyyar xidmətin həyata keçirilməsinin əsas məqsədi dövlət xidmətlərinin vətəndaşlara daha rahat, yeni və innovativ üsullarla təqdim edilməsi, vətəndaşlar üçün əlçatanlığın təmini və vətəndaş məmnunluğuna nail olunmasıdır. Demək olar ki, Qazax rayon sakinləri də mütəmadi olaraq "ASAN xidmət”in fəaliyyətindən yararlanır.

Xəbər verdiyimiz kimi, Gəncə Səyyar "ASAN xidmət”in nümayəndələri 6 noyabr 2019-cu il tarixdən texnika ilə təchiz olunmuş xüsusi avtobusla Qazax şəhəri, Ş.Xiyabanı küçəsi 12 ünvanında (mərkəzi poçtla üzbəüz) əhaliyə səyyar xidmət göstərməkdədir.

Bu gün Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov Gəncə Səyyar "ASAN xidmət” avtobusunun yerləşdiyi ünvana gələrək əhaliyə göstərilən xidmətlərlə maraqlanıb. "ASAN xidmət” nümayəndələrinin rahat şəkildə fəaliyyət göstərmələri üçün yaradılan şəraitlə tanış olub. Sakinlərin fikirlərini öyrənib, necə xidmət göstərilməsi barədə soruşub.


Səyyar "ASAN xidmət”in qrup rəhbəri Mehrac Cabbarlı rayon rəhbərliyinə məlumat verib ki, 5 dekabr 2019-cu il tarixədək səyyar şəkildə göstərilən xidmətlər əsasən Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Dövlət Sosial Müdafiə Fondu, Əmlak Məsələləri Dövlət Komitəsi, Ədliyyə Nazirliyi tərəfindən təqdim olunur.Qeyd edib ki, 30 gün müddətində səyyar şəkildə göstərilən bu xidmətlərə torpaq üzərində mülkiyyət hüquqlarının təkrar dövlət qeydiyyatına alınması barədə çıxarışın, həmin torpaq sahəsinin planının və ölçüsünün verilməsi, tərcümə xidməti, tibb xidməti, bank xidməti (dövlət rüsumlarının və xidmət haqlarının qəbulu), daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayışların verilməsi, mənzillər üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması barədə çıxarışların verilməsi, yaşayış evləri (fərdi) üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması barədə çıxarışların (ilkin qeydiyyat istisna olmaqla) verilməsi, əmək pensiyalarının təyin edilməsi, ümumvətəndaş pasportlarının verilməsi və dəyişdirilməsi, şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı və notariat fəaliyyəti daxildir.

Qrup rəhbəri avtobusun fəaliyyətə başladığı andan bu günə kimi müraciət edən 3808 nəfər vətəndaşdan 3349 nəfərə xidmət göstərildiyini bildirib.

Respublika Prezidenti İlham Əliyevin tapşırığına əsasən vətəndaşların rahatlığını təmin etmək məqədilə təşkil olunmuş bu xidməti bu gün müraciət etmiş rayon sakinləri də yüksək qiymətləndiriblər. Onlar üçün yaradılan şəraitə və yüksək xidmətə görə ölkə başçısına dərin minnətdarlıqlarını çatdırıblar. Vətəndaşlara göstərilən gözəl və nümunəvi xidmətlərinə görə bütün dünyada bir brendə çevrilən "ASAN xidmət”i Azərbaycanda həyata keçirilən ən uğurlu layihələrdən biri hesab etdiklərini vurğulayıblar.

Məlumat üçün qeyd edək ki, Səyyar "ASAN xidmət" avtobusunda sənəd qəbulu həftə içi və şənbə günü saat 10:00-dan 17:30-dək (nahar fasiləsi 14:00-dan 15:00-dək) həyata keçirilir. Hazır sənədin verilməsi isə həftə içi və şənbə günü saat 10:00-dan 18:00-dək (nahar fasiləsi 14:00-dan 15:00-dək) təşkil olunur.







GOYEZEN.AZ



Facebook-da paylaş